“Azərbaycanda hələ də futbolçu qızlara qəribə baxırlar”

“Azərbaycanda hələ də futbolçu qızlara qəribə baxırlar”
FUTBOLUN TARİXİ 8 Mart 2018 / 15:10 16597
-  A +

8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar budəfəki müsahibim qadınlardan ibarət milli komandamızın üzvü Aysun Əliyeva oldu.

Karyerası ərzində ölkəmizdən başqa, Türkiyənin “1207 Antalyaspor” və “Samsunspor” klublarında çıxış edən 21 yaşlı yarımmüdafiəçi hazırda “Sumqayıt”da oynayır.

Onunla futbola gəlişi, ölkəmizdə qadın futbolunun durumu və digər məsələlər haqda danışdıq.


- Əvvəlcə sizin 8 mart bayramınızı təbrik edirəm.

- Çox sağ olun, minnətdaram.

- Bu bayramda sizi ilk olaraq kim təbrik edir və siz birinci kimi yada salırsınız?

- Atam və qardaşlarım hamıdan əvvəl təbrik edir. Mən isə həmişə birinci anamı təbrik edirəm.

- Qadın futbolçular üçün ən yaxşı 8 mart hədiyyəsi nə ola bilər?

- Hərənin öz zövqü var. Biz futbolçular da digər xanımlar kimi gül hədiyyəsini xoşlayırıq.

- Nə vaxtsa 8 martda sizə top hədiyyə ediblər?

- Yox, indiyədək futbola aid hansısa hədiyyəni almamışam.

- Futbola gəlişinizdən danışaq. Qadınların az maraq göstərdiyi bu idman növünə sizdə həvəs necə yarandı?

- Altı yaşımda məhlədə qardaşım futbol oynayanda ona baxırdım. Sonra yavaş-yavaş oğlanlarla futbol oynamağa başladım. 8-9 yaşımda oğlanlar liqasında oynadım. “Neftçi”nin U-13 liqası idi. Sonra 2010-cu ildə milli komandaya çağırılıdım. Həmin ildən indiyədək millidə çıxış edirəm.

- Futbol oynamağınıza valideynləriniz necə reaksiya verdi? Etirazlar oldumu?

- Əvvəllər dərslərim qaydasında olduğu üçün valideynlərim bunu normal qarşılayırdılar. Sonra anam narazılıq etməyə başladı. Qadınların futbol oynamasının mentalitetimizə uyğun olmadığını deyirdi. Anamı yola gətirmək bir az çətin oldu. Ancaq atam sağ olsun, onun sayəsində anamı da razı sala bildik. Milli komadadakı nəticələri görəndən sonra anam da futbol oynmağıma etiraz etmədi.

- Bəs cəmiyyət siz qadın futbolçulara necə münasibət göstərir?

- Əvvəlki illərlə müqayisədə indi qadın futbolçulara münasibət yaxşıdır. Dostlarım, qohumlarım, sıradan insanlar hamısı mənim peşəmə normal yanaşır. Ancaq əvvəl belə deyildi. İndi ölkəmizdə qadın futbolu inkişaf etdiyi üçün cəmiyyət də bizə normal yanaşır.



- Qadın futbolçuların kişilərlə müqayisədə hansı çətinlikləri var?

- Məncə, fərqli elə bir şey yoxdur. Əsas fərq ondadır ki, qadınlar incə məxluqdur. Buna görə də bəzi futbol təmrinlərini yerinə yetirməkdə kişilərdən geri qalırıq. Ancaq karyera baxımından hər şey eynidir. Biz də xarici klublarda çıxış edə, uğur qazana bilirik.

- Televiziyada qadın futboluna az yer verilir. Yəqin daha çox kişi futbolunu izləyirsiniz.

- İnternet vasitəsilə qadınlar arasında keçirilən dünya çempionatını izləyirəm. Ancaq televiziyada ən çox kişi futboluna baxıram. Futbolu kişilərdən öyrənmək yaxşıdır. Qadın futbolunda sürət bir az zəif olur. Nəsə öyrənmək üçün kişilərin oyununa baxmaq lazımdır.

- Xarici klublardan hansı kluba azarkeşlik edirsiniz?

- “Barselona”

- Bəs Azərbaycanda?

- “Qarabağ”. “Barselona” ilə “Qarabağ”ın oyunu bir az oxşardır.

- Premyer Liqamızın oyunlarını izləmək üçün stadiona gedirsiniz?

- “Qarabağ”ın oyunlarına gedirəm. Digər klublar oynayanda maraqsız olur. Stadiona çox getmirəm. Hərdən televiziya vasitəsilə baxıram.

- Futbolumuzda onsuz da azarkeş qıtlığı var. Qadın futbolunda isə bu sarıdan vəziyyət heç yaxşı deyil...

- Bizi dəstəkləyən çox azdır. Gərək ölkəmizdə qadın futbolu bir az da inkişaf etsin, hər hansı bir nailiyyət qazanaq ki, kiminsə oyunumuzu izləməyə marağı olsun. Hazırda bizim azarkeşimiz yox dərəcəsindədir. Bəzən tribunada azarkeş görünür, bəzən də heç olmur. Bu baxımdan vəziyyət yaxşı deyil.

- Azsaylı azarkeşlər arasında qadınlar çox olur, yoxsa kişilər?

- Qadınlar.

“Hələ də Azərbaycanda futbol oynayan qızlara bir az qəribə baxırlar”

- Sizcə, ölkəmizdə qadın futbolu niyə istənilən səviyyədə deyil?

- Hər kəs ətrafdakıların nə deyəcəyini düşünür. Mən də əvvəllər buna çox fikir verirdim. Ona görə də özümə inamım yox idi. Amma ən yaxşısı odur ki, ətrafdakılara fikir verməyəsən. Belə olanda insanda özünəinam da yaranır. İndi görürsən ki, hansısa qız yaxşı futbol oynayır, deyirsən, gəl oyna. Cavab verir ki, yox, qıraqdan baxanlar nə deyər? Atam icazə vermir, qardaşım pis baxır. Yəni hələ də Azərbaycanda futbol oynayan qızlara bir az qəribə baxırlar. Mentalitet yenə də öz sözünü deyir.

“Rəqibi kəllə ilə vurdum, burnu qanadı”

- Kişi futbolçular arasında tez-tez mübahisələr, bəzən də dava olur. Maraqlıdır, qadın futbolçular arasında da bu kimi hallar yaşanır?

- Bizdə də hərdən anlaşılmazlıq olur. Ancaq kişilərə nisbətən çox deyil. Çünki bizdə o qədər də sürətli oyun olmur. Aqressiv hərəkətlər az olur.

- Siz nə vaxtsa aqressiv davranışa görə qırmızı vərəqə almısınız?

- Bəli. Dalaşdığıma görə olub.

- Deməli, futbolda qadınlar da dalaşır.

- Çox az olur.

- Qırmızı vərəqə aldığınız epizod haqda danışın.

- Azərbaycan liqasında olmuşdu. Rəqib komandanın adı yadımda deyil. Aqressiv oyuna görə aramızda mübahisə yarandı. Mən də rəqibi kəllə ilə vurdum. Hakim də məni meydandan qovdu.

- Rəqibiniz xəsarət aldı?

- Deyəsən, burnu qanamışdı. Başqa bir şey olmamışdı.



- Bizdə belə bir deyim var: “Azərbaycanda heç kişilər futbol oynaya bilmir, qaldı ki, qadınlar”. Buna münasibətinizi bilmək istərdim.

