Milli komandamızın məşqçisi Arif Əsədovun Qol.az saytına müsahibəsi
- Yeni mövsümdən Premyer Liqamızda 10 komanda iştirak edəcək. Elitaya qoşulan “Turan Tovuz” və “Kəpəz”in daha çox gənc, yerli futbolçulardan istifadə edəcəyi bəllidir. Bunun milli komandamız üçün hansı perspektivləri var?
- Bu addım çoxdan gözlənilirdi. Xoş məqamdır ki, üzümüzə gələn çempionatda 10 komanda iştirak edəcək. Bəli, baxırıq ki, bu iki komanda daha çox yerli bazara üz tutur. Həm yerli, həm də gənc oyunçular dəvət etməyə çalışırlar. Bu ildən gənc oyunçularla bağlı limit olmayacaq. “Kəpəz”, “Turan Tovuz” və başqa 1-2 komanda Azərbaycan futbolunun gələcəyi üçün heyət formalaşdıracaq. Təbii ki, bunlar futbolçu seçimini artıracaq və millimizə faydalı olacaq.
- Milli komandanın məşqçilərinin planları nədir? Klublarımızın təlim-məşq toplanışını izləyəcəksiniz?
- Hazırda De Byazi vətəni İtaliyadadır. Bilirsiniz ki, uzun müddətdir burda idi. Təlim-məşq toplanışımız da uzun oldu. İtaliyada olsa da, hər zaman danışırıq, əlaqədəyik. Biz hər gün işə gəlirik və müzakirələr aparırıq. Artıq “Qarabağ” və “Zirə” ölkə xaricindədir. Burada qalan klublarımızın hazırlıq prosesini izləməyi düşünürük. Yəni bizim işimiz davam edir.
- Avrokuboklarda iştirak edəcək klublarımızdan nə gözləmək olar?
- Təbii ki, bütün klublarımızdan yaxşı nəticələr gözləyirik. Ancaq onlarda durum fərqli olacaq. “Qarabağ”da hər şey sabitdir. Transfer bazarında o qədər aktiv deyil. Çünki heyəti qoruyublar. Konkret lazım olan yerlərə oyunçu gətirirlər. “Qarabağ”a ümidimiz böyükdür. Düşünürəm ki, yaxşı nəticələr əldə edəcəklər. “Neftçi”də bir az qeyri-stabillik var. Ancaq artıq yeni baş məşqçi də təyin edildi. Ola bilər ki, heyət formalaşdırmaqda bir az geciksinlər, amma ümid edirəm ki, Konfrans Liqasındakı oyunlarına yaxın yeni baş məşqçi komandanı ən azı 70-80 faiz hazır edəcək. İlk oyun çətin olur. Bu mərhələni keçsələr, sonra hər şey axarına düşə bilər.
Təlim-məşq toplanışına ən tez başlayan “Zirə” oldu. Bu komandada da sabitlik var. Yəqin ki, transferlər də olacaq. Komandanı 2-3 futbolçu ilə gücləndirsələr, daha yaxşı olacaq.
Avrokuboklarda klublarımızdan ən güclü rəqib “Zirə”yə düşdü. “Makkabi” kifayət qədər güclüdür. Amma futbolda həmişə şans var. Biz də ümidliyik ki, “Zirə” növbəti mərhələyə çıxa bilər.
“Qəbələ”nin də rəqibi güclüdür. Ümumiyyətlə, çoxdandır klublarımıza belə güclü rəqiblər düşmürdü. “Qəbələ”nin rəqibini elə də tanımırıq. Avrokuboklarda iştirakını görməmişik. “Qəbələ” də son illərdə avrokuboklarda çıxış etmirdi. Bu baxımdan vəziyyət eynidir. Şansları bərabər sayıram. Çətin olacaq, amma “Qəbələ” öhdəsindən gələ bilər. Bu il komanda daha da güclənməlidir. Lazım olan transferləri etsələr, məncə “Qəbələ” də mərhələni keçə bilər.
- “Qarabağ”ın rəqibi “Lex” haqda nə düşünürsünüz?
- “Qarabağ”ın son illərdə Avropadakı çıxışları “Lex”i daha çox qorxudur. “Qarabağ”ın rəqibdən çəkindiyini düşünmürəm. Çünki “Lex”dən də güclü komandalarla oynayıblar və nəticə qazanıblar. Sadəcə olaraq ilk oyun üçün arzulamadğımız rəqibdir. Adətən ilk oyunlarda daha zəif rəqib olurdu. Ona görə də “Qarabağ” 100 faiz oyuna köklənməlidir ki, rəqibini keçə bilsin.
- Rumıniyalı Laurensiu Reqekampf “Neftçi”yə baş məşqçi təyin edildi. Samir Abasovun göndərilməsi və Reqekampfın gətirilməsi “Neftçi”yə nə verə bilər?
- “Neftçi” elə bir klubdur ki, nəticə ilə bağlı tez-tez məşqçi dəyişikliyi ola bilər. Mənim dövrümdə də elə oldu. Əvvəl nəticə verdik, sonra Çempionlar Liqasında Zaqreb “Dinamo”suna uduzduq və mən komandadan ayrılmalı oldum. Yəni baş məşqçidən tələblər çoxdur. Reqekampf inamlı danışıb. Bu, vacibdir. Çünki onun hər bir sözü komanda üçün əsasdır. Məşqçinin inamlı olması xoş haldır. Amma nə dərəcədə real olacaq, bunu zaman göstərəcək.
- Milli komandamız Millətlər Liqasında 4 oyun keçirdi və 4 xal yığdı. Artıq bu oyunları dərindən analiz etmisiniz. Daha çox xal qazanmaq üçün nə çatmadı və qarşıdan gələn Qazaxıstan, Slovakiya ilə oyunlardan nə gözləmək olar?
- Hazırda bu 4 oyun haqda düşünürük. Bu matçlar onu göstərdi ki, biz heç bir rəqibdən komanda olaraq geri qalmadıq. Hətta üstün də olduq. Qazaxıstanla oyunda əvvəl bir az həyəcan oldu, amma 15-20 dəqiqədən sonra üstünlük tam olaraq bizim tərəfimizdə idi. Qol imkanlarımızdan istifadə edə bilmədik. Rəqibin vurduğu o təsadüfi qol hər şeyi tərsinə döndərdi. Belarusla ilk matçda komandamız daha inamlı idi. Qırmızı vərəqəyə qədər qol vuracağımıza inanırdıq. Ancaq azlıqda qaldıqdan sonra ən azı bir xalı qazanmağa çalışırsan. Slovakiya güclü rəqib olsa da, oyun başa-baş getdi. Ən azı bir xal qazana bilərdik. Burada da qol vurmağımız çatmadı. Şükürlər olsun ki, Belarusla son oyunda qollar vurduq və qalib gəldik. İnanın ki, o biri oyunlarda da hesabı biz açsaydıq, ən azı uduzmazdıq. Buna 100 faiz əminəm. Bütün bunları De Byazi gələndən sonra müzakirə edəcəyik və növbəti oyunlara hazırlaşacağıq.
- Millimizin oyun baxımından rəqiblərdən geri qalmadığını və qol vurmaq probleminin olduğunu dediniz. Bəlkə, bir qədər hücumameyilli oynasaq, qollar və qələbə də gələr? Hər halda millimiz bu barədə çox tənqid olunur.
- Bəli, çox vaxt bizim oyun sistemini tənqid edirlər. Yəni beşli müdafiə sistemini. Amma bu gün ən çox qol vuran komandalar var ki, beşli müdafiə ilə oynayırlar. Bu sistem o demək deyil ki, biz müdafiəyəmeyilli oynayırıq. Təbii ki, əlimizdə olan materiala görə davranırıq. Oyunun gedişatında isə sistem dəyişə bilir. Necə ki, Belarusla son oyunda biz dördlü müdafiəyə keçdik. Yəni oyunun gedişatında nə tələb olunursa, komanda o formada oynayır. Lazım olan anda baş məşqçi mümkün variantlardan istifadə edir.
- Bir neçə gün əvvəl U-21 yığmamızın baş məşqçi vəzifəsindən ayrılan Milan Obradoviç müsahibəsində əsas millimizin çalışdırıcısı Canni de Byazidən narazılıq ifadə etmişdi. O, U-21 millisinə faydalı olacaq oyunçuların A milliyə dəvət olunduğunu və orada oynadılmadığını bildirmişdi. Buna münasibətinizi bilmək istərdim.
- Bütün yığmaların və klubların məqsədi odur ki, A millisinə qulluq etsinlər. A millisi olan yerdə hər şey ikinci plana keçməlidir. Hər hansı futbolçu əsas millimizə lazımdırsa, orada olmalıdır və onun nə qədər oynamağının fərqi yoxdur. Lap 10 dəqiqə oynasa da, lazımdırsa, millinin düşərgəsində olmalıdır. Ona görə də həmişə məşqçilər arasında müzakirələr olur. O futbolçular millidə olmalıdır ki, ab-havanı hiss etsinlər. Heç bir məşqçi zəmanət verə bilməz ki, futbolçunu götürmüşəmsə, mütləq oynadacağam. Çünki müxtəlif rotasiyalar olur. Ola bilər ki, futbolçu az oynasın, amma onun üçün A millisində olmaq böyük bir fəxrdir. Təbii ki, Obradoviç də nəticə qazanmaq istəyər. Ona görə belə deyib. Amma məncə, bunu şişirtmək lazım deyil. Düzdür, fikrini bildirib, amma bu proseslər belə olur.
Ramiq Ağaməmmədov
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi