Avrokubokların yeni formatı çempionumuza necə təsir edəcək?

Avrokubokların yeni formatı çempionumuza necə təsir edəcək?
FUTBOLUN TARİXİ 16 Mart 2018 / 14:44 19144
-  A +

UEFA ötən ay yeni avrokubok mövsümünün tam formatını açıqladı. Bununla da 2018/2019 mövsümündən etibarən ediləcək dəyişikliklərə aydınlıq gəldi. Həm Çempionlar Liqası, həm də Avropa Liqasında müəyyən dəyşikliklər nəzərdə tutulub.

Budəfəki yazımızda UEFA-nın tətbiq etdiyi yeniliklər və bunun Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirindəki çıxışına necə təsir edəcəyindən bəhs edəcəyik.

İlk dəfə olaraq həm Çempionlar Liqası (ÇL), həm də Avropa Liqasında (AL) ilkin mərhələ olacaq. ÇL-in ilkin mərhələsində Avropanın ən zəif 4 çempionatının qalibi bir mini-turnirdə olimpiya sistemi ilə yarışacaq. İlkin mərhələnin qalibi və mübarizəyə qoşulan 33 komanda birinci təsnifat mərhələsində iştirak edəcək. Azərbaycan çempionu da həmin 33-lükdə yer alacaq.

Ölkəmiz üçün əsas dəyişiklik çempionumuzun artıq əvvəlki illərdə olduğu kimi, ikinci deyil, birinci təsnifat mərhələsindən mübirəzəyə qoşulacağı ilə bağlıdır. Təmsilçimiz ÇL-in qrup mərhələsinə gedən yolda artıq üç deyil, dörd rəqibini (üçü təsnifat mərhələsində, biri pley-offda) mübarizədən kənarlaşdırmalıdır.

Mövzumuzla bağlı əvvəlcə futbol mütəxəssisi Tahir Süleymanovla danışdıq. “Neftçi”nin sabiq vitse-prezidenti UEFA-nın format dəyişikliyinin tək Azərbaycana deyil, yaxın gələcəkdə Avropa nəhənglərini, böyük "beşlik ölkələri", Tükiyə, Rusiya və bir sıra dövlətləri çıxmaq şərtilə üçüncü, dördüncü dərəcəli futbol ölkələrinin hamısına təsir edəcəyini bildirdi:

“Futbol artıq tək idman prinsipləri ilə idarə olunmur, iqtisadi, biznes maraqları böyük təsir edir. Kapitalizm dünyasında zəiflərə yer yoxdur, onlar qəbul olunmur. "Qarabağ" artıq çempionluğun bir addımlığındadır. Ona görə də bizi ÇL-də bu komandanın təmsil edəcəyini demək olar. Ağdam klubunun reytinqi  normaldır. Rəqiblər münasib olacaq. Əsas çətinlik daxili çempionatın rəqabətsizliyidir. Son tur bunu bir daha əyani göstərdi. "Qarabağ" rəqiblər üzərində orta temdə, əziyyət çəkmədən qələbələr qazanır. "Neftçi"nin bir qədər dirçəlməsini "Qarabağ" oyunda dərhal hiss etdi. Sürət, rəqibin top saxlaması, əzmkarlığı, taktiki gedişləri "Qarabağ"a  problem yaratdı. Bir ayaqla  turları oynayan  "Qarabağ" psixoloji olaraq buna hazır deyildi. Çempionatda belə görüşlərin sayı çox azdır, yox dərəcəsindədir. Buna uyğun da "Qarabağ" ancaq çempionatdan sonra heyətə əl gəzdirəcək, transferlər edəcək. Çünki rəqabət olmadığı üçün indiki heyət çempionluğa artıqlaması ilə yetərlidir. Digər tərəfdən komanda son illər yay hazırlıq dönəmini fərqli keçirib. İndi isə baş məşqçi, məşqçilər korpusu, ümumilikdə klub, rəhbəlik təlim-məşq toplanışını elə keçirməlidir ki, pley-offa kimi 6 oyuna yetərli olsun. Zaman tək hazırlıq üçün qısalmayacaq, eyni zamanda transferlərin vaxtında baş tutmasına da çətinlik yaradacaq. Futbolu dərindən bilənlər gözəl anlayırlar ki, bu mərhələdə əlavə 10 günün olması bir ilə bərabərdir. Bura rahat "Bakı çempionatı"ndan çıxıb qısa müddətdə 4-5 uzun səfərləri də əlavə etsək, klub, komandanın üzərinə çox böyük fiziki, psixoloji yük düşəcək, yol, oyun yorğunluğu artacaq.

"Qarabağ" təcrübəli komandadır. İndidən bunları göz önünə gətirib hazırlıqlı olmalıdır. Vaxt yoxdur və digər qeyd etdiyim komponentlər əleyhimizə işləyir. Tək "Qarabağ" deyil, Avroliqada da qrup yolunu çətinləşdiriblər. Əvvəllər kubokun sahibi 2-ci mərhələdən başlayırdısa, son illər onlar da ilk mərhələdən yarışa qatılırlar. Qeyd etdiyim kimi, "Qarabağ"ın obyektiv və subyektiv çətinlikləri olduğu kimi, digər vəsiqə qazanacaq klublarımızın da işi daha çətin olacaq. Onlar indiki heyətləri, klublarda işə yanaşmaları ilə böyük işlər görə bilməyəcəklər. Azərbaycan futbolundakı indiki durum bunu göstərir. Avroliqada 1-2 təsnifat mərhələsini keçib sevinmək isə çoxdan keçmişdə qalıb”.

T.Süleymanov UEFA-nın gələn mövsüm üçün nəzərdə tutulan dəyişikliklərinin səbəblərindən də danışdı. O, müasir futbolda biznes maraqlarının əsas şərt olduğunu qeyd etdi: “UEFA Avropa klub turnirlərində idman prinsipindən çoxdan uzaqlaşıb. Əvvəllər üç fərqli yarış, Çempionlar kuboku, Kuboklar kuboku, UEFA kuboku yarışları keçirilirdisə, indi tam fərqli durumdur. Çempionlar Liqasının adı nisbidir. Bu turnirdə hər il çempion adını qazanmayan neçə-neçə klub çıxış edir. Böyük futbol, böyük pullar deməkdir. Son 20-30 ildə futbola fantastik yatırımlar edilir. Sponsor, reklam, televiziya, azarkeş gəlirləri günü-gündən artır. Müasir futbol bütün sahələri özündə birləşdirən böyük industriyaya çevrilib. Tək teleyayım hüquqlarına milyardlarla vəsait ödənilir,  futbolçu transferlərinin qiymətləri 100 milyonları keçib. Nəhəng klublar davamlı olaraq UEFA-ya təzyiq edirlər. Onlara gəlir gətirməyən ölkələrin klubları sərf etmir. Sponsor, televiziya, reklam şirkətləri də top klubların tərəfindədir. Böyük pullar yatırıb daha çox gəlir əldə etmək istəyirlər. UEFA-nın da öz gəlir maraqları var.


Tahir Süleymanov

Avropa nəhəngləri Azərbaycan, Gürcüstan, Qazaxıstan kimi ölkələrə uzaq səfərlərə çıxmaq istəmirlər. Öz gəlirlərini kasıblarla bölüşmək istəmir, eyni zamanda 100 milyonlar ödədikləri futbolçuları da zəif, gəlir gətirməyən üçüncü, dördüncü dərəcələli ölkələrin klubları ilə oyunlarda riskə atmaq istəmirlər. 5-10 milyon büdcəsi olan klublarla nəhənglər eyni yarışı bölüşmək istəmirlər.

Ona görə də ÇL-də onların yerini "böyük beşlik" ölkələrindən 2-3-4-cü klublar, reytinqə uyğun Türkiyə, Rusiya kimi futbol ölkələrinin klubları tutur. "Artıq" çempionlar isə Avroliqaya onların yerinə "sürgün" edilir. İdman prinsiplərinə zidd olsa da, etiraf etməliyik ki, zəif çempionlar qrup oyunlarında autsayder qismində olur. Bu da ÇL-ə sponsor, televiziya, reklam, azarkeş marağını azalda bilər. Müasir futbol biznes maraqlarına tabe olmağa məhkumdur. Bununla yanaşı azarkeşlər də səviyyəli, baxımlı futbol istəyir. Çempionlar Liqası, Avroliqa oyunlarında  stadionlarımıza 30-40-50-60 min azarkeş gəlirsə, daxili çempionatda   oyunlara 3-5 min azarkeş gəlmir. Bu, tək bölgə futbolunun olmaması, təşkilatçılıqla bağlı deyil, çox böyük uçurum, kəskin futbol səviyyəsi fərqinin göstəricisidir”.

Ardıcıl dörd ildir ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” ötən mövsüm qrup mərhələsinə düşməklə və İspaniya nəhənglərindən olan “Atletiko”dan hər iki oyunda xal almaqla futbolumuzda olan boşluğu müəyyən qədər doldurdu. Ağdam təmsilçisi bu mövsüm də Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil etməyə ən real namizəddir. Odur ki, bu klubdan da Çempionlar Liqasındakı format dəyişikliyi, bunun çempionumuza hansı çətinlikləri yaradacağı haqda fikir öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov çətinliklərə baxmayaraq, nəticələrin sabit qalacağına inandığını qeyd etdi:

“UEFA-nın yeni qaydaları istənilən halda Azərbaycan və digər futbolu bizim səviyyəmizdə olan ölkələrinin klublarına təsir edəcək, onların yolunu uzadacaq. Əvvəlki illərdən fərqli olaraq indi Azərbaycan çempionunun qarşısına daha çətin rəqiblər çıxacaq. Ancaq nə qədər çətinlik olsa da, inanmıram ki, bu, hər hansı bir klubun strategiyasına təsir etsin. Məncə, Azərbaycan çempionunun yolu nə qədər çətinləşsə də, eyni nəticələr davam edəcək. Artıq Azərbaycan kimi 3-cü eşalon ölkələrinin təmsilçilərinin Çempionlar Liqasında iştirak etməsi öz reytinqini qaldıracaq və daha gəlirli olacaq. Buna görə heç bir klub bu yarışlarda irəli getməkdən imtina etmək istəməz.


Nurlan İbrahimov

UEFA-nın bu addımı daha çox klubların marağına xidmət edir. Bildiyiniz kimi, əvvəlki formatın qaydalarına görə, “böyük beşlik” ölkələrinin üç komandası birbaşa qrup mərhələsindən, 4-cü komandası isə pley-offdan mübarizəyə qoşulurdu. Təbii ki, “böyük beşlik”dən hansısa təmsilçisini itirirdi. Təmsilçi itirmək nə deməkdir? Bu, marketinq baxımından UEFA-ya sərf etmirdi. UEFA bir ictimai təşkilatdır, öz-özünü dolandırır. Ona görə də marketinq onlar üçün əsasdır. Məsələn, İtaliyanın 4-cü komandası marketinq baxımından daha sərfəlidir, nəinki Azərbaycan da yox, Danimarkanın çempionu. Belə olan halda daha çox yayımdan, reklamdan gəlir əldə olunur. Buna görə də “böyük beşlik” ölkələrinin klublarına daha çox yer verilir”.

N.İbrahimov çempionumuzun artıq birinci təsnifat mərhələsindən mübarizəyə qoşulmasının çətinliklərindən də danışdı: “Bu kimi texniki məsələlər UEFA üçün maraqlı deyil. UEFA-ya məsələnin marketinq tərəfi daha önəmlidir.  UEFA-nın bu proqlaşdırması istər-istəməz Azərbaycan kimi ölkələrinin klublarının həm istirahətinə, həm yaxşı hazırlaşmamasına təsir edir. İnanmıram ki, artıq bu kimi klublar qarşısına mütləq Çempionlar Liqasının qrupunda oynamalıyam kimi bir hədəf qoysun. Dörd rəqibi mübarizədən kənarlaşdırmaq asan deyil. Üstəlik 3 və 4-cü mərhələlərdəki rəqiblər çox çətin olacaq. Son illərdə “böyük beşlik” ölkələrinin 3-cü və 4-cü komandaları ÇL-in qrupunda az iştirak edirdi. Bunun qarşsını almaq üçün UEFA kimlərisə qurban verdi. Həm də UEFA üçün vacib olan standartlar var. Reklam və bunun işıqlandırılması. Bunlar hamısı bir-birini tamamlayır. Serbiya çempionunun oyununu işıqlandırmaq daha maraqlıdır, yoxsa İtaliya və ya Fransanın 4-cü komandasının? Təbii ki, İtaliya və Fransa klublarının oyunu tamaşaçı üçün daha maraqlıdır. UEFA-dan hər zaman bildirirlər ki, biz bütün klubların yanındayıq. Ancaq istər-istəməz TOP-klubların UEFA-ya təsiri çox böyükdür. Onlar birbaşa seçimlərə təsir edə bilirlər”.

Əvvəlki illərdən fərqli olaraq Çempionlar Liqasında istənilən təsnifat mərhələsində mübarizəni dayandıran komandalar yoluna Avropa Liqasında davam edəcəklər. Bu komandalar AL-də yeni yaradılan Çempionlar yolunda iştirak edəcəklər. N.İbrahimov bu dəyişikliyin Avropa Liqasının nüfuzunun daha da aşağı düşməsi anlamına gəlmədiyini deyir:  “UEFA Çempionlar Liqası ilə Avropa Liqasını belə müqayisə edir: Çempionlar Liqası beşulduzlu otel səviyyəsindədirsə, Avropa Liqası 3+ kateqoriyasındadır. Avropa Liqasında gəlir çox deyil. Bəlkə də bu addımla UEFA Avropa Liqasına da marağı artırmaq istəyir. Əvvəllər TOP-klublar ortabab futbol ölkələrinin təmsilçiləri ilə mübarizə aparırdı. Nəticədə reklam gətirə biləcək klubların sayı az olurdu. UEFA-nın ən böyük proqramı ondan ibarətdir ki, mümkün qədər Avropa Liqasının nüfuzunu qaldırsın. Yəqin ki, bu dəyişiklik Avropa Liqasında daha çox ölkə çempionlarının yarışını təmin etməkdir”.

Avrokuboklarda format dəyişikliyi ilə bağlı gələn mövsümü dəyərləndirən İspaniya mətbuatı “Qarabağ”ın işinin çətin olacağını yazıb: “Reytinqi aşağı olan ölkələrin komandalarına az yer ayrılıb və üstəlik, onlar artıq 4 mərhələ keçməli olacaqlar. Nəinki Çempionlar Liqası, hətta Avropa Liqasında da qrupa düşmək bu klublara baha başa gələcək. Məsələn, cari mövsümdəki fəallığı davam etdirmək baxımından həyat “Qarabağ” üçün artıq daha çətin olacaq” – deyə yazıda qeyd olunub.

İspanların bu yazısına münasibət bildirən “Qarabağ” rəsmisi əldə edilən uğurla kifayətlənmədiklərini vurğuladı:

“Bir klubun avrokuboklarda qrupa düşməyini hansısa fərdlər  müəyyənləşdirmir. “Qarabağ”ın ardıcıl bir neçə ildir qrup mərhələsində oynamasının səbəbi klub rəhbərliyinin baş məşqçimiz Qurban Qurbanova güvəni olub. Bu inam nəticəsində sabitlik yaranıb. 5-6 il bundan əvvəl heç kim inanmazdı ki, “Qarabağ” ardıcıl 3 il Avroliqanın, sonra isə Çempionlar Liqasının qrupunda oynayacaq. Buna görə də hansısa ehtimallar əsasında danışmağımız nəyisə dəyişmir. Bizim klub olaraq inkişafımız buna əsaslanır ki, hər kəs öz sahəsində işini maksimum düzgün yerinə yetirməlidir. Bu prinsiplər əsasında zamanla böyümüşük. Ötən il Çempionlar Liqasındakı çıxışımıza görə bütün dünya “Qarabağ”ı tanıdı. Biz bununla kifayətlənmək fikrində deyilik. Bilirsiniz ki, nə sevincimizi böyük formada qeyd edirik, nə də üzüntümüzü dünyanın sonu kimi düşünürük. Sevinirik ki, hara gedirik ən azından “Qarabağ”ı tanıyırlar. Deyirlər ki, “Atletiko”nu qrupda saxlamısınız, iki oyunda xal almısınız. Bu, inanılmaz bir duyğudur. İspaniya mətbuatının haqqımızda fərdi yanaşmasına bir söz deyə bilmərəm”.
 
Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.

Daha çox


Son xəbərlər