“Neftçala” klubunun baş məşqçisi Kamal Quliyevin Qol.az saytına müsahibəsi
- Əvvəlcə milli komandamızın Qazaxıstana uduzduğu yoxlama oyunu haqda fikirləriniz bilmək istərdik.
- Düzdür, yoxlama oyunlarında komanda başqa ab-havada olur. Ancaq millimizin məğlubiyyətinə bəraət qazandırmaq olmaz. Reytinqə təsir edən bir oyundursa, qələbə qazanmaq lazım idi. Uduzmağımıza baxmayaraq, komandamız elə də pis çıxış etmədi. Mən Rumıniyanın ispanlarla oyununa baxdım və onlara paxıllıq etdim. Dünyanın ən güclü millilərindən birinə qarşı çox gözəl çıxış etdilər. Biz isə Qazaxıstana uduzuruq. Biz istənilən rəqibə qarşı qol epizodları yaradırıq. Ancaq qol vurmağı bacarmırıq.
- Bu, hücumçu problemindən irəli gəlir?
- Bizdə hücumçu problemi lap əvvəldən var. Ancaq hücumçu olmayanda komanda qol epizodu da yarada bilmir. Axı biz Qazaxıstanla oyunda bir neçə qol epizodu yaratdıq. Futbolçumuz topu iki metrdən qapının üstünə vurursa, bu, hücumçu problemi deyil. Çünki onu müdafiəçi də vura bilər, qapıçı da. Problemin kökündə duran əsas məsələ odur ki, futbolçularımız futbolla yaşamırlar. Artıq çoxları üçün futbol 2-ci plandadır. Hanı bizdəki futbol sevgisi? Niyə biz Qazaxıstana uduzmalıyıq?
- “Neftçala” haqda da danışaq. Komandanız son turlar uğursuz çıxışı ilə yadda qalır.
- Uzun illərdir futboldayam. Bu cür halla ilk dəfədir qarşılaşıram. Artıq bıçaq sümüyə dirənib. Əvvəllər futbolçuların üstünə getmədim. Düşündüm ki, düzələr. Ancaq sonra gördüm ki, yox... Bir az sərt üzümü göstərmək istədim, yenə də alınmadı. Ən yaxın izləyicimizdən 5 xal öndə olduğumuz halda ardıcıl xallar itirdik. Ancaq yenə də çempionluq bizdən uzaqlaşmayıb, yaxındadır. Bir az çalışsaq, çempion olarıq. Bunu futbolçularıma da çatdırıram. Hər bir klubun problemi ola bilər. Ölkəmizdə baş verən devalvasiya bütün klublar kimi bizə də təsir göstərdi. Ancaq hər şeyi pul həll etmir. Bəs kişilik, mənlik, futbol sevgisi hardadı? Bu qədər əziyyət çəkib, sona yaxın oynamamaq da kişilikdən deyil axı. Bilsəm ki, futbolçularımın potensialı yoxdur, dinmərəm, deyərəm ki, gücləri buna çatır. Axı onlar mənə Premyer Liqa səviyyəsindən də yaxşı futbol göstəriblər. Gecə-gündüz futbolçulara qələbə ruhu aşılayıram. İndiki futbolçuların psixologiyası da tamam fərqlidir. Heyət baxımından da kasadlaşmışıq. Cəmi 15 futbolçum var. Cəzalılar, zədəlilər çoxdur.
- Birinci divizionda hakim idarəçiliyindən narazılıq çoxdur.
- Mən həmişə hakimlərimizi layiq olduqları kimi tənqid etmişəm. Elə hakimlərimiz də var ki, idarəçiliyinə baxanda zövq alırsan. Təəssüf ki, bəzi hakimlər digərlərinin də adına ləkə gətirir. Premyer Liqa hakimi birinci divizion oyununu idarə edəndə nümunə olmalıdır. Ancaq bəzi hakimlərimiz birinci divizion səviyyəsindən də aşağı düşür, yüz cür hoqqadan çıxır. Ən təəssüflü məqam odur ki, birinci divizionu bərbad edən Premyer Liqa hakimləridir. Oyunların birində mən də əsəblərimi cilovlaya bilmədim. Elə əsəbləşdim ki, meydana necə girdim. İnsanı bu dərəcəyə gətirib çatdırırlar. Mən belə şey görməmişəm.
- “Turan Tovuz”la oyunda əvəzlənən futbolçunuz Aqşin Həşimov meydana girərək rəqib futbolçuya hücum çəkib. Həmin oyundakı gərginliyin səbəbi nə idi?
- O matçın hakimi Fariz Yusifov idi. Ona iradım yoxdur. Düzdür, bəzi mübahisəli epizodlar oldu, ancaq mən günahı futbolçularımda, özümdə görürəm. Futbolçularım artıqlaması ilə cazasını aldı. Məni pis vəziyyətdə qoydular. Aqşin Həşimov bir illik futboldan uzaqlaşdırıldı. Artıq əlimdə 25 yox, 15 futbolçu var. Düzdür, rəqiblər adamın əsəbləri ilə oynayır. Futbol kişi oyunudur. Yıxılıb yerdə uzanmaqla xal almaq olmaz. Təkcə xalı düşünmək düzgün deyil. Uzanıb yerdə sürünməklə nə inkişaf olacaq? Futbolçularımı qınasam da, bir tərəfdən onları da başa düşürəm.
- “Neftçala” ötən il çempion olsa da Premyer Liqaya buraxılmadı. Bu hal komandanızın cari mövsümdəki çıxışına təsir edir?
- Təbii ki, böyük təsiri oldu. Ötən mövsüm çempionatın gedişində elan olundu ki, Premyer Liqaya “Zirə” və “Kəpəz” yüksələcək. Belə olmaz axı. Bəlkə də qələbə seriyamızı qırmaq üçün bunu etdilər. “Zirə” ilə oyunqabağı həmin bəd xəbəri bizə dedilər. O xəbər bizim üçün çox üzücü oldu. Uşaqları hər oyuna çempion kimi kökləyirdik. Premyer Liqaya buraxılmadığımızı eşidəndə mat qaldıq. Futbolçular sağolsunlar, sona qədər mübarizə apardılar.
- Bu mövsüm də ötənilki halla üzləşsəniz necə olacaq?
- Bu il bu sahədə irəliləyişlər var. Hər bir məşqçimizin lisenziyası var. Nə sənəd lazımdırsa hamısını təqdim etmişik. Ümid edirik ki, bu dəfə keçənilki problem olmaz. İndi də deyirlər ki, “Turan Tovuz”la “Zaqatala” yüksək liqaya çıxacaq. Əlbəttə, belə şeylər futbolçunu həvəsdən salır. Düşünürlər ki, keçən il çempion olduq, amma Premyer Liqaya çıxmadıq, bu il də yəqin belə olacaq. Ancaq bizim hədəfimiz çempionluqdur. Rəhbərlik də qarşımıza bu tapşırığı qoyub. Bu il də çempion olaq, görək nə deyəcəklər.
Ramiq AĞAMƏMMƏDOV
"Real"da şok itki
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət