"Məndən sonra “Neftçi”yə gələcək məşqçi ya Mourinyo, ya da Qvardiola olmalıdır"

"Məndən sonra “Neftçi”yə gələcək məşqçi ya Mourinyo, ya da Qvardiola olmalıdır"
MÜSAHİBƏ 11 May 2015 / 18:35 10600
-  A +

AFFA Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi

- “Neftçi” son vaxtlar uğursuz çıxışları ilə əsas müzakirə mövzusuna çevrilib. Keçmiş komandanızın bu vəziyyəti haqda nə deyə bilərsiniz?

- Bildiyimə görə, “İnter”ə məğlubiyyətdən sonra üç yerli futbolçu komandadan uzaqlaşdırıb. Onlardan “Neftçi”yə ən son gələni Rauf Əliyevdir. Rauf Azərbaycanın adlı-sanlı, öz sözünü deyən oyunçularındandır. Çox keyfiyyətli hücumçudur. Mirhüseyn Seyidovla Elvin Yunuszadə isə Milan “İnter”i, “Rubin” və “Partizan” kimi komandalara qarşı Avropa Liqasında çıxış ediblər. Məncə, “Neftçi”də motivasiya əvvəlki qaydada deyil. Problem bundadır. Arif Əsədov ağıllı məşqçidir. Onun köməkçiləri də təcrübəlidir. Ola bilər ki, məşqçi ilə futbolçular arasında problem var.

- Sizin dövrünüzlə müqayisədə komandada nə dəyişib?

- Mən bu komanda ilə üç cəbhədə - Azərbaycan Premyer Liqası, ölkə kuboku və Avropa Liqasında mübarizə aparmışam. Onda da komandanın aparıcı üzvləri bu uşaqlar idi. Məndən sonra elə böyük dəyişiklik olmadı. Elnur Allahverdiyev gətirildi və altı aydan sonra göndərildi. Bu gün Rauf Əliyevi yola salırlar. Əgər komandada sabit heyət yoxdursa, yaxşı futboldan söhbət gedə bilməz. Ən başlıcası isə məşqçinin nüfuzu olmalıdır. Futbolçu məşqçini görəndə özünü yığışdırmırsa, deməli, orda nəticə qazanmaq çətin olar.

- Nə çatışmır “Neftçi”də?

- Hər şeydən əvvəl komandada istək yoxdur. Komanda meydançaya qələbə əzmi ilə çıxmırsa, uğur gözləmək boş söhbətdir. Bax, bunun üzərində işləməlidirlər. Gündə heyət dəyişməklə komanda yaratmaq mümkün deyil. “Qarabağ” beş il bir heyətlə oynadı və axırda çempion oldu. Bu gün “Neftçi” hazır komandadır. Sadəcə, futbolçular fiziki cəhətdən çox geri qalırlar.

- Deməli, bir problem də fiziki çatışmazlıqla bağlıdır?

- Bəli, futbolçuları fiziki cəhətdən hazırlayanın özü ilə məşğul olmaq lazımdır. “Neftçi”nin oyununa baxanda aşkar hiss olunur ki, komanda fiziki cəhətdən çatdırmır. Bir şeyi də əlavə edim. Məndən sonra “Neftçi”yə baş məşqçi gələn insan özünü alovun içinə atır. Çünki sonuncu dəfə Avropa Liqasının “pley-off”una yüksəlməyimizi də nəzərə alsaq, “Neftçi”də altı nəticə qazanmışam. Belə nəticələri olan komandaya gələn məşqçi gərək ya Mourinyo ola, ya da Qvardiola.

- Premyer Liqanın son turunda “Neftçi” “İnter”ə 0:4 hesabı ilə uduzdu. Həmin oyunda azarkeşlər istefa şüarları səsləndirdilər. Həmçinin, azarkeşlər Sadıq Sadıqovun və sizin yenidən “Neftçi”yə dönməyinizi tələb edirdilər. “Neftçi”yə qayıtmağınız mümkündürmü?

- Deməli, “Neftçi”də lazımınca iz qoyub çıxmışıq. Kütlə mənim adımı çəkirsə, bu, mənim üçün milyonlara dəyər. “Neftçi”yə qayıtmağıma heç inanmıram. Müşahidə Şirasının sədri Çingiz Abdullayevin yazan əllərinə böyük hörmətim var. Ancaq futbolda özünü necə göstərəcək, bunu bilmirik. Ancaq Sadıq Sadıqov futbolda öz sözünü deyib və gedib.

- Yaxın zamanlarda yenidən məqçiliyə başlamaq istədiyinizi demişdiniz.

- Bəli, bildirmişdim ki, Məşqçilər Komitəsində müvəqqətiyəm. Bu yaxınlarda PRO kateqoriyasının imtahanını verdim. Ola bilər ki, ölkəni tərk edim. Xarici klublarla da danışıqlar gedir. Artıq bu, reallıqdır. Əgər Azərbaycanda adlı-sanlı klubdan təklif alsam, birinci onun üzərində işləyəcəm.

- Hansı ölkələrdə çalışa bilərsiniz?

- İran və Rusiyada.

- Sonda “Neftçi” və “Qarabağ” arasında keçiriləcək kubokun final oyunu haqda proqnozunuzu öyrənək...

- Məncə, Qurban Qurbanov “qızıl dubl”u əlindən buraxmaz. Onu da deyim ki, “Qarabağ”ın da oyunu son vaxtlar mənə xoş gəlmir. Komanda sanki gəzə-gəzə futbol oynayır. Ola bilsin ki, futbolçular yorğundur. Çünki onlar bu mövsüm çox iş gördülər.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
22.04.25  14:50

"Liverpul"dan gedir