Köhlən atlar, yoxsa ayğır atlar?

Köhlən atlar, yoxsa ayğır atlar?
YAZARLAR 21 Fevral 2024 / 14:15 4102
-  A +

Adətən «Qarabağ» komandasına «köhlən atlar» deyirlər.

Bilirsiniz, Qarabağ atları dünyanın ən gözəl atları sayılan ərəb atlarından nə ilə fərqlənir? Ərəb atları boylu-buxunludur və kiçik məsafədə Qarabağ atlarını ötürlər, amma uzaq məsafəyə qaçışda Qarabağ atları ərəb atlarını yolda qoyub, «siz gözləyin, biz gəlirik» deyə ötüb keçirlər. Qarabağ atlarının döşləri geniş, enlidir, nəfəsləri çoxdur. 

Başqa bir fərqi ondadır ki, Qarabağ atları manevrli atlardı, döyüş atlarıdır. Düşmənin nizələrindən, qılınclarından həm özü sıyrılıb çıxmağı bacarır, həm də üstündəki igidi qəfil zərbələrdən qoruyur. Bundan başqa, döyüş zamanı həm qabaq ayaqları ilə, həm də ağzı ilə parça-parça edir (necə ki Portuqaliyada «Braqa»nı parçaladılar).

Təmiz qanlı Qarabağ atını qaşovlayırsan çıxarırsan günəşin altına, üstündə abbası boyda qızıl pullar parıldayır, qızıl balıq kimi. 

İşğaldan əvvəl Ağdamda məşhur Atçılıq zavodu vardı, Qarabağ atlarını orda yetişdirirdilər. Bu atları yetişdirən də bir nəsil idi. Və bu nəsil zavodun sahibi İsmayıl bəy tərəfindən 100-150 il əvvəl Qazaxdan gətirilmişdi. 

70-80-ci illərdə bu nəslin nümayəndəsi Əli adlı bir oğlan idi. 

Mən tez-tez bu zavoda gedər, atlara baxmaqdan, ilxının qaçışından ləzzət alardım. 

Bir dəfə Əli bəy qəribə bir söhbət elədi. Heç demə, SSRİ Müdafiə Nazirliyinin əmri ilə atlar rus dilində təlim keçməliymiş, həmişə də belə edirmişlər. SSRİ-də keçirilən yarışlarda çempion ola bilmirmiş Qarabağ atları. Bir dəfə növbəti çempionata hazırlaşarkən Əli bəy atlara Azərbaycan dilində təlim keçir. Yenə də aparır çempioanata, təhvil verir rus çaparlara. Çapar nə qədər edir at onun sözünə baxmır. Müdafiə Nazirliyinin məsul işçisi Əli bəyə qəzəblənir. Əli bəy də deyir ki, icazə verin bu çempionatda atımı özüm çapım. Məcbur olub razılaşırlar və Əli bəyin çapdığı at çempion olur. Elə adı da Çempion qalır. 

Amma bu, Əli bəyə baha başa gəlir. Müdafiə Nazirliyi Ağdam rayon Partiya Komitəsinə rəsmi məktub yazaraq təlimçinin cəzalandırılmasını tələb edir. Az qalıblarmış ki, onu partiyadan və işdən çıxardalar.

Deyəcəksiniz bunun futbola nə dəxli var? Çox dəxli var, xüsusilə də xaricdən gətirilən məşqçilər, həmin o rus çaparı kimi, bizim nəinki atlardan, nə də xalqımızın dilindən, mentalitetindən xəbəri yoxdur. 

Ayğırın köhlən atdan fərqi odur ki, ayğır ipə-sapa yatmır, nəfəsi doğma olmayan heç kimi yaxına buraxmır, yerlə-göylə əlləşir. 

İndi Qurban Qurbanovun köhlən atları əslində ayğırlardır. Təlimçisi də onların dilini bilən, mentalitetini bilən, doğma nəfəsini hiss etdikləri xocamız Qurban Qurbanovdur. 

Ona görə də uzun illərdir bu ayğırlar Avropanı tapdaq-tapdaq eləyib, kişnərtiləri də bütün dünyaya yayılıb. 

Allah qorusun, xüsusilə də gözdən-nəzərdən.

Hələ görün Ağdam abadlaşandan sonra bu komanda yeni tikilən İmarətdə necə şahə qalxacaq?

Aqil Abbas

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər