"Neftçi" yayda aldığı futbolçuları qışda göndərdi" - Mircavadov

"Neftçi" yayda aldığı futbolçuları qışda göndərdi" - Mircavadov
MÜSAHİBƏ 9 Mart 2022 / 12:07 2516
-  A +

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Qol.az saytına müsabibəsi

- Ağasəlim müəllim, sizinlə çempionatımız haqda danışmaq istəyirik.

- Çempionatdan nə danışasan?

- Ümumi olaraq komandaların çıxışlarından, aralarındakı rəqabətdən.

- Rəqabət deyəndə ki, mən elə düşünürəm ki, rəqabət qurtarıb. “Qarabağ” hamısını üstələyir. Məlumdur. Çempionatda 2-ci, 3-cü, 4-cü yerlər uğrunda mübarizə gedir - “Neftçi”, “Zirə” və “Qəbələ” arasında. Getdikcə oyunların sayı azalır, xal fərqi çoxalır.

- Yəni düşünürsüz ki, “Qarabağ”a çatan olmayacaq?

- Bəli, olmayacaq. “Qarabağ” çempionatın gedişində xal itirəcək. Bu, qaçılmazdır. Necə ki, bu yaxınlarda “Keşlə” ilə heç-heçə etdi. Ancaq “Qarabağ” artıq bütün diqqətini çempionata yönəldib. Əvvəl isə iki cəbhədə mübarizə aparırdı. İndi tam heyətlə oynayırlar. Gördünüz, “Qəbələ”ni 5:1 uddular. Yəni indi “Qarabağ” çempionatda çox rahat oynayacaq.

- Son çempion “Neftçi”nin bu mövsüm də iddialı olacağı gözlənilirdi. Ancaq “Qarabağ”la aralarında xal fərqi 9-dur. “Qarabağ”ın isə ehtiyatda daha bir oyunu var. “Neftçi”də nə düzgün deyil ki, bu mənzərə yaranıb?

- Transfer məsələsi var. Vallah elə oyunçular alırdılar ki... Yayda aldıqları futbolçuları qışda göndərdilər. Soruşursan ki, niyə? Adətən normal klublar futbolçularla 2 illik müqavilə bağlayır və oyunçu komandaya güc verir. Yerli oyunçular götürmək baxımından da “Qarabağ” “Neftçi”ni üstələdi. “Neftçi” bunu bacarmadı. Yerli oyunçular bazarında da heç nə edə bilmədilər. Yerli və gənc oyunçular çox vacibdir. Bu da klubun strategiyasından, gələcəyi düşünməyindən asılıdır. Düzdür, biz görürük ki, “Neftçi”nin akademiyasından çıxan 1-2 gənc futbolçu oynayır, ancaq onlar hələ təcrübəsizdirlər və komandaya fayda vermək üçün illər lazımdır. 

“Neftçi”nin tarixi var. Komandada “Neftçi”yə layiq oyunçular olmalıdır. Baş məşqçi işləyir, amma ona lazım olan futbolçular oynamalıdır. Görürsünüz, “Qarabağ” öz sistemini qurub və buna uyğun gələn futbolçular alırlar. Amma “Neftçi” bunu bacara bilmir. Qışda “Neftçi”nin iki əsas orta xətt oyunçusu getdi – Mamadu Kane və Sabir Buqrin. Kane Azərbaycanda ən güclü dayaq yarımmüdafiəçilərindən biri idi. Çox ağıllı oynayırdı. Onun olmamağı “Neftçi”də çox problemlər yaratdı. Emin Mahmudov əvvəl çox hərəkətli idi, irəli çox atılırdı və qol vururdu. Çünki arxasında Kane var idi. Onun səhvlərini sığortalayırdı, ötürmələr verirdi. İndi isə Emin məcbur olur ki, gəlsin araxaya, topu götürsün və hücum qursun. 

Mən taktiki gedişlərə qarışmaq istəməsəm də, deməliyəm ki, “Neftçi” əvvəl 5, indi isə 4 müdafiəçi ilə oynayır. Bu, onların oyun sistemidir. Amma buna uyğun da oyunçuları olmalıdır. Yayda bir heyət oynatdılar, qışda başqasını. Bu da əsas məsələdir. Bunun sayəsində xallar da itirdilər və gəldi bu mənzərə yarandı. İndi “Qarabağ”la xal fərqləri 9-dur. “Qarabağ”ın da ehtiyatda bir oyunun olmasını nəzərə alsaq, 12 xal demək olar. 

- “Qəbələ” və “Zirə”nin adını çəkdiniz. Bu komandalar və “Sabah”ın avrokuboklar üçün mübarizəsini necə görürsünüz?

- Bu çempionatda ən istəkli komandalardan biri “Qəbələ”dir, biri də “Zirə”. Ötən mövsümlə müqayisədə fərq həddindən artıq böyükdür. “Qəbələ”də “Neftçi” və “Qarabağ”dakı kimi futbolçulat yoxdur, amma komanda şəklində çox istəkli oynayırlar. Hətta uduzanda da onlarda əzmkarlıq görürük. Bunun sayəsində  gəlib bu yerə çıxıblar. 

“Zirə” isə oyundan-oyuna inkişaf edir. Onlar da komanda şəkildə yaxşı çıxış edir. “Zirə” hazırda öz yerindədir. Avrokuboklarda iştirak etməyə ən real namizədlərdən biridir. 

“Sabah” haqda onu deyə bilərəm ki, infrastruktur sarıdan əla vəziyyətdədirlər. Akademiyası yaxşıdır. Ən güclü gənc oyunçular orada oynayır. Amma əsas komanda hələ ki, öz yerini tapa bilmir. Əvvəlcə xorvat məşqçi ilə başladılar. Sonra keçdilər ispan sisteminə. Bu da alınmadı. Onlar ən yaxşı cavan oyunçuları aldılar. Əsasən də “Qəbələ”dən. Tez-tez məşqçi dəyişməklə uğur qazanmaq olmur. Ola bilər ki, bizdə buna çox fikir vermirlər. Ancaq Avropada belə deyil. Məşqçi klubda sanki ailəsini qurur. Bu sahədə ona kömək edən klub prezidenti olur. İndi “Sabah”ı çalışdıran Murad Musayevi tanıyıram, cavan məşqçidir. Həm “Krasnodar”ın akademiyasında işləyib, həm də əsas komandasında. Hazırda oyunçularının səviyyəsi pis deyil. Sadəcə, oyun qurmaq lazımdır. Bu da vaxt tələb edir. Məni Musayevin qışda cəmi iki oyunçu gətirməsi təəccübləndirdi. Onlar da hələ ki, meydanda görünmürlər. Ümumiyyətlə, “Sabah”ın avrokuboklara düşməsi böyük problemdir. Çünki mübarizəni uduzdu. “Zirə” onları üstələdi. Düzdür, hələ çempionat bitməyib, amma klub sayı azdır, “Sabah”ın isə yuxarı pillələrdə olan komandalarla xal fərqi çoxdur. Ancaq onu da deyim ki, Murad Musayevin gəlişindən sonra “Sabah”da yaxşı mənada dəyişiklik çoxdur. Məncə, bunu yerli məşqçilər də bacarardılar. 

- Yeni mövsümdən Premyer Liqamızda 10 komandanın olacağı açıqlanıb. Sizcə, yeni gələcək 2 komanda hansı prinsip əsasında seçilməlidir?

- Bizdə idman prinsipi yoxdur. Əslində biz istəyirdik ki, çempionatda 12 komanda olsun. Çünki 12 komandalı sistem yaxşıdır. Amma hazırda hər şey maliyyədən asılıdır. Ona görə 10 komanda olacağına qərar verildi. Biz istəyirdik ki, birinci divizion ayrılsın. Yəni Premyer Liqanın əvəzedici heyətləri birinci divizionda yox, ayrıca öz çempionatlarında oynasınlar. 10 komandadan ibarət yarış keçirilsin. Divizionda isə bölgə təmsilçiləri olsun. Bunu etməyə də bölgələrdə infrastrukturun olmaması imkan vermədi. Bütün bölgələrdəki stadionların əsaslı təmirə ehtiyacı var. Bütün bunlara baxmayaraq, komanda sayı mütləq artırılmalıdır. Təsəvvür edin ki, U-21 millimizin oyunçusu özünə komanda tapa bilmir və futbolu atır. Bizdə belə hallar var. Bunların baş verməməsi üçün Premyer Liqa ilə birinci divizionu ayırmaq istədik. Bunun üçün isə sponsorlar olmalıdır. Sponsor yoxdur. Klublara AFFA kömək edir. Heç bir ölkədə belə şey yoxdur. 

- Dediniz ki, biz 12 komandanın olmağını istəyirdik. Yəni Məşqçilər Komitəsi olaraq belə bir təklif irəli sürmüşdünüz?

- Bəli. Biz təkliflərimizi vermişik. Düzdür, bəzi hissələrlə rəhbərlik razılaşmayıb. Çünki hər şey maliyyə məsələsinə gəlib çıxır. Amma hazırda bəzi işlər də var ki, onun üzərində işləyirik ki, rəhbərliyə təqdim edək. İstənilən halda Premyer Liqada 10 komandanın olması çox müsbət hal olar. Birinci divizionda isə idman prinsipi olmaldır. Bunların hamısı isə sponsordan asılıdır. 

Ramiq  Ağaməmmədov

Daha çox


Son xəbərlər