“Federasiyalarla orta məktəblər arasında əlaqələr daha sıx olmalıdır”

“Federasiyalarla orta məktəblər arasında əlaqələr daha sıx olmalıdır”
MEDİA 6 Aprel 2024 / 15:20 959
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 160 nömrəli Klassik Gimnaziyanın fiziki tərbiyə müəllimi, voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarovdur.

O, əvvəlcə orta məktəblərdə, gimnaziyalarda fiziki tərbiyə fənninin yüksək səviyyədə tədris olunduğunu söyləyib: 

“Orta məktəblərda və gimnaziyalarda fiziki tərbiyə fənninin keyfiyyətini yüksək qiymətləndirirəm. Çünki fənnin məqsədi şagirdlərin fiziki cəhətdən harmonik inkişafını təmin etmək, onları vətənin müdafiəsinə, şəxsi həyata, peşəkar peşə fəaliyyətinə hazırlıq üçün tərbiyə etməkdir".

E.Zülfüqarov müəllimlərin fiziki tərbiyə fənnini kurikulumun tələblərinə uyun şəkildə apardığını qeyd edib: "Fiziki tərbiyə müəllimləri dərsləri yüksək səviyyədə, fənn kurikulumunun tələblərinə uyğun olaraq bütün məzmun xətlərinin meyarlarına uyğun tədris edirlər. Məktəblərarası və məktəbdaxili yarışmalarda, tədbirlərdə biz bunun əyani şahidi ola bilərik. Müəllimlər dərslərdə Avropa, dünya və Olimpiya yarışlarının qalibləri haqqında şagirdlərə daha dolğun və dəqiq məlumatlar verərək onlara böyük stimul verirlər".

O, dərsləri daha maraqlı və əyləncəli etmək üçün oyunlar təşkil etdiklərini də vurğulayıb: "Uşaqları əyləndirmək üçün fəal interaktiv təlim metodlarından istifadə edilir. Hər hansı hərəki qabiliyyətin inkişafında tətbiq edilən mütəhərrik və əyləncəli estafet oyunları bunu sübut edir. Bundan əlavə olaraq, qeyd etmək istəyirəm ki, bəzi orta məktəblərdə və gimnaziyalarda ibtidai siniflərdə şagirdlərin vaxtlarının daha əyləncəli və maraqlı keçməsi üçün Yeni ildə, Novruz bayramında və diqər bayramlarda “Şən startlar”, əyləncəli estafetlər və mütəhərrik oyunlar keçirdirik. Bundan əlavə 5-11-ci siniflər arasında məktəb daxıli basketbol, voleybol, minifutbol, şahmat, atletika yarışları təşkil edirik".

Həmsöhbətimiz vurğulayıb ki, məktəblərdə uşaqların idmanla məşğul olması üçün kifayət qədər yaxşı şərait yaradılıb: 
"Demək olar ki, əksəriyyət məktəblərdə hərəki bacarıq və vərdişlərin, hərəki qabiliyyətlərin zəruri miqdar və amplitudada inkişafı üçün kifayət qədər şərait var. Cənab Prezident İlham Əliyevin elmə və idmana böyük qayğısı nəticəsində respublikamızda müasir tipli yeni tədris ocaqları inşa edilib və məktəblərin istifadəsinə verilib. Düzdür qəzalı vəziyyətdə olan idman zalları da mövcuddur. Hər il belə zallar təmir edilir. Bu tipli zalların təmiri aiddiyyatı qurumların diqqət mərkəzindədir".

E.Zülfüqarov şagirdlərin iştirak etdikləri yarışlardan da söz açıb: "Əsasən, illik tədbirlər planına uyğun olaraq məktəbdaxili yarışlarda və məktəblərarası basketbol, voleybol, futbol, badminton, şahmat, həndbol, minifutbol, atletika, basketbol  idman növləri üzrə yarışlarda iştirak edirlər".

O, azyaşlıların idmana olan marağından da danışıb: "Orta məktəblərdə fiziki tərbiyə fənninə maraq yüksək səviyyədədir. Əyani sübut olaraq qeyd etmək istəyirəm ki, şagirdlər məktəblərarası bütün yarışlara böyük sevgi və həvəslə gəlib iştirak edirlər. Bunu idman zalının qarşısında dayanaraq tənəffüs zamanı şagirdlərin bu dərsə gələrkən gözlərindəki sevinclə müşahidə etmək olar".

E.Zülfüqarov dərs keçdiyin uşaqlar arasında istedadlı uşaqların çox olduğunu söyləyib:  "Belə şagirdlər hər zaman fiziki tərbiyə müəllimlərinin diqqət mərkəzindədir. Çünki bayraq ucaldan, himn səsləndirən qəhrəmanlarımızın ilk məşqləri məhz fiziki tərbiyə dərslərindən başlayır. Xüsusilə qeyd etmək lazımdır, şagirdlərin əksəriyyətinin futbola marağı sonsuzdur. Amma bu maraq digər idman növlərini kölgədə qoya biməz. Bizim gimnaziyada idmanın digər növləri ilə məşqul olan perspektivli şagirdlərimiz var. Onlar voleybol, basketbol, şahmat və digər idman növləri ilə məşğul olurlar. Çünki fiziki tərbiyə müəlliminin perespektiv planlaşdırılmasında idman oyunlarının inkişafı üçün dərs saatları bərabər miqrdarda bölünmüşdür".

Həmsöhbətimiz ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün məktəblərdə fiziki tərbiyə fənninin daha çox tədris edilməli olduğunu deyib: "İlkin olaraq fiziki tərbiyə dərslərinin həftə üzrə tədrisi 2 saatdan 3 saata qaldırılmalı, federasiyalar və məktəblər arasında əlaqə daha sıx olmalı, zəruri avadanlıqlarla federasiyalar məktəbləri təmin etməlidirlər. Bundan əlavə yenityetmələr və məktəblər arasında Respublika miqyaslı idman tədbirlərinin və yarışların sayını artırmaqla, idmana olan maraq və qayğını artırmış olaraq".

O, uşaqları pis vərdişlərdən uzaqlaşdırmaq, təhsilə və idmana bağlamaq üçün layihələr təşkil etməyin lazım olduğunu söyləyib: "Dərsdənkənar idman məşğələləri təşkil etmək və fiziki tərbiyə sahəsində qrant layihələrdə uğur qazanaraq şagirdləri bu layihələrə cəlb etmək məqsədəuyğundur. Məktəblərdə tanınmış idmançilarla görüşlərin sayını artırmaqla bu istəyə nail olmaq olar. Fikrimizcə, respublikamızda keçirilən beynəlxalq yarışlara şagirdlərin cəlb olunması  müsbət təsir edər".

Sonda E.Zülfüqarov şagirdləri ilə apardığı söhbətlərdən, onları motivasiya etməsindən danışıb: "Şagirdlərlə ilk növbədə idmanın insan orqanizminə olan müsbət təsirlərindən, fiziki və funksional inkişafı artırmasından söhbət açırıq. Həmçinin ölkə bayrağını qaldıraraq, himnimizi səsləndirmək müsbət mənəvi, iradi xüsusiyyətdir. Bununla yanaşı şagirdlərə Vətənə, torpaga, xalqa, millətə sevgi yaratmaqla yanaşı onları vətənpərvərlik ruhunda tərbiyə edirik. Məktəblilərin gələcəkdə idmanla məşğul olaraq bayrağımızı yüksəklərə qaldırmaq, himnimizin yüksək tribunalarda səsləndirmək, ölkəmizi idman reytinqində irəliyə daşımaq kimi potensiallarının olduğuna inandırmaq fiziki tərbiyə müəllimlərinin vəzifəsidir".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər