“Neftçi”dən göndərilməli olanlar...

“Neftçi”dən göndərilməli olanlar...
YAZARLAR 2 Sentyabr 2019 / 16:08 10583
-  A +

“Neftçi” “Bney Yehuda” faciəsi”ndən sonra ilk dəfə normal oyun işartıları verdi. “Sumqayıt”la matçda komanda əzmkarlıq, döyüşkənlik göstərdi. Nəticədə dramatik oyunun son saniyələrində qələbə qolunu vurdu.

“Neftçi”nin əməyini yerə vurmamaq şərtilə qeyd edim ki, “Sumqayıt” ilk qolu buraxana kimi çox yaxşı mübarizə aparsa da, Emin Mahmudovun qolunda uşaq səhvi etdi. Müdafiə xətti və qapıçı peşəkara yaraşmayan səhvə yol verdilər. Ümumiyyətlə, “Sumqayıt”ın oyunçularının fərdi ustalığı “Neftçi”nin futbolçuları ilə müqayisəedilməzdi. Cənnətov və Xaçayev kimiləri isə mənə görə ümumiyyətlə, premyer-liqa klubu səviyyəsində deyillər. Davud Kərimi kimi qapıçı təklif olmadığından karyerasını bitirdi. Kamran Ağayev klubsuzdu. Nə isə. İstənilən halda kiçik büdcəylə belə döyüşkən kollektiv formalaşdırdığı üçün Ayxan Abbasova, premyer-liqada səhv etmirəmsə ən kiçik büdcəyə baxmayaraq komandaya Mehdi Şərifi, Peyman Babayi, Cəmaləddin Xocaniyazov və başqa keyfiyyətli futbolçular gətirməyi bacaran, klubda sağlam abu-hava yaradan Riad Rəfiyevə alqış düşür.

Etiraf etmək lazımdı ki,  ikinci hissədə hakim sarıdan da “Sumqayıt”ın bəxti gətirməmişdi. Birinci hissədə bilərəkdən və ya bilməyərəkdən “Neftçi” əleyhinə qərarlar verən hakim ikinci hissəyə sanki səhvlərini düzəltməyə çıxmışdı. Elə təsəvvür yarandı ki, hakim birinci hissədə “Sumqayıt”ın, ikinci hissədə isə tam əksinə “Neftçi”nin qələbəsi üçün çalışdı və buna nail oldu.


Amma “Neftçi”nin əzmkarlığını da qeyd etməmək insafsızlıq olar. Əsl kapitan kimi komandanın çətin vəziyyətində vurduğu çox vacib qoldan sonra topu götürüb mərkəzə qaçan Emin Mahmudovun və bütün komanda üzvlərinin fədakarlığını qeyd etmək lazımdı. “Neftçi” növbəti turda “Qarabağ”la qarşılaşacaq və bu qələbə çempionluq uğrunda prinsipial rəqibə qarşı oyun öncəsi olduqca əhəmiyyətlidi. Ən azı fubolçuların psixoloji durumu və azarkeşlərlə klub rəhbərləyi arasında olan buzların əriməsi baxımından.

“Neftçi”nin prezidenti Kamran Quliyev “Bney Yehuda”ya məğlubiyyətdən sonra brifinqdə azarkeşlərə çempionluq sözü verib. Növbəti tur keçiriləcək oyun bu sözlərin nə qədər əsaslı olmasını göstərəcək. “Neftçi” son illərdə ən yaxşı heyətə malikdi. Azarkeşlər Kamran Quliyev və Roberto Bordinlə yanaşı Ceyhun Sultanovun da istefasını istəyir. Amma mən idman direktorunda günah görmürəm. Əksinə, bu heyəti Ceyhun Sultanov toplayıb. Gəlin, mövqelər üzrə baxaq. Qapı xəttində “Neftçi”nin heç bir problemi yoxdu. Ölkənin bir nömrəli qapıçısı Səlahət Ağayev, ustalığı şübhə doğurmayan Aqil Məmmədov, U-21-in əsas qapıçısı Kamran İbrahimov “flaqman”ın ən etibarlı mövqeyinin qapı olduğunu deməyə əsas verir. Amma Sultanov gələnəcən belə deyildi. Aqil Məmmədov müqavilə bağlayıb Türkiyəyə təlim-məşq toplanışına getmiş, cəmi bir neçə gün düşərgədə olandan sonra keçmiş komandası “Qəbələ”yə qayıtmaq məcburiyyətində qalmışdı.

Tərlan Əhmədovun ehtiyata göndərdiyi Səlahət Ağayevin də Aqil Məmmədov kimi bezib klubdan getməsi üçün min hoqqadan çıxılırdı. Sultanov gəlişindən sonra Səlahətə tam güvən verdi, Aqili kluba qaytardı və artıq bu qapıçılarla “Neftçi” uzun müddət qapıya görə narahat olmaya bilər.

Müdafiə uzun illər idi problemli idi. Tərlan Əhmədov Rahil Məmmədovu komandadan göndərəndən sonra bu problem daha da ağırlaşmışdı. Çünki Petrov və Ukraynanın həvəskar liqasından gələn Krivotsyuk “Neftçi” səviyyəsində futbolçular deyil. Sultanovun gəlişindən sonra klubun yetirməsi Ömər Buludova güvənildi və etimadı doğruldub əsas heyət üzvünə çevrildi. Azərbaycan çempionatının ən yaxşı legioner müdafiəçisi Voislav Stankoviçin transferi nə qədər alqışalayiq idisə Ruslan Abışovun yola salınması bir o qədər təəccüblü idi. Çünki Ruslan “Neftçi”nin bütün müdafiəçilərindən daha usta bir futbolçudu.

Sultanovun aldığı və “Neftçi” səviyyəsində olmayan yeganə müdafiəçi Mbocdu. O da qolçuluq bacarığı ilə sevindirir, amma birbaşa işində güvən vermir. Tural Axundov da ustalığı olan futbolçudu və Krivotsyukla müqayisədə əsas heyətdə daim olmalıdı. Amma Kamran Quliyevin çempionluq vədini gerçəkləşdirmək üçün daha səviyyəli futbolçular lazımdı. Bu mənada ilk növbədə Krivotsyuk və Petrov, daha sonra imkan olsa Mboc və Axundovu göndərib yerlərinə daha yüksək səviyyəli futbolçular alınmalıdı. Axundov və Mboc əvəzedici kimi qala da bilərlər. Amma mütləq və mütləq əsas heyətə ən azı bir sol cinah və bir mərkəz müdafiəçisi lazımdı. Mediada yazılanlar doğru çıxsa, Donald Geryenin “Neftçi”yə transferi sol cinahdakı problemi həll edəcək. Amma mərkəzə də mütləq bir müdafiəçi alınmalıdı!

Ceyhun Sultanov gələndə “Neftçi”nin dayaq yarımmüdafiəçisi, hələ də futbolçu olması haqda ciddi şübhələr qalan Mayk Kampaz idi. Soni Mustivar bu problemi həll etdi. Mamadu Kane isə artıq variasiya imkanı yaratdı. Yeri gəlmişkən, Petrova, Krivotsyuka və ya Mboca müdafiənin mərkəzində nə qədər şans verilsə də, sonluq komanda üçün acı olur. Hər dəfə fikirləşirəm ki, yeni oyunçu alınmırsa, bəlkə bu mövqedə Kaneni də sınamaq olar. Amma çempionluq üçün ən azı Stankoviç səviyyəsində daha bir müdafiəçi alınmalıdı.

Yarımmüdafiə və hücumda “Neftçi”nin ciddi problemi yoxdu. Emin Mahmudov, Namik Ələskərov, Rəhman Hacıyev, Vangelis Platellas, Stiven Monroz, Dario Federiko, hətta gənc İsmayıl Zülfüqarlı çempionluq məqsədinə yarayan futbolçulardı. Hücumda isə Baqali Dabo və Rauf Əliyev kimi təcrübəli və səviyyəli futbolçular var. Düzdü, iki nəfər azdı. İdealda daha bir qolçuluq keyfiyyəti ilə seçilən forvard alınmalıdı.

Amma indi “Neftçi” azarkeşləri deyəcək ki, bəs bu təriflədiyin heyət niyə “Arsenal”la oyunlardan sonra bərbad vəziyyətdədi?

Hə, əsas problem də budu. Məncə, bunun ən az günahı Ceyhun Sultanovdadı. Əvvəla, onu deyim ki, məncə əsl “Neftçi” “Arsenal”la oyunlardakı komanda idi. Sonrakı 4 oyun çox şübhəlidi. Və bunun günahkarı da Ceyhun Sultanov deyil. Bəlkə də heç Roberto Bordin də deyil. Çox söz-söhbətlər yazılır, pozulur. “Torba tikmək”, “kənar müdaxilələr”, “hakim və azarkeş təzyiqi” və s.  Komandanın sadiq azarkeşləri tribunadan qovuldu, möhtəşəm azarkeş qrupu “Forza “Neftçi” oyunları boykot etdi. Futbolçular və baş məşqçi azarkeşləri təhqir etdi. Komandadaxili mühit ürəkaçan səviyyədə deyil. Bütün bunların yaşandığı klubun prezidenti istefa verməli idi. Amma vermədi. Yəqin ki, çempionluq vədinin yalan çıxacağı günəcən verməyəcək də.

Əsl “Neftçi” “Arsenal”la oyunlardakı “Neftçi” idi. Komandanın əsl oyunu, əsl gücü, əsl azarkeşi o idi. Sonrakı proseslər Kamran Quliyevin zəifliyindən yaşandı. Başqa kimisə günahlandırmaq düz deyil. Kənardan müdaxilə varsa və bu, komandadaxili mühiti korlayırsa, bu, artıq prezidentin gücsüzlüyünün təsdiqidi.

“Neftçi” son illərdə ən yaxşı heyəti toplayıb. Komandaya bir xarizmatik prezident lazımdı ki, çempionluq qazanıb, gələn mövsüm Çempionlar Liqasında oynasın. İkinciliklə barışan, Avroliqada çıxışı toy-bayram edən prezident yox! Komandaya Sadıq Sadıqov kimi xarizmatik prezident lazımdı. Yüzdəyüz əminəm ki, “Neftçi”nin prezidenti Sadıq müəllim olsa “Arsenal”ı darmadağın edən “Neftçi”yə heç kim barmaq edə bilməzdi və biz “Sumqayıt” qələbəsindən yox, Avropa Liqasında qrup rəqiblərindən yazırdıq. Sadıq müəllim “Neftçi”yə qayıtmayacağını deyib. Tamam, “Neftçi”nin özündə mətbəxi bilən, komandanı çox çətin günlərdən çıxaran Elnur Eyvazov kimi bacarıqlı kadr var. Kamran müəllim gözəl insandı. Amma “Neftçi”də bundan artığını edə bilməyəcək. “Xalq komandası”nı düşünürsə, bu yerdə kreslosu ilə vidalaşıb, klubu daha etibarlı əllərə buraxar ki, başlanan uğurlu iş yarımçıq bitməsin.

Anar ŞABANOĞLU

MÜƏLLİFİN DİGƏR YAZILARI

05.02.15

Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır