Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanın qadınlardan ibarət milli komandası uğurlu nəticələr qazanaraq ölkə futbolu tarixində yeni səhifələr açır. Yığmamız Millətlər Liqasında keçirdiyi 5 oyunun 4-də qalib gəlib, 1 dəfə isə heç-heçə edib və sona 1 tur qalmış qrup liderliyini təmin edib. Bununla da qızlarımız Millətlər Liqasında C Liqasından B Liqasına yüksəliblər.
Milli komanda son görüşünü bu gün Farer adalarına qarşı keçirəcək.
Qızlardan ibarət milli komandamızın əzmkarlığı, öz sözünü deməsi artıq hər kəsin marağına səbəb olub. Oyunlardan sonra vətənpərvər ruhda mahnıları canfəşanlıqla ifa edən bu qızlar yaxında daha böyük uğurlar üçün bizə ümid verirlər.
Bugünkü həmsöhbətimiz də məhz Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadədir.
- Əvvəlcə sizi qrup liderliyiniz münasibəti ilə təbrik edirəm. Sevinc xanım, öncə Millətlər Liqasında qət etdiyiniz yoldan danışaq.
- Qrupu lider kimi başa vursaq da, bu, heç də asan olmadı. Hər oyunun öz çətinliyi var. Buna baxmayaraq, biz qələbələri sıraladıq və qrupdan lider olaraq çıxdıq. Hər oyuna ciddi hazırlaşmışdıq. Rəqiblərimiz də heç də zəif deyildilər.
- Bir kapitan kimi komandanı motivasiya etmək çətin idimi?
- Təbii ki, bir kapitan olaraq komandanı, yaxşıya kökləməyə çalışıram. Özlərinə daha çox inanmaqlarını istəyirəm. Onlara çox yaxşı oyunçu olduqlarını xatırladıram. Təbii ki, milli komandanın oyunu klub oyunu kimi deyil. Klub oyunu bir çempionatdan ibarətdir. Bu gün səhv edib, sabah düzəltmək olar. Milli komandada edilən səhv bəzən bağışlanılmır. Çünki burada yarış bir neçə oyundan ibarətdir. Komanda da məsuliyyət baxımından həyəcanlana bilir. Özüm də həyəcanlanıram. Amma bunu qızlara bildirmirəm. Deyirəm ki, hər şey yaxşıdır. Həyəcanlanan varsa, bunun normal olduğunu deyirəm. Bəzən oyunçu öz üzərində məsuliyyət hiss edir, geyindiyi formanın fərqində olur və həyəcan olmazsa, bu bəzən doğru da olmaz. Həyəcan az da olsa, olmalıdır. Lakin bu həyəcan da meydana çıxana kimi olmalıdır. Meydanda artıq bunu bir kənara qoymalıyıq. Əsasən də himnimizi qeyd etmək istəyirəm. Öz adıma deyə bilərəm ki, çox həyəcanlandığım oyunlar da olub, lakin bu həyəcan himnə qədər olursa, himni eşitdiyimiz vaxt, oxuduğumuz zaman özümüzü sanki savaşa hazırmışıq kimi hiss edirik. Bu da çox yaxşı haldır. Bizim himnimiz bizim qürur mənbəyimizdir, sıradan bir mahnı deyil. Sırf bayraq, himn uğrunda canından keçmiş şəhidlərimiz var. Təbii ki, himni eşidəndə...O hissləri mən sizə başa sala bilmirəm. Bəzən tüklərim biz-biz olur. Himni eşidəndən sonra çox güclü motivasiya gəlir. Uduzduğumuz oyunlar da olur, lakin himnin bizə əlavə motivasiya verdiyini qeyd etmək istəyirəm.
- Oyunlardan öncə və ya sonra komanda üzvləri ilə söhbət edərkən onlara nə deyirdiniz?
- Komanda da qızların bəlli bir yaşı var. Komanda yoldaşlarım özlərini necə motivasiya edəcəklərini çox yaxşı bilirlər. Kimi mahnıya qulaq asır, kimi ailə üzvü ilə danışır. Yəni hər kəsi motivasiya edən bir şey var. Amma yeri gələndə motivasiya lazımdırsa, mən dərhal hiss edirəm, reaksiya verirəm. Eləsi olar ki, özü yaxınlaşar, necə olacaq deyər. İnsanın gözündəki məğrurluğu görürəm. Bəzən olur ki, yuxuya gedə bilmirik, bəzən yemək yeyə bilmirik. Bu da məsuliyyətdən irəli gəlir. Təkrar qeyd etmək istəyirəm ki, biz geyindiyimiz formanın fərqindəyik. Bu milli komandadır, Azərbaycanın adıdır. Bəzən qələbə qazanmasaq belə, döyüşkən oyun göstərməyi qarşımıza məqsəd qoyuruq. Hesabın necə olmasında asılı olmayaraq, mübarizə əzmini ortaya qoyuruq. Əzmimiz bizi bu yerlərə gətirib çıxarıb və ümid edirəm ki, davam edəcək. Hərdən oyunun yaxınlaşdığını hiss edəndə həyəcan daha da artır, ona görə də qızları yığıb bəzi sözlərdən istifadə edirəm. Məsələn, onlardan birini deyə bilərəm: “Mən buradayam, sən buradasan, biz buradayıqsa, demək ki, ən yaxşılardanıq, seçilmişlərdənik, milli komandanın üzvüyük, biz bunun öhdəsindən gələcəyik”.
Xatırladıram ki, biz İspaniya, Danimarka, Polşa komandalarına qarşı necə oynamışıq. Hesabdan asılı olmayaraq, o cür komandalara qarşı elə cür mübarizə aparmışıqsa, deməli, bunu da bacararıq. Bu kimi sözlərdən istifadə edirəm. Oyundan əvvəl isinmə hərəkətlərini yerinə yetirəndə sözlərimin müəyyən oyunçulara təsir etdiyini hiss edirəm.
- Millətlər Liqasında hansı oyun daha ağır keçdi?
- Düzü, Millətlər Liqasında bütün oyunlarımız ağır keçib. Heç bir qələbəni asanlıqla qazanmamışıq. Amma ən çətin oyunumuz Monteneqro ilə səfər matçımız idi. Orada ilk hissə təkcə rəqibə yox, həm küləyə qarşı oynayırdıq. Güc itirmişdik. İkinci hissə külək bizə kömək etmək əvəzinə dayandı. Çox qəribə hal idi. Artıq gücümüzü itirdiyimizin fərqindəydik, buna baxmayaraq, qaça bilmədiyimiz yerdə qaçırdıq. Hətta dodaqlarımızın ağardığını görürdüm. 86-87-ci dəqiqədə Nazlıcan Parlağın vurduğu qolla qələbə qazandıq. Burada komandanın əzmini, istəyini qeyd etmək istəyirəm. O oyunun çox ağır keçdiyini deyə bilərəm, eyni zamanda səfər oyunu idi. Uzun yol qət etmişdik. Rəqib də ən güclülərdən biri - Monteneqro idi. Bunu hər bir müsahibəmdə deyirəm ki, Monteneqro yığması güclüdür. B komandasıdır deyərdim, amma C qrupunda mübarizə aparırlar. Oyunçular xarici ölkələrdə oynayırlar. Buna baxmayaraq, qələbə qazandıq.
- Bu gün Farer adaları ilə qarşılaşacaqsınız. Komandada arxayınlıq varmı, yoxsa bu oyuna da qələbə üçün çıxacaqsınız?
- Farer adaları ilə oyunda əsla gücümüzü qorumaq kimi məqsədimiz yoxdur. Lazım gəlsə, bütün gücümüzü ortaya qoyarıq. Güc qorumaqdan söhbət gedə bilməz. Hədəfimiz qələbə qazanmaqdır. İnanıram ki, Allah da bizim tərəfimizdə olacaq və bizə yardım edəcək. İnsan bir uğur qazandıqca digər uğura nail olmaq istəyir. Lider kimi qrupdan çıxmağımızı təmin etsək də, növbəti hədəfimiz Farer adaları yığmasını udmaqdır. Doğma azarkeşlər önündə çıxış edəcəyik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mən düşünmürəm ki, bizim komanda da kimsə arxayındır. Əksinə, daha motivasiyalıyıq. Kiprdən qayıtmışıq, uzun yol qət etmişik. Bərpa üçün o qədər də çox vaxtımız olmayıb. Amma keçən oyunlardakı kimi əzmli olsaq, yaxşı nəticə qazana biləcəyik.
- Çox gözəl bir hal var ki, hər qələbədən sonra Azərbaycana aid, vətənpərvər üslubda mahnılar ifa etdiniz...
- Ümumilikdə, bizim paltardəyişmə otağımızda vətənpərvər mahnılara üstünlük verilir. Bu qələbədən sonra deyil, oyundan əvvəl də belədir. Məsələn, Bayatı-Şiraza, Tünzalə Ağayevanın “İgidlər” mahnılarına və s. qulaq asırıq. Digər mahnılar da olur, amma əsasən vətənpərvər ruhlu mahnılara üstünlük veririk. Təbii ki, qələbədən sonra da adət halını alır və içimizdən gəldiyi üçün biz bunu edirik. Bunu videoya çəkim, xəbər saytları paylaşsın deyə etmirik. Bu gün də geyinmə otağında belə mahnılara qulaq asırdıq. Bu, bütün komandanın istəyi ilə olur.
- Elə videolardan da qızların necə vətənpərvər olduğu, eyni zamanda da qələbələrə nə qədər çox sevindiyiniz görünür.
- Qələbələrə çox sevinirik. Amma bir zaman var idi ki, biz məğlubiyyətlərlə üz-üzə qalırdıq. O məğlubiyyətlərə dözdük, sinə gərdik, səbr etdik. Elə onların nəticəsidir ki, bu gün qazandığımız qələbələrə çox sevindiyimizi siz də hiss edirsiniz. Çünki bu qələbələr birdən olmadı. Qazanmaq üçün zamanında bəzi şeyləri qurban vermişik. Bunlara dözərək bu gün qələbələri sıralamaqdayıq. Məğlubiyyətləri qəbul edə bilməsəydik, təslim olsaydıq, qazana bilməzdik. Bu günə görə keçmişə borcluyuq. Ona görə də sevincimiz böyükdür və ümid edirəm ki, ardı kəsilməz.
- Qarşıda sizi Avropa çempionatı gözləyir. Qarşınıza hansı hədəfi qoymusunuz?
- Bəli, növbəti mərhələ Avropa çempionatıdır. Bu haqda indidən nəsə deyə bilmərəm. Bildiyiniz kimi, B səbətində yer alacağıq. Nəsə danışmağım düzgün olmaz, çünki rəqiblərimizin də hansı komandalar olacağını bilmirəm. Hələ ki, püşk də atılmayıb. Zamanı gələndə cavablaya bilərəm. Bu gün dediklərim bu günə aiddir. Sabah nə olacağını yaşayıb, görüb, fikirlərimi sizinlə bölüşə bilərəm.
- Sizcə, bu uğur ölkəmizdə futbolçu qızların sayının artmasına, balaca qızların futbolla maraqlanmasına səbəb olacaqmı?
- Düşünürəm ki, təsiri olacaq. Çox böyük qız futbolçu kütləsinə ehtiyacımız var. Bunu gələcək üçün deyirəm. Əgər gələcəkdə də belə qələbələr qazanmaq istəyiriksə, perspektivli oyunçular olmalıdır. Mentalitet məsələləri mane olmazsa, valideynlər qızlarını futbola yazdırarlarsa, müəyyən məşqçilər istedadlı qızları üzə çıxararlarsa, milliyə töhfə vermiş olarlar. Bir çoxumuz Azərbacan çempionatından çıxmış oyunçularıq, hal-hazırda da millinin uğurları üçün çalışırıq. Çox istəyərəm ki, rayonlarda, Bakıda - istənilən yerdə valideynlər qızlarını futbola yazdırsınlar. Ümumiyyətlə, qızlar hansısa idman növü ilə məşğul olsunlar. Qoy uşaqlar sağlam böyüsünlər. İdman sağlamlıqdan əlavə, dünya görüşü, dünyada bir səviyyəyə yiyələnməkdir, dil bilməkdir, xarici klublarda oynamaq, ölkəni təmsil etməkdir. Bundan gözəl nə ola bilər? Sadəcə valideynlər uşaqlarına inansınlar, onların qarşısına sədd qoymasınlar, dəstək olsunlar.
- Qadınlardan ibarət milli komandamız uğur qazansa da, hələ ki, bunu kişilərdən ibarət yığmamızda görə bilmirik. Sizcə səbəb nədir?
- Biz heç vaxt oturub danışmırıq, fikirləşmirik ki, qadın komandamızın uğuru var, amma kişilərin yoxdur. Bu, qeyri-peşəkarlıq olar. İstər qadın komandası olsun, istərsə də kişi komandası, bizim bir amalımız var. Azərbaycanın adını Avropada, dünyada yaxşı yerlərə qaldırmaq istəyirik. Bu gün biz qadınlar bunu bacarmışıqsa, deməli, kişilər də bacarar. Yəqin ki, zaman lazımdır. Uğursuzluqlarının səbəbini mən şərh edə bilmərəm. Çünki bunu şərh edəcək insan mən deyiləm. Mən ancaq öz komandam haqqında nəsə deyə bilərəm. Çox istərdim ki, bizim uğurumuz kişilərdən ibarət milli komandamıza da motivasiya olsun. İnanıram ki, kişilərdən ibarət komandamızın da uğurunu görəcəyik. Bunun yaxın zamanlarda baş verməsini arzulayıram. Məncə, bəzən məğlubiyyətlər bir yerə qədər olur. Əgər sən o məğlubiyyətlərdən nəticə çıarırsansa, gələcəkdə qələbələri sıralaya bilirsən. Nəticə çıxarmayanda isə məğlubiyyət seriyası davam edir. İnanıram ki, kişi futbolçularımız bu durumdan çıxacaqlar, şanssızlığa son qoyacaqlar və onların uğurlarına sevinəcəyik.
Aytac Fuadqızı, Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi