Medianın İnkişafı Agentliyinin layihəsi
Ötən həftə avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirdi. Komandamız ilk oyunda 0:0 hesablı heç-heçə etdiyi “Bazel”lə səfərdə mübarizə apardı. Təəssüf ki, Ağdam təmsilçisi İsveçrədə 0:3 hesabı ilə uduzdu. Lakin bu nəticəni tam olaraq futbolçularının hesabına yaza bilmərik. Çünki təmsilçimiz son dəqiqələrə kimi bütün heyəti ilə irəli atılaraq rəqibini məyus etməyə çalışdı. Amma görüşün start fitindən etibarən “Bazel”in cərimə meydançasından qapı xəttinə qədər sanki dəmir sədd çəkilmişdi. Dəmir sədd deyəndə ağlınıza heç də bu komandanın güclü müdafiə xətti gəlməsin. Bu səddi əslində özünü “Bazel”in 12-ci oyunçusu kimi aparan baş hakim Fran Yoviç və onun köməkçiləri çəkmişdi. Sözügedən referi oyunun 2-ci dəqiqəsində Abdullah Zubirin zərbəsindən sonra topun qapı xəttini 1 metrdən çox məsafədə keçməsinə baxmayaraq, komandamızın vacib və təmiz qolunu qeydə almadı. Qrupda iki eyni xalı olan komandanın oyununda belə vacib bir qolu necə qeydə almamaq olar?
Baş məşqçi Qurban Qurbanovun oyun sonrası mətbuat konfransında söylədiyi kimi, insanda necə ürək olmalıdır ki, bu qərarı versin: "Ümumiyyətlə, təkcə bizim yox, bəzi oyunları təhlil etmişəm. Həqiqətən də, reytinqi aşağı olan komandalara yuxarıdan baxırlar. Sanki digər komandaya daha çox simpatiya bəslənilir. Dəfələrlə şahidi olmuşuq. İnsanda necə ürək olmalıdır ki, bu qərarı versin? Bəlkə yeni turnir olduğu üçün burada VAR və "Goal line" sistemi tətbiq olunmayıb. Ancaq sanki hakimlər bundan istifadə edirlər. Bunu görməmək, qolu saymamaq... Gedişata baxanda hər şey tam əksinə olmalı idi. Qolumuz sayılsaydı, bizdə olan boşluqlar rəqibdə yaranacaqdı. Sadəcə, onların vicdanına buraxıram. Dəfələrlə demişəm ki, insanların haqlarını bu dərəcədə yemək olmaz. Yenə də ruhdan düşmürük, “sınmırıq”. Əksinə, onlara qarşı daha çox mübarizə aparacağıq. Çünki dəfələrlə başımıza gələn hadisədir. Bu olaylar bizi futboldan iyrəndirə bilməz. Əksinə, bizə daha çox güc verir. Sadəcə, futbolçuların əziyyəti yerdə qalır. Azarkeşlərimizin də istəyi, arzusu var. Bəlkə də, bizə yuxarıdan aşağı baxırlar. Amma başımızı dik tutub gəzirik”.
Bu cür əhəmiyyətli görüşdə erkən qolun sayılmaması matçın taleyini həll etdi. “Qarabağ”ın təmiz qolunu qeydə almayan Fran Yoviç daha sonra “Bazel”in 3 qolunu tabloya yazdırmağı bacardı. Lakin Qurban Qurbanovun da vurğuladığı kimi, “Qarabağ” ilk dəfə deyil ki, avrokuboklarda belə haqsızlıqlarla üzləşir. Hələ 2014-cü ildə - komandamız ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə apararkən sonuncu turda – “İnter”lə oyunda Ağdam təmsilçisini növbəti mərhələyə çıxaracaq qolu baş hakim Miroslav Zelinka görmək istəməmişdi. 90+ dəqiqələrdə Riçard Almeydanın çarəsiz, lakin məğrurcasına, son gücünü toplayıb, zərbə endirib, yıxılmasından sonra bütün stadionun, hətta “İnter” futbolçularının qola reaksiya verməsinə baxmayaraq, Zelinka özünü bir iflic, hissiyatsız şəxs kimi apardı. Beləliklə, bir referinin kobud səhvinə görə “Qarabağ” haqsızlığa məruz qalaraq, mübarizəsini qrup mərhələsində dayandırmışdı. Bu hadisədən sonra isə Prezident İlham Əliyevin “Qarabağ”ı qəbul etməsini və komandanın ünvanına xoş sözlər söyləməsini xatırlayaq. Həmin vaxt ölkə başçısı “Qarabağ”la söhbətində belə bir ifadə söyləmişdi: “Qələbələriniz əlinizdən vicdansızcasına alındı”.
Xüsusi qeyd edilməlidir ki, Prezident İlham Əliyev “Qarabağ”a qarşı budəfəki haqsızlıqdan sonra da komandaya mənəvi dəstəyini göstərdi. Dekabrın 13-də o, “Qarabağ”ı qəbul etdi (ümumən 3-cü dəfə). Prezident həmin görüşdə komandanı Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazandığına görə təbrik etməklə yanaşı hakimin “Bazel”lə görüşdə kobud səhvə yol verdiyini vurğuladı:
“Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Əlbəttə, biz səkkizdəbir oyuna birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz. Eyni zamanda, bu, birinci dəfə deyil ki, “Qarabağ” futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir. Əvvəlki illərdə də dəfələrlə buna rast gəlmişik. Bu dəfə qrup mərhələsində dəfələrlə buna rast gəlmişik. 2014-cü ildə həlledici oyunda son dəqiqələrdə vurulmuş təmiz qolu hakim saymadı və beləliklə, sizi növbəti mərhələdən mərhum etdi. O vaxt səhv etmirəmsə Zelinka familiyalı çexiyalı hakim belə bir biabırçı addım atmışdır. Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünki bu, Avropa turniridir. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətlərarası turnir deyil. Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur? Bu korları necə yığıb doldurublar buraya?! Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsaydı, iki dəfə olsaydı deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir.
Mən ümid edirəm ki, UEFA bu problemin aradan qaldırılması üçün əməli addımlar atacaq. Ümid edirəm ki, bu biabırçı hallara yol verən hakimlər cəzalandırılacaq. Əks təqdirdə, əgər onlara qarşı hər hansı bir cəza tədbiri tətbiq olunmasa, deməli, növbəti dəfə də biz bunun şahidi olacağıq. Növbəti dəfə də sizi haqlı qələbədən məhrum edəcəklər. Növbəti dəfə ədalətsizlik, ikili standartlar, ayrı-seçkilik davam edəcək".
Bundan əlavə, ölkə başçısı “Qarabağ”ın uğurlarına görə kluba 5 milyon manat vəsait ayırıb.
Təəssüf ki, hakim haqsızlıqları hamımızı kədərləndirsə də, hazırda bizi daha çox məyus edən bir şey var: “Qarabağ”a qarşı belə hallar davam edir, ardı-arası kəsilmir.
Klubun 2017/18-ci illər mövsümündə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmasını xatırlasaq, sevinərik. Amma həmin oyunların bir neçəsində komandamızın qarşılaşdığı hakim haqsızlıqlarını düşünsək, qəlbimiz sızlayar. “Qarabağ”ın “Çelsi” ilə ev oyununda nəhəng rəqibi ilə layiqli mübarizəsi ilə hakimin dəridən-qabığdan çıxaraq, İngiltərə klubuna kömək etməsini eyni matça sığışdıranda adamın tükləri lap biz-biz olur. Portuqaliyalı hakim Manuel de Souzanın kapitan Rəşad Sadıqovu qırmızı vərəqə ilə cəzalandırmasını, qapımıza təyin etdiyi penaltiləri, sarı vərəqələrini, hər saniyənin başında təmzilçimizə qarşı fit çalmasını nə adlandırmaq olar, ona da siz qərar verin. Axı, bir hakimin “Qarabağ”a qarşı bu cür istəkli qərarlar verməsinə nə səbəb ola bilər? Zelinka, Yoviç, De Souza kimi referilər qapımıza qol vurmasalar da, qol vurulması üçün hər cür şərait yaradırlar.
İnanaq ki, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində keçirəcəyi oyunlarda da rəqib meydana 12-ci oyunçu ilə çıxmayacaq.
Nur ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi