Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi: üçüncü yazı
Bu həftə daha bir klubumuzu itirdik. “Şəmkir” fəaliyyətini dayandırdığını rəsmən bəyan etdi. Əslində Çempionlar Liqasında mərhələ keçmiş ilk Azərbaycan klubu olan “Şəmkir”i bir neçə il əvvəl də fəaliyyətini dayandırmışdı. Eyni acınacaqlı hal yenə təkrarlandı. Komanda ikinci dəfə fəaliyyətini bərpa etdikdən sonra xeyli müddətdir heç bir stimulu olmayan birinci divizionda mübarizə apardı. O divizionda ki, “Turan Tovuz” ötən mövsümün qalibi olsa da, son bir neçə ilin adəti üzrə Premyer Liqada iştirak edə bilmədi. Daha əvvəl isə “Neftçala” ardıcıl iki il divizionun çempionu olmasına baxmayaraq, (futbolda nadir hadisələrdəndir) Premyer Liqaya buraxılmadı və əvəzində klubu dağıtdılar.
Mövzumuz tək bu klublar yox, ümumilikdə məhv olmaqda olan bölgə futboludur. Bəli, bu gün Premyer Liqamızda cəmi 8 komanda mübarizə aparırsa və onların əksəriyyəti paytaxt Bakını təmsil edirsə, deməli, bu, ümumi problemdir. Bu problemin həlli yolları ilə bağlı əvvəlki yazılarımızda bəzi futbol mütəxəssisləri ilə danışdıq. Məsələnin həlli yolları ilə bağlı müxtəlif fikirlər səsləndirildi.
Budəfəki ilk həmsöhbətimiz vaxtilə “Turan”ı çalışdırmış, “Şəmkir”in məşqçisi olmuş Əfqan Talıbov oldu. Haqqında söhbət açdığımız mövzunun futbolumuzun ən yaralı yeri olduğunu deyən Talıbov çıxış yolu üçün müəyyən təkliflərini bildirdi:
“1990-cı illərdə klublarımız dövlət tərəfindən maliyyələşmirdi. Vidadi Əhmədov “Turan”ı, Şahbaz Süleymanov “Şəmkir”i, Rasim Rəfiyev “Neftçi”ni saxlayırdı. Yəni onda klublar indiki kimi SOCAR-dan asılı deyildilər. Daha sonra klublar gəlir gətirmədiyinə görə sponsorluğu davam etdirmək mümkün olmadı. Bu gün “Qarabağ” nə ilə fərqlənir? Bu klub maliyyə dayaqlarını tapandan sonra relsə düşüb. İndi özü gəlir əldə edir. “Qarabağ” digər klublara ən yaxşı nümunədir. Deməli, klubda işlər düzgün qurulanda qazanc da əldə etmək olur.
O boyda Tovuzun komandası bu gün Premyer Liqada iştirak etmir. “Turan”ın çox böyük azarkeş dəstəsi var. Tovuzda hamı futbolla yaşayır. Uzun illərdən sonra Şəmkirdə futbol yenidən canlanmışdı. İndi yenə söndü. “Şəmkir”in də böyük azarkeş ordusu var.
Reallıq budur ki, region klubları köməksiz dirçələ bilməz. Klublar ayağa qalxandan sonra tədricən möhkəmlənəcəklər. Özləri maliyyə dayaqlarını tapmalıdırlar. Hamı gözləyir ki, SOCAR pul ayıracaq. Amma bu cür davam etmək olmaz.
Demək olar ki, bütün regionlarımızda olimpiya kompleksləri tikilib. Onun nəznində klubların da olması çox vacib idi. Düşünürəm ki, heç olmasa əlavə 4 region klubumuz Premyer Liqada iştirak etməlidir. Təsəvvür edin ki, 6 bölgə, 6 paytaxt klubunun iştirakı ilə çempionat keçirilir. Dörd klubun artması 16 məşqçinin işlə təmin olunması deməkdir. Bundan başqa, yerli futbolçularımız Premyer Liqada oynamaqla özlərini göstərər. Görün, nə qədər artım olar. Premyer Liqamızın marağı da öz yerində.
Yerli icra orqanlarından kömək istəməklə özümüzü aldatmamalıyıq. Bu cür köməklə nəsə etmək mümkün deyil. Hər regionun imkanlı şəxsləri olur. Ancaq indi klub saxlamaq tək adamın işi deyil. Tək AFFA da bunu edə bilməz. AFFA onsuz da bu gün bir çox kluba köməklik edir. Amma o klubları bütovlükdə AFFA saxlamır. Özlərinin müəyyən gəlir mənbəyi də var. Yerli orqanlar klublara infrastuktur baxımından kömək etməlidir. AFFA “Sumqayıt”a da kömək edir. Ancaq kimya zavodu da klubun müəyyən tələbatını ödəyir. AFFA İmişlinin komandasına kömək edirsə, ordakı şəkər zavodu da kluba müəyyən dəstəyini verməlidir. Sponsorluq edən şəxsə dövlət tərəfindən güzəştlər olunmalıdır. Klubların idarə heyətində futbol idarəetməsində təcrübəsi olan, gəlir gətirməyi bacaran insan çalışmalıdır. Klub da maliyyə dayağı tapan kimi komandanı əcnəbi futbolçularla doldurub, yerliləri kənarda saxlamalı deyil. Bu, çox vacib şərtdir. Legionerlər 1-2 il oynayıb gedəcək. Futbolçu yetişdirməlisən ki, sırf əcnəbilərin ümidinə qalmayasan. Klublar tədricən gəlir gətirməlidir. Yetişdirilən futbolçuları satmaqla və digər üsullarla bunu etmək olar”.
Əfqan Talıbov deyir ki, bu gün Premyer Liqada oynamaq üçün klublarımızın ən azı bir milyon manat büdcəsi olmalıdı: “Bundan az büdcəsi olan klublar sürünür. Çox təəssüf ki, klublarımızın aşağı yaş qruplarında çıxış edən futbolçuları əsas komandaya qədər yüksələ bilmir. Uşaqlar elə 17-18 yaşında itib-batır. Futbolun inkişafı üçün əlimizdən gələni etməliyik. Cənab prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edəndə bildirdi ki, idmanın şahı futboldur. Digər idman növləri da maraqlıdır. Ancaq futbol ölkəni dünya miqyasında daha çox tanıdır. Bir dəfə “Xəzri”nin (Buzovna) rəhbəri, rəhmətlik Malik Atakişiyev Fransada komandasının adını eşidib. Bakıya gələndə dedi ki, Avropanın düz mərkəzində kəndimin adını eşidəndə kövrəldim, tüklərim biz-biz oldu. Yəni başqa vasitələrlə Fransaya gedib çıxmaq çox çətin olardı. Ancaq futbol çox şeyə qadirdir.
İndi “Qarabağ” və “Qəbələ”nin Avropa uğurlu nəticələrinə görə uşaqlarda futbola maraq artır. Getdikcə bu sahəyə meyl daha çox olacaq. Ancaq bununla bərabər regionlarda da futbolçular yetişməlidir. Bölgələrimizdən gələn futbolçuların fiziki durumları daha yaxşı olur. Rayonlarda yaşayan uşaqlarda təbii güc var. Regionlarda futbolçuların yetişməsi aşağı yaş qrupları üzrə komandalarımıza da böyük fayda verər. Onlara istiqamət verib, nəyəsə nail ola bilərik.
Bölgələrdə demək olar ki, futbolun olmaması ciddi problemdir. Ümid edirəm ki, futbolumuzun başında duranlar mütəxəssilərin yaxşı təkliflərinə fikir verəcəklər. Regionlarda futbol olmasa, biz elə Bakıda başımızı itirəcəyik. Hamı Bakıdadır. Eyni komandalar bir-biri ilə nə qədər oynayar?”
Bölgə klublarının bir-bir sıradan çıxması, bunun Premyer Liqamıza etdiyi mənfi təsir haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə də danışdıq. O isə vəziyyətdən çıxış yolunu zamanı gözləməkdə gördüyünü bildirdi:
“Sponsor yoxdursa, başqa yolumuz qalmır. Sponsorlar olsa, komandaların sayı çoxalar, bizim də ürəyimizcə olar. Bölgə komandalarının sayı artar, azarkeşlər maraqlı oyunlar izləyərlər. Bölgələrə səfər çempionatımızdakı legionerlər üçün də maraqlı gələr. Amma əfsuslar olsun ki, sponsor probleminə görə bu istəklərimiz həyata keçmir. Hər şeyin zamana ehtiyacı var. Yəqin ki, bir gün sponsorlarımız olar və bu aruzlarımız həyata keçər.
Bu məsələ bizim də yaralı yerimizdir. Ancaq neyləmək olar? Bununla razılaşmalıyıq. Bu gün klubların əksəriyyəti Dövlət Neft Şirkətindən kömək gözləyir. Ancaq bu, kiminsə şəxsi şirkəti deyil ki, rəhbərlik hər şeyi öz boynuna götürsün. Ona görə də bu fikir yanlışdır. Dövlət Neft Şirkəti imkan dairəsində həm birinci divizion, həm də Premyer Liqa klublarına kömək edir. Yəqin ki, bir proqram hazırlamaq olar. Bəzi ölkələrdə bu addımlar atılıb. Bəzi şirkətlər vergidən müəyyən dərəcədə azad olsa, bəlkə də klublara sponsorluq edərlər. Bu cür işlərin arxasında da o qədər çirkli əməllər durur ki, onu risk edib, həyata keçirmirlər. Ona görə də, məcburuq ki, hər şeyin öz vaxtını gözləyək”.
Artıq iki ildir ki, Premyer Liqamızda 8 komanda iştirak edir. Heç vaxt bu qədər az komanda ilə keçirilən çempionatımız olmayıb. Ancaq PFL rəhbərinin fikrincə, əsas komandaların sayı deyil, oyun keyfiyyətidir: “1990-cı illərdə klublarımızın sayı çox idi. Gəlin, o komandaların oyunlarına baxaq. İndiki klublarımızın oyun keyfiyyəti onlardan qat-qat yaxşıdır. Keyfiyyətsiz 50 komandadansa baxımlı oyunu olan 5 komanda daha yaxşıdır. Mən klub saxlaya bilmərəm. İmkanım olsa, Premyer Liqaya gəlmək istəyən komandalara kömək edərdim. Ancaq təəssüf ki, edə biləcəyim bir şey yoxdur. Hər bölgənin özünün imkanlı şəxsləri var. Onlar öz vəsaitlərinin bir hissəsin doğulub, boya-başa çatdığı bölgənin klubuna xərcləsələr, nə SOCAR-a ehtiyac olar, nə də başqa bir sponsora”.
Ramiq AĞAMƏMMƏDOV
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb
"Yuventus" onu satmaq istəyir
Dembele Messinin təsirindən danışdı
"Qarabağ" yeni transferini rəsmən açıqladı
"Mən məğlub olmağı sevmirəm" - Robbi Kin
"Bakıya qələbə üçün gəlmişik" - "Ferensvaroş"un futbolçusu
"Nike" "Barselona"ya görə narazıdır
"Real"ın sabiq kapitanı rəsmən "Bayer"də
"Yuventus" onu satmağa hazırdır
"İnter"in müdafiəçisi "Santos"a keçir
Flik ilin ən yaxşısı seçildi
Pikkoli "Fiorentina"ya keçdi
"Çelsi"dən "Borussiya"ya
"Borussiya"dan Niko Kovaçla bağlı qərar - Rəsmi
Nemanya Matiçin yeni klubu açıqlandı
"İmişli" kolumbiyalı futbolçu transfer etdi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Kamilo Duranın “Qarabağ”da oynayacağı təsdiqləndi
"Həddindən artıq soyuqqanlı olmalıyıq" - Qurban Qurbanov
"Arsenal"ın futbolçusu Premyer Liqa tarixinə belə düşdü
"Everton"dan 45 milyonluq transfer
Azərbaycan klubu 19 futbolçusunu göndərdi
"Zirə" Rəşad Sadıqovla 200-cü oyununa çıxdı
Ukrayna millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Son 18 mövsümdə ilk dəfə
Lukas Vaskes bu kluba keçir
"İnter"dən 5 cavabsız qol - Video
Donnarumma yeni klubu ilə razılaşdı
“İnter” mövsümə darmadağınla başladı
Superliqada 3-cü tura yekun vuruldu
Cəlal Hüseynov sona qədər oynadı
Ceyhunun dublu, "Zirə"nin qələbəsi - Video
“Qarabağ” hücum xətti üçün yeni futbolçu aldı
"Zirə"dən əzmkar qələbə
"Atalanta"nın hücumçusu "Beşiktaş"da - Rəsmi
"Şamaxı" yoxlama oyunu keçirdi
Tanınmış hücumçu baş məşqçi oldu
"Qəbələ" - "Zirə": Heyətlər açıqlandı
"İnter"in futbolçusu "Torino"ya keçdi
Coşqun Diniyevin yeni klubu müəyyənləşdi
"Real"dan ayrılmaq istəyir