Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
Tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna yüksələn “Qarabağ”ın bu mərhələdə qarşılaşacağı “Kopenhagen” (Danimarka) Ağdam klubu üçün tanış rəqibdir. 1998 /1999 mövsümündə o vaxt UEFA-nın Kuboklar kuboku adlanan turnirinin ilk təsnifat mərhələsində bu komandalar üz-üzə gəlmişdi. “Qarabağ” səfərdə 0:6, Bakıda isə 0:4 hesablı məğlubiyyətlə üzləşmişdi. Bu, “Qarabağ”ın indiyədək avrokuboklarda ən ağır məğlubiyyətidir.
Təbii ki, həmin dövrdə Azərbaycan futbolu ilə Danimarka futbolu heç cür müqayisəyə gəlmirdi. Klublarımızın hansı çətinliklərinin olduğu bəllidir. “Qarabağ”da isə vəziyyət daha ağır idi. “Qaçqın komanda”nın hansı əziyyətlərlə çempionatda çıxış etməsi çoxlarına məlumdur.
Çətinliklərə baxmayaraq, “Qarabağ” 1997/1998 mövsümündə avrokuboklara vəsiqə qazandı. Mövsümü 4-cü pillədə başa vuran “atlılar” kubokun finalına qədər irəliləmişdi. Həlledici oyunda çempionluğunu elan etmiş “Kəpəz”ə uduzan (0:2) komanda Kuboklar kubokuna vəsiqəni təmin etdi.
Bundan sonra nələr baş verdiyini bilmək üçün komandanın o dövrkü baş məşqçisi Ağasəlim Mircavadova müraciət etdik. “Qarabağ”a ilk çempionluğu qazandıran təcrübəli mütəxəssis ağır məğlubiyyətlərin səbəbini həmin vaxt Azərbaycan futbolunda şəraitin olmaması ilə əlaqələndirdi.
- O vaxt “Qarabağ”ın vəziyyəti ağır idi. Sumqayıtda qaçqınlar məskunlaşan binadan qalırdıq. “İnşaatçılar”ın stadionunda məşq edirdik. Meydança yaxşı vəziyyətdə deyildi, ancaq yenə stadionun direktoru sağolsun ki, bizə imkan yaratmışdı. Ağdamlı idi. Təlim-məşq toplanışından söhbət gedə bilməzdi. Vəziyyət çox gərgin idi. Buna rəğmən futbolçular həvəsdən düşmürdülər. Hamısı yaxşı uşaqlar idi. Təbii ki, futbol oynamaq üçün bunlar bəs etmir. Futbolçunun gücü olmalıdır. Bunun üçün isə yaxşı təlim-məşq toplanışları keçməlisən.
Püşkatmada da bəxtimiz gətirmədi. İlk mərhələdəcə ən güclü komandalardan biri ilə düşdük. O vaxt elə imkan yox idi ki, çarter reysi ilə səfərə gedək. Səhv etmirəmsə, İstanbula, oradan da Kopenhagenə getdik. Oyuna bir gün qalmış səfərə çıxdıq. Axşam Kopenhagenə çatdıq və səhəri gün oyuna çıxdıq. Qarşılaşmanın keçirildiyi arena Danimarkanın ən böyük stadionudur. Milli komanda da orada oynayırdı.
Bizdə “Kopenhagen” haqda heç bir məlumat yox idi. O vaxt rəqib haqda bilgi toplamaq çətin məsələ idi. Buna baxmayaraq, oyuna yaxşı başladıq. Qol epizodlarımız da oldu. Ancaq cəmi 2-3 dənə. Rəqibin 5-6 legioner futbolçusu var idi. Hamısı da hündürboy. Qollardan ya ikisini, ya da üçünü başla vurdular. Ümumiyyətlə, qolların çoxunu standart vəziyyətlərdən buraxdıq. Bizim gücümüz tez tükəndi. Oyunun 35-ci dəqiqəsində gördüm ki, futbolçularım hamısı yorulub. Çünki rəqib fiziki cəhətdən çox güclü idi. Əsasən uzun ötürmələrlə oynayırdılar, güc futboluna üstünlük verirdilər. Komandamız isə bu cür oyunlara hazır deyildi. Bununla belə, uşaqlar istəkli idilər. İndiki şərait o vaxt olsaydı, rəqiblə başabaş mübarizə aparardıq. Təsəvvür edin ki, “Kopenhagen”lə matça ikitərəfli oyunla hazırlaşırdıq. İndi komandalar müxtəlif ölkələrdə hazırlıq keçirlər, yaxşı rəqiblərlə güclərini sınayırlar. Hələ qidalanmadan danışmıram. Biz isə məşqdən sonra gəlirdik “20 yanvar”a uşaqlar pullarını yığıb nəsə alıb yeyirdilər. Çox vaxt peraşki alırdılar. Ancaq uşaqlar dözürdülər. Ağdamlılar sağolsunlar, bizə çox kömək edirdilər. Əslində onlar da çətin vəziyyətdə idilər. Qaçqınlıq dövrü idi. Hər kəs öz ailəsini güclə saxlayırd. Ancaq komandaya çox hörmət edirdilər.
Ağasəlim Mircavadov
1998-ci il
13 avqust
Kuboklar kuboku
1-ci təsnifat mərhələsi
İlk oyun
“Kopenhagen” (Danimarka) – “Qarabağ” - 6:0
Qollar: Martin Nilsen, 2, Tomas Torninqer 6, Peter Nilsen 13, Byarne Qoldbek 20, Morten Falx 26, Peter Nilsen, 40
Kopenhagen. “Telia Parken” stadionu.1000 tamaşaçı
“Qarabağ”: Cəmaləddin Əliyev, Elşad Əhmədov, Vadar Nuriyev, Zaur Qasımov, Rüfət Quliyev, (Mais Əzimov, 61), Mirbağır İsayev (Səttar Əliyev, 81), Təbriz Həsənov, Müşfiq Hüseynov (k), Bəxtiyar Musayev, Rinat Abdaşov, Emil Paşayev
27 avqust
Kuboklar kuboku
1-ci təsnifat mərhələsi
cavab oyunu
“Qarabağ” - “Kopenhagen” (Danimarka) - 0:4
Qollar: Niklas Yensen 64, Peter Yensen 70, David Nilsen 75, 84.
Qrımızı vərəqə: Mais Əzimov, 8 (“Qarabağ”)
“Qarabağ”: Cəmaləddin Əliyev, Səttar Əiyev, Elşad Əhmədov, Zaur Qarayev, Emil Paşayev, Rüfət Quliyev, Vəli Hüseynov, Mirbağır İsayev (Kənan Mahmudov, 80), Mais Əzimov, Təbriz Həsənov, Müşfiq Hüseynov (k) (Yalçın Bağırov, 76)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 3000 tamaşaçı
A.Mircavadov futbolçu kasadlığına görə cavab matçında da eyni heyətlə çıxış etdiklərini deyir:
“İkinci oyuna da Sumqayıtda hazırlaşdıq. Düzdür, artıq rəqibi tanıyırdıq, necə lazımdırsa analiz etmişdik, ancaq futbolçunun gücü olmayandan sonra bunlar fayda vermir. Gündə bir dəfə məşq edirdik. İki dəfə etmək üçün şərait yox idi.
Cavab matçında uşaqlara əsas tapşırığım o oldu ki, udazmayaq. Gücü olmayan bir komanda başqa nə edə bilərdi? Avqust ayı olmasına baxmayaraq, oyun saat 18:00-a salınmışdı. “Tofiq Bəhramov”un işıqlandırma sistemindən istifadə etmək üçün pul lazım idi. O cür istidə oynama da bir tərəfdən çətinlik yaradırdı. Heyətdə elə də dəyişiklik etmədim. Çünki cəmi 16-17 futbolçumuz var idi.
“O dövrü yadıma salanda halım çox pis olur”
Mircavadov sonda indiki “Qarabağ”ın “Kopenhagen”lə müabzirə aparmaq gücündə olduğunu bildirdi: “O dövrü yadıma salanda halım çox pis olur. O şərait gözümün qabağına gəlir. Uşaqların hansı vəziyyətdə oynaması yadıma düşür. Həqiqətən dəhşətli dövr idi. İndi hər şey var. Klub baza, stadion, yəni hər cür infrastruktura malikdir. Təkcə qalır oynamaq. “Qarabağ” da futbol oynamağı bacarır. Komandamızın layiqli çıxış edəcəyinə inanıram. Mən düşürəm ki, “Tofiq Bəhramov” “Kopenhagen”lə oyun üçün balaca olacaq. Çünki azarkeşlər çox gələcək”.
19 il əvvəlki oyunlarla bağlı 20 illik futboolçu karyerasında “Qarabağ”da çıxış etmiş və uzun illər Ağdam klubunun kapitanı olmuş Səttar Əliyevlə da danışdıq. Baş məqşçisi kimi əsasən o dövrün çətinliklərindən bəhs edən veteran yarımmüdafiəçi söhbətinə “Kopenhagen”lə “Qarabağ”ı əvvəlki illərlə müqayisə etməklə başladı:
“O vaxtkı “Kopenhagen” hara, indiki hara. Onda bundan qat-qat güclü idilər. “Qarabağ” haqda isə bunun əksini demək olar. Komandamız təcrübəsiz idi, çətinliklər komandanı sıxırdı. Onda “Qarabağ”ın futbolçuları 250 manat maaş alırdı. İndi 20-30 min alırlar. Sırf yerli futbolçular oynayırdı. İndi legionerlər çoxdur. Yəni ilk növbədə komandalar arasında fərqi diqqətə çatdırmaq istəyirəm. Çoxları “Kopenhagen”in adını eşidən kimi, o dövrdəki oyunu yada salır. Bu faktları ona görə sadaladım ki, “Qarabağ”ı sevənlər narahat olmasınlar.
O vaxt “Kopenhagen”in heyətində adlı-sanlı futbolçular çıxış edirdi. Bir neçəsi Danimarka millisinin üzvü idi. Bəxtsizlikdən oyuna az qalmış güclü leysan başladı. Meydança sürüşkən oldu. Bütün bunlar bəhanə deyil. Böyük hesabla uduzmağımızın əsas səbəbi Azərbaycan və Danimarka futbolunun arasında böyük səviyyə fərqinin olması idi. Artıq 26-cı dəqiqədə hesab 5:0 idi. Bu da onların ustalıq səviyyəsindən xəbər verir. Bizim avrokubok təcrübəmiz yox idi. Normal təlim-məşq toplanışı da keçmirdik. Ən yaxşı halda Buzovnada hazırlaşırdıq. Yoxlama oyununda bir Azərbaycan klubuna qalib gələn kimi düşünürdük ki, əla formadayıq. Amma fikirləşmirdik ki, bizim qarşımıza Danimarka millisinin üzvləri çıxacaq. “Kopenhagen” Avropanın səviyyəli komandalarından biri idi. Legionerlərimizin olmamağı da o dövrdə uğursuz nəticələr qazanmağımızın səbəblərindəndir. İndi klublarımız niyə avrokuboklarda mərhələlər keçir? Çünki səviyyəli legionerlər alırlar. Bizim vaxtımızda Bakıdan Ağdama futbolçu gələndə bunu böyük bir hadisə kimi qiymətləndirirdik.
Səttar Əliyev
“Qarabağ” “Kopenhagen”dən bizim qisasımızı almalıdır”
Adi vəziyyətlərdə də rəqib bizi üstələyərdi. Adicə divar ötürməsi edəndə gecikirdik. Bunların hamısı onların daha hazırlıqlı olmasından irəli gəlirdi.
Cavab matçına çıxanda da qələbəyə inamımız yox idi. Biz həmin vaxt “Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik. Gərək reallığı qəbul edəsən. Bakıdakı görüşün 8-ci dəqiqəsində Mais Əzimov qırmızı vərəqə aldı. İşimiz bir qədər də ağırlaşdı.
Səttar Əliyev artıq “Kopenhagen”dən qisas almağın vaxtı yetişdiyini də “Qarabağ” futbolçularına xatırlatdı: “Samtredia” ilə oyunlardan əvvəl elə sizinlə söhbətdə dedim ki, “Qarabağ” hər iki görüşdə qalib gələcək. Çünki “Qarabağ” artıq “Samtredia” səviyyəsindən yuxarıdadır. “Kopenhagen”lə “Qarabağ”ı isə bərabərsəviyyəli komanda hesab edirəm. Ona görə şansları da bərabərdir. Ancaq komandamız köhnə “Qarabağ”lıların qisasını almalıdır. Standart vəziyyətlərdə onlar bizi üstələyə bilər. Qurban Qurbanov yəqin ki, matça qədər “Kopenhagen”in 10 dənə oyunuu analiz edəcək.
“Qarabağ”ı dəstəkləmək lazımdır. Bu adı qorumaq vacibdir. Bütün dünya bilməlidir ki, Qarabağ adı yaşayır.
Ramiq AĞAMƏMMƏDOV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
"Bir xala görə məmnunuq" - Krunoslav Renduliç
"Komandam xarakter göstərdi" - Kurban Berdıyev
"Sabah" - "Turan Tovuz" oyununda vurulan qollar - Video
"Barselona"dan böyükhesablı qələbə
"Zirə" "Neftçi"yə belə qalib gəldi - Video
"Sabah" - "Turan Tovuz": Heyətlər açıqlandı
London derbisində qonaqlar qalib gəldi
"Real" Karvahalla müqaviləni uzadacaq
Klod Makelelenin yeni iş yeri bilindi
"Zirə" - "Neftçi": Heyətlər
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşdi
"Yamal böyük futbolçu olmaq istəyirsə, çox dincələ bilməz"
Kyelliniyə "Yuventus"da bu vəzifə verildi
Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı start götürüb
Britaniyalı supermodel Formula 1-ə görə Bakıya gəldi
Coşqun oynadı, komandası uduzdu
U-18 millisi Qəbələdə təlim-məşq toplanışı keçəcək
Millinin son 2 məğlubiyyəti haqda Qurban Qurbanov nə dedi?
Rahilin komandası uduzdu
Ronaldo ÇL-in oyununu buraxacaq
Ançelotti rekordunu yenilədi
Messidən 2 qol və 1 qol ötürməsi
"Milan"ın 4 cavabsız qolu - Video
"Real" səfərdə, "Sevilya" evdə qalib gəldi
"Milan"dan darmadağın, "Yuventus"dan xal itkisi
İngiltərə Premyer Liqasında 8 oyun keçirildi - Nəticələr
Şahin Diniyev: "Gəncədə xəstəlik tapmışam"
Azərbaycan şahmat millilərindən qələbə
“Qarabağ” mənfi cavab alıb
"Bu il daha çox güc sərf etməli olacağıq" - Qurban Qurbanov
"Qarabağ" - "Səbail" oyununda vurulan qollar - Video
"Qarabağ"dan qələbə, "Sumqayıt" "Şamaxı"ya uduzdu
"Bundan sonra daha çətin olacaq" - Ayxan Abbasov
"Çətin anlarda bir az səbrli olmalıyıq" - Samir Abasov
Mahir debüt edə bilmədi, komandası qalib gəldi
"Şamaxı"nın qələbəsi - Video
“Formula 1 Azərbaycan”da sıralama turunun qalibi o oldu
"Qarabağ" - "Səbail" oyunu üçün heyətlər
"Mançester Yunayted"dən böyükhesablı qələbə
Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb
Oyunu Santuş da stadiondan izləyir