Millətlər Liqasındakı rəqiblərimiz – ikisi tanış, biri yeni

Millətlər Liqasındakı rəqiblərimiz –  ikisi tanış, biri yeni
FUTBOLUN TARİXİ 6 Fevral 2018 / 18:18 8890
-  A +

Bu ilin sentyabr ayında UEFA-nın yeni təsis etdiyi Millətlər Liqası start götürəcək. Artıq yığmamızın bu turnirdəki rəqibləri bəllidir. Nisbətən asan rəqiblərin cəmləşdiyi D liqasında çıxış edəcək Qurban Qurbanovun komandası  Malta, Farer adaları və Kosovo ilə mübarizə aparacaq.

Rəqiblərdən yalnız biri – Kosovo yığması komandamız üçün tanış deyil. 2016-cı ildə FİFA və UEFA-ya üzv olan balkan təmsilçisi millimizlə ilk duelinə çıxacaq.

Digər komandalara gəldikdə isə, Farer adaları ilə bir, Malta ilə altı dəfə qarşılaşmışıq.

1996-cı ilin fevral ayında Kiprdə təlim-məşq toplanışında olan yığmamız Farer adaları ilə yoldaşlıq oyununda üz-üzə gəlib. Kazbek Tuayevin çalışdırdığı komandamız 3:0 hesabı ilə qalib gəlib. Bu oyun həm də ilk böyükhesablı qələbə kimi millimizin tarixinə düşüb. Fevralın 27-də Larnaka şəhərində keçirilən görüşdə qolların birini yığmamızın hazırkı çalışdırıcısı Qurban Qurbanov vurub.


27 fevral, 1996-cı il

Yoldaşlıq oyunu

Azərbaycan – Farer adaları – 3:0
Qollar:
Vyaçeslav Lıçkin, 10, Yunis Hüseynov, 23-pen. Qurban Qurbanov, 30
Larnaka (Kipr)

Azərbaycan: Elxan Həsənov, İqor Getman, Deni Qaysumov, Tərlan Əhmədov, Vyaçeslav Lıçkin, Arif Əsədov, (Rasim Abışov, 82), Yunis Hüseynov – k. Ruslan İdiqov, Vladislav Qədirov, Emin Ağayev, Qurban Qurbanov.
Baş məşqçi: Kazbek Tuayev

Göründüyü kimi, Farer adaları da millimiz üçün o qədər də tanış rəqib deyil.  Əslində bu komanda digərləri ilə müqayisədə bizim üçün daha çətin rəqib sayıla bilər. Ada təmsilçisinin FİFA reytinqində millimizi 21 pillə (97-ci yer) qabaqlaması da təsadüfi deyil.  Bu yığmanın Avro-2016-nın seçmə mərhələsində səfərdə Yunanıstana 1:0 hesabı ilə qalib gəlməsi də sürpriz nəticələrə imza atmaq bacarığının olduğunu göstərir.

Farer adaları millisi DÇ-2018-in seçmə mərhələsində 9 xal toplayıb. Millimiz son seçmə mərhələdə qrupun 5-cisi olubsa, Lars Olsenin rəhbərlik etdiyi komanda Latviya və Andorranı qabaqlayaraq 4-cü yeri tutub. 

Farer adaları heyətindəki legioner həyatı yaşayan futbolçuların sayına görə də millimizdən öndədir. Onlar  əsasən Norveç, İslandiya və Danimarka çempionatlarında çıxış edirlər.

Lakin sadalananlara baxmayaraq, millimiz Farer adalarından güclü olmağa borcludur. Çünki hələ ötən il Azərbaycan futbol ailəsində qeydiyyatdan keçənlərin sayı (125000) Farer adalarının əhalisindən (49 min) 2.5 dəfə çoxdur.

Malta millisinə gəlincə, bu komanda bizə daha yaxından tanışdır. Millimiz ilk böyükhesablı məğlubiyyətini məhz Maltadan alıb. 1994-cü il, aprelin 19-da Maltanın paytaxtı Valettada keçirilən yoldaşlıq görüşündə yığmamız  beş cavabsız qolla uduzub. Bu, millimizin maltalılarla ilk sınağı olub. Daha sonra keçirilən beş görüşün ikisində məğlub olan, birində heç-heçə edən komandamız iki dəfə qələbəyə sevinib. Top fərqi isə Maltanın xeyrinədir – 11:7.


19 aprel, 1994-cü il

Yoldaşlıq oyunu

Malta – Azərbaycan – 5:0
Ta Qali

Azərbaycan: Elxan Həsənov, Faiq Cabbarov, Arif Əsədov, Vitali Alxazov (Emin Ağayev, 46), Tərlan Əhmədov, Rasim Abışov (Ruslan Lukin, 51), Yunis Hüseynov (Mahmud Qurbanov, 49), Vidadi Rzayev (Mirbağır  İsayev, 64), Şahin Diniyev –k. Vəli Qasımov, Vladislav Lemiş (Samir Ələkbərov, 46)

Baş məşqçi: Məşqçilər şurası – Kazbek Tuayev, Ağasəlim Mircavadov, Böyükağa Ağayev


6 fevral, 2000-ci il

Beynəlxalq turnir

Malta – Azərbaycan – 3:0
Ta Qali

Azərbaycan: Elxan Həsənov, İlham Yədullayev, İqor Getman, Tərlan Əhmədov –k. Arif Əsədov, Kamal Quliyev, Mahmud Qurbanov (Bəxtiyar Musayev, 60), Zaur Tağızadə, Ruslan Musayev, Vadim Vasilyev, Elçin Rəhmanov

Məşqçilər: Əsgər Abdullayev, Cəmaləddin Əliyev



17 aprel, 2002-ci il

Yoldaşlıq oyunu

Malta – Azərbaycan – 1:0
Ta Qali

Azərbaycan: Hüseyn Məhəmmədov, Azər Məmmədov, İlham Yədullayev, Tərlan Əhmədov – k. Emin Quliyev, Kamal Quliyev, Mahmud Qurbanov (Xaqani Məmmədov, 88), Rəşad Sadıqov, Fərrus İsmayılov, Emin İmaməliyev (İsmayıl Məmmədov, 85) Samir Əliyev (Kənan Kərimov, 60)
Məşqçilər şurası: Ağasəlim Mircavadov, Vaqif Sadıqov


14 avqust, 2013-cü il


Yoldaşlıq oyunu

Azərbaycan – Malta – 3:0
Qollar
: Rüfət Dadaşov, 5, 71 3:0, Rauf Əliyev, 63
Bakı

Azərbaycan: Kamran Ağayev, Bədavi Hüseynov (Maksim Medvedev, 88) Rasim Ramaldanov, Mahir Şükürov (k) (Rəşad Sadıqov, 71), Rauf Əliyev, Ruslan Abışov, Araz Abdullayev, Ufuk Budak (Elnur Allahverdiyev, 46), Əfran İsmayılov (Cihan Özkara, 61), Qara Qarayev (Rahid Əmirquliyev, 61), Rüfət Dadaşov (Vüqar Əsgərov, 81)

Baş məşqçi: Berti Foqts


28 mart, 2015-ci il

Avropa çempionatı

Azərbaycan – Malta – 2:0
Qollar:
Cavid Hüseynov, 4, Dmitri Nazarov, 90+2
Bakı

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov (13. Dmitri Nazarov, 70), 17. Vüqar Nadirov (8. Eddi İsrafilov, 81), 20. Namiq Ələsgərov (11. Ruslan Qurbanov, 22)

Baş məşqçi: Robert Prosineçki


6 sentyabr, 2015-ci il

Avropa çempionatı

Malta – Azərbaycan – 2:2
Qollar:
  Rahid Əmirquliyev, 37 (0:1), Mifsud, 55 (1:1), Efyonq, 71 (2:1), Rahid Əmirquliyev, 80 (2:2)
Ta-Qali

Azərbaycan: 1. Kamran Ağayev  2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 13. Dmitri Nazarov (Rəşad Sadiqov, 70), 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov (Araz Abdullayev, 72), 20. Cavid Tağıyev, 10. Ruslan Qurbanov (Rauf Əliyev, 81)
Baş məşqçi: Robert Prosineçki

Diqqət çəkən məqam odur ki,  Malta ilə ilk görüşlərdə qol vurmadan uduzan komandamız sonradan qələbənin yolunu tapıb.

FİFA reytinqində 185-ci yerdə olan Malta milli komandamızdan 67 pillə geridədir. “Cırtdanlar” DÇ-2018-in seçmə mərhələsində də uğursuz çıxışı ilə yadda qalıb. Komanda 9 məğlubiyyət, 1 heç-heçə ilə qrup sonuncusu olub.

24 ildir rəsmi oyunlarda qələbəyə həsrət qalan maltalılar sonuncu dəfə Avro-1996-nın seçmə mərhələsində İslandiya millisini 2:1 hesabı ilə məğlub edib.

Maltanın əksər futbolçuları yerli çempionatda mübarizə aparan komandalarda oynayır. Yalnız 3 futbolçusu İngiltərə və İtaliyanın aşağı liqalarında çıxış edir. 

Kosovo millisi isə Millətlər Liqası iştirakçıları arasında ən gənc komandadır. İlk rəsmi oyununu DÇ-2018-in seçmə mərhələsində Finlandiyaya qarşı keçirən yığma elə debütdəcə xal qazanmağı bacarıb. 2016-cı ildə Finlandiya ilə səfərdə keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb. Mundialın seçmə mərhələsində 9 məğlubiyyət və 1 heç-heçə ilə qrup sonuncusu olan kosovolular FİFA reytinqində millimizdən geridə olsa da, Maltadan irəlidədir – 178-ci yer.

Kosovonun millimizdən üstünlüyü odur ki, heyətindəki əksər futbolçular ölkə xaricində çıxış edir. Onlar əsasən Almaniya, Hollandiya, Türkiyə klublarında oynayırlar.

Bir sözlə, Kosovo əsl sürpriz komanda ola bilər. Futbolda müstəqil addımlarını yenicə atan bu yığma qısa müddət ərzində öz oyun dəsti-xəttinin olduğunu göstərib.

Təbii ki, rəqiblərimizin bu cür qiymətləndirilməsi şərtidir. Yarış başlayana qədər müxtəlif fikirlər yürütmək olar. İndiki məqamda isə millimizi qrupun aşkar favoriti göstərmək düzgün olmaz. Hərçənd ki, hər üç rəqibimizin futbolçuları açıqlamalarında Azərbaycanı favorit hesab etdiklərini bildiriblər. Ancaq millimizi bu rəqiblərdən fərqləndirən hər hansı bir uğuru yoxdur.

Bununla belə, yeni dövrə qədəm qoyan yığmamız hər üç komandaya qalib gəlmək gücündədir. Pley-offa çıxmaq üçün yaxşı şansımız var. İdeyası UEFA-nın keçmiş prezidenti Pişel Platini tərəfindən  verilən Millətlər Liqası ortabab yığmalara Avro-2020-yə vəsiqə qazanmaq şansı verir ki, komandamız da bundan maksimum yararlanmalıdır. Hər halda Qurban Qurbanovun millimizə baş məşqçi təyin olunması və onun apardığı islahatlar gələcəyə ümidlə baxmağa imkan verir. Çoxları Qurbanova futbolumuzun xilaskarı kimi baxır. Onun “Qarabağ”la etdiklərini milli komanda ilə də bacaracağına inananırlar. Biz də inanırıq. Bəlkə də Millətlər Liqası futbolumuzun uğura gedən cığırı olacaq. DÇ-2018-in seçmə mərhələsindəki “Niyə də yox?” şüarını indi səsləndirmək daha məntiqli  olar. 

Uğurlar, Azərbaycan!

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.

Daha çox


Son xəbərlər