"Meydanda təkcə "İnter" var idi" – Coşqun Diniyev

"Meydanda təkcə "İnter" var idi" – Coşqun Diniyev
MÜSAHİBƏ 9 May 2015 / 15:50 6101
-  A +

Azərbaycan Premyer Liqasının 33-cü turunda evdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gələn "İnter"in futbolçusu Coşqun Diniyev Qol.Az saytının suallarını cavablandırıb.

Qol.Az-ın məumatına görə, gənc futbolçu komandasının böyükhesablı qələbəsi, çempionluq şansı və gələcək karyerası haqda danışıb.




- "Neftçi" ilə vacib görüşdə böyükhesablı qələbə qazandınız...

- Tabloda hesabın 4:0 olmasına baxmayaraq, oyun bizim üçün çətin keçdi. Belə olacağını bilirdik. Çempionluq yolunda son dörd oyunumuzda maksimum nəticə götürməliyik ki, “Qarabağ”la başabaş mübarizə aparaq. Oyundan əvvəl “Qarabağ”ın xal itirməsindən məlumatımız var idi. Bu da bizə əlavə motivasiya verdi. Çalışırıq sona qədər mübarizə aparaq. 

-Bu oyunda 4:0 hesabı ilə qalib gələcəyinizi gözləyirdin?

- Bizim əsas məqsədimiz qələbə qazanmaq idi. Hesabın fərqi yoxdur. Amma 4:0 hesabı bizim üçün gözlənilməz oldu. Gözlənilməz olması da oyundan əvvəlki fikirlərimizlə bağlı idi. "Neftçi" ilə oyunda sanki meydanda təkcə “İnter” var idi.

- “İnter”in çempionluq şansını necə dəyərləndirisən?

- Çempionluq şanslarımız daha da yüksəldi. Son tura kimi mübarizə aparacağıq. Artıq hər şey öz əlimizdədir. ”Qarabağ”la 6 xal fərqimiz var. Lakin biz bir oyun az keçirmişik. “Qarabağ”la oyunda hər şey həll olunacaq. Ümid edirəm ki, qələbə qazancağıq.  

- Hazırda “İnter” maliyyə cəhətdən problemlər yaşayır. Bu vəziyyət sənin komandadakı gələcək karyerana təsir edəcəkmi?

- Bu haqda mövsümün başa çatmasından sonra danşmaq olar. Mayın sonlarında müqaviləmin müddəti bitir. Mənim üçün birinci seçim yeri təbii ki, “İnter” olacaq. Artıq on üç ildir ki, buradayam. “İnter”lə oturub danışacağıq. Razılığa gəlsək, “İnter”lə müqavilə bağlayacağıq. Xaricdə oynamaq imkanım olsa, bunu dəyərləndirməyə çalışacam.

- Oyunun hakimləri haqda nə deyə bilərsən? Matçda iki qırmızı vərəqə və iki penalti epizodu oldu...

- Demək olar ki, həm qırmızı vərəqələrdə, həm də penalti epizodlarında hakim haqlı idi. Penalti epizoduna yaxın idim. Məncə, hakim düzgün qərar verdi.

- Bu görüşdə qırmızı vərəqə alan qapıçı Səlahət Ağayev "Qəbələ" ilə oyunu buraxacaq. Onun yoxluğunu "İnter" üçün ciddi itki saymaq olar?

- Səlahət komandanın kapitanıdır. Təbii ki, kapitanın olmaması bizim üçün ciddi itkidir. Səlahət və ya mən olmasam da, “Qəbələ” ilə oyunda “İnter” meydana çıxıb qələbə qazanacaq. Çempionluq iddiamızı davam etdirmək üçün həmin görüşdə qalib gəlməliyik.

- Türkiyənin “Kasımpaşa” klubunun səninlə maraqlandığı xəbərləri yayıldı. Bu, nə dərəcədə doğru məlumatdır?

- Mən bu məsələlərdən kənarda qalmağa çalışmışam. “Kasımpaşa” ilə bağlı fikirlərimi atama həvalə etmişəm. Ona demişəm ki, Türkiyə klubu ilə danışıq olsa belə, bunu mənə çempionat vaxtı bildirməsin. Mövsüm başa çatdıqdan sonra bütün seçimləri atamla götür-qoy edib, qərara gələcəyik. Mən "İnter"in yetirməsiyəm. Məni futbolçu edən məhz bu komanda olub. Bunu heç vaxt danmıram. Milli komandaya da, “İnter”dəki oyunumla dəvət aldım. Azərbaycanda mənim üçün birinci pillədə “İnter” dayanıb.

- Artıq mövsümün sonu yaxınlaşır. Artıq elə bir vəziyyət yaranıb ki, “Qarabağ”la xallarınız bərabər ola bilər və belədə çempion öz aranızdakı oyunda müəyyənləşəcək...

- Biz "Qarabağ"dan bir oyun az keçirmişik. Son turda “Sumqayıt”la oyunumuz var. “Qarabağ” isə həmin turda oynamayacaq. Əvvəlcə "Qarabağ"a, sonra "Sumqayıt"a qalib gəlməliyik. Hər şey artıq öz əlimizdədir.

- “Qarabağ”la xal fərqinin bu qədər azalacağını düşünürdün?

- Bəli, düşünürdüm. Mümkünsüz heç nə yoxdur. “Qarabağ” da məğlubedilməz komanda deyil. Bilirdim ki, “Qarabağ” da hansısa oyunda xal itirəcək. Bizim də səhvlərimiz olub. Çempionatın gedişində çox xal itirmişik. Azərbaycanda məğlubedilməz komanda yoxdur. Buna görə çalışağıq ki, “Qarabağ”la oyunda bunu bir daha sübut edək.

- "Qarabağ"la keçiriləcək matçınızı ölüm-dirim mübarizəsi kimi  qiymətləndirmək olar?

- Bəli, ən önəmli oyunumuz “Qarabağ”la olacaq. Amma ilk öncə "Qəbələ"ni məğlub etməliyik. Fikrimcə, “Qəbələ” ilə oyun daha çətin olacaq.

- Ötən il “Qarabağ”la oyunlarda məğlub olurdunuz. Bu mövsüm isə heç-heçələr qeydə alındı...

- Bəli, ötən il bütün oyunlarda “Qarabağ”a məğlub olurduq. Bu il isə onlarla başabaş mübarizə aparırıq. Həm bizim, həm də onların şansları çox oldu. Çalışacağıq ki, əlimizə düşən şanslardan maksimum yararlanaq.

- Adətən maliyyə baxımdan çətinlikləri olan komandaların futbolçuları meydana həvəssiz çıxır. Lakin bu sizdə müşahidə olunmadı...

- Hamımız peşəkar futbolçularıq. Baş məşqçimiz bizə oyundan əvvəl həmişə bunu bildirir ki, maliyyə cəhətdən çətinliklər olsa da, maaşımız bir-iki ay geciksə belə, biz öz adımıza və formamıza görə oynamalıyıq. Yəni maaş almadığın üçün meydana çıxıb, oynamadınsa, bu sənin ziyanınadır. Bütün futbolçular maliyyə çətinlikləri olsa belə, çempionluğa inanır.

- Milli komandayla bağlı nə deyərdin. Yığmadan yenə dəvət gözləyirsən?

- Ümid edirəm ki, baş məşqçi Robert Prosineçki məni yenidən milliyə dəvət edəcək. Artıq iki dəfə yığmaya çağırılmışam. İstəyirəm ki, milli komandaya Serbiya və Norveçlə oyunlarda kömək edim.


Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu