"Millimizdəki inkişafı danmaq olmaz" – Böyükağa Hacıyev
AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
- Milli komandamız "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya və Malta ilə qarşılaşdı. Xorvatiya ilə heç-heçə yaxşı mənada gözlənilməz oldusa, komandamızın Maltaya qalib gələ bilməməsinə üzüldük. Bu görüşlər haqda və millimizin hazırkı durumu ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Şəxsən mən millimizin hər iki oyununu qənaətbəxş hesab edirəm. Unutmayın ki, Malta ilə səfərdə oynayırdıq. Mən həmişə həqiqəti demişəm. Hiss olunur ki, Robert Prosineçkinin gəlişindən sonra komandada canlanma var. Bunu olduğu kimi qəbul etmək lazımdır. Millimizdəki inkişafı danmaq olmaz. Prosineçki çalışır ki, azərbaycanlılardan ibarət komanda yaratsın. Əvvəllər heyətdə Subaşiç, Çertaqanov və başqa legionerləri görürdük. Bu gün isə milliləşdirilmiş legioner ancaq Dmitri Nazarovdur. Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov kimi oyunçular isə neçə illərdir ki, Azərbaycan futbolu üçün tər tökürlər. Artıq onlar da azərbaycanlıdır. Bundan başqa komandamızda istək artıb. Bunlar elə-belə olmur. Hamısı məşqçinin motivasiyası sayəsində yaranır. Həmçinin, artıq komandamızın qol vurmaq üçün can atdığını görürük, hamısı müdafiədə oynamır. Düzdür, mən də sizin kimi Xorvatiya ilə oyundan sonra komandamızın Malta səfərindən qələbə ilə qayıdacağını gözləyirdim. Ancaq unutmayın ki, futbol sürprizlər oyunudur. Heç kim deyə bilməz ki, "Barselona" istədiyi oyunu udar. Azərbaycan futbolu yeddi illik fasilədən sonra öz oyununa qayıdır.
- Siz də komandamızın ardıcıl üç oyunda xal qazanmasını baş məşqçinin bacarığı ilə bağlayırsınız?
- Komandada görülən bütün işlərin memarı baş məçqçidir.
- Maltaya qalib gələ bilməməyimizin səbəbəni nədə görürsünüz?
- Yəqin ki, Malta il boyu Azərbaycanla oyunu gözləyib. Bilirlər ki, ancaq bizdən xal ala bilərlər. Buna görə də yaxşı motivasiya olublar, komandamızı hərtərəfli analiz ediblər. Hətta bizim üçün İtaliya və Xorvatiyaya qarşı müqayisədə Malta ilə oynamaq daha çətindir. Gəlin, etiraf edək ki, Malta ilə səfərdə heç-heçə etmək bizim üçün pis nəticə deyil. Ən əsası odur ki, aktivimizə xal yazdıq.
- Yığmamızla heç-heçə və Norveçə məğlubiyyətdən sonra Xorvatiya millisinin baş məşqçisi Niko Kovaçın vəzifəsindən göndəriləcəyi deyilir. Xorvatiya mətbuatı milləyə ən real namizədlərdən biri kimi Robert Prosineçkinin adını yazıb.
- Futbolu yorğan altda gizlətmək olmaz. Bu gün hansı məşqçi işləyirsə, onu qeyd etmək lazımdır. Bəli, Prosineçki Xorvatiya millisinə ən layiqli namizədlərdən biridir. Ancaq onun millimizlə iki illik müqaviləsi var. Xorvatiya Prosineçkini istəyirsə, bu, bizim üçün müsbət haldır.
- U-21 millimiz "Avro-2017"nın seçmə mərhələsində ardıcıl iki oyundur ki, böyük hesabla uduzur. Sizcə, ssas yığmamızın bazası olan bu komandamızın uğursuz çıxışları nədər irəli gəlir?
- U-21 millisi elədir ki, burada baş məşqçinin edə biləcəyi çox şey yoxdur. Əsas komandaya dəvət alaraq oradakı mükafatları görən futbolçular yenidən U-21-də oynaya bilmir. Bu, böyük şərtdir. Yaşar Vahabzadə və Babək Alxasov uzun illər U-21 millisində çalışıb. Onlar da çox çalışırlar ki, nəticə versinlər. Ancaq bu gün komandamız Almaniya qarşısında acizdir. Hətta son oyunda rəqib iki penaltidən yararlana bilmədi. Almaniya kimi rəqibə qarşı başabaş mübarizə aparmaq üçün bizə illər lazımdır. Heç kim deyə bilməz ki, mən U-21 komandası ilə tez bir zamanda nəticə qazanaram. Bu komandanın dilini ən yaxşı bilən elə Yaşar Vahabzadə və Babək Alxasovdur. Darıxmayın, U-21 millimizdə də nəticə olacaq.
- "Qarabağ" və "Qəbələ"dən Avropa Liqasının qrup mərhələsində nə gözləyirsiniz?
- Hər iki komandamızdan böyük uğurlar gözləyirəm. Bunlar vaxtilə mən yazdığım tarixin davamçılarıdır. Artıq vaxt çatıb ki, qrup mərhələsindən də çıxaq. Yeni tarix yazmaq lazımdır. Çünki bu tarixi mən yazmışam.
- Çətin rəqiblərlə mübarizədə bunu bacarmaq mümkündür?
- Niyə də mümkün olmasın? Həmişə demişəm ki, məşqçi qorxaq deyilsə, heç bir rəqib keçilməz deyil. Məşqçi öz kreslosundan qorxmamalıdır.
- Sonda bilmək istərdik ki, Premyer Liqamızın hazırkı səviyyəsi sizi qane edir?
- Xeyr, çempionatın səviyyəsi çox aşağı düşüb. Əvvəlki illərdə çempionluq
uğrunda 7-8 komanda mübarizə aparırdısa, indi yalnız "Qarabağ"la "Qəbələ" birincilik uğrunda yarışır.
- Bəs "Neftçi"?
- "Neftçi" haqda çox danışmaq fikrim yoxdur. Görünən kəndə nə bələdçi? "Real"a, "Barselona"ya gəncləşdirmə siyasəti lazım deyil. O cümlədən də "Neftçi"yə. "Neftçi" ölkənin flaqmanıdırsa, bu komandanı necə gəncləşdirmək olar? "Neftçi" hökmən heyətinə yenidən nəzər salmalıdır. Əks halda onlara çox çətin olacaq.
Ramiq AĞAMƏMMƏDOV