"Kəpəz”in yarımmüdafiəçisi Namiq Ələsgərovun Qol.az saytına müsahibəsi
- Namiq, zədə səbəbindən uzun müddət futbolsuz qaldın və oyun təcrübənin artırılması üçün icarə əsasında “Kəpəz”ə keçdin. Artıq formanı bərpa etdiyini və “Qarabağ”a qayıtmağa hazır olduğunu demək olar?- “Kəpəz”ə keçidim formamı bərpa etməyimə çox kömək oldu. Buna görə də bu kluba minnətdar olmalıyam. İndi özümü hazır hiss edirəm. İnanıram ki, “Qarabağ”a oynaya bilərəm.
- Artıq mövsümün sonudur. “Qarabağ”a qayıdacaqsan?- Yəqin ki, qayıdacam. Ancaq mənə dəqiq bir söz deyilməyib. Qarşıdakı iki oyundan sonra bu barədə söhbət olacaq. Altı aylıq icarə müqaviləmin müddəti bitir. Hər şey Qurban Qurbanovun qərarından asılıdır.
- İndi “Qarabağ”ın hücum xətti daha güclüdür. Bu çətin rəqabətə hazırsanmı?- Əlbəttə, “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Hücum xəttində çox güclü rəqabət var. Digər mövqelərində də yaxşı futbolçular var.. Bu da futbolçular üçün çox yaxşıdır. Elə həmin rəqabətin nəticəsidir ki, “Qarabağ” bu səviyyədə çıxış edir. Mən də rəqabətə hazıram. “Qarabağ”ın hücum xəttində ötən illə müqayisədə fərq varsa, mən də öz üzərimdə daha çox işləməklə heyətə düşə bilərəm.
- “Kəpəz”in Avropa Liqasına vəsiqə qazandığını demək olar. Komanda Premyer Liqada olduğu kimi Avropada da yaxşı nəticə qazana bilər?
- İnanıram ki, “Kəpəz” yaxşı nəticə qazanacaq. Bunu çox istəyirəm.
- Ancaq “Kəpəz”in ehtiyat qüvvəsi yox dərəcəsindədir.- Açığı, komandanın güclənməsinə ehtiyac var. Ehtiyyat qüvvə yoxdur. Demək olar ki, hər mövqedə bir oyunçu var. Kimsə zədələnəndə Şahin Diniyev üçün çətinlik yaranır. İstədiyi dəyişikliyi edə bilmir. Mövsümün sonunda isə bunun əziyyətini daha çox çəkirik. Eyni futbolçular hər tur əvəzlənmədən oynayanda yorğunluq da öz süzünü deyir. Yəqin ki, dəyişikliklər olacaq. Bir neçə futbolçu gətirilsə, yaxşı olacaq. Uzun müddətdir zədədən əziyyət çəkən Dario Federikonun da qayıdışı “Kəpəz”ə böyük kömək olacaq.
- Bəs “Qarabağ”dan Çempionlar Liqasında nə gözləmək olar?- “Qarabağ” son illər avrokuboklarda yaxşı çıxış edir. İnanıram ki, komanda bu il daha da güclənib. Ona görə də daha yaxşı nəticələrə ümid edə bilərik.
- Özünü də həmin nəticələrin qazanılmasında iştirakçı kimi görürsən?
- Təbii ki, Qurban müəllim istəsə, mən də “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəəcəm. “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışlarında özümü də görürəm.
Ramiq AĞAMƏMMƏDOV