Ötən həftə “Qarabağ”ın Topaz Premyer Liqanın son turunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlməsi ilk baxışdan normal qarşılana bilər. Ancaq Ağdam təmsilçisinin matçın 30-cu dəqiqəsindən etibarən azlıqda qalmasına baxmayaraq, rəqib qapısına 2 cavabsız qol vurması komandalar arasında kəskin səviyyə fərqinin olduğunu göstərir ki, bu da çempionatımızda rəqabətsizliyin bir nümunəsidir.
Eyni zamanda Çempionlar Liqasında “Çelsi”, “Atletiko” və “Roma” kimi klublarla bir qrupda mübarizə aparan “Qarabağ” Topaz Premyer Liqanın 10-cu turunda da azlıqda qələbə qazandı. “Səbail”lə qarşılaşmanın 43-cü dəqiqəsində Ansi Aqolli qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldı. Ancaq Qurban Qurbanovun komandası 90-cı dəqiqədə qələbə qolunu vuraraq 1:0 hesabı ilə qalib gəldi.
Bəli, bu gün “Qarabağ”ın digər rəqiblərindən birbaş üstün olması, xırda istisna ilə bizdə faktiki rəqibsiz qalması hər kəsə məlumdur. Burada “atlılar”ın Azərbaycan çempionatı səviyyəsindən üstün çıxış etməsi ilə yanaşı, əksər rəqiblərin zəif olması, çempionatımızda rəqabətin xeyli aşağı düşməsi qeyd edilməlidir.
Təsadüfi deyil ki, hər zaman çempionatda bütün rəqiblərin çətin olduğunu deyən “Qarabağ” futbolçuları da artıq rəqabətsizliyi dilə gətirirlər. “Sumqayıt”la oyundan sonra Ağdam klubunun üzvü Qara Qarayev maraqlı çempionat arzuladığını dedi. Onun səsləndirdiyi fikirlərə diqqət edək: “Bir-birimizi aldatmayaq. Bugünkü çempionat əvvəlki kimi deyil. İştirakçı komandaların sayının 8-ə endirilməsi səviyyənin aşağı düşməsi deməkdir. Ümid edirik ki, tezliklə problemlər aradan qaldırılacaq. Biz rəqabətli, gərgin çempionat arzusundayıq”.
Hamımız maraqlı çempionatın arzusundayıq. Ancaq bunun tezliklə baş verəcəyinə ümid etmək çətindir. Artıq bir neçə ildir Topaz Premyer Liqada eyni mənzərənin şahidiyik. Bu gün yalnız “Zirə” digər komandalardan fərqli olaraq “Qarabağ” və “Qəbələ” ilə mübarizədə öz iddiasını ortaya qoyur. Son dörd ilin çempionu “Qarabağ”la ötən ilə qədər təkcə “Qəbələ” ilə başabaş mübarizə aparırdısa, artıq iki ildir “Zirə” də buna çalışır. Digər beş klubun isə niyyəti bəlli deyil.
Hazırda 4-cü pillədə qərarlaşan “Sumqayıt” heç vaxt qarşısında yüksək hədəflər qoymur. Sırf yerli futbolçulardan ibarət komanda bəzən mövsümün əvvəlində yuxarı pillələrdə qərarlaşsa da, sonda Premyer Liqada qalmağına sevinir.
Beşinci pillədə olan “Neftçi” ötən mövsüm avrokuboklardan kənarda qaldı. Bu mövsüm isə adına yaraşmayan yerdədir. Halbuki “ağ-qaralar” zaman-zaman həm “Qarabağ”, həm də “Xəzər Lənkəran”la gərgin və baxımlı oyunları ilə çempionatımıza rəng qatıb. İndi “Xəzər Lənkəran” yoxdur, “Qarabağ” var. Ancaq artıq iki ildir ki, “Neftçi” də varlığını hiss etdirmir.
Altıncı pillədə debütant “Səbail”dir. O “Səbail” ki, rəqibin kimliyindən asılı olmayaraq əvvəlcədən tirubunların boş olacağını müəyyən edə bilirik. Azarkeşsiz komandada istək, məsuliyyət də çox ola bilməz. Təbii ki, bunun günahı nə “Səbail”in baş məşqçisi Samir Əliyevdə, nə də futbolçulardadır. Bunun günahı on minlərlə azarkeşi olan bölgə klublarımız qala-qala yeni komanda yaradıb, Bakının hansısa qəsəbəsinin adını verən AFFA-dadır.
Yenicə “Keşlə” adı verilən komanda 7-ci pillədədir. Paytaxt təmsilçisinin timsalında çempionatımızın acı durumunu görmək olar. Çünki bu komanda çempionatın bütün mövsümlərində yüksək yerlər uğrunda mübarizə aparıb və ardıcıl bir neçə ildir ki, Azərbaycanı Avropa Liqasında təmsil edir. İndi isə məlum səbəblərdən maddi çətinliklərlə üzləşən komanda meydana çıxarmağa futbolçu tapmır. Bu üzdən daima çempionluq üçün yarışan Bakı təmsilçisi indi çempionatda qalmaq üçün mübarizə aparır. İndi “Keşlə”yə qalib gəlmək digər rəqiblər üçün elə də çətin deyil.
Nəhayət, sonuncu – 8-ci pillədə “Kəpəz” qərarlaşıb. Üçqat Azərbaycan çempionu, dörd dəfə ölkə kubokunu qazanan Gəncə klubu dövrünün ən acı günlərini yaşayır. Həmişə nikbin danışan, vəziyyətin düzləcəyini deyən komandanın baş məşqçisi Şahin Diniyev də artıq ümidini itirdi və ötən həftə növbəti məğlubiyyətin ardından istefa verdiyini açıqladı. Ən köklü klublarımızdan olan “Kəpəz” daima “Neftçi” və “Qarabağ”ın əsas rəqiblərindən olsa da, indi Premyer Liqada heç bir komanda ilə mübarizə apara bilmir. Ən acınacaqlı hal isə odur ki, Azərbaycan futbolunun beşiyi sayılan Gəncədə indi futbolçu yetişmir. Yetişsəydi, “Kəpəz”də oynayırdı.
Sadalanan bütün arzuolunmaz hallar rəqabətsiz bir çempionatımızın olmasına gətirib çıxarır.
Qeyd etdiyimiz problemlə bağlı Futbolpress.az saytının baş redaktoru Elçin Çəlilovun fikirlərini öyrəndik. O, əvvəlcə “Qarabağ”ın əksər rəqiblərindən birbaş üstün olmasının səbəblərindən danışdı: "Qarabağ"ın digər klublarla azlıqda qalanda da qalib gəlməsi, hətta rahat üstünlük yaratması, diqtə edən tərəf olması əsas bir amilə söykənir - komandada işlər dəqiq görülüb. Sistemli və dəqiq. Baş məşqçi Qurban Qurbanov və onun ətrafı.
Bu detal keçdiyi yolla fenomenal nümunə ortaya qoyub.
İllər keçirdi, zaman ötürdü, ancaq o və komandası öz işinin öhdəsindən gəlməyə çalışırdı. Daim öyrənirdilər və hər vaxt artırmağa çalışırdılar.
Onlara dəstək də az olmadı. Çox sıxmadılar onları. Bilirsiz niyə? Çünki konkret iş gördükləri hiss olunurdu.
Niyyət doğru olarsa, nəticəsi gec, ya tez-gələcək...
Elçin Cəlilov
Mən hesab edirəm ki, digər klublarımızda, xüsusən, imkanlılarında çatışmayan əsas məqam məhz bu olub.
Çempionatda ümumi rәqabәt mühitinin zәif olmasına isә әsas sәbәb kimi komandaların maddi-texniki imkanları arasındakı fәrqin böyük olmasını göstərmək olar. Mәsәlәn, iddialılar - "Qarabağ", "Qәbәlә"nin illik büdcәsi ilә digәrlәrininki arasında azı 10 dәfә fәrq var. Bu fәrqi az hiss etdirәn isә tәkcә "Zirә"dir. Topaz Premyer Liqaya qalxdığı vaxtdan hәmişә sabit çıxışı ilә yuxarı pillәlәrdә qәrarlaşa bilib.
İmkanı geniş olub, doğru idarә olunmayan "Xәzәr Lәnkәran", "Bakı"nın timsalında da bir neçә xoşagәlmәz misal çәkmәk olar.
Belә nәticәyә gәlirik ki, klub idarәçiliyi maddi imkandan doğru istifadә edәndә vә komanda peşәkarlara hәvalә olunanda uğurlu olur. Mәsәlən, "Neftçi”. İmkanı heç vaxt pis olmayıb, ancaq idarәçiliyindә, adәtәn, büdcәni mәnimsәmәk üçün daha çox bilik-bacarıq sәrgilәyәnlәr yer alıb. Futbolçu transferindәn tutmuş, әn müxtәlif yollaradәk - "yeyinti" әsas prioritet olub. Ancaq cәzalanan yoxdur ki, pis nümunә dә aradan qalxsın.
Ölkә futbolunda hәm dә sağlam, etibarlı kadr azlığı hiss olunur.
Mәsәlәn, himayәçilәr daim aldadılır, onların ayırdığı vәsait mәnimsәnilir. Belә halların baş verdiyi yerdә uğur heç vaxt olmayacaq. Vә rәqabәt mühiti dә sağlamlaşmayacaq.
Bölgə klublarının az olmasının çempionatın marağına birbaşa təsir etdiyini deyən E.Cəlilov artıq regionlarda klub yaradılmasına həvəsin olmadığını düşünür:
“Bölgə klublarının olmaması futbolun kütləviləşməsi və anşlaq halını almasına birbaşa mane olur. komandaların yarıdan çoxunun paytaxtda olması həddən artıq çoxdur.
Bölgədə klub yaşatmaq da mümkün deyil. Çünki birvaxtlar futbola dair başladılan siyasətin maksimal həddə olması indi ziyana işləyir. Tələblər süni olaraq qalxıb. Və indi bölgədə klub saxlamaq istəyən hər hansı himayəçi yaxud idarəçi orqan bu həddə yaxın durmaq istəmir. Hər yaradılan klubun da məqsədi mükafatlıq yer tutmaq olarsa, bu, normal ola bilməz.
"Zirə"ni yaxşı nümunə kimi göstərmək olar. 1-2 milyon manat arası büdcəylə işi elə qurublar ki, komanda zəif sayılmır. Əksinə, iddialılarla başabaş rəqabətə girə bilir. Bu tip klubların yaranmasına ehtiyac var.
Yoxsa vaxtilə 12-20-25 milyon büdcəsi olduğu deyilən klubların yarıtmaz fəaliyyəti və süqutu prosesə fayda vermir”
Mövzumuzla bağlı milli komandamızın sabiq baş məşqçisi Əsgər Abdullayevlə də danışdıq. Hazırda birinci divizionda mübarizə aparan “Turan Tovuz”u çalışdıran Abdullayev də Premyer Liqadakı rəqabətsizliyi komanda sayının az olması və bölkə klublarının elitadan kənarda qalması ilə əlaqələndirir: “Artıq bir neçə ildir ki, çempionluq uğrunda yalnız “Qarabağ”la “Qəbələ” mübarizə aparır. Bu mövsümdən iddialılar sırasına “Zirə” də qoşulub. Ancaq təbii ki, cəmi 3 komanda ilə rəqabətli çempionat mümkün deyil.
Ümumilikdə çempionatda 8 komandanın olması marağın, gərginliyin azalmasına səbəb olur. Komandaların sayı çoxalsa, onda rəqabətli çempionat izləyə bilərik.
Çempionatda rəqəbətin az olmasının ən başlıca səbəbi isə bölgə klublarının kənarda qalmasıdır. Fikir verin, paytaxtda keçirilən çempionat oyunları zamanı tribunlar bom-boş olur. Bu, “Qarabağ”ın oyununda da belədir, “Qəbələ”nin də. Ancaq ötən mövsüm “Turan Tovuz”un oyununa 4-5 min azarkeş gəlirdi. Mövsümün son turunda komandamızı 6 min azarkeş dəstəklədi. Hansı ki, həmin vaxt artıq komanda çempionluğunu rəsmiləşdirmişdi. Bu gün Premyer Liqanın oyunlarına o qədər azarkeş gəlmir. Təbii ki, futbolçu boş tribunlar önündə oynayanda özündə məsuliyyət hiss etmir. Futbol azarkeşlər üçün oynanılır. Tribunalar boş olanda komandalarda istənilən kimi həvəs də olmur. Böyük azarkeş kütləsi qarşısında oynayanda isə komanda daha motivasiyalı olur, məsuliyyətləri birə-beş artır. Hiss edirlər ki, minlərlə insan onlardan qələbə gözləyir. Bütün bunlar gərgin və maraqlı oyunların olması üçün vacib şərtdir.
Əsgər Abdullayev
Bölgə klubları Premyer Liqamızda təmsil olunmasa, istənilən kimi rəqabətli çempionat olmayacaq. Ancaq gördüyünüz kimi, bölgə klubları birinci divizionun çempionu olanda elitada iştirak edə bilmirlər. Bunun da kökündə maliyyə məsələləri durur. Bölgələrdə futbolun inkişafı üçün vəsait ayıran yoxdur.
Bu gün Premyer Liqada iştirak edən 8 komandanın maddi-texniki təminat baxımından bir-birindən kəskin fərqlənməsi də onların arasındakı rəqəbətə mənfi təsir edir. Bəzi klublarımızın məhdud imkanlarla mübarizə aparır. Yaxşı futbol oynamaq üçün komandanın istənilən kimi bazası olmalıdır. Hər komanda öz bazasında məşq etməlidir. Bazası olmayan, orda-burda məşq edən komandalar kirayə qalan insanlara bənzəyir.
Mənim fikrimcə, daha gərgin və maraqlı çempionat keçirmək istəyiriksə, komandaların sayı artmalıdır. Və bu komandalar arasında bölkə təmsilçilərinin sayı çox olmalıdır”.
Ramiq AĞAMƏMMƏDOV
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə