Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!
Bu gün Azərbaycanın ən populyar idman qəzetlərindən olan “Futbol+”in 20 yaşı tamam olur.
İdmansevərlərin daim yaxından izlədiyi qəzetin ilk sayı 1997-ci il oktyabrın 21-də işıq üzü görüb.
Hazırda Azərbaycan mətbuatında bu qəzetin məktəbini keçmiş onlarla jurnalist var. "Futbol+" təkcə qəzetlərə, saytlar, televiziyalar yox, digər bir-çox sahələr üçün də dəyərli kadrlar yetişdirib.
“Futbol+”in 20 illiyi ilə əlaqədar qəzetin yaradıcısı və baş redaktoru Mahir Rüstəmli ilə söhbətləşdik.
- Əvvəlcə qəzetinizin yaranmasından danışaq.“Futbol+” necə yarandı?
- O vaxt mən “525-ci qəzet”də işləyirdim. Mənimlə bərabər digər gənclər də qəzetdə çalışırdı. Bizim yenilikçi ideyalarımız var idi. 1997-ci ildə tanınmış vəkil Qurban Məmmədov bizim tanışlarla söhbətində yeni bir qəzet açmağın mümkün olduğunu bildirmişdi. Bu fikirlər mənə də çatdı. Mən də artıq özümü bu sahədə sınamaq, özümü bir jurnalist kimi ifadə etmək istəyirdim. Qərara gəldik ki, ölkədə futbol qəzetinə ehtiyac var. Hərçənd o dövrdə krassvord, kriminal qəzetləri açmaq daha dəb idi, amma biz ölkədə futbola maraq olmadığı halda futbol qəzeti yaratdıq.
- Niyə məhz futbol qəzeti yaratdınız?
- Mənim uşaq yaşlarından futbola marağım var idi. Həm də o vaxtlar futbolumuzda çox acınacaqlı nəticələr qeydə alınırdı. Bütün bu prosesə qələmlə, sözlə bir növ təsir etmək istəyirdim. Bütün bu istəklər üst-üstə yığıldı və nəticə Futbol+ qəzeti yarandı.
- Futboldan yazmağa ehtiyac çox idi?
- 1997-ci ildə Azərbaycan çempionatı heç kim üçün cəlbedici bir yarış deyildi.Ancaq qəzetimizin ilk sayı üçün bütün çempionat oyunlarına müxbir göndərmişdik. Hesab edirdik ki, milli futbolumuzun təbliğatına ehtiyac var. Azarkeşləri oyunlara cəlb etmək, ictimai nəzarət insitutu formalaşdırmaq lazım idi. Bundan başqa, idmana, idmançıya daha yaxın olmaq, bir başa yarış meydanlarına getmək istəyirdik. Futbol+ standartlardan kənara çıxmağa, oxucuya yaxın olan dildə danışmağa üstünlük verdi. Biz oxucuya çox yaxın olduq.
"Futbol+"in ilk sayı
- Futbolumuzun acınacaqlı durumunda bu sahədən yazan bir qəzet yaradaraq fəaliyyət göstərməsini təmin etmək nə dərəcədə çətin idi?
- Bütün işlərdə çətinlik var. Bu işin perspektivinə inanmayanlar da çox idi. 1994-95-ci illərdə çoxlu futbol qəzetləri yaranırdı və uzağı 4-5 ay fəaliyyət göstərəndən sonra bağlanırdı. Ya özlərini dolandıra bilmirdilər, ya da fədakarlıq göstərən yox idi. Belə məqamlara görə bizim işin də perspektivinə şübhə edirdilər. Bizdə də texniki-təminat baxımından heç də hər şey yaxşı deyildi. Biz o vaxt “Hürriyət”in idman əlavəsi kimi fəaliyyət göstərirdik. Bizim üçün bir kiçik otaq ayrılmışdı. “Hürriyət”in operatorlarından xahiş edirdik, yazılarımızı onların komputerlərində yığırdıq. Bəzən yazını yığdırmaq üçün böyük növbə yaranırdı. Elə vaxt olub ki, bizdə işıq sönüb, əlimizdə komputer düşmüşük küçələrə ki, hardasa bir “rozetka” tapaq, işimizi görək. Yəni çox çətinliklərimiz olub.
- Oxucuların diqqətini cəlb etmək üçün nə qədər vaxta ehtiyac oldu?
- Deyərdim ki, qəzetimiz oxucuların diqqətini çox tez cəlb elədi. Təsadüfi deyil ki, bizim qəzetin çap sayı getdikcə artdı. Qəzet əvvəl həftədə bir dəfə çıxırdı. Tələbatın nəticəsidir ki, tədricən çap sayımız artı və artıq qəzet həftədə 5 dəfə çıxdı. Qəzetimiz həftədə bir dəfə çıxanda oxucularımız ciddi şəkildə narazılıq edirdilər ki, hər şeyi əhatə etmirsiniz, səhifələriniz azdır. Təbii ki, biz 8 səhifəlik qəzetdə həm Azərbaycan, həm də dünya idmanı ilə bağlı hər şeyi çatdıra bilməzdik.
- Nə vaxtdan qəzetinizin çap sayı artmağa başladı?
- 1999-cu ilin martında qəzet 8 səhifədən 16 səhifəyə keçdi. Həmin ilin setyabrında qəzetimiz artıq cümə günləri də çıxdı. 2001-ci ilin mayında artıq həftənin cüt günləri qəzetimiz çap olundu. 2003-cü ildə 4, 2009-ci ilin fevralından isə “Futbol+” həftədə 5 dəfə çıxır.
- Təbii ki, “Futbol+” yarananda müəyyən hədəfləriniz olub. Qarşıya qoyulan məqsədinizə nə dərəcədə nail olmusunuz?
- Bu gün Azərbaycan klubu Çempionlar Liqasının qrupunda oyanyırsa və kifayət qədər inamlı təsir bağışlayırsa, deməli, biz də hansısa hədəfə çatmışıq. Təsəvvür edin ki, 1997-ci ilin yayında klublarımız avrokuboklarda bir qol da vurmamışdılar. Yəni bizim qəzet çıxan ilin yayında belə bir acınacaqlı durum var idi. Amma indi klublarımız özünü Avropada kifayət qədər göstərə bilir. Hər halda Avropada kiçik də olsa, söz sahibiyik. Millimizi böyük turnirlərdə - Avropa və dünya çempionatının final mərhələsində görmək də bizim hədəflərimiz idi. Təəssüf ki, yığmamızın həmin turnirlərdə keçirilən oyunlarını işıqlandırmaqla bağlı hədəflərimizə çatmamışıq.
- Qəzetinizdə hansısa yeniliklər gözlənilir?
- Təbii ki, çap mediasını ayaqda saxlamaq çətindir. Bir çox komponentlərdə elektron mediaya uduzuruq. Xüsusilə də operativlikdə. Ona görə də biz fəaliyyətimizdə müəyyən dəyişikliklər etməyi düşünürük. Xüsusən də daha çox təhlil, araşdırmaya üstünlük verməyə çalışırıq. Biz xəbərçilikdə idman saytlarına uduzuruqsa, bunu başqa şeylərlə kompensasiya etmək lazımdır. Ya özəl xəbərlər olmalıdır, ya da ümumiyyətlə fəaliyyətimizin yönün tam dəyişməliyik. Həm də çalışmalıyıq ki, qəzetin elektron variantı da olsun. Qəzetin çap və elektron variantı bir-birinə hansısa yolla pul qazandırmalıdır ki, ayaqda dura bilək.
- Hazırda “Futbol+” qəzetinə tələbat hansı səviyyədədir?
- Bu gün də qəzetin öz yeri var. Oxucuların marağını görürük. Qəzetdə hansısa səhv olanda dərhal oxucular zəng vurub deyir. Qəzet satışa bir qədər gec çıxanda oxucunun rekasiyasını görürük. Buna əsasən deyə bilərəm ki, Azərbaycanda hələ də qəzetə müəyyən tələbat var. Təəssüf ki, bizdə qəzet bazarı bir qədər daralıb. Qəzetin satışa çıxarılması və yayılması ilə bağlı çox ciddi problemlər var. Sizə adi bir faktı deyim. Bizim bazar ertəsi sayımızı nəinki Azərbaycanın başqa şəhərlərinə, hətta Sumqayıta da göndərə bilmirik, təkcə Bakıda satılır. Yəni bu cür süni problemlər var ki, biz onları həll edə bilmirik. Elktron medianın təzyiqi ilə yanaşı bizim bu cür də problemlərimiz var ki, bu da fəaliyyətimizə təsir göstərir.
- Elektron media ilə ayaqlaşa bilmədiyinizi dediniz. Bu məqam sizin əməkdaşların yaradıcılığına mənfi təsir edir?
- Ola bilər ki, onlara qəlblərinin dərinliklərində hansısa şəkildə təsir etsin, ancaq mən onları ruhlandırmaq üçün hansısa bir motivasiya mənbəyi tapıram. Heç vaxt yol vermərəm ki, reportyorlarım formadan düşsünlər. Onların maaşlarının yüksək olduğunu deyə bilmərəm, ancaq “Futbol+” elə bir yerdi ki, burda münasibətlər bir qədər də dəyərlər üzərində qurulub. Burda çalışanlar da gözəl bilir ki, istənilən başqa yerdə asanlıqla işləyə bilərlər. Yəni belə məqamlar da var. Təbii ki, onları qəzetə bağlayan cəhətlər də var. Yəni bizdə bir dostluq, mehribanlıq mühiti də var.
- Əməkdaşlarınızın maaşından söz düşmüşkən, maliyyə durumunuz necədir? Qəzet özünü necə dolandırır?
- Biz yüksək səviyyədə maaş, qanarar almırıq. Sadəcə, qəzetimizi fərqləndirən cəhəti odur ki, bizdə bir sabitlik var. Biz bilirik ki, ayın filan günü dünya dağılmasa, mütləq qonorarımızı alacağıq. Bu mənada qəzetimizdə illərdi bir sabitlik var. Bir çox əməkdaşımızın qəzetə sadiq qalmasında həm də bu məqam rol oynayır.
- Maliyyə qaynaqlarınız hardandır?
- Təbii ki, əsas qəzet satışıdır. Bundan başqa Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da müəyyən yardım edir və bir də çox cüzi reklam bazarı var.
- Klublarla reklam əməkdaşlığı edirsiniz?
- Əvvəllər daha yaxşı əməkdaşlıq edirdik. Ancaq indi özünüz də bilirsiz ki, klubların durumu reklam vermək dərəcəsində ideal deyil. 3-5 il bundan əvvəl vəziyyət daha yaxşı idi. Amma indi reklam verən klubların sıraları seyrəlib.
- “Futbol+”in iş rejimi necədir?
- Qəzet çıxmamışdan əvvəlki günlər iclas olur. Qəzet işinin əsas uğuru həmin bu planlaşdırmadır. Planlaşdırma işi nə qədər uğurlu olarsa, qəzet bir o qədər keyfiyyətli çıxır. Bu, mənim illərdir formalaşan qənaətimdir. Həftədə 5 dəfə iclasımız olur. Hamı iclasda iştirak etməlidir. İştirak etməyənlər cərimlənirlər. Elə reportyorumuz var ki, tapşırılan işi 2-3 saata qurtarıb, çıxıb gedir. Ancaq eləsi də var ki, bir qədər astagəllik edir, saat 9-a qədər redaksiyada olur. Yəni bizdə konkret bir vaxt limiti yoxdur.
- Zaman-zaman “Futbol+” tənqidi yazılarla çıxış edib. Bu tənqidlərin 20 ildə futbolumuzda hansısa problemləri aradan qaldıra bilib?
- Biz hər mövsüm başlayanda təxminən bir səhifə həcmində Peşəkar Futbol Liqasındakı çatışmazlıqlarla bağlı yazı hazırlayırıq. Təşkilatı işlərlə bağlı qüsurları qabardırıq. Sağolsunlar ki, bir çox iradlarımızı nəzərə alıblar, problemləri aradan qaldırıblar. Deyə bilərəm ki, PFL bizim haqlı tənqidlərimizdən çox vaxt nəticə çıxarıb və problemləri yoluna qoyub.
- Yəqin ki, tənqidlərə sərt reaksiya verənlər də olub.
- Çoxları normal qəbul edirlər. Sadəcə, tənqidə başqa cür yanaşanlar da, bunu təhqir kimi qəbul edənlər də olur. Bir dəfə bizim Ruslan Məmmədli Azərbaycan kubokunun finalı ilə bağlı bir köşə yazmışdı. Yazıda hakim Fariz Yusifovun da adını çəkmişdi. Həmin oyunda dava düşmüşdü. Ruslan Məmmədli yazıda belə bir qeyd etmişdi: “Bu vaxt Fariz Yusifov gözünü tribunadakı xanıma zilləmişdi”. Bu, bir obrazlı yanaşma idi. Yəni Fariz Yusifov niyə oyun epizoduna baxmırdı? Təsəvvür edin ki, buna görə Fariz Yusifov bizi məhkəməyə verdi. Adi bir bədii fəndə görə məhkəməyə verildik. Yəni tənqidlərə belə yanaşanlar da olur. Fariz Yusifov o vaxt bizə dedi ki, mənim ailə məsələmə qarşırsınız, mənə şər atırsınız.
- Müəyyən dövrlərdə “Futbol+” çox çətinliklərlə üzləşib. Bildiyimizə görə, bəzən qəzet 2-3 nəfərin ümidinə qalıb.
- Əvvəl işçilər qəzeti tərk edəndə onlara çox aqressiv münasibət göstərirdim. Amma sonra fikirləşdim ki, bu, təbii prosesdir. Kimsə artıq pul verirsə, təbii ki, əməkdaşımız gedib orda çalışacaq. 2007-ci ildə “apasport” yarananda bizim bir neçə işçimiz ora getdi. Təsəvvür edin ki, həftədə 4-5 dəfə çıxan qəzetdə cəmi 2-3 nəfər çalışırdı.Amma mən bunları artıq normal qarşılayıram və hər dəfə hansısa işçimiz gedəndə yenisini yetişdirməyi düşünürəm. İdman mediasına tanış olmayan şəxsləri qəzetə cəlb edirəm. Bu cür adamları yetişdirməyə üstünlük verirəm.
- Əvvəlki illərdən fərqli olaraq son vaxtlar qəzetinizdə rubrikaların, sorğuların sayı azalıb. Bu nə ilə bağlıdır?
- Təbii ki, bu, kadr potensialı ilə bağlıdır. Əvvəllər işçilərimiz daha çox idi. Hər layihə bir imza deməkdir. Elə işçilər olmalıdır ki, gündəlik tapşırığı az olsun ki, layihə ilə məşğul olsun. Vaxtaşırı rubrikalarımız olur. Ancaq layihələrimizin olmaması sırf işçilərimizin azlığı ilə bağlıdır.
- Yeni layihələr gözlənilir?
- İstəyirik ki, olsun. Ancaq hər şey maliyyəyə bağlıdır. Qəzet işində maliyyə əsas şərtdir. Milli valyutamızın infilyasiyaya uğraması qəzetimizin fəaliyyətinə təsir göstərib.
- “Futbol+” həmişə maraqlı manşetlərilə də seçilib. Ən uğurlu manşetiniz hansı olub?
- Elə bəyəndiyim ən sonuncu manşeti qeyd edə bilərəm. “Qarabağ”ın Çempionlar Liqasındakı son oyunu ilə bağlı “İlk qol, ilk xal, bəs sonra?” sərlövhəsi məncə, maraqlıdır. Bundan başqa, “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazananda birinci səhifədə “Qarabağ” və Qurban adları ilə çox maraqlı kombinasiya yaradılmışdı. Maraqlı manşetlərimiz çox olub.
- Ötən 20 il ərzində rəhbərliyiniz altında qəzetinizdə bir çox kadrlar yetişib. Hansı ki, indi onlar öz işlərinin peşəkarı, Azərbaycanda tanınmış jurnalistlərdir. Mahir Rüstəmlinin futbol dili ilə desək, bu jurnalistlər arasında “11-liy”i necə olardı?
- Bu məqam bir qədər mübahisəlidir. Bu cür seçim edəndə bəziləri inciyir ki, məni niyə qeyd etməmisən. Ona görə də bu “11-lik” söhbətindən qaçıram. Amma mənim bütün heyətlərimdə İlkin Fikrətoğlu olardı.
- İndiki kollektivlə işləmək asandı, yoxsa əvvəlki?
- İndiki kollektivin də əməyini heçə endirmək olmaz. Bir qədər zəmanə məsələsi var. İndi bəzən mənim xoşuma gəlməyən şeylər olur. Hərdən sözü çox gec qəbul edirlər. Yaxud da yazıda istədiyim keyfiyyəti ala bilmirəm. Onda insan əsəbləşir. Hər nəsildə yaxşılar da olur, pislər də. Ancaq bizdən gedənlər başqa yerlərdə futbol dili ilə desək, asanlıqla əsas heyətə düşə biliblər. İstər telekanallarda, istər saytlarda, istərsə də başqa qəzetlərdə. Klub təsərrüfatında da bir çox yetirmələrimiz var. Təbii ki, onların uğuruna sevinirəm. Bu işdə zərrə qədər də əməyim olubsa, bunu özüm üçün çox böyük nailiyyət sayıram. İndiki əməkdaşlarımız arasında da bacarıqlıları var. Onları da inkişaf etdirməyə çalışırıq. Amma problemlər də var. Bəzən bir nəfərə 2-3 dəfə zəng vururlar və cavab gəlməyəndə müsahibədən vaz keçirlər. Ancaq əvvəl belə deyildi, axıra qədər gedirdilər ki, mütləq o adamı tapıb, danışdırmalıyam və başqalarından fərqlənməliyəm. İndikilər isə 2-3 dəfə cəhd edirlər. Bu cəhət məni təəssüfləndirir.
- Bəs hansı illəri “Futbol+”in “qızıl dövrü” adlandırardınız?
- 1997-2000-ci illərdə bizim formalaşmaq dövrümüz idi. 2000-2012-ci illəri birmənalı şəkildə yüksəliş dövrü adlandırardım. Həmin onillik ən yaxşı dövrümüz idi.
- Sonda İdman mediamızın bugünkü durumu ilə bağlı fikirlərinizi öyrənək. Hansı çatışmazlığı qeyd edə bilərsiniz?
- Təbii ki, bu məsələyə birmənalı qiymət vermək olmaz. Hesab edirəm ki, say çoxluğu var. Kəmiyyətdənsə keyfiyyətə keçməyin vaxtıdır. Ya saytlar, qəzetlər birləşməlidir, ya bu sahədə çalışanlar üçün bir ixtisaslaşma kursları keçilməlidir ki, daha səviyyəli repartyorlarımız, saytlarımız və qəzetlərimiz olsun. İdman mediasının əsas çatışmzalığı səviyyəli kadrların az olmasıdır. Həm idman saytlarının sayını azaltmaq, həm də bu sahədə çalışan həmkarlarımın heç olmasa rus və ya ingilis dillərindən birinə yiyələnməsi baxımından işlər görülməlidir.
Keçmiş əməkdaşları “Futbol+” haqda nə dedi:
İlkin Fikrətoğlu (ATV kanalının əməkdaşı)
- Bu qəzetlə bağlı olanların əksəriyyəti kimi məni də "Futbol+"lə ən şirin, xoş, unudulmaz xatirələr bağlayır. "Futbol+" mənim ilk iş yerim olub. Burada ilk maaşımı almışam, ilk dəfə kollektivdə çalışmışam, indi də yanımda olan dostlarımın hamısını "Futbol+"dən qazanmışam. Bu qəzet mənə təkcə ilk jurnalist vəsiqəsi deyil,həm də ictimai həyata vəsiqə verib. "Futbol+" qəzeti, bir az da konkrektləşdirsəm, Mahir Rüstəmli olmasaydı, çox güman mən jurnalist olmayacaqdım. Mahir həqiqətən böyük insandır. Jurnalist kimi jurnalist, adam kimi adam. Neçə-neçə nəsil jurnalist yetişdirib Azərbaycan mediası üçün. Bunun üçün həm səbr lazım, həm həvəs, həm də sözün əsil mənasında öyrətmən-müəllim olmalısan. Bu ölkədə 20 il öz-özünü dolandıran 3 qəzetin adını çəkmək olmur , amma Mahir Rüstəmli bunu bacarıb. Reklamı da reklam kimi alıb, daha reket kimi yox. Baxmayaraq ki,16 ildir o qəzetdən ayrılmışam bu gün də özümü "Futbol+"çi sayıram. Sevimli qəzetimin adına tərif olanda sevinir, ona qarşı haqsızlıq olanda isə cavablarını verirəm. Doğma qəzetimi ürəkdolusu təbrik edir, Mahir Rüstəmliyə və kllektivə yaradıcılıq uğurları arzulayıram. Nə vaxtsa biz olmayacağıq, amma qoy, "Futbol+" həmişə yaşasın. Ömür vəfa eləsə, qəzetimizin 50 illik yubileyini də birgə qeyd edək.
Anar Şabanoğlu (“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri)
- "Futbol+" bir fenomendi. Qəzetlərin bütün problemlərinə baxmayaraq 20 il lider mövqeyini qoruyub saxlamaq inanılmaz görünür.
"Futbol+" bir məktəbdi. Hazırda idman mətbuatımızda, futbolumuzda çalışan "Futbol+" yetirmələrini saymaq kifayətdi.
"Futbol+"i sevə də bilərlər, sevməyə də. Amma "Futbol+" gələcək aqibətindən asılı olmayaraq Azərbaycan mətbuatında, idmanında, futbolunda möhürünü vurmuş bir qəzetdi.
İnanıram ki, "Futbol+"in gələcəyi də ən azı keçmişi və bu günü qədər möhtəşəm olacaq. Axı, "Futbol+" bizi həmişə nikbinliyə öyrədib.
Elnur Məmmədli (CBC Sport kanalının əməkdaşı)
- Futbol+ müasir jurnalistikada xüsusi çəkiyə malik bir çox insanın ilk məktəbi olub. Hətta vaxtilə bu qəzetin siyasətini qəbul etməyənlər, fərqli mövqedə olanlar belə məktəb olduğunu qəbul edirlər. Azərbaycan reallığında 20 il qəzet buraxmaq sizə asan gəlməsin. Xüsusən də qəzetlərin saytlara və sosial şəbəkəyə uduzduğu, qəzet köşklərində siqaret və içki satıldığı bu günlərdə. Amma Futbol+ döyüşür, mübarizə aparır, təslim olmur. İnanıram ki, bundan sonra da belə olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Qol.az-dan: 20 yaşının tamam olması münasibəti ilə “Futbol+” qəzetini təbrik edir, orada çalışan həmkarlarımıza yeni-yeni uğurlar arzulayırıq.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Dünyanın ən bahalı futbolçuları - Siyahı
Azərbaycan millisindən biabırçı məğlubiyyət
"Gözəl əxlaqlı uşaqlar yetişdirmək istəyirik" - Mesut Özil
Mesut Özil Bakıda uşaqlarla futbol oynayıb - Şəkillər
Mesut Özil Azərbaycanda akademiya açır?
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşısı seçildi
Estoniya - Azərbaycan - Heyətlər
“Mançester Siti”nin yeni idman direktoru bəlli oldu
"Barselona" doğma meydanına qayıdışı təxirə saldı
“Zirə” – “Araz-Naxçıvan” oyununun vaxtı müəyyənləşdi
"Çelsi"nin baş məşqçisi fərqləndi
Misli Premyer Liqasında 15 oyunun vaxtı açıqlandı
Tanınmış futbolçu karyerasını bitirdi
Azərbaycan daha bir yarışa ev sahibliyi edəcək
Dünyanın ən güclü futbol klubu açıqlandı
AFFA iki məşqçini sərt cəzalandırdı
Fərid Qayıbov Mesut Özillə görüşdü - Şəkillər
Azərbaycan - Slovakiya oyununun hakimləri bilindi
"Şamaxı"nın futbolçusu cəzalandırıldı
AFFA-dan Premyer Liqa klublarına cəza və cərimələr
"Real"da Ançelotti böhranı
Milli komandada yeni bombardir
"Bu ay daha yaxşı nəticələr qazanacağıq" - Montella
Braziliya qalib gəldi, Argentinadan xal itkisi
Azərbaycan və Türkiyənin oyunlarını yayımlayacaq kanallar
Petkoviç Benziaya şans vermədi
Haaland ata olacaq
Azərbaycan millisi dünya çempionatını medalsız başa vurdu
İtaliya Belçika ilə bacarmadı - Video
"Turan Tovuz"un legioneri oynadı, komandası qalib gəldi
Gülərin Ançelotti ilə arası necədir? - Özü danışdı
UEFA-nın prezidentindən təqvimlə bağlı narazılıqlara cavab
Millimizin Estoniyada açıq məşqi - Şəkillər
İtaliya A Seriyasında ötən ayın ən yaxşısı seçildi
Santuşdan Emin Mahmudovla bağlı açıqlama
"Əsas odur ki, futbolçular Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar" - Fernandu Santuş
"İnanıram ki, vətənə 3 xalla qayıdacağıq" - Abbas Hüseynov
"Barselona"nın gənc ulduzu Şensnını təəccübləndirib
PFL oyunların vaxtını açıqladı
Azərbaycan millisi Özbəkistanla qarşılaşacaq