“Dedim, Böyükağa müəllim, Mourinyo deyilsiniz ki, İtaliyada sizi tanısınlar”

“Dedim, Böyükağa müəllim, Mourinyo deyilsiniz ki, İtaliyada sizi tanısınlar”
FUTBOLUN TARİXİ 23 Mart 2018 / 12:15 17453
-  A +

“Böyükağa Hacıyev dedi, narahat olma, əzrayıl məni aparan deyil”

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

Birinci yazı

Yeddi gün əvvəl Azərbaycan futbolu Böyükağa Hacıyevi itirdi. Baş məşqçi kimi üç dəfə Azərbaycan çempionu olan, ilk dəfə Azərbaycan klubunu (“Neftçi”) Avropa Liqasının qrupuna çıxaran Böyükağa Hacıyev həm də maraqlı insan kimi xatirəmizdə qalacaq. Onun hər zaman iddialı çıxışları, rəqiblərinə atmacaları bütün futbol ictimaiyyətinin yaddaşına həkk olunub.

Son günlər mətbuatda Böyükağa Hacıyevin işlətdiyi maraqlı ifadələrə yer verilir. Biz də budəfəki yazımızı mərhum məşqçimizə həsr etdik. Çalışdıq ki, əsasən onun haqqında xoş xatirələrə yer verək.

İlk olaraq Böyükağa Hacıyevlə xeyli müddət bir yerdə çalışmış Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.

- Bəlkə də Böyükağa Hacıyevi məndən yaxşı tanıyan yox idi. 1977-1980-ci illərdə Naxçıvanın “Araz” klubunda birlikdə  oynamışıq. Sonra futbolçu kimi yollarımız ayrıldı. O, “Araz”da qaldı, mən isə “Neftçi”yə keçdim. Ancaq əlaqələrimiz davam edirdi. İranın “Maşın Sazi” klubu və milli komadandamızda bir yerdə çalışmışıq.

Futbola sadiq olan bir adam idi. Öz nəticələri ilə də sübut etdi ki, istədiyi hədəfə çatmağa qadir olan bir şəxsdi. Avropa Liqasının qrup mərhələsinə yol açan ilk azərbaycanlı məşqçi oldu. Sonra digər klublarımız bu yolu davam etdirdi.  Son vaxtlar özünü çox piss hiss edirdi. Bunu biləndə ona təklif etdim ki, gəl Türkiyəyə gedək, orda səni müayinə və müalicə etdirək. Ancaq dedi ki, yox, narahat olma, mənim öz həkimim var. Onu Rusiyada əməliyyat edən həkimlə tez-tez əlaqə saxlayərdı, problemi olmadığını bildirdi. Ancaq heyf ki, son vaxtlar hiss olunurdu ki, xəstəlik ona güc gəlir. AFFA rəhbərliyi bunu hiss edən kimi dərhal dəstək oldu. Ümumiyyətlə, ilk gündən onun yanında olduq. Son mənzilə yola salınanda da AFFA dəstək oldu.


Vaqif Sadıqov



Futbolda izi olan, seçilən, heç nədən çəkinməyən, sözünün dalında dayanan bir şəxsiyyəti itirdik. Təəssüf ki, artıq bizim aramızda deyil.

Hara getsəm, Böyüka Hacıyevdən danışırlar, onun böyük məşqçi, insan olduğunu bildirirlər. O, bunu öz zəhməti, nəticələri ilə qazanıb.

Çoxları fikirləşirdi ki, Böyükağa Hacıyev iddialı danışmağı xoşlayır. Ancaq o, elə-belə söz demirdi. Hər bir sözündə məntiq var idi. Daxildən gələn, səmimi sözlər idi. O, dediyi sözlərin hamısına inanırdı. Onu hamıdan fərqləndirən əsas cəhət o idi ki, aparılan işə inamı çox böyük idi. Bu, çox üstün keyfiyyətdir. İnam olan yerdə hər bir nəticəni əldə etmək olar.

Bir dəfə mənə dedi ki, Vaqif, mən gedib o dünyanı görüb gəlmişəm, narahat olma, əzrayıl məni aparan deyil. Necə ki, öz futbol fəaliyyətinə inanırdı, səhhətinə də elə yanaşırdı. İnanmazdı ki, bu duruma düşəcək və iki ayın içində onu itirəcəyik.

Həmişə güclü insan olduğunu sübut etməyə çalışırdı. Çox adam bilmir ki, biz bu dəfə Antalya səfərini Böyükağa Hacıyevə görə təxirə saldıq. Çünki özünü pis hiss edirdi. Çalışdıq ki, o anda da yanında olaq. Onda da deyirdi ki, narahat olmayın, lazımdırsa, mən də sizinlə gedim. O, elə bir insan idi ki, heç vaxt büruzə vermirdi ki, harasısa ağrıyır. Pis olanda da bunu hiss etdirmək istəmirdi. Son anda bizə xəbər çatmasaydı ki, vəziyyəti pisdi, biz heç inanmazdıq ki, o, yataq xəstəsidir. Yəni özünü heç vaxt zəif, xəstə göstərməzdi. Həmişə dik durmağı bacaran insan idi. Son vaxtlar klinikada məndən soruşurdu ki, “Neftçi” nə vaxt oynayır? Deyirdim, səni aparım oyuna bax? Cavab verirdi ki, hə, gedək baxaq. Yəni sona qədər futbolla yaşayırdı”.


"Get Tahir müəllimə de ki, 1-ci məşqi özü keçsin, yorğunam, axşama kimi yatacam”

Böyükağa Hacıyevlə uzun müddət çiyin-çiyinə çalışmış “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun da onunla bağlı xatirələrini dinlədik.

“Təlim-məşq toplanışlarımızı gülə-gülə keçirirdik. Məşqçilər korpusu, Bəxtiyar Musayev, Tərlan Əhmədov, Kamal Quliyev, Ruben, Nebonu heç vaxt incitməzdi, bir böyük qardaş kimi yanaşardı. Futbolçularla ünsiyyəti, zarafatları isə bir başqa aləm idi...

2012-ci il. Boluda təlim-məşq toplanışındayıq. Böyük İsveçrəyə püşkatmaya getmək istəyir. Deyirəm, olmaz. Yeni heyət yığılır, Vobay, Kanales, Bertuççi...Gündə iki məşqdi. Hər saatın önəmi var. Heç özüm də getməyəcəm. Uşaqlardan birini göndərərik. Bakıya zəng edib zarafatyana klub prezidenti Sadıq Sadıqova məndən şikayət etmişdi ki, məni püşkatmaya buraxmırlar. Demişdi ki, burden səhər çıxıb günörta qayıdacam. Deyirdim, Böyük Boludan Ankaraya yox, Nyona gedəcəksən. Qayıdasan ki, “heç özümlə kostyum da gətirməmişəm. Dünən gördüm, sən özünə təzə kostyum, köynək, qalstuk almısan. Deməli, kostyum işi tamamdı. Qalır bir ayaqqabı, onu da Zaur Mütəllimov (klub meneceri) təşkil edər...”

Tərcüməçi ilə özü getdi. Elə marşrut seçildi ki, vaxt itkisi olmasın. Dörd tranzit təyyarə dəyişərək səhərə yaxın Boludan çıxıb gecə geri döndülər. Səhər də məşqdir. İnzibatçılar qapını döyüblər, açmayıb. Narahat olublar, ehtiyat açarla nömrəyə daxil olublar ki, Böyük yatıb.
Başını qaldırıb inzibatçı Zahid Məhərrəmova deyib: "Get, Tahir müəllimə de ki, 1-ci məşqi özü keçsin, yorğunam, axşama kimi yatacam. Yoxsa 2-ci məşqə də çıxmağa halım olmaz...”


Tahir Süleymanov

“Hər zaman deyirdi ki, biz gülə-gülə çempionluq, kubokları qazanırıq...”

Böyükağa Hacıyevin ünsiyyət qabiliyyəti, psixoloji durumu, insanlara, futbolçulara yanaşması çox yüksək idi. Xoflu deyildi və xoflu insanları da sevməzdi.

2012-ci ildə çox ağır durumla üzləşdik. Çempionlar Liqasının ilk oyunlarına az qalmışdı. Avstriyada təlim-məşq zamanı özünü çox pis hiss etdi, durumu ağırlaşdı. Klub prezidenti Sadıq Sadıqov Bakıda idi. Zəng edib vəziyyətlə bağlı məsləhətləşdik. Qərar verildi. Almaniyanın aparıcı klinikalarının biri ilə müayinə üçün razılıq əldə etdik. Böyükağa müəllim çox möhkəm, iradəli insan idi. Qəti etiraz etdi. Dedi, məsul oyunlar öncəsi komandanı tək qoya bilmərəm. Mənim meyitimi Bakıya apara bilərsiz, xəstəxanaya isə getməyəcəm. Narazılığımı bildirdim, sözünə məhəl qoymadım. Səhər 07.00-da klinikanın xüsusi avtomobili otelin qarşısında idi. Böyük nömrədən çıxmadı. Qapının ehtiyat açarı da özündə idi. Köməkçi məşqçilər, həkimlər, inzibatçılar eyvandan nömrəyə daxil oldular. Özünü narahat hiss edirdi. Boris Xetaqurov, həkimlər korpusumuzun köməyilə durumu izah etməyə çalışdıq. Sağlamlığın hər şeydən üstün olduğunu bildirdik. İnadından dönmədi...

Durumu ağır olsa da, məşqlərə çıxmaqda davam edirdi. Həkimlərimizin  24 saat nəzarətində idi. Artıq yeməyi də çox çətinliklə qəbul edirdi. Təlim-məşq toplanışını bitirib Bakıya döndük. ÇL-in ilk oyununa az vaxt qalmışdı. Evə gedib-gəlməkdə çətinlik çəkdiyi üçün demək olar ki, bazada qalır, məşqlərə çıxırdı. Günörta saatları idi. Həkimlər xəbər verdilər ki, Böyüyün halı pisləşib, kritik həddədir. Xərəkdə xəstəxanaya aparıldı. Ayaq üstə olsaydı, yenə israrından dönməyəcək, xəstəxanaya getməyəcəkdi. Təcili Moskvada beyin əməliyyatı olunmalıydı. "Neftçi" klubu tərəfindən bütün şərait yaradıldı. Təyyarədə xüsusi yer hazırlandı. Çünki xərək-çarpayıda Moskvaya aparılmalı idi...

Çox çətin durumla üz-üzə qalmışdıq. Bir tərəfdən baş məşqçinimiz vəziyyəti, digər tərəfdən isə qarşıda gələn ÇL-in ilk oyunları.

Klub prezidentinin rəhbərliyi ilə təcili toplantı keçirdik. "Neftçi" azarkeşləri, bütün Azərbaycan bizdən uğur, nəticə gözləyirdi. Baş məşqçisiz yola çıxmaq və uğursuzluq fonunda hansı təzyiqlərlə üzləşəcəyimizi çox yaxşı bilirdik. Onsuz da bizi istəməyənlər, uğursuzluğumuzu gözləyənlər az deyildi. Operativ qərar verilməli idi.

Böyük ağır durumda, əməliyyatda ola-ola yeni baş məşqçi müzakirəsini yaxına buraxmadıq. Mənəvi olaraq buna heç vaxt getməzdik. Rəhbərlik, məşqçilər korpusu olaraq məsuliyyəti tam olaraq öz üzərimizə götürdük. "Neftçi"də möhkəm kollektiv formalaşmışdı. İstənilən qəti addımı atmağa hazır idik. İşin çətin tərəflərindən biri də 2-ci çempionluqdan sonra Avropada tarixi nəticənin qazanılması üçün heyətin yenilənməsi idi. Vobay, Kanales, Ramos, Bertuççi və digərləri komandaya transfer olunmuşdular. Futbolçularla da görüşdük və baş məşqçinin geri dönməsi ümidi ilə yolumuza davam etdik...

İlk oyunda məğlubiyyət olacağı halda rəhbərlik olaraq baş məşqçisiz davam edilməsinin məsuliyyətini üzərimizə götürdüyümüz üçün dərhal klubdan gedəcəyimizi qərara aldıq.
Artıq Bakıda "Zestafoni"nin qapısından 3 cavabsız top keçirərək böyük ölçüdə cütün taleyi həll edilmişdi.

Baş məşqçinin olmaması təbii, özünü göstərirdi. Elə cavab görüşündə ilk 15 dəqiqədə 2 top geriyə düşdük. Sonradan futbolçular dönüş yarada bildilər.

Böyük əməliyyatdan uğurla çıxmışdı. Hələ ki, Moskvada idi, Bakıya dönməmişdi. İsrail səfərinə də baş məşqçisiz getməli olduq. Birmənalı bildirirəm, "Hapoel" Kipr APOEL-indən zəif idi. Baş məşqçimizin olmaması öz sözünü dedi. Klub olaraq dərhal müəyyən qərarlarımız oldu. Artıq Böyükağa müəllim də Moskvadan qayıdıb Bakıda, xəstəxanada bərpa prosesini keçirdi. Həkimlər buraxmasa da, müalicəsini yarımçıq saxlayıb komandada öz yerini aldı.

Qarşıda bizi möhtəşəm tarixi Kipr zəfəri gözləyirdi.

Böyükağa müəllimin möhkəm iradəsi, rəhbərlik olaraq mənəvi dəyərləri önə çəkərək çətin yola çıxmağımız sonda "Neftçi"nin Azərbaycan üçün xəyal görünən qrup sevinci ilə vətənə dönməyimizlə nəticələndi.

APOEL-nin prezidentinin oyundan sonra bizə bildirdiyi kimi, "siz böyük klubsuz, Kiprdə APOEL-in qapısına bu il iki klub 3 top vurub, "Real" Madrid və "Neftçi"! Böyükağa Hacıyev Azərbaycan klub futbolu tarixində ilk dəfə qruplara çıxan baş məşqçi kimi tək bizlərin deyil, xalqımızın xatirəsində əbədi yaşayacaq”.

“Neftçi”nin sabiq mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Böyükağa Hacıyevlə bir neçə il çalışıb. Mətbuat konfranslarında daim Hacıyevin yanında olan Abbaszadənin də onunla bağlı xatirələri çoxdur. 

- Böyükağa müəllimlə bağlı xatirələr o qədər boldu ki, bir kitaba sığmaz. Onun haqqında danışanda adamı qəhər boğur. Həqiqətən Azərbaycan futbolu üçün çox koloritli, maraqlı şəxsiyyət idi. Biz bir neçə il bir yerdə çalışmışıq. Böyükağa müəllim mətbuat konfransında ürəyinə gələn sözün hamısını dilinə gitirirdi. Heç nəyi saxlamırdı. Bəzi ifadələr var idi ki, klubun siyasətinə, xəttinə zidd ola bilərdi. O cür sözləri

deyəndə aşağıdan yavaşca ayağına toxunurdum ki, bu sözləri demək olmaz. Sakitcə deyirdim, Böyükağa müəllim, bir az saxla. Dərhal hamının gözünün qarşısında çönüb mənə deyirdi ki, nə var? Hamı bilirdi ki, mən ona nəsə işarə etmişəm.


Gündüz Abbaszadə

Heç vaxt yadımdan çıxmaz, Milanda “İnter”lə oyundan əvvəl keçirilən mətbuat konfransında italiyalı jurnalist Böyükağa müəllimə sual vermişdi. O da jurnalistin sualına sualla cavab vermişdi ki, “İnter”in baş məşqçisi Stramaççoninin əlində nə qədər material var? Tərcüməçi qız material sözünü başa düşməmişdi. Ona bildirdim ki, material deyəndə futbolçunu nəzərdə tutur. Böyükağa müəllim də mənə qayıtdı ki, gəl, sən mənə futbolu da öyrət, ağzımın danışığını öyrət. Dedim, Böyükağa müəllim, qız başa düşmədi, ona görə elə dedim. Çöndü qıza dedi ki, qızım, sən elə material kimi tərcümə elə.
“La Gazzetta dello Sport”un əməkdaşı Böyükağa Hacıyevə dedi ki, təbii ki, sabah müdafiə futbolu oynayacaqsınız. Rəhmətlik jurnalistə baxıb dedi: “Baa… Bu Böyükağanı tanımır ki”. Mən də yavaşca dedim, Böyükağa müəllim, siz Joze Mourinyo deyilsiz ki, İtaliyada da sizə tanısınlar”.


 
Həmin oyun günü otelin foyesində bizə yaxınlaşıb dedi ki, axşam Stramaççonini məndən təhvil alarsınız. Yəni o qədər özünə arxayın idi ki, “İnter”dən xal alacağımıza inanırdı. 
Böyükağa Hacıyevin “Neftçi” haqqında bir fikri var idi. Deyirdi, Azərbaycan futbolunu uca bir dağa bənzətsək, “Neftçi” onun üzərində cövlan edən qartaldır.

Deməzdim ki, Böyükağa müəllimin məşqçi kimi fövqəl bir istedadı var idi. Amma fövqəl istedadı onun yaxşı psixoloq olması idi. Hər bir futbolçunun psixologiyasını çox yaxşı bilirdi.

Onun ən gözəl xüsusiyyətlərindən biri o idi ki, “Neftçi”nin bazasından içəri girəndə futbolçular özlərini yığışdırırdılar. O dövrdə “Neftçi”də hər xasiyyətdə futbolçu var idi. Bertuççi, Flavinyo, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov. Bunların hərəsinin bir kaprizi vardı. Onların hərəsinə bir cür yanaşmaq lazım idi. Böyükağa müəllim bu işi çox gözəl bacarırdı.

Futbol aləmində mənim qədər Böyükağa müəllimin maraqlı hadisələrini bilən ikinci bir adam yoxdu desəm, yanılmaram. Buna görə də istəyirəm bu xatirələri bilən digər yoldaşların köməyi ilə bunların hamısını qələmə alım. Gələcəkdə belə bir fikrim var.

Böyükağa müəllim oyundan əvvəl verdiyi iddialı açıqlamaları ilə seçilirdi. Bir dəfə onun belə danışığı bizim ziyanımıza işlədi. Çox gözəl yadımdadır. Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” klubu ilə Bakıda keçirilən qolsuz heç-heçədən sonra Böyükağa müəllim mətbuat konfransında demişdi ki, bu nə komandadır, mən onları səfərdə udacam. Albaniyalı jurnalistlər həmin mətbuat konfransını lentə almışdı. “Neftçi” səfərdə “Skenderbeu”ya məğlub oldu. Mətbuat konfransında albaniyalı jurnalisltər “Skenderbeu”nun baş məşqçisinə sual verdilər ki, komandanı “Neftçi” ilə oyuna necə hazırladınız? Onun cavabı qısa və konkret oldu: “İlk oyundan sonra rəqib baş məşqçinin dediyi sözləri hər gün futbolçularıma izlətdirirdim”. Yəni Böyükağa müəllimin bu cür açıqlamaları da var idi. Ancaq sözləri ilə nəticələri çox az hallarda üst-üstə düşmürdü.

“Lap 10 top buraxsanız da irəli gedin, cavabdeh mənəm”

Böyükağa Hacıyev həmişə yerli məşqçilərin hörmətini saxlayırdı. Deyirdi ki, qaranquş gəldi-gedərdi, bizə sərçə qalacaq. Hər zaman Kaxaber Sxadadze və Mirça Redniklə atışırdı. Çəkinmədən sözünü deyirdi.

Onun seçilən xüsusiyyətlərindən biri də o idi ki, rəqibdən asılı olmayaraq, hücum futbolu oynadırdı. Milan “İnter”i ilə Bakıda keçirilən oyunun fasiləsində hesabda 0:3 geridə idik. Paltardəyişmə otağında Böyükağa müəllim futbolçulara deyirdi ki, çıxın, hücum futbolu oynayın, ancaq irəli gedin. Lap 10 top buraxsanız da irəli gedin, baş məşqçi mənəm, mən cavabdehəm. Heç olmasa azarkeşlər bizdən bir qol, maraqlı oyun görsünlər.

Onun belə özəlliyi var idi. Çəkinmək məsələsi yox idi.

Böyükağa müəllim son vaxtlar gün ərzində telefonunu 2-3 dəfə açırdı. Konkret bir neçə nəfərə zəng edirdi. O insanlardan biri də mən idim. Çox tez-tez həl-əhval tuturduq. Sona qədər yoldaşlığımız oldu. Mənim xətrimi çox istəyirdi. Böyükağa müəllim də rəhmətlik atam kimi tarix fakültəsini bitirib. Mənə deyirdi ki, sən tarixçi oğlusan, ona görə səni çox istəyirəm”.

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Daha çox


Son xəbərlər