Futbolçu alverçiləri

Futbolçu alverçiləri
YAZARLAR 21 Avqust 2023 / 16:00 7922
-  A +

Bir futbol alverçiləri var, bunlar oyunları alırlar-satırlar, özü də bütün dünyada. Təbii ki, Azərbaycan da dünyanın bir parçasıdır. Çox nadir hallarda üstü açılır.

Bir də var futbolçu alverçiləri. Ağdamda Arif Zöhrabov adında bir ziyalı vardı, zarafat etməyi də sevərdi. Bəzən ironiya ilə danışardı. Bir Yusif Əhmədov da vardı, o da çox ziyalı bir adam idi, Azərbaycanın ən məşhur şair və yazıçıları ilə dost idi, bununla da fəxr edərdi. Uzun illər prokuror işləmişdi, yaşlanandan sonra şəhərdəki muzeyə direktor qoymuşdular. O da kəlbəcərli Şamil Əsgərov kimi dişiylə-dırnağıyla kəndbəkənd, ev-ev gəzib qədim və tarixi əşyaları toplayıb gözəl bir muzey yaratmışdı.

Bir dəfə Arif Zöhrabov Yusif müəllimdən soruşdu ki, muzeyin tərifini bilirsən? Yusif müəllim də ironiya ilə dedi ki, sən savadlı adamsan, de, biz də bilək.

Arif Zöhrabov:

- İşlənib işdən çıxmış , heç kəsə lazım olmayan əşyaları yığırlar işlənib işdən çıxmış, heç kəsə lazım olmayan bir binaya, qapısına da işlənib işdən çıxmış, heç kəsə lazım olmayan bir qıfıl vururlar və işlənib işdən çıxmış, heç kəsə lazım olmayan bir nəfəri də qoyurlar ora direktor.

İndi Azərbaycan çempionatını izləyirəm, uzun illər belədir, hər komandada 10-12 legioner var. Bunların uzaqbaşı 10-nu çıxmaq şərtilə, qalanları işlənib işdən çıxmış, heç kəsə lazım olmayan, turşumuş futbolçulardır ki, futbolçu alverçiləri hardansa tapıb gətirib sırıyırlar Azərbaycan klublarına.

Braziliyalı olmaq və ya nigeriyalı olmaq hələ futbolçu olmaq demək deyil. Yeniyetmə vaxtımda elə bilirdim ki, Yaponiyada hamı karateçidi, Türkiyədə də hamı boz qurd.

Nəşriyyata rəngli qəzet maşını quraşdırmaq üçün iki yapon gəlmişdi, dostlaşmışdıq. Hərdən çay içərdik.

Bir dəfə soruşdum:

- Karateçisiniz?

- Yox.

- Bəs, yapon deyilsiniz?

- Yapon olmaq karateçi olmaq deməkdir? Yaxşı şahmat oynayırıq.

İndi Braziliyada doğulmaq, Braziliyada böyümək Ronaldinyo olmaq deyil, Ziko, Qarrinça olmaq deyil, Pele olmaq heç deyil.

Türkiyədə də əhalinin cəmi 10-15 faizi boz qurddu, qalanları heç bozqurdları sevmir.

İndi futbolçu alverçiləri arayıb-axtarıb hardasa heç kimə lazım olmayan, turşumuş, turşumuş yox ey, lap qıvşımış futbolçular varsa gətirib sırıyıblar bizim klublara, bir qəpiklik də oynaya bilmirlər.

Legionerin bir missiyası da odur ki, öz gözəl oyunları ilə, ustalıqları ilə yerli futbolçuların yetişməsində rol oynasınlar.

Vaxtilə SSRİ Futbol Federasiyası, deyəsən bu barədə Mərkəzi Komitənin qərarı da vardı, regionlarda, yəni müttəfiq respublikalarda futbolu inkişaf etdirmək üçün Moskvanın ən parlaq komandalarının güclü futbolçularını iki illik regionlara göndərmişdi. «Neftçi»nin bəxtinə də Kuznetsov, Qolodets düşmüşdü, gərək ki, Xlıstov da varıydı. 64-də gəlmişdilər, 66-da da "Neftçi"yə bürünc medal aldılar. Kazbek Tuayevin, Valeri Hacıyevin, Tofiq Axundovun , Yaşar və Adil Babayevlərin , Markarovun yetişməsində onların böyük rolu olub. Bir məsələni də qeyd etmək istəyirəm, ölkə daxilində də hansı klubun pulu çoxdu başqa komandaların yetişmiş oyunçularını oğurlayırlar. Belə demək mümkünsə, büdcəsi aşağı olan kasıb komandaları yolurlar. Məsələn, "Qəbələ"ni, demək olar ki, güclü klubların hamısının ən yaxşı oyunçuları "Qəbələ" futbol akademiyasının yetişdirməsidir, "Qəbələ"nin oyunçularıdı. İndi "Qəbələ"nin əli aşağı düşüb deyin, bir az artıq pul verib futbolçuları oğurlayırlar.

Heç kəs Banişevski deyil, ömrünün axırınadək öz komandasına – "Neftçi"yə sadiq qalsın. Banişevskinin ən parlaq dövründə "Neftçi" yüksək liqadan çıxdı. Ölkənin ən məşhur klubları ona elçi düşdülər, amma o, doğulduğu Azərbaycanın çörəyini, Bakının yavan çörəyini "Dinamo" Moskvanın və yaxud "Spartak"ın yağlı əppəyinə dəyişmədi.

İndi beş manat artıq pula görə öz klubunu, onu yetişdirən klubu atan futbolçuları da qınamıram. Çünki bu onun işidir, təbii ki, istəyir daha çox qazansın və futbolçunun futbol ömrü də uzaqbaşı 10 ildi.

Ay klub rəhbərləri, məşqçilər, 10, 12, 14 qıvşımış futbolçudansa həmin pula 3-4 qıvşımamış futbolçu almaq olar.

Nə isə, yazmaqla düzələn deyil.

Aqil Abbas

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər