Birinci liqa təmsilçisi “Karvan”ın baş məşqçisi Kənan Kərimovun QOL.az saytına müsahibəsi
- “Karvan” hazırda 1-ci liqada 2-ci pillədə qərarlaşıb və yalnız “Qəbələ”dən geri qalır. Hazırkı durumunuz qənaətbəxşdir?
- Mövsümün ilk yarısı bizim üçün normal oldu. Amma qış fasiləsindən sonra elə də yaxşı çıxış etməmişik. Dünən “İmişli”yə uduzduq. Bununla belə, turnir cədvəlində 2-ci pillədəyik. Lider “Qəbələ” ilə 7 xal fərqimiz var. Qarşıda 15 turun olmasını nəzərə alsaq, elə də böyük fərq deyil. Hazırda heyət baxımından bir az əziyyət çəkirik. Bəzi zədəli oyunçularımız var. Çalışacağıq ki, növbəti oyunlarda nəticələrimizi yaxşılaşdıraq ki, çempionluq uğrunda mübarizəmizi apara bilək.
- Deməli, çempionluğa oynayırsınız.
- Bəli. Mövsümün əvvəlində hədəf ilk üçlüyə düşmək idi. Hazırda lider “Qəbələ” ilə aramızda böyük xal yoxdur. Çalışacağıq ki, çempionluq, yaxud da ən azından ikinci pillə üçün oynayaq.
- “Qəbələ” bu mövsüm qol buraxmadan irəliləyir. Onlarla mübarizə aparmaq çətin olmayacaq?
- “Qəbələ” 1-ci liqada bütün klubları üstələyir. Bu da ondan qaynaqlanır ki, “Qəbələ” uzun müddətdir ki, Premyer Liqada oynayır. Heyətlərində səviyyəli oyunçular var. Amma hər şey ola bilər.
- Birinci liqada yarışın səviyyəsi, ümumi durum necədir?
- AFFA-nın son qərarlarından sonra yuxarı pillələrdə olan komandalar daha da həvəsləndilər. Heç kim də 1-ci liqanı tərk etmək istəmir. Görürük ki, 1-ci liqanın oyunlarında mövsümün əvvəli ilə müqayisədə maraq, gərginlik artıb. Bundan sonra da bizi daha maraqlı oyunlar gözləyir. Hazırda nə sırf autsayder yoxdur, nə də çempion deyə biləcəyimiz komanda.

- Heyətdə problemlər olduğunu dediniz. Yeni transferlər olacaq?
- Əlbəttə. Fikrimiz var. Çalışacağıq ki, daha iki legioner dəvət edək. Yerli futbolçu transferi baxımından bütün klublar əziyyət çəkir. Yəni klubsuz olan keyfiyyətli oyunçu yoxdur. İndi heç kim yaxşı futbolçusunu əldə buraxmaz. Ona görə də fikrimiz ancaq legioner oyunçu gətirməkdir.
- Legionerlər dəvət etmək üçün klubun maddi imkanı var? Ümumiyyətlə, “Karvan”da maliyyə durumu necədir?
- Şahmar müəllimin (Şahmar Vəliyev klubun prezidentidir – red.) diqqəti diqqəti hər zaman üzərimizdədir. Axtarışdayıq, bizə uyğun legioner gətirmək istəyirik. Təbii ki, biz yüksək səviyyədə legioner yox, 1-ci liqa səviyyəsində, bizə kömək edə biləcək oyunçularla maraqlanırıq. Belə futbolçu tapsaq, heyətə cəlb edəcəyik. Maliyyə durumumuz isə normaldır. Yəni 1-ci liqa səviyyəsindədir.
- Bir müddət əvvəl məşhur belçikalı futbolçu Raca Nainqqollanın adı “Karvan”la hallanırdı. Bu məsələ nə dərəcədə real idi?
- Bəli, meneceri onu bizə təklif etmişdi. Sadəcə orada maliyyə məsələləri var idi ki, razılaşmadıq. Yəni bizim büdcəmiz buna imkan vermədi. Bilirsiniz ki, Nainqqolan dünya səviyyəli oyunçudur. Onun transferi ilə bağlı söhbət oldu, amma maliyyə məsələsinə görə ortaq məxrəcə gələ bilmədik. Buna görə də transfer baş tutmadı.
- Elə olurmu ki, legioner futbolçu Yevlaxda, paytaxtdan uzaqda yaşamaq istəmədiyinə görə “Karvan”ın təklifindən imtina edir?
- 1-ci liqada “Qəbələ”dən sonra ən yaxşı infrastruktur bizdədir. Uzun müddət Premyer Liqada oynamışıq. Bizim bazamız, birinci liqa səviyyəsində ideal bir şəraitimiz var. Bazamızın ətrafında təbii ot örtüyü olan meydançımız var ki, hazırda orda məşq edirik. Stadionun ərazisində tikilən yeni bazamızın isə yəqin ki, 1 aya qədər açılışı olacaq. Bizdə 1-ci liqa səviyyəsi üçün ideal şərait var. Yeni bazamız isə imkan verəcək ki, gələcəkdə Premyer Liqada da çıxış edək. “Karvan”da vaxtilə çox səviyyəli legionerlər oynayıb.
- Bildiyiniz kimi, AFFA İcraiyyə Komitəsinin qərarı ilə yeni mövsümdən Premyer Liqada 12 komanda olacaq. Bu qərar hazırda 1-ci liqada 2-ci pillədə olan “Karvan”ın motivasiyasına necə təsir edib?
- Çox müsbət haldır ki, Premyer Liqada komanda sayı 12 olacaq. Qeyd etdiyim kimi, bu, həm də 1-ci liqada mübarizəni qızışdırıb. Amma söz-söhbətlər gəzir ki, Premyer Liqadan komanda düşməyə bilər. Hətta pley-off oyunu da ola bilər. Məncə, idman prinsipləri pozulmamalıdır. Necə ki, “Şamaxı”, sonra da “Qəbələ” 1-ci liqaya düşdü, bu prinsip indi də davam etməlidir. Pley-off oyunları isə ağlasığmaz bir şeydir. Çünki Premyer Liqadan gələn komandanın 1-ci liqanın 3-cüsünü keçmək ehtimalı 100 faizdir. Daha yaxşı olardı ki, bir komanda Premyer Liqanı tərk etsin və üçü 1-ci liqadan elitaya yüksəlsin.
- 1-ci liqada belə klublar varmı?
- Əlbəttə. “Qəbələ”, “Karvan”, “İmişli” var. “İmişli”nin də infrastrukturu, stadionu pis deyil. Vaxtilə Premyer Liqanın güclü klublarından olub. Yəni onlarda da şərait var.
- Yəni hazırda bölgə klublarındakı şərait elitaya yüksəlmək üçün lisenziyalaşmanın şərtlərinə cavab verir?
- Mən deyə bilərəm ki, bu gün lisenziyalaşmaya “Qəbələ”dən başqa, “Karvan” və “İmişli” də cavab verir.
- Özünüzü Premyer Liqada görürsünüz?
- Təbii ki. Niyə də olmasın? Əgər biz o vəsiqəni qazansaq, mütləq mübarizə apararıq. Bu haqda daha geniş də danışmaq üçün əvvəlcə Premyer Liqaya vəsiqə qazanmalıyıq. Birinci liqanın son vaxtlar nə qədər maraqlı keçməsi göz qabağındadır.
Ramiq Ağaməmmədov
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır
Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu
Rodri dünya çempionatının rekordunu yenilədi
"Bəzi mövqelərdə transferə ehtiyacımız var" - Azər Məmmədov
Mönye bu kluba keçdi
Tuxel: "Messiyə qarşı bir yol tapacağıq"
Azərbaycan boksçuları Almaniyadan 6 medalla qayıdırlar
Harri Uinks "Lester"dən getdi
De la Fuente hakimdən narazıdır: "Bu, ədalətsizlik idi"
Skaloni: "Bütün gücümüzü meydana qoyacağıq"
"Şamaxı"dan növbəti transfer
Deşam məğlubiyyətdən danışdı
İspaniyanın idman naziri: "Dünya çempionu olacağıq"
Toral oynadı, rəqibə penalti qazandırdı
Zinəddin Zidan Fransa millisində
İspaniyanı finala aparan qələbə - Video
ÇL-də mərhələ adlayan ilk 10 komanda
Fransa - İspaniya oyununun ən yaxşısı açıqlandı
Coy Lens Mikels və Rəhman Daşdəmirovun qolları - Video
İspaniya finalda! - DÇ-2026-Yenilənib
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək