Transfer siyasətində qeyri-peşəkarlıq klublarımızda hər zaman olub, bu gün də davam etməkdədir. Külli miqdarda pul qarşılığında ölkəmizə gəlib, komandasına fayda vermədən geri dönən yüzlərlə futbolçunun adını çəkmək olar. Bəzilərinin isə adını yada salmaq belə çətindir. Heç nə ilə yadda qalmadıqlarına görə.
Mövsüm ərzində seleksiya işləri aparmayan klublarımız qış və yay transfer pəncərəsi dövründə futbolçu axtarışına başlayırlar. Təbii ki, belə olan halda tanımadıqları, menecerlərin təklif etdiyi futbolçuları baxışa çağırmaq məcburiyyətində qalırlar. Futbolçunun sınaq meydanı isə maksimum 2-3 yoxlama oyunu və məşqlər olur. Belələrinin isə əksəriyyəti ölkəmizdə cəmi 6 ay top qovur.
Klublarımızın nəticələri transfer məsələsində görülən işlərə uyğundur. Ardıcıl dörd ildir çempion olan "Qarabağ"ın son vaxtlar etdiyi transferləri qənaətbəxş saymaq olar. Legionerlərin daimi start heyətdə yer alması və komandanın qələbələrində böyük rol oynaması bunu deməyə əsas verir.
"Qəbələ" də ölkəyə səviyyəli legionerlər gətirir. Ancaq onların heç də hamısını uğurlu transfer adlandırmaq olmaz. "Qarabağ"dan fərqli olaraq "Qəbələ" legionerləri daha tez-tez dəyişir. Mövsümün əvvəlində gəlib, qış fasiləsində komandanı tərk edənlər isə çoxluq təşkil edir. Son bir il ərzində "Qəbələ"yə cəlb olunub, qısa müddətdən sonra geri dönən Daniel Subotiç, Xavyer Ernandes Qonzales, Teo Uiks, David Petrzkeviç, Deyv Bultuis, Ekiqo Ehiosun, Endi Hallidey kimi futbolçuları misal çəkə bilərik.
"Zirə"də bu sarıdan vəziyyəti normal qiymətləndirmək olar. Çünki klub yeni yaranmasına baxmayaraq, transfer işini düzgün aparır. Qəsəbə təmsilçisi pulsuz gətirdiyi legionerlərin satışından pul da qazanır. Nelson Bonilya, David Manqa, Qabriel Matey və Kervens Belfort belə futbolçulardandır.
Sırf yerli oyunçularla mübarizə aparan "Sumqayıt" legioner transferinə çoxdan "yox" deyib.
Tarixinin ən bərbad mövsümünü keçirən "Neftçi"nin transfer siyasəti son 3-4 ildir iflasa uğrayıb. Komandada tez-tez baş məşqçi dəyişikliyi legionerlərin də yenilənməsi ilə nəticələndi. Yayda gətirilən legionerlər, qışda, qışda gələnlər isə mövsümün sonunda "Neftçi"ni tərk etdilər. Georgi Navalovksi, Edson Kastilyo, Zdenek Folpext, Daniel Seqoviya kimi legionerlərin "Neftçi" karyerası çox çəkmədi.
Yeni yaranan "Səbail" qış fasiləsində heyətinə üç legioner cəlb edib. Onlar haqqında isə mövsümün sonunda danışmaq olar.
"Keşlə" ilyarımlıq transfer qadağasından sonra heyətinə legionerlər cəlb edə bildi. Yeni baş məşqçisi Yuri Maksimov komandaya altı legioner dəvət edib. Onların iki ildir heyətdə olan və sabit oyunu ilə seçilən Adrian Skarlatake və Denis Silva kimi uğurlu transfer olub-olmadığını da zaman göstərəcək.
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Kəpəz" elə tutduğu mövqeyinə uyğun transfer siyasəti aparır. Buna misal olaraq heyətə yeni cəlb olunan Dieqo Souzanı göstərmək olar. "Xəzər Lənkəran" və "Zirə"nin sabiq futbolçusu iki ildir klubsuzdur. Özünün açıqlamasına görə, son bir ildir dizindən aldığı zədəni sağaltmaqla məşğuldur. Braziliyalı futbolçu "Xəzər Lənkəran"da oynadığı dövrü xatırlayarkən "onda yaxşı vaxtlarım idi" ifadəsini də işlədib. Bununla da o, indi hansı vəziyyətdə olduğunu aşkar bildirib.
Bu cür transferlərin autsayder komandaya kömək etməsinə baş məşqçi Yunis Hüsyenovdan başqa heç kim inanmaz.
Mövzumuzla bağlı əvvəlcə futbol meneceri Erkin İbrahimovla danışdıq. O, problemin kökündə klubların məsələyə qeyri-peşəkar yanaşması ilə bərabər həm də büdcə məhdudiyyətinin olduğunu düşünür: “Transfer siyasəti də komandanın taktikası kimidir. Elə klublar var ki, artıq neçə ildir eyni rərbərliklə davam edirlər. “Qarabağ”la “Qəbələ”ni qeyd edə bilərik. Bu cür klublarda transfer məsələsi də asan olur. Elə klublar da var ki, tez-tez rəhbər dəyişikliyi olur. Məsələn, “Neftçi” və “Keşlə”. Hər kəsin futbola öz baxışı var. Yeni gələn məşqçilər də öz futbol biliyinə uyğun transferlər etməyə çalışır. Həm bu amillərə, həm də maddi davamlılığına görə “Qarabağ”la “Qəbələ”nin legionerləri yaxşı tərəfdən fərqlənir. Bura “Zirə”ni də əlavə etmək olar. Düzdür, “Zirə”də də baş məşqçi dəyişikliyi oldu, ancaq Ayxan Abbasov əvvəl də klubun içində idi. “Zirə” konkret nə istədiyini bilir. Kiçik büdcəli klublar arasında “Zirə” fərqlənir. Nelson Bonilyanı elə bir məbləğə gətirmişdilər ki, o qiymətə bundan yaxşısını tapmaq olmazdı. Hazırda komandada çıxış edən Jozef Bum da onun kimi.
“Zirə” ilə işləmək asandır. Klubda heç vaxt pul problemi olmur. Bu yaxınlarda Moldova millisinin üzvü Aleksandr Dedovu gətirəndə bunun şahidi oldum. Dedov mənə dedi ki, “Zirə”də bir rumıniyalı futbolçu oynayır, ondan öyrənmişəm ki, komandada heç vaxt maaş problemi olmur. Futbolçular dərhal bu məsələləri öyrənir. “Keşlə”yə futbolçu gətirmək istəyəndə potensiallı legionerlər deyir ki, bilirəm, bu klubun maliyyə problem, transfer qadağası olub. Bu faktlar çox önəmlidir. Afrikadan Avstraliyaya kimi bütün futbolçular bu kimi şeylərə fikir verir.
Erkin İbrahimov
Bizim klublarda idman direktoru anlayışı düzgün deyil. “Qarabağ” “Ayntraxt”la oynayanda fürsətdən istifadə edib, klubun idman direktoru ilə tanış oldum. Dedi ki, Kaxaber Sxadadze mənim futbolçum olub. Yəni Sxadadze futbol oynayanda da bu insan “Ayntraxt”da işləyirmiş. Baxırsan ki, 20-25 ildir klubun idman direktorudur. Təbii ki, “Ayntraxt”da da sponsor, rəhbər dəyişikliyi olub. Ancaq idman direktorları toxunulmaz qalır. Ramon Monçi “Sevilya”da işlədiyi vaxtda transferlərdən gələn gəlirlər bir kənara, komanda 17 fərqli turnirin finalında oynayıb. Bu, möhtəşəm nəticədir. İdman direktoru klubda çox vacib fiqurdur. O, düzgün işləyəndə yanında futbolu bilən skautlar da olur. Bu halda isə klub məşqçi dəyişikliklərindən asılı olmur. Bizim klublarda bu ənənə yoxdur. Hansı klubumuzu göstərə bilərik ki, orda bir şəxs uzun illər eyni vəzifədə çalışıb? “Neftçi”də rəhbər dəyişikliyi olanda xadiməçilər, mətbəx işçiləri də çıxıb gedir. Karyerasını başa vuran futbolçulara nəzər salanda, görürük ki, həm futbolu, həm xarici dilləri bilən, kabinet həyatında özünü rahat hiss edə biləcək şəxslər azdır. Adətən keçmiş futbolçuların sayəsində klublar transfer işlərini qururlar. Təəssüflər olsun ki, bizdə bu cür şəxslər çox azdır. Bizdə sovet futbolunu görmüş insanlar bu vəzifələrdə işləməyə hazır deyillər. Futbolu yenicə bitirmişlər arasında bəziləri var ki, bu işin öhdəsindən gələ bilər. Ancaq onlara da bir az vaxt lazımdır. Ümumi götürəndə bu işlərin gedişatı məni qane etmir.
“Neftçi” və “Qəbələ”də transfer işlərinin son vaxtlar düzgün aparılmadığını deyən E.İbrahimov edilən səhvlərdən danışdı: “Nədənsə, “Qəbələ”də müqavilə müddəti bir illik olur. Belə olanda əlbəttə ki, uğursuzluq olacaq. Nika Kvekveskiri kimi futbolçunu almısansa, bu qızıldır, əlində saxlamalısan. Niyə bu cür futbolçuya bir illik müqavilə təklif edirəsən? Adətən böyük klublar 2-3 illik müqavilələr imzalayırlar. “Qarabağ” heç vaxt futbolçu ilə bir illik müqavilə bağlamır. Ansi Aqollinin 36 yaşı var. Ona görə onunla bir illik müqavilə imzalanır. Yeni gələn futbolçularla isə 2-3 illik müqavilələr bağlayırlar.
“Neftçi”də də eyni problem var. Georgi Navalovskini “Neftçi”yə gətirdim, 6 ay oynayıb, getdi. “Neftçi”dən soruşdu ki, 6 aydan sonra müqaviləm başa çatanda necə olacaq? Cavab verdilər ki, bilmirik. O da yaxşı təklif aldı və komandadan getdi. “Neftçi”də rəhbər dəyişikliyi oldu. Ona görə də hardasa başa düşüləndir. Ancaq “Qəbələ” rəhbərliyi 10 ildir çalışır. Bizim klubların çoxu son vaxtlar transfer etmirlər, ancaq azad agent statusu olan futbolçuları heyətə cəlb edirlər. Yadıma gəlmir ki, “Nefçi” son iki ildə transfer pulu ödəsin.
Sırf seleksiya işi ilə bağlı “Zirə”ni fərqləndirə bilərəm. Nelson Bonilya komandaya pulsuz gətirildi və sonra “Zirə” onun satışından pul əldə etdi. Baxırsan ki, komanda həm medallar uğrunda oynayır, həm də transferdən pul qazanır. “Zirə” son bir ildə 4 futbolçunun satışından 200 min avrodan çox gəlir əldə etdi. Futbolçunu pulsuz alıb, sonra satan ikinci bir klubumuz yoxdur. “Kəpəz” və “Keşlə” də bundan nümunə götürsünlər. Onsuz da 1-2 futbolçunun gedişi ilə heç nə həll olunmur. Klubun kassasına əlavə pul gətirmək sponsoru da həvəsləndirir. Sponsor da görür ki, futbolda təkcə pul xərcləmək yox, maddi baxımdan irəli düşmək kimi faktorlar da var.
Yaxşı olardı ki, klublar büdcə hesabına yox, iş adamları tərəfindən maliyyələşdirilsin. Pul özününkü olanda onun qədrini bilirsən. Büdcə hesabına yaşayan klublar isə transferə xərcələn pullara nəzarət etmir, klubun kassasını doldurmaqda maraqlı olmur.
“Kəpəz” elə bil Bərdə bazarıdır”
Hər bir klubun öz transfer siyəsəti olmalıdır. Biz bu ifadəni işlədirik, ancaq bəzi klublarımızda siyasət yoxdur. “Kəpəz”ə baxırsan, elə bil Bərdə bazarıdır. Şəxsən mən bu il “Kəpəz”ə heç kimi təklif etmədim. Bu cür atmosferi olan klublarda yoxam. Bilmirsən, futbolçu satırlar, yoxsa ət. Yaxşı olardı ki, klublar strategiyasını müəyyələşdirsinlər. “Kəpəz” onsuz da sonuncu yerdədir. Yəqin ki, çempionatı da tərk etməyəcəklər. Daha gənc legionerlər cəlb olunmalı idi.
“Kəpəz”in oyununa baxanda gördüm ki, yeni legionerlərdən ikisinin ümumi çəkisi bəlkə də 180 kilodur. Məşqçiləri də qınamıram. Təcrübəli futbolçuya üstünlük verirlər. Büdcədən asılı klublarla uzunmüddətli planlaşdırma aparmaq olmur. Ancaq klublar iş adamları tərəfindən idarə olunanda futbolu bilən şəxslərlə iş görülür. Düzgün transfer siyasəti aparılır.
Büdcə klubları daima bu problemlə üzləşəcək. Qazaxıstanda da eyni problem var. Orda da klubların ömrü avqustdan maya kimidir. Ondan sonra nə olacaq, heç kim bilmir. Heç kim zəmanət verə bilməz ki, sabah “Kəpəz” olacaq, ya yox. Transfer işlərinin düzgün qurulmaması da kluba bu cür yanaşmanın nəticəsidir”.
Mövzumuzla bağlı növbəti həmsöhbətimiz “Xəzər Lənkəran” və “Neftçi”də seleksiyaçı kimi çalışdığı vaxtlarda ölkəmizə Denis Silva, Flavinyo, Nikolas Kanales və bir çox səviyyəli legionerləri gətirən Bəxtiyar Musayev oldu. Millimizin sabiq üzvü hazırda da Azərbaycana dəvət edilən əcnəbilərin seçimi ilə məşğuldur. Odur ki, bəhs etdiyimiz problemin səbəblərini ondan da öyrəndik: “Burada işlər kompleks şəkildə görülməlidir. Xarici klublarda bir neçə skaut olur. Bizdə isə yalnız 1-2 klubumuzda skaut var. Onlar özləri də peşəkar olmalıdır. Klub rəhbərləri də futbolu bilməlidir ki, skautların təqdim etdiyi oyunçuları qiymətləndirsinlər.
Çempionatın səviyyəsi də qeyd etdiyimiz problemin əsas səbəblərindəndir. Səviyyə aşağı düşdükcə yaxşı legionerin ölkəyə gətirilməsi çətinləşir. Stadionların vəziyyəti, tamaşaçılar – bunlar hamısı şərtdir. Yaxşı futbolçu ilk növbədə oynayacağı çempionatın səviyyəsinə baxır. Heç bir futbolçu boş tribunalar önündə oynamaq istəmir.
Skaut futbolu yaxşı bilməli və vicdanla çalışmalıdır. Belə olanda az büdcə ilə də yaxşı futbolçu tapmaq olur. Elə klublar var ki, büdcəsi aşağıdır, ancaq normal futbolçu gətirə bilir. Çünki orada səriştəli insanlar çalışır.
Bəxtiyar Musayevin fikrincə, “Qarabağ” digər klublarla müqayisidə transfer işlərini daha düzgün aparır, “Neftçi”nin isə ən yaralı yeri bu sahədir:
“Qarabağ” son vaxtlar normal legioner transfer edir. Bu klub transfer işində çox diqqətlidir. “Qəbələ” də nəsə etmək istəyir. Ancaq yayda alınan futbolçular istənilən səviyyədə olmadı. Qışda bəzilərini yola saldılar. Yəni ən üst səviyyədə “Qarabağ”ın işini göstərmək olar. Pedro Enrike, Miçel, Yakub Jezniçak uğurlu trasnferlərdəndir.
“Zirə”nin də transfer siyəsəti düzgündür. Öz büdcələrinə uyğun layiqli transferlər edirlər. Ona görə də üç ildir stabil oynayırlar. Transferləri dürüst, büdcəyə uyğun həyata keçirirlər. “Zirə”nin bu işi alqışalayiqdir.
“Neftçi”nin ən yaralı yeri transferlərdir. Bəziləri düşünə bilər ki, mən o vaxt “Neftçi”nin transfer işlərini gördüyüm üçün belə deyirəm. Ancaq mən özümdən Amerika kəşf etmirəm. Bunu hamı bilir ki, neçə ildir bu klubda transfer işləri düzgün aparılmır. Ümumiyyətlə, bu sahədə ən bərbad vəziyyətdə olan klubumuz “Neftçi”dir. Transferlər yayda gəlir, qışda gedirlər. “Neftçi”də əsas oyunçu seçimində səhv edilir. Oyunçu ilə dil tapmalısan, onu gətirmək bacarığın olmalıdır. İndi “Qarabağ” Çempionlar Liqasında çıxış edir və artıq ölkəmizi tanıyırlar. O vaxt isə çox çətin idi. Legionerlər Azərbaycanı tanımırdılar. Biz onlara Bakının görüntülərini göndərirdik ki, görsünlər, necə şəhərdir. Azərbaycan haqda bilgilər verirdik. “Neftçi”nin tarixindən danışırdıq. Oyunçunu inandırmağı bacarmalısan. Təkcə qiymət razılaşması ilə iş bitmir. “Neftçi”də işləyənlərin borcudur ki, komandaya səviyyəli futbolçu gətirsinlər. Çünki bu klubun tarixi var. Biz o vaxt elə siviyyədə futbolçular gətirirdik ki, yerli oyunçular da onlardan nəsə öyrənsinlər.
Ya klub rəhbəri futbolu bilməli, ya da belə bir köməkçisisi olmalıdır. Həmin köməkçi futbolu bilməklə yanaşı, eyni zamanda vicdanlı olmalıdır ki, rəhbərliyi nə məqşçi aldada bilsin, nə də skautlar. Skaut da futbolçunu yaxşı qiymətləndirməyə bilər. Belə olanda klub rəhbərliyi və ya köməkçilər düzgün addım atmalıdır. Bunun üçün də futbolu bilmək lazımdır. Eyni zamanda hər bir klubda vicdanlı şəxslərə ehtiyac var”.
Ramiq AĞAMƏMMƏDOV
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə