21 yaşadək futbolçulardan ibarət yığmamızın AÇ-2019-un seçmə mərhələsində İsrail və İrlandiya ilə oyunları əsas millimizin ehtiyat bazası olan bu komandaya ümidimizi bir qədər də azaltdı. Hər iki görüşdə 1:3 hesablı məğlub olan legionerlərdən ibarət komandamız nəticədən əlavə, bərbad oyunu ilə də bizi üzdü.
Əsas millimizin baş məşqçisi Robert Prosineçki də İrlandiya ilə oyun haqda danışarkən U-21-lə bağlı narahatlığını bildirdi. Gənclərdən ibarət komandamızın oyununa əsəbləşdiyini deyən xorvatiyalı çalışdırıcının fikirlərini bir daha xatırladaq:
“U-21 əsas millinin ehtiyat komandasıdır. Amma ehtiyat komandadan əsas milliyə yüksələcək potensiallı futbolçu görmürəm. Halbuki bu gün bizə bir neçə mövqedə rəqabət yaradacaq alternativ futbolçular lazımdır. Hirslənirəm ki, gənc futbolçular arasından seçim edə bilmirik”.
Bəli, bu gün U-21-də Mahir Mədətovdan başqa əsas millimizə kömək edə biləcək futbolçu yoxdur. U-21 millimizdə oynayan futbolçuların əksəriyyəti öz klublarında ehtiyatda qalanlardır. Komandamızın İsrail və İrlandiya ilə görüşlərdəki start heyətinə nəzər salanda isə bəzi futbolçuların ümumiyyətlə oyun təcrübəsinin olmadığını görürük. Elə bunun nəticəsidir ki, yığmamız biabırçı oyun sərgilədi.
Ən pisi isə odur ki, qeyd etdiyimiz oyunlarda yığmamızın start heyətində 4 türk futbolçu var idi. İndi dağıstanlıları türklər əvəz edir. Oyuna baxanda bilmək olmur ki, bu, Azərbaycan millisidi, yoxsa Türkiyə. Sözsüz ki, gənclərdən ibarət milli komandaya legionerin cəlb olunması acınacaqlı haldır. Əslində U-17, U-19 və U-21 yığmaları ölkədə uşaq futbolunun səviyyəsini müəyyənləşdirir. Bu komandalardakı çatımazlıqları ört-basdır etmək üçün milliyə legionerlər cəlb olunması absurddur. Onsuz da, aşağı yaş qrupları üzrə milli komandalarımız heç vaxt nəticə qazana bilməyib. Belə olan halda niyə azərbaycanlı futbolçular oynamasın? 5-10 ildən sonra əsas millimizdə kim oynayacaq? Onur Albayrak, yoxsa Sərkan Baloğlu? Təbii ki, heç biri. Oynasalar da, Ufuq Budaq, Əli Gökdəmir və Dəniz Yılmazın “etdiklər”indən artığını bacarmayacaqlar. Albayraklar, baloğlular normal futbolçu olsaydılar, öz ölkələrində milliyə düşərdilər. Bəlkə də, bu futbolçular bir müddət sonra parlasalar, heç düşünmədən millimizdən imtina edəcəklər.
Əslində bu gün Azərbaycanda elə bir futbolçu yoxdur ki, deyəsən, onu niyə U-21-ə dəvət etmirlər. Üzdə olanlar hamısı milliyə çağırılır. Ancaq onların da oyunu göz qabağındadır. Futbolçularımız 17 yaşa qədər normal oynayırlar. Əsas problem bu yaşdan sonra başlayır. Artıq 17 yaşdan sonra futbolçular itib-batırlar. Davamlı inkişaf üçün klublarında oynamaq şansı qazana bilmirlər. AFFA İcraiyyə Komitəsinin bir neçə il əvvəl Azərbaycan Premyer Liqasında 21 yaşadək ən azı bir oyunçunun meydanda olması ilə bağlı tətbiq etdiyi limit də yeniyetmə futbolçuların inkişafına fayda vermədi. Çünki klublarımızın heyətində meydana çıxan gənc futbolçular öz millisində oynamaq şansı qazanmır.
Sadaladığımız problemlərin kökündə bir məsələ durur – Azərbaycanda nornal futbolçunun yetişdirilməməsi. Uşaq futbolu üçün normal infrastruktur yoxdur. Süni meydançalar yeniyetmə futbolçuların gələcəyinə böyük zərbə vurur. Uşaq futbolunda çalışan məşqçilərin futbol bilikləri kifayət qədər deyil. Yeniyetmə futbolçulara qarşı bu diqqətsizliyin nəticəsində hazırkı mənzərə ilə üzləşmişik.
Millimizin kapitanı Rəşad Sadıqov zədələnəndə hamımız təlaşa düşürük. Rəşadın 35 yaşı var. Bəzi oyunlarda bu yaş öz sözünü deyir və yəqin ki, Rəşad da karyerasının sonu yaxınlaşdığını düşünür. Ancaq onu əvəzləyə biləcək futbolçu yoxdur. Neçə illərdir ki, Rəşad səviyyəsində müdafiəçi yetişdirə bilmirik.
Futbolumuzun əsas problemi ilə bağı öncə Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun fikirlərini öyrəndik. O, məsələnin kökündə uşaq futbolunda olan problemlərin durduğunu bildirdi:
- Uşaqlarla çalışan gənc məşçilərimiz daha çox oxumalıdırlar. Gənc futbolçularla işləmək asan deyil. Yeniyetmə futbolçuların orqanizmi fərqli olur. Yaxşı məşqçilər lazımdır ki, yaxşı da futbolçular yetişdirilsin. Biz Məşçilər Komitəsi olaraq futbol akademiyalarına baxış keçirmişik. Əksər klublarımızda çatışmazlıq var. Heç birinin aşağı yaş qrupları üzrə komandaları gündə iki dəfə məşq etmirlər. Bəziləri gün ərzində cəmi 50 dəqiqə məşq edir. Ona görə də futbolçular klublarında özlərini göstərə bilmirlər. Əsas da onların klublarındakı çıxışlarıdır.
Ağasəlim Mircavadov
Tədricən gənc futbolçulara şans vermək lazımdır. Mən 2004-cü ildə “Neftçi”də işləyəndə rəhbərliyə bildirmişdim ki, əvəzedici heyətin futbolçuları 1-2 ildən sonra əsas komandada çıxış edəcək. Elə də oldu. Ruslan Abışov, Araz Abdullayev, Ruslan Əmircanov kimi futbolçuları əsas komandaya cəlb etdik. İndi də əvəzedici komandalara fikir vermək lazımdır. Mən təklif edərdim ki, klubların əvəzedici komandaları birinci divizionda çıxış etsinlər. Belə olan halda həmin gənc futbolçular əsas komandaya da düşə bilərlər.
U-17-də çıxış edən futbolçular U-19-a qədər itib-batırlar. Bununla bağı AFFA-ya təklifimizi irəli sürmüşük. Ola bilsin ki, bu problem yaxın vaxtlarda aradan qalxdı.
Mövzumuzla bağlı digər həmsöhbətimiz futbol mütəxəssisi Yunis Hüseynov oldu. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi daha bədbin fikirdədir. Problemin səbəblərindən danışan Hüseynov hələ uzun illər bu cür davam edəcəyini deyir:
“Bu problemin kökü lap əvvələ gedir. Milli çempionatımız yaranandan futbolçu yetişdirməklə məşğul olmalı idik. O vaxtdan uşaq futboluna diqqət yetirilsəydi, indi yaxşı futbolçularımız olardı. O vaxt necə başlamışıqsa, indi də elə davam edirik. Ona görə də milli komandamız üçün futbolçu yetişmir.
Azərbaycanda 4-5 ilə bir futbolçu yetişir. Çünki çempionatda komandalarımızın sayı azdır. 8 komandalı çempionatı olan ölkədə nə futbolçu yetişəcək? Belə davam etsək, bu problem həmişə olacaq. Qıraqda qalan futbolçular hansı klublarda oynamalıdır? Heç olmasa 14-16 komandalı çempionat olsa, region klublarımız yüksək liqada çıxış etsə, futbolçular da üzə çıxacaq. Elə futbolçu var ki, özünü 20 yaşından sonra göstərir. Bunun üçün çoxlu komanda olmalıdır. Çempionatda cəmi 8 komanda var. Hamısı ən yaxşı futbolçuları yığıb. Yerdə qalan futbolçularla maraqlanan yoxdur.
Beş ildir AFFA çempionatda 21 yaşadək ən azı bir oyunçunun meydanda olması ilə bağlı limit tətbiq edib. Bu müddət ərzində hansı futbolçu üzə çıxıb? Mahir Mədətovdan başqa heç kim yoxdur. Onda bu limitin xeyri nədir? İndi Mədətov yaşına görə yox, öz oyununa görə “Qarabağ”da müntəzəm meydana çıxır. Deməli, limit də boş şeydir. Futbolçuların inkişafından ötrü rayonlarda futbol olmalıdır. Yaxşı futbolçu bölgələrdən çıxır. Həmişə belə olub. Biz də bölgələrdən gəlmişik. Həmişə axtarışda olmaq lazımdır ki, bəlkə bir istedad üzə çıxdı”.
Yunis Hüseynov
Y.Hüseynov gənclərdən ibarət milli komandalarımıza legionerlərin cəlb olunmasının əleyhindəir: “U-21 millimiz həddindən artıq zəifdir. Onların hansısa nəticəni qazanacğına inamım yoxdur. Türkləri ümidlə milli komandamıza cəlb edirlər ki, bəlkə onların sayəsində hansısa nəticə qazandıq. Ancaq bu cür addımlar düzgün deyil. Onsuz da uduzacağıq. Ona görə də elə öz uşaqlarımız oynamalıdır ki, təcrübə qazansınlar. Baş məşqçini də məğluibyyətlərə görə asıb-kəsmək lazım deyil. Heç vaxt futbolumuzun reallığı ilə barışmaq istəmirik. Yalandan tərifləmək olmaz. Mənim 52 yaşım var. Ömrümü futbola həsr etmişəm. Futboldan başqa heç bir işim yoxdur. Mən ürəkdən istəyirəm ki, Azərbaycan futbolu inkişaf etsin. Belə olsa, biz futbol mütəxəssisləri üçün də yaxşı olacaq.
Bizdə 10 ildən sonra da futbol olmayacaq. Belə davam etsə, nəyəsə ümid etməyinə dəyməz. Mən AFFA-nın sabiq prezidenti, rəhmətlik Fuad Musayevə o vaxt deyirdim ki, bizdə bəlkə 30-40 ildən sonra futbol olar. Ondan 20 il keçib, hələ heç nə yoxdur. Belə davam etsə, əsas millimizdə yenə legionerlər olacaq. Öz uşaqlarımız da oynaya bilər, ancaq səviyyə istənilən kimi olmayacaq”.
Ramiq AĞAMƏMMƏDOV
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb
Dünyanın ən bahalı futbolçuları - Siyahı
Azərbaycan millisindən biabırçı məğlubiyyət
"Gözəl əxlaqlı uşaqlar yetişdirmək istəyirik" - Mesut Özil
Mesut Özil Bakıda uşaqlarla futbol oynayıb - Şəkillər
Mesut Özil Azərbaycanda akademiya açır?
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşısı seçildi
Estoniya - Azərbaycan - Heyətlər
“Mançester Siti”nin yeni idman direktoru bəlli oldu
"Barselona" doğma meydanına qayıdışı təxirə saldı
“Zirə” – “Araz-Naxçıvan” oyununun vaxtı müəyyənləşdi
"Çelsi"nin baş məşqçisi fərqləndi
Misli Premyer Liqasında 15 oyunun vaxtı açıqlandı
Tanınmış futbolçu karyerasını bitirdi
Azərbaycan daha bir yarışa ev sahibliyi edəcək
Dünyanın ən güclü futbol klubu açıqlandı
AFFA iki məşqçini sərt cəzalandırdı
Fərid Qayıbov Mesut Özillə görüşdü - Şəkillər
Azərbaycan - Slovakiya oyununun hakimləri bilindi
"Şamaxı"nın futbolçusu cəzalandırıldı
AFFA-dan Premyer Liqa klublarına cəza və cərimələr
"Real"da Ançelotti böhranı
Milli komandada yeni bombardir
"Bu ay daha yaxşı nəticələr qazanacağıq" - Montella
Braziliya qalib gəldi, Argentinadan xal itkisi
Azərbaycan və Türkiyənin oyunlarını yayımlayacaq kanallar
Petkoviç Benziaya şans vermədi
Haaland ata olacaq
Azərbaycan millisi dünya çempionatını medalsız başa vurdu
İtaliya Belçika ilə bacarmadı - Video
"Turan Tovuz"un legioneri oynadı, komandası qalib gəldi
Gülərin Ançelotti ilə arası necədir? - Özü danışdı
UEFA-nın prezidentindən təqvimlə bağlı narazılıqlara cavab
Millimizin Estoniyada açıq məşqi - Şəkillər
İtaliya A Seriyasında ötən ayın ən yaxşısı seçildi
Santuşdan Emin Mahmudovla bağlı açıqlama
"Əsas odur ki, futbolçular Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar" - Fernandu Santuş
"İnanıram ki, vətənə 3 xalla qayıdacağıq" - Abbas Hüseynov
"Barselona"nın gənc ulduzu Şensnını təəccübləndirib
PFL oyunların vaxtını açıqladı
Azərbaycan millisi Özbəkistanla qarşılaşacaq