Azərbaycan millisi DÇ-2026-da - Reallıqlar, problemlər...

Azərbaycan millisi DÇ-2026-da - Reallıqlar, problemlər...
MEDİA 5 Sentyabr 2025 / 13:55 1105
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Bu gün Azərbaycan millisi futbol üzrə dünya çempionatı-2026-nın seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Fernandu Santuşun baş məşqçilik etdiyi komanda D qrupunda İslandiyanın qonağı olacaq.

Yığmamız bu görüşdən 4 gün sonra isə Tofiq Bəhramov adına Respublika Stadionunda Ukraynanı qəbul edəcək.

Millimizin qrupdakı digər rəqibi isə DÇ-2018-in qalibi, DÇ-2022-nin finalçısı Fransadır. Azərbaycan millisinin rəqiblərinə nəzər saldıqda komandamızı çətin oyunlar gözlədiyini görürük. Bəs, millimiz bu mübarizəyə hazırdırmı?

Azərbaycanın Əməkdar məşqçisi, millimizin sabiq çalışdırıcısı Ağasəlim Mircavadov QOL.az saytına yığmamızın hazırkı durumu, DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi oyunlar, yığma üçün görülməli olan işlər haqda danışıb.

O, əvvəlcə yığmanın heyətindən, futbolçuların hazırlığından söz açıb: "Yaxşı mövzudur. Amma bir məsələ var ki, bu işi 1 günə, 1 aya, 1 ilə həll etmək olmaz. Birincisi, milliyə oyunçular klublardan gəlirlər. Əvvəllər bu mövzuya çox yaxşı yanaşırdılar. Millinin çalışdırıcısı klubların baş məşqçiləri ilə tez-tez görüşürdü. Klublarda jurnal hazırlanırdı. Millinin üzvləri öz klublarında neçə dəqiqə, necə oynayırlar, hamısı qeyd edilirdi. Təlim-məşq prosesi olanda da futbolçu həmin jurnalı aparıb millinin baş məşqçisinə təqdim edirdi. Məşqçilər də bilirdilər ki, futbolçuda hansı detallara diqqət yetirmək lazımdır. Mən özüm "Neftçi"də baş məşqçi olanda da indiki kimi deyildi".

O, millinin baş məşqçisinin klublardakı həmkarları ilə mütəmadi əlaqə saxlamasının lazım gəldiyini deyib: "Berti Foqts milliyə gələndə mən onunla söhbət etdim. Bu məsələni qaldırdım. Dedi ki, yox, telefonla danışarıq. Təlim-məşq toplanışları olanda mən ona zəng vururdum. Öz oyunçularım haqda danışırdım. Lənkəran 1-2 dəfə gəlmişdi. Amma Bakıda olanda tez-tez oyunlara gəlirdi. Yəni, işi baş məşqçi qurmalıdır. Klubların baş məşqçiləri ilə görüşməlidir. İstər əcnəbi olsun, istər yerli, fərqi yoxdur, klub məşqçiləri ilə sıx əlaqədə olmalıdır. İkincisi, hansı klublardan oyunçular gəlirsə, onlar barədə klubun baş məşqçisinə informasiya verməlidir. Mütləq ünsiyyət olmalıdır. Ünsiyyət olmayan yerdə iş də görülmür".

A.Mircavadov Misli Premyer Liqasında legioner limitinin aradan qaldırılmasının da milliyə təsirsiz ötüşməyəcəyini vurğulayıb: "İndiki dövrdə legioner limiti də aradan qaldırıldı. Vəziyyət gərgin olacaq. Yerli futbolçularda oyun çatışmazlığı yaranacaq. Millinin yeni açıqlanan heyətinə baxdıqda görürsən ki, futbolçuların bir çoxu öz klublarında 1 matça çıxıblar, bəlkə də heç oynamayıblar. Biz istəyirik ki, Avropada nə qayda qoyulubsa, tez onu edək. Amma edə bilmirik axı. Çünki buna hazır deyilik".

A.Mircavadov milliyə futbolçu verən klublarımızın infrastruktur probleminə də toxunub: "Klublar, infrastruktur hazır deyil. Azərbaycanda 2 klubun infrastrukturu əladır. Biri "Qarabağ"dır, o biri də "Neftçi". Digərlərinin heç nəyi yoxdur. Hətta oteldə qalırlar. Hazırkı dövrdə futbol inkişaf edir. Biz o inkişaf yolunu tutmalıyıq. Heç olmasa, 30-40 faiz məsələləri klubda düzəltməliyik. Uzağa getməyək, ovaxtkı "Qarabağ"la indiki "Qarabağ" arasında yerlə göy arası fərq var. Əvvəllər "Qarabağ"da keyfiyyətli oyunçular olsa da, infrastruktur inkişafa imkan vermirdi. Söhbət bundan gedir. Mən futbolçuları səhər yığırdım, axşam evə buraxırdım. "Xəzər Lənkəran"da da, "Neftçi"də də, "Şəmkirdə də bunu etmişəm. Hazırda "Qarabağ", "Neftçi"də infrastruktur əladır, bu işlə məşğuldurlar. İnfrastruktur futbolçuların inkişafının 50 faizini təşkil edir. İndiki halda bizdə bunlar yoxdur. Nə edək?

Santuş bura gələndən sonra klubların baş məşqçilərini toplamalı idi, öz fəlsəfəsi, taktikası haqda danışmalı idi. Ola bilər ki, hansısa klubun oyununa gedir. Bu fərqli şeydir. Amma ümumilikdə bütün klublar toplananda nəsə əldə etmək olar".

A.Mircavadov A millizlə yanaşı U-21-ə də çox diqqət ayrılmalı olduğunu qeyd edib: "Bəli, indi üzdə olan futbolçular milliyə dəvət alıb. Amma bir şey var ki, biz U-21 yığmamızı unuduruq. Əvvəlki baş məşqçi Samir Əliyev də əziyyət çəkirdi. Futbolçuları 1-ci liqadan, əvəzedicilər liqasından çağırırıq. Mən U-21 millimizlə Belarusa səfər etdim heyətdəki futbolçulardan cəmi 1-2-si öz klubunda əsas komandada oynayır. Qalan hamısı əvəzedicilərdəndir. Biz binanı aşağıdan yuxarı yox, yuxarıdan aşağıya tikirik".

O, Azərbaycan millisinin rəqiblərinin hazırkı durumuna da diqqət çəkib: "Gəlin belə danışaq, biz öyrəşmişik ki, rəqiblər bizə uyğun komandalar olsunlar. Başqa yığmalar da Azərbaycanla qarşılaşmaq istəyirlər. Zəif rəqib yoxdur. Biz özümüzü hazırlamalıyq. Ən zəif rəqib saydığımız Andorra, Malta da inkişaf edir. Biz özümüzü düşünməliyik. İslandiyanın yaxşı futbolçuları xarici klublarda çıxış etdilər, yığmaları da 2018-ci ildə dünya çempionatında oynadı. İndiki dövrdə də İslandiya istəyir ki, dünya çempionatına yaxınlaşsın. Fikirləşirlər ki, bizimlə oyunlarda 6 xal qazanmalıdırlar. Oyuna gəldikdə, asan olmayacaq. İslandiya millisi güc futboluna üstünlük verir. Uzun ötürmələrlə oynayırlar. Bizdə isə bunun əksidir, topla oynamağı daha yaxşı bacarırıq. Adətən belə komandalara qarşı oyunlarda çətinlik çəkirik. Ukraynaya gəldikdə isə müharibə ola-ola futbola davam etdilər. Orada həmişə futbol olub, olacaq da. Onların futbolçuları güclü klublarda oynayırlar. Ukrayna da bizim üçün çox ciddi rəqibdir. Fransa haqda isə heç danışmağa ehtiyac yoxdur. Biz nə edə bilərik? Elə bir sistem qurmalıyıq ki, bizim futbolçularımız oynaya bilsinlər. İstəkdən danışmıram. Hərdən deyirəm ki, istək olmalıdır. Sonra da deyirəm ki, peşəkar futbolda istək sözü yoxdur. Bu, onun işidir. Öz işlərini gülə-gülə görməlidirlər. Bəzən başqa ölkələrin komandalarının oyunlarına baxırsan, qayda pozulanda belə futbolçular gülürlər. Onlar bununla istirahət edirlər. Biz belə şeylərə öyrəşməmişik. Meydanda kollektiv olmalıdır. Kollektiv məşqçilərə, məşqçilər də futbolçulara inanmalıdır. Rəqiblər güclüdürlər. Oynamaq olar. Amma necə? Hazırsan, ya yox. Bu da yenə məsələni çempionatımıza, futbolçulara gətirib çıxarır".

A.Mircavadov bildirib ki, artıq millimizin baş məşqçisi Fernandu Santuşun qarşısına daha çox tələb qoyulmalıdır: "Fernandu Santuşun müqaviləsi 2028-ci ilə qədərdir. O ilə qədər bir komanda olmalıdır, ya yox? Düzdür, 1-2 aya komanda yığmaq olmur, illər lazımdır. Ən çox Berti Foqtsa vaxt verdilər. İndi Santuşa da 2028-ci ilə qədər zaman veriblər. Artıq Santuşa deyə bilmərik ki, sən Azərbaycan futbolunu bilmirsən. Çünki necə vaxtdır buradadır, oyunları izləyir. Ola bilər ki, məşqçilərlə də söhbət edib. Bilmirəm, məlumatım yoxdur. Fernandu Santuşdan tələb daha çox olmalıdır. Əgər biz 2028-ci il Avropa çempionatına vəsiqə qazanmaq istəyiriksə, indidən tələblərimizi ortaya qoymalıyıq. Uğur qazanmaq üçün futbolçular bilməlidirlər ki, harda, kiminlə oynayırlar".

O, sonda yığmada milliləşdirilən futbolçuların sayının azalmasına da toxunaraq bunun müsbət məqam olduğunu deyib: "Milliləşdirilən futbolçuların sayı azalıb. Mən Azərbaycan köklü oyunçuların milliyə dəvət olunmağının əleyhinə deyiləm. Əlbəttə ki, bu ölkəni istəyirsə. Başqa millətdən olan futbolçuları milliləşdirmək olmaz. Bu halda yerli futbolçularımızın yolunu kəsirik. İndi yaxşıdır ki, öz futbolçularımız oynayacaq”.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər