Tərlan Əhmədova it dəyib?! - Aqil Abbas yazır

Tərlan Əhmədova it dəyib?! - Aqil Abbas yazır
YAZARLAR 4 Mart 2024 / 13:45 5582
-  A +

Əvvəla, bu ifadə üçün Tərlan bəydən üzr istəyirəm. Və əslində üzr istəməli ifadə də deyil. Azərbaycanda ən çox işlənən ifadədir. 

Məsələ nədir?

Tərlan Əhmədovu az qala 30 ildi tanıyıram. Bir vaxtlar "Qarabağ"ın şərəfini qoruyub, özü də şərəflə qoruyub. O vaxtlarkı "Qarabağ"ın ən ağır vaxtları idi, futbolçular heç maaş da ala bilmirdilər. Düşəndən düşənə, ona da maaş demək olmazdı. Tərlanın da cəngavər vaxtları idi, çox yerdən elçi düşdülər, amma Tərlan "Qarabağ"ı atıb getmədi. Ona görə də qarabağlıların ürəyində Tərlanın ayrı bir yeri var. Sonra məşqçiliyə başladı və təcrübəli, peşəkar məşqçi kimi də özünü göstərdi. 

Beş oyundan bircə xal toplayan və axırıncı yerdə sürünən "Neftçi"yə baş məşqçi gətirdilər. Tərlan qısa bir müddətdə komandanı toparladı və ona 3-cü yer qazandırıb bürünc medallı etdi. Nəticəsi nə oldu? Komandanın rəhbərliyi Tərlana dedi ki, yaxşı yol. Əslində eyni hadisə Samir Abasovun da başına gəldi. "Neftçi"ni çempion elədi, ona da dedilər yaxşı yol. Yəni qədir və qiymətlərini bilmədilər.

Yesenin yazır:
Atıb abrı, həyanı mən yaxına gələrək,
Qucdum ağcaqayını özgənin arvadı tək.

Nədənsə, Yesenin demiş, özgə həmişə şirin olur. Axtardılar, tapdılar bir özgə, yəni əcnəbi məşqçi gətirdilər, o da bir qələt edə bilmədi.

Onu da bir təhər yola salıb yenə əcnəbi bir məşqçi gətirdilər Adrian Mutu, o da bizi mutlu edə bilmədi. İndi birini də tapıb gətiriblər, deyəsən, familiyası Bojoviçdi. İki aydı gəldiyi o da bir qələt edə bilməyib. Belə getsə, heç edə də bilməyəcək. 

On klubun üçünün baş məşqçisi əcnəbidi. Halbuki Tərlan Əhmədov kimi məşqçilər küçədə it döyür. 

İndi "Qəbələ" də gürcü Kaxaberi gətirib, familiyası çətindi, yaza bilmədim, birdən səhv edərəm. Kaxaber vaxtilə bir müddət "İnter"in baş məşqçisi olub, onda da "İnter"in tərkibində 25-26 əcnəbi futbolçu oynayırdı. Mən ironiya ilə yazmışdım ki, Kaxaber özü ilə Gürcüstandan bir KAMAZ futbolçu gətirib. İndi hələ ki, özüylə bir məşqçi gətirib, yəqin ilin sonunda yenə Gürcüstandan bir KAMAZ oyunçu gətirəcək. 

Onu da deyim ki, "Qəbələ"ni bu vəziyyətə Elman Baxşıyev salmayıb, Azərbaycanın pullu komandaları salıb. Nə qədər ulduz futbolçuları vardı "Qəbələ"nin kasıblığından istifadə edib satın alıblar. 

İndi də "Sabah"a əcnəbi məşqçi axtarırlar, deyəsən tapıblar da. Deyəsən, İqor Ponomaryova da it dəyib. Təki axırı yaxşı olsun. Amma inanmıram. 

Yeri gəlmişkən, milli komandamıza da əcnəbi məşqçi axtarırlar. Guya bundan əvvəlki əcnəbilər böyük qələt eləmişdilər, indi gələcək əcnəbi məşqçi də o qələtləri düzəldəcək. İndi ac toyuqlar yuxuda darı görmürlər, pul görürlər. 

AFFA-nın prezidentliyi yeri boşdur, yaxşı olar ki, ora da bir əcnəbi prezident gətirsinlər.

Nə isə... 

Dünya düzəlmir ki, düzəlmir, baba…

Aqil Abbas

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər