“Bəzi futbolçular sırf özləri üçün oynamaq istəyirlər” - Rui Jorje

“Bəzi futbolçular sırf özləri üçün oynamaq istəyirlər” - Rui Jorje
ÖLKƏ FUTBOLU 6 Oktyabr 2026 / 18:55 687
-  A +

“Hazırda yolun başlanğıcındayıq. Futbolçuların yaxşı fiziki formada olmamaları normaldır. Ona görə də heyətdə dəyişikliklər etdik. Bilirik ki, əksər futbolçular 90 dəqiqə mübarizə aparmaq gücündə deyillər. Mənim futbolçularımdan tələb etdiyim intensivlik çox böyükdür. Düşünürəm ki, indiki məqamda futbolçuların matçın sonlarına yaxın yorğun olmaları normaldır”.

QOL.az xəbər verir ki, bu sözləri yoxlama oyununda (0:0) Yaponiyaya penaltilər seriyasında qalib gələn (5:4) U-20 millimizin baş məşqçisi Rui Jorje deyib. 

Daha sonra portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Heyətdəki futbolçuların əksəri klubların oynamır. Bu məsələ ilə bağlı Premyer Liqa klublarının baş məşqçiləri ilə söhbət aparılmalıdırmı?

- Mən klubların işlərinə müdaxilə edə bilmərəm. Futbolçunun keyfiyyəti varsa, oynayacaq. Oyunçularımızın əksəri əvəzedici heyətdə çıxış edir. Bəziləri isə U-19-da. Onlar əsas komandada çıxış etməyə layiq olduqlarını göstərməlidirlər. Şikayət etməklə iş düzəlmir. Bunu haqq etməlidirlər. 

- Sizcə, onlar bunu haqq edirlər?

- Bəzi futbolçuların keyfiyyəti buna çatır. Lakin dediyim kimi, bunu oyunları ilə sübut etməlidirlər. Burdakı kimi matçlarda özlərini yaxşı tərəfdən göstərsələr, baş məşqçi onlara şans verər. 

- Bundan öncəki Moldova ilə yoxlama oyununda müdafiədə kobud səhvlər var idi. Lakin bu gün eyni hala şahid olmadıq. Qısa zamanda bu səhvləri necə aradan qaldırdınız?

- Düşünürəm ki, Moldova ilə oyunda müdafiədə elə də çox səhvimiz olmadı. Əsasən hücumda səhv edirdik. Bu da rəqibin əks-hücumlar qurmasına gətirib çıxarırdı. Hər iki oyuna nəzər yetirsək, bəli, ötən oyunda səhvlər daha çox idi. Sadəcə sırf müdafiə planında səhvlər etdiyimizi düşünmürəm. Hücuma çıxarkən top itkisinə yol verdik və rəqib də bundan faydalandı.

- Sizi daha çox qol buraxmamaq sevindirir, yoxsa qol vurmamaq məyus edir?

- Hər ikisi qane edir. Mən həmişə oyunçulara da deyirəm ki, hücum planında oyun getmirsə, çalışmaq lazımdır ki, qapını toxunulmaz saxlayaq. Hücuma gedəndə də qorxmaq da lazım deyil. İrəli ürəkli şəkildə atılmalıyıq. 

- İlk gəldiyiniz vaxtla indiki komanda arasında nə dərəcədə fərq var? 

- Hazırda komandanı daha yaxşı tanıyıram. Bəli, futbolçuların keyfiyyəti var. Amma yüksək Avropa səviyyəsində deyil. Bu müddətdə gördüyüm fakt odur ki, normalda futbol kollektiv oyundur. Lakin bəzi futbolçular sırf özləri üçün oynamaq istəyirlər. Çox istərdim ki, futbolçular daha çox kollektiv haqda düşünsünlər. Ad çəkməyi xoşlamıram. Ümumilikdə hər futbolçumun çıxışından razıyam. İstər məşqdə, istər oteldəki davranışları olsun. Demək olar ki, bütün futbolçular özlərini yaxşı tərəfdən göstərir. 

- Bu gün meydanda olan əksər futbolçular U-20-yə qədər əsasən süni meydanda məşq edirlər, yüksək səviyyəli şərait görmürlər. Maraqlıdır, sizin keyfiyyətli hesab etdiyiniz azərbaycanlı futbolçular vətəniniz Portuqaliyada olsaydılar, ulduza çevrilə bilərdilər?

- Bunu demək bir qədər çətindir. Şərait, meydan amili, infrastruktur futbolçulıarın daha çox inkişaf etməsinə kömək edir. Oyunçular bilməlidirlər ki, şəraitləri nə qədər yaxşı olmasa da, hər zaman inkişaf etmək mümkündür. Bu, məşqlərə yanaşmadan, istəkdən asılıdır. 

- Noyabr toplanışı ilə bağlı hansı  planlarınız var? U-21-in heyətində olan, lakin yaşı sizin komandaya düşən Kamara və Lorensoya dəvət göndərəcəksiniz?

- Potensial futbolçuların hər biri nəzərimdədir. Digər tərəfdən də deməliyəm ki, əlimdə olan futbolçuların hər birindən razıyam. Bu futbolçular millidə olduqları hər bir dəqiqəni haqq edirlər. Mənim də məqsədim onların hər birindən maksimum fayda götürməkdir. Məşqlərə ürəklə yanaşanlar gələcəkdə də milliyə dəvət alacaqlar. Unutmayaq ki, biz dünya çempionatına ev sahibi kimi qatılırıq və turnirə vəsiqə əldə edən komandalardan geri qalırıq. Bacardığımız qədər bu fərqi aradan qaldırmalıyıq. 

- Deyə bilərsiniz U-21-dən neçə futbolçu U-20-yə dəvət alacaq?

- U-21-in baş məşqçisi Rəşad Eyyubovla söhbətimizdə o bildirdi ki, Hikmət Cəbrayılzadəni sərəncamında görmək istəyir. Bu səbəbdən də o, bu dəfə bizim toplanışa qatılmadı. Söhbət tək Hikmətdən getmir. Yaşı U-20-yə düşən, lakin U-21-də olan hər bir futbolçu komandamız üçün potensial namizəddir. 

- Əli Bəşirovda yaxın gələcəkdə Avropaya yollanacaq potensalı görürsünüz? Sizcə, o, hansı mövqedə daha faydalıdır?

- Əli Bəşirov çox istedadlı futbolçudur. Hətta avropalı yaşıdlarından belə geri qalmır. Gəldiyim ilk gündən onu bəyənmişəm. Yaşı o qədər önəmli deyil, əsas onun futbolçu keyfiyyətidir. Hər bir futbolçu öz üzərində əzmkar olaraq işləməlidir.

- Qeyd etdiniz ki, bu gün U-20-nin futbolçuları avropalı həmkarlarından geri qalırlar. Maraqlıdır, ən çox hansı cəhətdən geri qalırıq?

- Bütün aspektlərdə. Bəzi komandalar fiziki, digərləri texniki cəhətdən bizdən güclüdülər. Bilirəm ki, dünya çempionatında hansı komandalarla qarşılaşacağıq. Həmin rəqiblər bizim səviyyədə deyillər. Biz sadəcə əzmkarlıq sayəsində bu fərqi aradan qaldırmalıyıq. 

- Bəs işə hardan, nədən başlamaq lazımdır?

- Siz verdiyiniz sual dərindir. Mən buna mətbuat konfransında uzun cavab verə bilmərəm. Qısaca deyim ki, hər şey kütləvilikdən asılıdır. Məsələn, futbolda Portuqaliya Azərbaycandan güclüdür. Lakin Portuqaliyada cüdo Azərbaycandakı kimi məşhur deyil, uğurlar yoxdur.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner