Evində-eşiyində oynamamağın zülmü - Biz hara gedirik?..

Evində-eşiyində oynamamağın zülmü - Biz hara gedirik?..
YAZARLAR 21 Sentyabr 2026 / 12:49 297
-  A +

Azərbaycan futbolunda qəribə bir mənzərə ilə üz-üzəyik. Deməli, oyun protokoluna baxırsan, komandanın qarşısında “ev sahibi” yazılır. Amma xəritəyə baxanda görürsən ki, həmin “ev” tamam başqa şəhərdədir. Hətta bəzən komandanın qarşılaşdığı rəqibin stadionu onun “evi” adlandırılır.

“Araz-Naxçıvan” Naxçıvanı təmsil edir, amma Premyer Liqadakı ev oyunlarını Şamaxıda keçirir. Ötən mövsüm Bakıda oynayan komanda bir ara Qəbələyə də üz tutdu, iki ev oyununu orada keçirdi.

“İmişli” İmişlinin adını daşıyır, amma ev oyunları üçün Yevlaxa gedir. 

Kağız üzərində hər şey qaydasında ola bilər. Stadion standartlara cavab verir, oyun keçirilir, hakim fit çalır, 90 dəqiqə tamamlanır. Amma futbol yalnız bu 90 dəqiqədən ibarət deyil.

Futbolda bir də “ev” anlayışı var.

Klubun öz şəhərində stadionunun olması sadəcə texniki məsələ  deyil. Bu, klubun kimliyidir. Azarkeşin klubla bağıdır. Uşağın məktəbdən çıxıb atasının əlindən tutaraq stadiona getməsidir. Şəhərin həftəsonu futbol haqqında danışmasıdır. 

Necə ki, bu, bir müddətdir Gəncədə yaşanır. “Kəpəz”in topladığı 7 xalda azarkeş dəstəyinin çox böyük rolunun olduğunu yaxşı görürük. Çünki komanda hələ istənilən oyunu sərgiləmir.

Fikir verin, sonuncu 6-cı turda "Kəpəz" - "Sumqayıt" matçını stadionda 14 min 500 tamaşaçı izləyib. 5-ci turun Yevlaxda keçirilən “İmişli” - “Neftçi” matçını isə cəmi 600 azarkeş.

Komanda öz yerində oynamayanda klubla şəhər arasındakı bağ da zəifləyir.

Təsəvvür edin, bir uşaq İmişlidə yaşayır və şəhərinin klubuna azarkeşlik edir. Amma həmin klubun ev oyununa baxmaq üçün Yevlaxa getməlidir. Gedəcəkmi? Tribunalara baxanda bunun cavabını görürük. 

Əlbəttə, məsələni yalnız klubların üzərinə atmaq da düzgün olmaz. Bu məsələlər region klubu Premyer Liqaya yüksəlməzdən əvvəl həll olunmalıdır.

AFFA-nın Lisenziya Komissiyası klublara lisenziya verərkən infrastruktur və digər meyarları nəzərə alır. Eyni zamanda, federasiyanın məlumatına görə, bəzi klublara infrastruktur və akademiya məsələlərini qaydaya salmaq üçün əlavə vaxt da verilib. Bəs Azərbaycan futbolunda klub yaratmaqla klubun yaşaması üçün lazım olan infrastrukturu yaratmaq niyə paralel getmir?

Bir şəhərdə futbol klubu yaratmaq asandır. Adını qoyursan, forma hazırlayırsan, “Nə olar-olar” deyib futbolçular gətirirsən, məşqçi təyin edirsən.

Amma bundan sonra ən vacib sual gəlir: Bu klub harda məskunlaşacaq, məşq edəcək, akademiyanı harda quracaq, uşaqlar futbolu harda öyrənəcək, azarkeş harda öz komandasını izləyəcək, klub hansı stadionu “öz evi” adlandıra biləcək? 

Bu sualların cavabı yoxdursa, onda biz peşəkar futbol klubu yox, müəyyən müddət fəaliyyət göstərən futbol komandası yaratmış oluruq.

Azərbaycan futbolunun regionlara yayılması, yeni klubların yaranması əlbəttə ki, vacibdir. Bunu həmişə demişik, yazmışıq, böyük problem olduğunu bildirmişik. Amma region futbolunun inkişafı yalnız həmin şəhərin adını Premyer Liqanın iştirakçıları siyahısına yazmaqla baş vermir.

İnfrastruktur olmadan region futbolu ancaq müvəqqəti həvəsdir. Stadion olmadan azarkeş mədəniyyəti çətin formalaşır. Akademiya olmadan yerli futbolçu yetişdirmək olmur.

Bu, “Araz-Naxçıvan”ın və ya “İmişli”nin problemi kimi görünə bilər. Əslində isə məsələ daha böyükdür. Bu, Azərbaycan futbolunun infrastruktur məsələsidir. Futbolumuz regionlarda həqiqətən kök salmaq istəyirsə, növbəti illərdə əsas diqqət edilməli məsələlərdən biri o olmalıdır ki, bu klub öz şəhərində oynaya biləcəkmi? Təəssüf ki, hələ təkcə klubun Premyer Liqada oynayıb-oynaya bilməməsi düşünülür.

Hansı ki, Azərbaycanda evin olması anlayışı çox həssasdır. Evin olmadan evlənəndə necə çətinlik çəkirsənsə, öz stadionun olmadan Premyer Liqada oynamaq da o dərəcədə zülmdür. 

Bəhs etdiyim problem təkcə Premyer Liqada deyil. Bakıda bir Binə stadionu var ki, az qala 1-ci və 2-ci liqa klublarının yarısı ev oyununu orda keçirir. 2-ci liqada isə vəziyyət lap kədərli, həm də gülməlidir. Deməli, “Şəki” Zaqatalada, Qubanı təmsil edən “Hypers" Bərdədə, İmişli təmsilçisi  “Kür-Araz” Saatlıda, “Şəmkir” Şamaxıda oynayır. Təəssüf ki, siyahı bununla da bitmir. Hazırda evsiz olan bu klubların əksəriyyətində futbol ənənəsi olub və vaxtilə Premyer Liqada çıxış edib.

İndi “Kəpəz”ə ürəkdən “Həmişə evində-eşiyində” deyə bilərik. Ən azından son 4 turda Gəncədə yaşanan gözəl futbol atmosferinə görə bunu demək olar. 

Bəs stadionu olmayan klublarımıza?

Onlara hələlik “Allah ev-eşik qismət eləsin” deyək.

Ramiq Ağaməmmədov


Qarabağ FK
Son xəbərlər
20.09.26  01:14

Rafinyadan het-trik

topaz banner