İKİNCİ HİSSƏ
Qurban Qurbanovla söhbətimiz uzun çəkdi - hardasa 4 saata yaxın. Müsahibəyə girişi bu faktı qabartmaqla başlamağım təsadüfi deyil. Ona görə ki, Q.Qurbanovu şəxsən tanımayanların, daha çox isə efirdən görənlərin bir qismində yanlış olaraq belə fikir formalaşıb ki, o, danışıb-dinməyən, qaraqabaq adamdı. Amma bunların əksinə olaraq, yetərincə maraqlı, yumor hissi olan, bütün sualları səbrlə dinləməyi bacaran və o suallara özü lazım bildiyi an tutarlı da cavab verən, yeri gələndə isə diplomatik ustalıqla qaçmağı bacaran biridi.
"Qarabağ"ın və millinin baş məşqçisi ilə söhbətimizdə daha çox ictimaiyyətin bilmədiyi, yaxud bilmək istədiyi məsələlərdən danışmağa çalışmışıq. Düzdü, söhbət uzun alınıb, amma Qurban Qurbanov da hər dəfə belə danışmır.
***
- Bizim futbolçuların dəbdəbəli həyatlarına yanaşmanız necədi?
- Bir şeyi demək istəyirəm ki, hər birimiz diqqətli olmalıyıq. Dəbdəbəli həyat dedikdə hamı istəyər ki, yaxşı bir maşın sürsün, yaxşı evdə yaşasın. Bu, normal haldır. Məni narahat edən bu deyil. Hər şeyin öz vaxtı var. Elə insanlar var ki, 500 minlik maşın da sürsə, 1 milyonluq evdə də qalsa, narahat olmaram ki, bu, onun işinə təsir edəcək. Amma elələri var ki, istəyir 500 minlik yox, lap 50 minlik maşın da sürsə, bu, ona təsir edəcək.
- Siz bayaq qeyd etdiniz ki, yerli futbolçuların 70-75 faizi öz işini istədiyiniz kimi işini sevmir. Məni maraqlandıran odur ki, deyək ki, kasıb oyunçunun qəfil varlanıb dəbdəbəli həyata keçməsi onun futbola, həyata baxışına necə təsir edir?
- İş orasındadır ki, insan bəzən özü də bilmədən uçuruma doğru gedir. Dediyim kimi, oturub səninlə danışır, fikirləşirsən ki, nə yaxşı oğlandı bu. Həqiqətən də belədi. Bunların çoxu saf uşaqlardı. Amma özləri də bilmədən, düzgün olmayan bir yola gedə bilər. Məni narahat edən də budu. Gün ərzində futbolçu vaxtının 1-2 saatını futbola, 12-13 saatını da boş vaxtına ayırırsa, nə deyəcək? Deyər, saat 3-də məşqdə oldum, məşq bitdi, 5-də də çıxdım getdim. Narazılığım yoxdu ki? Belə baxanda olmalı deyil. Amma mənim fikrim odur ki, bu gün biz futbol ölkəsi olaraq digər ölkələrdən geri qalırıq. Biz futbolçu olaraq digər ölkənin futbolçularından geri qalırıq. Biz məşqçi olaraq da digər ölkənin məşqçilərindən geri qalırıq. Əgər nəsə yaxşı addım atmaq, irəli getmək istəyiriksə, mütləq öz işimizə 2 saat yox, 12 saat vaxt ayırmalıyıq. Yerli futbolçularımıza bunu çatdırmağa çalışmalıyıq. Əgər həqiqətən də qarşımıza ciddi məqsədlər qoymuşuqsa, bunu onlardan tələb etməliyik.
- Azərbaycanda hansı futbolçuları işinə sevgidə nümunə kimi qeyd edə bilərsiniz? Mümkünsə ad çəkin.
- Məncə, açıqlamağa ehtiyac yoxdur. Çünki düzgün çıxmaz. Amma mən fikir olaraq bildirirəm ki, kim istəsə o cür nümunəvi futbolçu ola bilər. Mümkün deyil ki, mənim dediyim 70-75 faizə daxil olan o futbolçular bunu heç vaxt edə bilməsinlər. Onlar haqda sırf yollarını azıblar demək doğru olmaz. “Qarabağ”ı kənara qoyuram. Milli komandamızda bizim üzərimizə çox böyük məsuliyyət düşür. Bunu da aradan qaldırmaq üçün mənim dediklərimə ehtiyac var. Bu gün baxırsan, üzdə olan 15 futbolçu var. Sadəcə onlardı. Oynayırlar, pərəstişkarları da var, sevirlər, hörmətlə yanaşırlar.
- Yaxşı, indikiləri qoyaq bir kənara, gələk sizə. Daha doğrusu, keçmiş futbolçu Qurban Qurbanova. Elə intizamsızlıqları siz də etmisiniz?
- Olub. Mənim də intizamsız vaxtım olub. Düzdü, bəlkə də peşəkarlığım daha çox olub. Futbolçu kimi potensialım çox olmayıb. Amma futbola sevgim, xarakterim məni Azərbaycan səviyyəsində tanınmış futbolçu etdi.
- İntizamsız hərəkətləriniz hansılar idi?
- Əfsuslar olsun ki, bunu açıqlaya bilməyəcəm (gülür).
- Bəs gecə həyatına meyillilik olub? Yaxud da spirtli içki içmək, siqaret çəkmək?
- Açıqlamasam daha düzgün olar (gülür). İntizamsızlıq o demək deyil ki, spirtli içki içir, siqaret çəkirsən. Bəlkə də nə qədər desəm ki, kimsə siqaret çəkmir, spirtli içki qəbul etmir, amma o, yenə də öz işində olur.
- Biz bilirik ki, “Qarabağ”ın yerli futbolçularının əksəriyyəti dindardı. Bəs, legionerlər, yaxud dindar olmayan yerli oyunçularınız arasında siqaret çəkən, spirtli içki qəbul edən futbolçularınız varmı? Axı, sizə bəzi adamlardan məlumatlar daxil olur.
- Mənim üçün vacib olan futbolçunun öz işinə peşəkar yanaşmasıdır. Ola bilər spirtli içki içməsin, siqaret çəkməsin, amma işində məsuliyyətsiz olsun. Mən elə adamları xoşlamıram. Çünki bu elə bir işdir ki, təkcə mənim istəməyimlə iş alınmır. Biz böyük uğurlar əldə etmək istəyiriksə - rəhbərlik, futbolçu, məşqçi – hamının işə peşəkar yanaşması olmalıdı. Onlar o məsuliyyəti hiss etməlidilər. Çünki 3-5 ildən sonra çönüb keçmişə baxanda, bir azərbaycanlı kimi onlara təsir edəcək. Bəlkə də utanacaqlar. Bəlkə də deyəcəklər ki, bir daha şansım olsaydı, tam fərqli insan, futbolçu olardım. Çünki bu dəqiqə bütün dünyada elə bir vəziyyətdi ki, nəsə elədinsə, görürsən, 1 dəqiqə sonra efirdədir. Yazılır, efirə gedir, arxivdə qalır...
- Sizin dini mövzuyla baxışlarınız da maraqlıdı. Sirr deyil ki, tək “Qarabağ”da deyil, bütovlükdə Azərbaycan futbolunda dinə meyillilik çoxalıb. Bir çox futbolçu saqqal saxlayır və sair. Cəmiyyətimizdə isə müəyyən bir təbəqə var ki, bu halları narazılıqla qarşılayır.
- Bu günə kimi mənim bu haqda fikirlərim necə olub? Mən fikirləşməli deyiləm ki, kimsə saqqal saxlayır, namaz qılır, kimsə qılmır, kimsə necədi və s. Məndə başlıca prinsip budur ki, hansı işin başındayamsa, ona uyğun addım atmalıyam. Mənim üçün fərqi yoxdu, ən yaxınım, əzizim olsun, əgər mənim yanımdadısa, birinci növbədə işinə məsuliyyətli olmalıdır.
- Siz özünüz də dindarsınız. Dindar Qurban Qurbanovun ateistlərə münasibəti necədir?
- Çox şükür ki, müsəlmanam. Və həmişə Allahımdan istəmişəm ki, məni düzgün yolda saxlasın. Bu gün Allaha, Peyğəmbərimizə inanıb, onların bizə verdikləri əmrləri yerinə yetirməyə çalışıram. Həmişə də dua edirəm ki, Peyğəmbərimizin getdiyi o ibadət yoluna sonadək sadiq olum. Dediyiniz insanlara gəlincə, əlbəttə, biz onlar kimi ola bilmərik. Xətalarımızı saysaq, minlərlə, bəlkə də daha çoxdur. Amma mən Allahımıza, Peyğəmbərimizə inanaraq addım atıram. Kimsə Allaha inanır, kimsə inanmır, kimisi müsəlmandı, kimisi xristian, kimisi də kafir. Dinimizdə var ki, o fikirlərdən uzaq olun.
- Qurban müəllim, ümumiyyətlə, dini ibadətlərinizə, məsələn, hər gün 5 dəfə namaz qılmağa vaxt ayıra bilirsiniz?
- İnşallah, çalışıram, yerinə yetirim. Kənar insanlara mənim məsləhət verməyim də düzgün olmaz. “Mən dindəyəm, mən namazdayam” və s. Bir şeyi deyə bilərəm: mən Allahıma şükür edirəm ki, müsəlmanam. Onun verdiyi bütün əmrləri yerinə yetirməyə çalışıram. Başqa kiminsə, nəyinsə, hansısa dinin haqda fikir bildirmək doğru deyil. Çünki bizim dinimizdə kimisə alçaltmaq, aşağılamaq kimi bir şey yoxdur. Mən Allaha inanaraq, güvənərək bu addımlarımı atıram. Heç kimə də mənfi fikir bildirmirəm.
- Kiməsə tövsiyəniz olurmu ki, dinə gəl, namaz qıl?
- Mən elə bir yerdə olmuram ki, kiməsə nəsə məsləhət verim. Dediyim kimi, mənim getdiyim yer klubumuzun bazasıdı, stadiondu, AFFA-dı, evimdi və bəzən də siz jurnalistlərlə görüşməyimdi. Sizlərə də bu günə kimi bu haqda nəsə deməmişəm, bir təklif eləməmişəm yəqin (gülür).
- Yaxın günlərdə Ramazan bayramı başlayacaq. “Qarabağ”da oruc tutan futbolçularla bağlı hər hansı məhdudiyyət olacaq, yoxsa əvvəlki illərdə olduğu kimi bu dəfə də qadağa tətbiq etməyəcəksiniz?
- Oruc tutmaqda sərbəstdilər. Bu, onların həyatının bir hissəsidi. Özləri də bilirlər ki, mənə vacib olan onların oyuna çıxması, məşq eləməsidi. Onu da edirlər, eləyəcəklər.
- Müsəlmanlardan, İslamdan danışdıqsa, bu gün “Liverpul”dakı oyunu ilə bütün müsəlman dünyasında da yaxşı ad çıxaran misirli Məhəmməd Salah haqda sual verməyə bilmərəm. Ona bir məşqçi kimi qiymətiniz necədi?
- Məşqçi kimi mənim ona hər hansı bir qiymət verməyimə ehtiyac yoxdur. Çünki məndən daha tez və çox siz və bütün dünya futbolu ona artıq layiq olduğu qiyməti verib. Bir müsəlman kimi onun uğurlarına hamımız sevinməliyik. Biz də müsəlman ölkəsiyik. Bilirsiniz ki, Avropada, eləcə də bəzi başqa ölkələrdə müsəlmanlara pis baxırlar, onların barəsində yaxşı fikirdə deyillər. Amma Salah kimi insanların olması, onun oyunundan əlavə, əxlaqı, davranışı müsəlmanlara qarşı mənfi münasibəti dəyişir, onlara simpatiya yaradır.
- Yəni Avropada insanların baxışını dəyişdirir?..
- Mənim ən çox önəm verdiyim budur. Ona görə də şadam. Biz hamımız müasir futbolçulardan danışanda daha çox Ronaldonun, Messinin adını çəkirik. İndi Salahdan da danışırıq. Biz məşqçilər kimisə kimdənsə ayırmırıq. Bu işdə də istər müsəlman, istər qeyri-müsəlman olsun nəsə öyrənməyə çalışmalıyıq. Çünki dinimiz də buna yol verir. Həm başqa ölkələrlə ticarət etməyə də, məsələn, mənim xaricə gedib, başqa məşqçidən nəsə öyrənməyimə də dinimizdə qadağa yoxdur.
- Ticarətdən danışdız. Çox futbol adamı var ki, özlərinə biznes qururlar (sözüm ağzımda qalır, fikrimi tamamlamağa qoymur)...
- Heç nəyim yoxdur, Aydın! Futboldan başqa heç nəyim yoxdur (gülür).
- Yaxşı, onda keçək sizin sevimli 13 rəqəminə. Çox adam “nəhs rəqəmdir” deyib, 13-dən qaçır. Sizdə isə əksinədi. Maşınınızın, telefonunuzun nömrəsində 13 var. Yadıma düşmüşkən, elə dünyaya da ayın 13-ü gəlmisiniz. Nədir bu 13 sevgisi?
- Bunun xüsusi bir səbəbi yoxdur. Sadəcə, gənc olanda belə şeylərə önəm verirsən. Məsələn, “futbolkan”da nömrən 9 olsa, çalışırsan, digər hər şey də o rəqəmlə bağlı olsun. O vaxtdan məndə də elə olub. Doğum tarixim 13-dür. Oğlum da mənim kimi aprelin 13-ü dünyaya gəlib. Sonra 13 nömrəli forma ilə futbol da oynamışam. Xalam uşaqları Rusiyadan gələndə, 13 nömrəli telefon nömrəsini mənə onlar alıb hədiyyə etmişdilər.
- 13 rəqəmi sizə düşərlidir?
- Açığı, düşərli məsələsinə inanmıram. Yəni, rəqəmdisə, rəqəmdi, aydısa, aydı. Belə şeylərə inanmıram.
- Bir halda ki, rəqəmlərdən söhbət düşdü, istəyirəm 13-dən 14-ə keçəm. Yaxud da 13-ü sevən Qurban Qurbanovdan 14 vurğunu Rəşad Sadıqova. Dostluğunuz kimi, elə sevdiyiniz nömrələr arasında bir mistik yaxınlıq var. Sizin Rəşadla münasibətləriniz Azərbaycan futbolunda nümunə kimi göstərilir. Bu münasibətlər hardan başlayıb?
- Rəşadla yaxın dostuq. Münasibət də futboldan başlayıb.
- Bu yerdə bir məsələyə mütləq toxunmalı olacağam. Bu hadisənin sizin münasibətlərin möhkəmlənməsinə hər nə dərəcədə təsiri olub-olmadığını özünüz deyərsiniz.
- Hansı məsələ?
- Moskvada “Pünik”lə matçdan sonra, otelin foyesində erməni futbolçularla əlbəyaxa davanızı nəzərdə tuturam...
- ... (pauza)
- Danışmaq istəmirsiz yenə. Amma məncə, danışmağınız yaxşı olar. Deyirlər, erməninin birinə yumruqla Rəşad vurub, birinə də siz.
- Belə, oldu keçdi də (gülür). O haqda danışılası bir şey yoxdur. Biz hər hansı davaya görə dostluq, münasibət qura bilmərik. O söhbətə kimi də bizim yaxın münasibətlərimiz vardı. Ümumiyyətlə, mənə yaxın olan insanlar haqda danışmağı çox da xoşlamıram. Amma bir şeyi demək istəyirəm ki, Rəşadla mənim dostluğum çox ciddi və möhkəmdir. Belə deyək, mən bəlkə də bundan sonra da axtarsam, Rəşad kimi dost tapa bilmərəm. Allah şükür edirəm ki, mənə belə bir dost nəsib edib. Onun haqda da nəsə əlavə bir fikir bildirmək mənim üçün düz olmaz.
- Qurban müəllim, futboldankənar dostlarınız çoxdur?
- Var. Dostlarım da var, yaxın insanlar da.
- Vəzifəli dostlarınız var?
- Tanışlarım var(gülür).
- Yəqin, “Qarabağ”ın uğurlarından sonra daha çoxalıb onlar...
- Yox, yox. Vəzifəli deyəndə ki, çox yaxın insanlar var da.
- Xarici işlər nazirimiz, AFFA İcraiyə Komitəsinin üzvü Elmar Məmmədyarovla futbol müzakirələriniz olub?
- Elə də çox yox, sadəcə, İcraiyyə Komitəsində görüşürük. Futbola çox isti adamdır. Futboldan çox məlumatı olan biridir. Maraqlı müzakirələri var.
- Onun İcraiyyə Komitəsində hansısa bir təklifi yadınızdadırmı? Ya da şəxsi söhbətlərinizdə yadınızda qalan bir şey varmı?
- Nə müzakirə olunubsa, maraqlı, pozitiv fikirlər söyləyib.
-Elmar Məmmədyarov, Rövnəq Abdullayev və sizin da üzvü olduğunuz AFFA İcraiyyə Komitəsi var. O komitə ilə bağlı da tənqidlər az deyil.
- Tənqidlər harda yoxdu ki?
- Tənqidləri əsaslı hesab etmirsiniz?
- İnsanlar bəzən həddindən artıq emosional olurlar. Mən özüm də bəzən belə oluram. Bir şeyi tez əldə etmək istəyirəm. Əvvəllər belə deyildi. Amma son vaxtlar nəyisə tez əldə etmək istəyirəm. Təbii ki, işimlə bağlı. Hər bir tənqid, fikir də başadüşüləndi. Mən heç bir tənqiddən qaçmamışam və heç bir tənqidə mənfi fikir bildirməmişəm. İcraiyyə Komitəsinə olan tənqidlər nəticə olmayanda, bəzən işlər düz getməyəndə mütləq olacaq. O tənqidlər də ən çox başqa olanlara yönəlir. Bu gün Azərbaycan futbolu dedikdə İcraiyyə Komitəsinin üzvləri yada düşür. Mən də onlardan biriyəm. Ona görə bəzi tənqidlərlə özüm də içində daxil olmaqla razıyam. Elə anlar var ki, biz onu tezləşdirə bilmərik. Bəlkə, nə vaxtsa edə bilərdik, amma gecikmişik.
- Sizə ən çox verilən suallardan biri də transferlərlə bağlıdır. “Qarabağ” son Çempionlar Liqasından, rəsmi açıqlamaya görə, 16 milyon avro gəlir əldə etdi. Bu 16 milyon isə qeyri-rəsmi məlumata görə, klubunuzun 2 illik büdcəsi deməkdir. Bu il bir Azərbaycan klubuna görə yüksək gəlir əldə etdiyinizi nəzərə alsaq, nəhayət, bu il “Qarabağ”ın transferlərə daha çox pul xərcləyəcəyini söyləmək olar?
- Birincisi, 16 milyonun hamısı bizə çatmır. Çünki bunun vergisi, digər xərcləri var. Biz hər ölkə xaricinə çıxanda özəl təyyarə tuturuq. Otel xərclərimiz, futbolçuların aldığı mükafat var. Ümumiyyətlə, ÇL-nin 3 aylıq xərclərini göz önünə qoysaq, böyük bir məbləğ ortaya çıxar. Sonuncu devalvasiyadan sonra bir çox klubda hansı vəziyyət yarandığını gördünüz. Büdcələri, imkanları bizdən də yuxarı idi. Bu iki il ərzində şirkətimizə maddi sıxıntı oldu, amma komandanı qoruyub saxlaya bildilər. Biz bu gün işimizi pulun çox gəlməsi üzərində qurmamalıyıq. Mən əvvəlki açıqlamalarımda da bildirmişdim. Elə futbolçu olub ki, biz ona daha çox pul təklif etmişik, amma bura gəlmək istəməyib. Niyə gəlmək istəməyib, bilirsən?
- Niyə?
- Çünki çempionatda komandanın sayı, azarkeş azlığı, meydançalarımızın durumu və sair bu kimi məqamlar var. O futbolçu ona bizimlə eyni məbləğdə pulu verən Rusiya, Belçika klublarını qoyub, bura gəlməz. Hətta Portuqaliyanın autsayder komandalarına gedirlər, nəinki bura. Ona görə transfer məsələsi bizim qazandığımız pulun üzərində qurulmaylb. Problem futbolçuya çox, ya az pul təklif etməyimizdə deyil. Problem ölkədə futbolunun nüfuzu ilə bağlıdır. Futbolçu baxır ki, “Qarabağ” oynayır, tribunada 500-1000 nəfər azarkeş var. Onlar hər şeyə diqqət ayırırlar. Hamısı deyir ki, Bakı dəyişib, çox gözəl şəhərdir. Amma başqa çempionatlarda iştirak etmək istədiklərini deyirlər.
- Xama Billiat adlı hücumçunun adı tez-tez “Qarabağ”la hallanır. Belə məlumatlar yayılıb ki, yayda onun klubunuza keçidi baş tutacaq.
- Mən dəfələrlə bildirmişəm ki, o, bizim transfer siyahımızdadır. Biz bəlkə də 15-20 futbolçu ilə maraqlanırıq. Fərqli-fərqli ölkə və komandalardan.
- Bütün mövqelərə oyunçu axtarırsınız?
- Bəli. Əlimizdə siyahı var. Elə mövqe var ki, 5 futbolçu, elə mövqe də var ki, 10 futbolçu təklif ediblər. O futbolçulardan biri alınsa, bizim üçün müsbət hal olacaq. Transfer siyahımızda həmin dediyiniz futbolçu da var. Amma bir qərar verilməyib hələ.
- Mövsümün sonunda klubunuzla müqaviləsi başa çatacaq Ansi Aqollinin bir açıqlaması olmuşdu ki, Qurban Qurbanov istəsə, “Qarabağ”da qalmaq istəyirəm. Onunla bağlı planınız necədir? Ramil Şeydayevin də müqaviləsi başa çatır.
- Mən hazırda qarşıdakı oyunları düşünürəm. Kimə nə vaxt təklif etmək lazım olacaq, ona da təklif ediləcək.
- Yəni mövsümün sonunda?
- Bəli. Ansi isə o futbolçudur ki, onunla həmişə ən sonda müqavilə bağlanılır. Hələ ki çox futbolçu ilə bağlı qərar verməmişik.
- Amma özünüz yəqin ki, gələnləri, gedənləri müəyyənləşdirmisiniz.
- Tam yox. Çünki orada elə bir nüanslar var ki, mən qəti qərar vermək üçün vaxt götürməliyəm.
- Bir halda ki, söhbətimizə jurnalistlərə aid məsələylə başlamışdıq, yekun sual da elə onlarla bağlı olsun.
- Nə tez yekunlaşdırırsan? Bəs ikinci hissə olmayacaq? (gülür).
- Biz bilirik ki, jurnalistlərlə aranızda həmişə qarşılıqlı hörmət olub. Bizlər futbol, futbol adamlarını tez-tez tənqid edirik. Bəs Qurban Qurbanov idman mediasını hansı məqamlara görə tənqid edər? Yaxud idman mediasında nə yoxdu ki, onu görmək istəyirsiniz?
- Mətbuatı izləyirəm. Hər gün məlumatım olur. Mənim idman jurnalistlərinə - sizə köməyim bu ola bilər ki, işimi daim yaxşılaşdırım. Mən sizə nəsə məsləhət versəm, düzgün olmaz. Çünki mənim sahəm deyil. Həmişə tərəfdarı olmuşam ki, hər kəs öz işinə dəyər verib, yaxşılaşdırsın. Yəni, mən sənin işini səndən yaxşı bilə bilmərəm. Eyni ilə də başqası gəlib mənim işimi məndən yaxşı görə bilməz. Mənim də sizə köməyim bu ola bilər ki, öz işimdə diqqətli, ciddi olum ki, sizin də yazılarınız çox, xoş olsun. Nə qədər maraqlı yazılarınız gedəcək, sizi də sevənlər o qədər çox olacaq.
- “CBC Sport”un şərhçisi Rüstəm Əfsərli biləndə ki, sizinlə müsahibəyə gəlirəm, xahiş etdi ki, “CBC Sport”un və bütövlükdə Azərbaycan şərhçiləri ilə bağlı fikrinizi öyrənək.
- Mənim bu haqda fikir bildirməyim doğru olmaz. Yenə deyirəm, biz hər nə qədər yaxşı nəticə versək, Rüstəm üçün də, digərləri üçün də daha da rahat olacaq. Onların hər birinə uğurlar arzulayıram.
Aydın BAĞIROV
[email protected]
"Yunayted" də onunla maraqlanır
"Onlar mənə satqın deyirdilər"
"Tottenhem" ona görə apellyasiya şikayəti verdi
Yamal UNİCEF-in səfiri oldu
Kosovo millisinə texniki məğlubiyyət verildi
"Yaxşı işləyirsənsə, nəticəsi olacaq” - "Kəpəz"in legioneri
"Real" Diası satmaq fikrində deyil
Xavi "İnter Mayami"ni çalışdırmayacaq
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Tayson - Pol döyüşü ən çox izlənilən idman hadisəsi oldu
"Real"ın futbolçusu əməliyyat olundu
"Şamaxı" məşqçisi ilə yolları ayırdı
Acun Ilıcalı haqqında araşdırma başladıldı
Patrik Vieyranın təyinatı açıqlandı
"Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi”
Xavi Messinin baş məşqçisi ola bilər
"Qarabağ" - "Lion" oyununa 1 gündə nə qədər bilet satılıb?
"Türkiyə D liqası səviyyəsində futbol oynadı" - Video
Arda Güler üzr istədi
"Barselona" Salahdan imtina etdi
Rəqibləri Azərbaycan millisidir - Rusiya açıqladı