- Bəzi insanlar özü nəsə edə bilməyəndə boş-boş danışmaqla məşğul olur. Mən bu cür sözlərə fikir vermirəm. Azərbaycanda qadın futbolu rəsmi olaraq 2010-cu ildə yaranıb. Bu səkkiz ilin içində elə də çox oyun keçirməmişik. Ancaq yaxşı nəticələrimiz olub. Ona görə də kənardan deyilən sözlərə fikir vermirəm. Bunlar mənim üçün boş şeylərdir. Qıraqdan baxmaqla futboldan danışmaq olmaz.

- Yaxşı nəticələrinizin olduğunu dediniz. Hansı uğurları qeyd edə bilərsiniz?

- 2012-ci ildə dünya çempionatında iştirak etdik. Düzdür, yaxşı çıxış etmədik, ancaq iki ilin komandasının mundialda iştirakı bizim üçün yaxşı nəticə idi. 2015-ci ildə mən U-19 millisində oynayanda Avropa çempionatının ilkin seçmə mərhələsində hər üç rəqibimiz – Uels, Xorvatiya və Belçika üzərində qələbə qazanaraq qrup lideri kimi elit raunda vəsiqə qazandıq. Kişilərdən ibarət milli komandalarımızın qrup lideri olduğunu xatırlamıram. Keçən il də U-19 və U-17 qızlarımız elit raunda vəsiqə qazanıb. Yəni 8 il ərzində bunları etmək böyük nəticədir.

- Ötən ay milli komandamızın üzvü Namiq Ələsgərovla qadınlardan ibarət yığmamızın üzvü Nigar Cəlillinin toyu oldu. Mərasimə dəvət olunmuşdunuz?

- Bəli, mən də dəvətli idim, ancaq zədəli olduğum üçün iştirak edə bilmədim.

- Bu cür evliliklərə münasibətiniz necədir?

- Məncə, çox yaxşıdır. Futbolçular bir-birini daha yaxşı başa düşər. Bir yerdə futbola baxarlar. Biri məşqə gedib-gələndə digəri onu yaxşı başa düşər.

- Yəni futbolçunu ən yaxşı elə futbolçu başa düşər?

- Əlbəttə. Eyni peşənin sahibləri bir-birini daha yaxşı anlayar.

- Siz subaysınız?

- Hələ ki, subayam (gülür).

- Futbolçu ilə ailə qurardınız?

- Elə biri var. İnşallah, yaxınlarda o da olar.

- Yəni ailə qurmaq istədiyiz şəxs futbolçudur?

- Bəli, ancaq bu haqda çox danışmaq istəmirəm.

- Xoşbəxt olun.

- Çox sağ olun.



- Türkiyə klublarında çıxış etmisiniz. Qadın futbolçu üçün başqa ölkədə yaşamağın hansı çətinlikləri var?

- Tək olmaq bir az çətin idi. Düzdür, Türkiyədə dil problemi olmur, ancaq təklik həmişə insana çətinlik gətirir. Türkiyə liqasında çox təcrübə qazandım.

-  Türkiyə ilə ölkəmizin qadın futbolunu necə müqayisə edərdiniz?

- Türkiyə Azərbaycana baxanda bir pillə öndədir. Liqaları daha yaxşıdır. Klublarda legionerlər çox olduğu üçün təcrübə qazanırsan.

- Bizim bəzi kişi futbolçularımız ölkə xaricində oynayanda  darıxırlar. Biri atasından, biri anasından ötrü. Qadın futbolçulara bu sarıdan daha çətin olmalıdır.

- Əslində o sözləri xanımlar deməlidir (gülür). Bizim millinin üzvləri Rusiya, Qazaxıstan və Türkiyə klublarında çıxış edirlər. Ancaq onlarda darıxmaq yoxdur.

- Sonda gələcək planlarınız, hədəfiniz haqda fikirlərinizi bilmək istərdim.

- Ölkə xaricində hansısa yaxşı klubda oynamaq istəyirəm. Türkiyədə oynamışam. İndi qadın futolunun daha inkişaf etdiyi digər ölkədə çıxış etmək fikrindəyəm. İspaniya, Rusiya, Qazaxıstan ola bilər.

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.

Daha çox


Son xəbərlər