Ronaldo Jezusla gizli razılaşmasını açıqladı - 8 bənddə nə yazılıb?

Ronaldo Jezusla gizli razılaşmasını açıqladı - 8 bənddə nə yazılıb?
DÜNYA FUTBOLU 7 Oktyabr 2026 / 00:22 3314
-  A +

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo son toplanış zamanı baş məşqçi Jorje Jezuşla yaşadığı problemin təfərrüatlarını açıqlayıb.

QOL.az xəbər verir ki, 41 yaşlı hücumçu yaydığı geniş bəyanatda millinin düşərgəsini tərk etməsinə görə məsuliyyəti öz üzərinə götürüb, eyni zamanda buna baş məşqçinin ona verdiyi sözü iki dəfə tutmamasının səbəb olduğunu bildirib.

Ronaldo qeyd edib ki, DÇ-2026-dan sonra milli karyerasını başa vurmağa hazırlaşıb. Lakin Portuqaliya Futbol Federasiyasının prezidenti ondan qərarını dəyişməyi istəyib. Həmin vaxt federasiya rəhbəri Jorje Jezuşun baş məşqçi postuna namizədliyi barədə də onun fikrini soruşub və Ronaldo bu seçimi dəstəkləyib.

Onun sözlərinə görə, Jezuş daha sonra onunla görüşərək millidəki rolunu və oyun vaxtını əvvəlcədən razılaşdırıb. Lakin Norveçlə matç günü məşqçi əvvəlcə Ronaldoya 30 dəqiqə oynayacağını bildirib. Hücumçu isinmə hərəkətlərinə başlasa da, meydana buraxılmayıb:

“Baş məşqçi mənə verdiyi sözü tutmadı. Oyunun sonunda yalnız hər şeyin qələbə ilə bitməsini və tək qalmağı istəyirdim. Azarkeşləri salamlamağa getmədim. Bu, mənim səhvim idi və məsuliyyət tamamilə mənim üzərimdədir. Portuqaliyalılardan və məni görmək üçün stadiona gələn azarkeşlərdən üzr istəyirəm”.

Ronaldo bildirib ki, 48 saat sonra Jezuş və “Əl-Nəsr”in idman direktoru Simao Koutinyo ilə görüş keçirilib. Tərəflər baş məşqçinin mətbuat konfransında baş verənləri izah etməsi barədə razılığa gəliblər. Bu, 8 bəndlik mətn olub. Ronaldonun sözlərinə görə, Jezuş qapalı görüşdə dediklərini mətbuat konfransında təkrarlamayıb:

“Bu, onun mənə verdiyi sözü ikinci dəfə pozması idi. Yeni yerinə yetirilməyən vədləri gözləmədən düşərgəni tərk etmək qərarına gəldim. Mənim üçün insanlar arasındakı münasibətlərdə həqiqət hər şeydən vacibdir”.

Ronaldo milli komandanın düşərgəsini tərk etməsinin yanlış addım olduğunu da etiraf edib:

“Komanda yoldaşlarımdan üzr istəməliyəm. Baş məşqçinin sözlərinə inamımı tamamilə itirsəm də, düşərgəni tərk etməməli idim. Məsuliyyət yalnız mənim üzərimdədir”.

Ronaldo bütün bunlara baxmayaraq, milli karyerasını hələlik başa vurmadığını bildirib:

“Əgər yaxşı fiziki vəziyyətdə olsam, klubumda oynasam və ümid edirəm ki, qollar vursam, mənə verilə biləcək cəzanı çəkdikdən sonra yenə də milli komandamız üçün oynamağa və qələbələr qazanmağa hazır olacağam. Bu, həqiqətdir”.

Ronaldo məşqçinin Danimarka ilə oyun öncəsi mətbuat konfransında səsləndirməli olduğu, amma səsləndirmədiyi,onun özü tərəfindən təsdiqlənən 8 bəndi açıqlayıb:

1. “Mən özüm və başqa heç kim Kriştianoya bu toplanışda milli komandada çıxışı ilə bağlı plan təklif etmişəm. Bu, uzun və çox yaxşı söhbət idi”.

2. “Onun milli komandanı nə qədər çox sevdiyini, dünyada hansı nüfuza sahib olduğunu və ən əsası, ardıcıl 24 il ərzində milli komandaya göstərdiyi müsbət təsiri bilirəm”.

3. “Kriştianoya təklif etdiyim plan qəbul edildi”.

4. “O, mənim qərarlarıma heç vaxt etiraz etməyib. Özünü nümunəvi, sadiq və peşəkar şəkildə aparıb”.

5. “Norveçlə oyun onun üçün hazırladığım plana daxil deyildi. Ancaq ilk matçdan sonra fiziki cəhətdən bərpa olunduğunu hiss etdim və ona bildirdim ki, bəlkə də ondan istifadə etməli olacağam. Kriştiano bununla razılaşdı”.

6. “Pele və ya Maradona səviyyəsində olan futbolçunu isinməyə göndərib, sonra meydana buraxmamaqla səhv etdim. Bu gün olsaydı, belə etməzdim”.

7. “Mövzunu bağlamaq üçün deyirəm: Kriştianonun milli komandada olmasını istəyirəm. Əslində, bunu çox istəyirəm. Xoşbəxtlikdən, o da mənə inanır. “Əl-Nəsr”də mənə inanırdı, burada da inanır”.

8. “Azarkeşləri salamlamamasına gəlincə, biz bunu artıq müzakirə etmişik. Milli komandada 230-dan çox oyun keçirən bir insanın Portuqaliyaya sevgiylə bağlı mənim dərsimə ehtiyacı yoxdur. Bu, sadəcə məyusluq anı idi və heç nəyi silib atmır”.

Ronaldo bildirib ki, bu bəndlərin heç birində baş məşqçinin ondan üzr istəməli olduğu qeyd edilməyib:

“Bu, onun mənə verdiyi sözü ikinci dəfə pozması idi. Mən də yeni yerinə yetirilməyən vədləri gözləmədən düşərgəni tərk etmək qərarına gəldim. Mənim üçün insanlar arasındakı münasibətlərdə həqiqət hələ də ən vacib məsələdir. Nə qədər ağrılı olsa da, mənə həqiqətin deyilməsini istəyirəm”.


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner