“Qurban Qurbanova təkcə Böyükağa Hacıyev söz atmaqdan çəkinmirdi”

“Qurban Qurbanova təkcə Böyükağa Hacıyev söz atmaqdan çəkinmirdi”
FUTBOLUN TARİXİ 28 Mart 2018 / 13:00 19160
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

İkinci yazı

Birinci yazı burada

Bir neçə gün əvvəl Azərbaycan futbolu Böyükağa Hacıyevi itirdi. Baş məşqçi kimi üç dəfə Azərbaycan çempionu olan, ilk dəfə Azərbaycan klubunu (“Neftçi”) Avropa Liqasının qrupuna çıxaran Böyükağa Hacıyev həm də maraqlı insan kimi xatirəmizdə qalacaq. Onun hər zaman iddialı çıxışları, rəqiblərinə atmacaları bütün futbol ictimaiyyətinin yaddaşına həkk olunub.

Son günlər mətbuatda Böyükağa Hacıyevin işlətdiyi maraqlı ifadələrə yer verilir. Biz də budəfəki yazımızı mərhum məşqçimizə həsr etdik. Çalışdıq ki, əsasən onun haqqında xoş xatirələrə yer verək.

Böyükağa Hacıyev bir il Yaşar Seyidovla çiyin-çiyinə “Bakı”da çalışıb. Hacıyev “Bakı”nın baş məşqçisi, Seyidov isə klubun vitse-prezidenti olub. Onların qarşılıqlı “atışmalar”ı, səmimi zarafatları saysız-hesabsızdır. Odur ki, Böyükağa Hacıyevlə bağlı xatirələrini bölüşmək üçün əvvəlcə Yaşar Seyidova müraciət etdik.


- Böyükağa müəllimlə ucu-bucağı olmayan xatirələrimiz var. Yadımda çox şey olsa da, hamısını danışmaq olmur.

Mən klub funksioneri idim, o da baş məşqçi. Hamımız bilirik ki, Böyükağa müəllim olan yerdə gərginlik də olurdu. Ancaq sonra biz hər şeyi yoluna qoyurduq. Bütün yaşananlara baxmayaraq, hər zaman xoş münasibətimiz olub.

Avroliqada “Jilina” ilə oyunumuz olacaqdı. Rəqib bizdən xahiş etmişdi ki, 20 dənə top verək. 2005-ci ildə standartlara uyğun top çətinliklə tapılırdı. Xahiş etdik, sifarişlə 20 dənə top götürdük. Böyükağa müəllim onda bizdə klub prezidenti Hafiz Məmmədovun müşaviri işləyirdi. “Jilina” ilə oyundan bir gün əvvəl məşq edəndən sonra topları stadionun mərkəzində qoyub getdi. Stadiondan çıxanda hərəyə bir iş tapşırdım. Böyükağa müəllim də qıraqdan qışqırdı ki, Yaşar müəllim, bəs mən nə edim? Mən də sağa-sola baxdım, gördüm meydançanın ortasında 20 dənə top qalıb. Sabah o toplarla oynayacaqdıq. Dedim, Böyükağa müəllim, sən də topları daşı. Bu da görüb ki, heç kim topları götürmədi, məcbur olub özü ofisə aparıb. Klubun iclasında Böyükağa müəllim durdu dedi ki, mən hər şey eləmişəm, İranda da işləmişəm,  amma heç vaxt top daşımamışdım. Bu xaçmazlı Yaşar Seyidov mənə top daşıtdırdı.

“Dedi, Yaşar Seyidov kimdi axı? Klubda ondan da sanballı adamlar var”

İntertoto kubokunda “Daçiya” ilə oyunumuz olmuşdu. Səhəri gün rəqib komandanı mən yola salırdım. Məlum oldu ki, rəqibin 6 futbolçusunun uçuş biletinə geri qayıtmaq tarixi 7-ci ay əvəzinə 8-ci ay yazılıb. Texniki bir səhv olmuşdu. Yəni futbolçu bir ay sonra Moldovaya qayıtmalı idi. Hava limanında söhbət etdim, dedilər ki, indi təyyarədə yer yoxdu, ancaq bir gündən sonra qayıda bilərlər. Kişinyova birbaşa reys yox idi. “Daçiya”nın vitse-prezidenti məndən xahiş etdi ki, futbolçular üçün bir günlük qalacaq yer təşkil edim. Onların otelə əlavə pul ödəmək üçün maddi imkanları yox idi. Mən də onları otelə apardım, qalmaq, qidalanmaq məsələsini həll etdim. Bir gün sonra isə biletlərini alıb, Moldovaya yola saldım. Bir həftədən sonra Moldovaya cavab oyununa getdik. Oteldə idik. Bir nəfər gəlib məni soruşdu. Dedim, Yaşar Seyidov mənəm. Dedi ki, “Daçiya” klubunun prezidenti tapşırıb ki, siz burda olduğunuz müddətdə gəzməyiniz, qidalanmağınız və otel xərclərinizi ödəyək. Sizi mühafizə edəcəyik. Dedim, çox sağ olun, heç nə lazım deyil. Ancaq onlar oteldə qaldılar. Səhəri gün pəncərədən baxdım ki, həmin şəxslər dayanıblar otelin qarşısında. Birdən Böyükağa müəllim bunlara yaxınlaşdı və dedi ki, siz kimi gözləyirsiniz? Cavab verdilər ki, Yaşar Seyidovu. Dedilər, klub prezidentinin tapşırığıdır. Böyükağa müəllim dedi, a kişi, Yaşar Seyidov kimdi axı? Siz çıxın gedin. Burda Yaşardan da sanballı adamlar var. Mən də yuxarıdan boylandım, dedim, Böyükağa müəllim, orda nə olub? Məni görən kimi qayıtdı ki, qardaş, Yaşar Seyidov Azərbaycanın futbol əfsanəsidir. Bu adam bizim bütün klubun işlərini həll edir. Sizin də məsələnizi həll edib. Bunu mütləq qorumaq lazımdır.


Yaşar Seyidov

2011-ci ildə “Neftçi” ilə oyunumuzdan sonra böyük gərginlik olmuşdu. “Neftçi”nin mühafizəçiləri futbolçumuz Elvin Əliyevi döymüşdülər. “Neftçi” rəhbərliyi ilə münasibətlərimiz çox yaxşı idi. Getdik onlarla görüşdük. 20-30 nəfər getmişdik. “Neftçi”dən də o qədər insan olardı. Ora toplaşanların çoxusu da əslən Naxçıvandan idilər. Mühafizəçilərimiz də orda idi. Gecə saat 4-ə işləyib, hər iki tərəf gözləyir ki, bu söhbətin axırı necə qurtaracaq. Söhbət etdik, məsələni yoluna qoyduq. Pilləkəndən aşağı düşürdük. Sadıq Sadıqov, Tahir Süleymanov və digər yoldaşlar da orda idi. Birdən, Böyükağa Hacıyev orda peyda oldu. Dedi, ay naxçıvanlılar, ay camaat, ayıq olun. Burda döyülməli iki nəfər var: biri şamaxılı Tahir Süleymanovdu, biri də xaçmazlı Yaşar Seyidov. Belə bir gərginlik yaratdı. Sonra üzünü hər iki tərəfə tutub dedi ki, mən sizinlə zarafat edirəm”.

Fanat.az saytının baş redaktoru Əli Sahibin də Böyükağa Hacıyevlə bağlı xatirələri boldur.

- Böyükağ Hacıyevlə münasibətimiz çoxdana gedib çıxır. O, hələ “Standart”da çalışmamışdan əvvəl tanış idik. Aramızdakı yaş fərqinə baxmayaraq, zarafatımız da vardı. 

“Neftçi” səfərdə Gürcüstanın “Çixura” klubu ilə qarşılaşırdı. Jurnalistlər də səfərə aparılmışdı. Oyun günü səhər yeməyi üçün Gürcüstanın məşhur restoranlarından birinə getmişdik. Səhər yeməyi adıyla səhər saat 10-dan oyun başlayana qədər dostlarla restoranda yeyib-içdik. Oyundan sonra keçirilən mətbuat konfransında Böyükağa Hacıyevə dedim ki, sizi Azərbaycanda gürcülərin qənimi kimi tanıyırlar, bu gün də bunu sübut etdiniz. O da mimikamdan başa düşdü ki, söz atıram. Əvvəl mənə baxdı, sonra Gündüz Abbaszadəyə (o vaxt “Neftçi”nin mətbuat xidmətinin rəhbəri idi – R.A.) dedi ki, ə, bu harda meyit olub? Mikrafon da açıq olduğundan səs bütün zala yayıldı.

Böyükağa Hacıyev hazırcavab adam idi. Səhv etmirəmsə, Kazanda “Rubin”lə oyundan sonra idi. Mətbuat konfransında “Neftçi”nin qrupdakı taleyi ilə bağlı soruşdular. Cavabı belə oldu: “У нас есть  такая пословица: “Пока не прыгал канал, не скажи “hop” (Bizdə belə bir atalar sözü var: “Arxı tullanmamış hop demə”).


Əli Sahib

Xəstəliyindən sonra mətbuat konfransında gözü ilə bağlı sual verdilər ki, qapalı olan gözünüz necədir? O da həmin qapalı gözünü əli ilə açdı və dedi ki, narahat olmayın, hər şey yaxşıdı, sadəcə, bu gözüm mexanikadı, o biri isə avtomat.

“Yaxşı məşqçi olacaqlar, amma deməyəcəklər ki, rəhmətlik Böyükağa Hacıyevin yanında öyrənmişik”

APOEL-lə oyundan sonra Böyükağa Hacıyevlə söhbət edirdik. O vaxt onun köməkçiləri olan Tərlan Əhmədovla Kamal Quliyevi göstərib dedi ki, Əli, bir gün mən olmayacam, sən olacaqsan, bunlardan məşqçi çıxacaq. Çünki mənim “şotuma” futbol görüblər.

Mənimlə həmişə zarafat edirdi. Bir gün dedim ki, zarafatı yığışdıraq. Dedi, yox, həmişə səninlə zarafat edəcəm. Səhəri günü bir yazı yazdım ki, əslində “Neftçi”nin bütün qələbələri Tərlan Əhmədovun sayəsindədir, Böyükağa Hacıyev oturur, Tərlan işləyir. Qəsdən belə yazmışdım ki, əsəbləşsin. Həqiqətən hirslənmişdi. O yazıdan sonra məni harda görürdüsə, tərs-tərs baxırdı. Ona görə Kiprdə Tərlan Əhmədovla, Kamal Quliyevi göstərib dedi ki, vaxt olacaq bunlar yaxşı məşqçi olacaq, amma deməyəcəklər ki, rəhmətlik Böyükağa Hacıyevin yanında öyrənmişik.

“70 milyonluq türk, 10 milyonluq Azərbaycan xalqının bayrağını ürəyimizdə gətirmişik”

Gəlin, açıq danışaq. Heç kim “Neftçi”nin Kiprdə qələbə qazanacağına və Avroliqanın qrupuna düşəcəyinə inanmırdı. Amma Böyükağa Hacıyev inanırdı. Oyundan bir gün əvvəl kiprli azarkeş sual verdi ki, sabah 25 min azarkeşin yunan bayrağı ilə komandasına dəstək verməsi sizi qorxutmur ki? Mən bildim ki, yunan-türk məsələsinə işarə vurur. Gündüzə dedim ki, cavab verməyin, sizi təxribata çəkir. Ancaq Böyükağa Hacıyev cavab verdi. Dedi, biz 70 milyonluq türk, 10 milyonluq Azərbaycan xalqının bayrağını ürəyimizdə gətirmişik, bu, bizə kifayətdir. Sabah meydandan qalib ayrılacağıq, kimin kim olduğunu göstərəcəyik. Bəlkə də, həmin il biz APOEL-lə 10 dəfə qarşılaşsaydıq, 9-da məğlub olardıq. Ancaq Böyükağa Hacıyevin o sözü deməsi və sabahı günü ona əməl edilməsi başqa aləm idi.

Böyükağa Hacıyev savadlı insan idi. Tarixi də yaxşı bilirdi. Bir çox məşqçilərimizdən fərqli olaraq futboldan başqa, gündəmi də izləyirdi. Baş verən proseslərlə maraqlanırdı. İnsanları öyrənməyi xoşlayırdı. Tamam başqa cür insan idi.

Azərbaycanda heç bir məqşçi “Qarabağ”ın və millimizin baş məşqçisi Qurban Qurbanova atmaca atmır. Əslində bəziləri qısqanclıqdan danışmaq istəmir, yaxud da tənqidi fikir səsləndirə  bilmir. Ancaq Böyükağa Hacıyevə çempion olduqları oyundan sonra sual verilmişdi ki, keçən il Avroliqanın qrupuna vəsiqə qazandınız, artıq Çempionlar Liqasının qrupunu vəd edirsiniz? O da cavab verdi ki, Azərbaycanda məşqçi təkcə mənəm? Gedin, başqalarından da tələb edin də. Əslində onda Qurban Qurbanova söz atmışdı. Yəni o, bu tipli atmacalardan çəkinmirdi.

O vaxt “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik oyundan əvvəl demişdi ki, “Neftçi” ilə matça fərqli hazırlaşırıq. Hacıyev də Lənkəranda qələbə qazandıqları oyundan sonra mətbuat konfransında dedi ki, başa düşmürəm, Rednik komandanı necə fərqli hazırlaşdırıb? Hamı qabağa qaçır, bunlar dala qaça-qaça hazırlaşıblar?

“İnter”in o sabiq prezidenti Georgi Nikolov “Neftçi” ilə özlərini müqayisə edəndə demişdi ki, biz hazır maşınıq. Böyükağa Hacıyev isə ona cavabında bildirmişdi ki, “İnter” hazır maşın ola bilər, ancaq paltaryuyan maşını.

Kazanda jurnalistlər gecə saat 2-də oteldə Böyükağa Hacıyevin qapısını döyüblər ki, müsahibə edələr. O da yatdığı paltarda qapını açıb. Jurnalistlər soruşub ki, Böyükağa müəllim, yatmışdınız? Cavab verib ki, yox, dissertasiya yazırdım, gecə saat 2-də yatarlar də.

Əslində onun sevilməyi həm zarafatları, həm hazırcavablığı, həm dı sözü birbaşa üzə deməsinə görə idi.

Böyükağa Hacıyev Azərbaycan futbolunda tarix yazmış adamdır. Ondan sonra “Qarabağ”ın, Qurban Qurbanovun sayəsində Çempionlar Liqasının qrupuna da düşdük. Ancaq ilk yolu açan Böyükağa Hacıyev oldu.

Son vaxtlar 2-3 həftədən bir zəng vururdu, danışırdıq. Onun haqqında nəsə yazanda da zəng vururdu. Bəzən irad bildirirdi ki, filan şeyi niyə yazmırsınız? Vəziyyəti ağırlaşandan sonra yanına gedə bilmədim. Jurnalistlər onun şəklini paylaşmışdılar. O şəkli görəndə mənə çox pis təsir etdi. Ona görə gedib görə bilmədim.

“Böyükağa Haıcyevlə layiqli vida mərasimi keçirmək lazım idi”

Əli Sahib Böyükağa Hacıyevin son mənzilə layiqli şəkildə yola salınmadığını bildirdi: “Çox heyfslənirəm ki, Böyükağa Hacıyev son mənzilə bu cür yola salındı. Ən azından AFFA-dan, PFL-dən, Gənclər və İdman Nazirliyindən, bütün klublardan  əklil gəlməlidi idi. Yalnız “Nefçi”dən əklil gətirmişdilər. Heç “Neftçi”nin prezidenti gəlməmişdi.

AFFA-nın, PFL-in prezidenti də dəfn mərasimində iştirak etməliydi. Dəfndəki insanlar görməliydi ki, burda AFFA var, PFL var. Axı Böyükağa Hacıyevin qazandığı təkcə “Neftçi”nin yox, Azərbaycan futbolunun uğurudur. Əslində Böyükağa Haıcyevlə vida mərasimi keçirmək lazım idi. Rəhmətliyi tez-tələsik yuyub, basdırdılar”.

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Daha çox


Son xəbərlər