”Rəvan”ı siyahıdan silmək tezdir” – Elvin Əliyev

”Rəvan”ı  siyahıdan silmək tezdir” – Elvin Əliyev
MÜSAHİBƏ 4 Fevral 2016 / 18:30 5509
-  A +

"Rəvan”ın müdafiəçisi Elvin Əliyevin Qol.Az saytına müsahibəsi

-“Rəvan”da ab-hava necədir?

- Hər şey qaydasındadır. Məşqlərimizi edirik. Bir az maliyyə problemi var. Maaşları hələ ki, almamışıq. Ancaq hər şey davam edir.

- “Neftçi” ilə oyuna hazırlıqlar necə gedir?

- Hazırlıqlar çox gözəl gedir. Artıq maddiyatı düşünmürük. Üzərimizə düşən işi görməyə çalışırıq.

- Maaşları gecikdiyi üçün “Rəvan” futbolçularının “Neftçi” ilə oyuna çıxmayacağı haqda xəbərlər yayılmışdı.

- Yox, bizə də bu xəbər qəribə gəldi. Heç kimdə elə bir fikir olmayıb. Klub rəhbərliyi ilə son söhbətimizdən sonra boykot haqda fikirləşməmişik. Açığı, elə də çox maaş almırıq. Deyiblər ki, hər ayın 5-də maaşlar veriləcək.Qalan borcların bir hissəsini veriblər.

- Rəhbərlik vəziyyəti  nə vaxt qaydasına düşəcəyini deyir?

- Onu heç birimiz bilmirik. Başımı aşağı salıb futbol oynayıram. Formaya düşməyə çalışıram. Düzdür, pul da vacibdir. Heç nə bilmirik. Ancaq yüz faiz əmin ola bilərsiniz ki, məşqə çıxmamağımız haqda deyilənlər boş söz-söhbətlərdir.

- Turnir cədvəlinin sonuncu pilləsində olan “Rəvan”ın 6 xalı da FİFA tərəfindən silindi. Komandada ruh düşkünlüyü yaranıb?

-  Zülmlə xal toplamışdıq. Autsayder komanda üçün 6 xal çox şeydir. Elə bil ki, “Zirə” və “Neftçi” üzərində qələbəmiz heç oldu. Ancaq inanıram ki, çətinliklərə baxmayaraq yenə də xallar qazanacağıq. Çünki o xalları toplayanda da çətinliklərimiz var idi. Başqa yolumuz yoxdur. Bacardığımız qədər xal toplamalıyıq.

- Bundan sonra Premyer Liqada qalmaq uğrunda “Xəzər Lənkəran”la mübarizə aparacağınızı düşünmək olar?

-  Mən belə deməzdim. Mübarizə hələ yeni başlayıb. Kimin hansı sırada olacağını bilmək olmaz.  Uzun illər futbolda olan biri kimi deyə bilərəm ki, sonuncu pillədə gedən komanda bir çox rəqiblərə başağrısı ola bilər. Hələ heç nə bitməyib. Bizi siyahıdan silmək tezdir.

- Hazırkı heyətlə bunu etmək mümkündür?

- Mübarizə aparacağıq. Əlimizi aşağı salmayacağıq. Hər şey qarşıdadır. 

- Ötən tur “Xəzər Lənkəran”la heç-heçə etdiniz. Komandanız necə təsir bağışladı?

- Bir az maddi, bir az mənəvi dəstəksiz qalmışıq. Yaxşı təlim-məşq toplanışı keçə bimədik. Təbii ki, bunlar oyunumuza təsirsiz ötüşmür. “Xəzər Lənkəran”la matçda isə meydança yaxşı vəziyyətdə deyildi. Palçıqda oynadıq. Zəif çıxış etmədik. Qol epizodları yaratdıq. Ancaq hiss olunur ki, hücum xəttində zəiflik var.

- Qarşıdan “Neftçi” ilə oyun gəlir. Hansı nəticəyə ümid edirsiniz?

-  Meydanda əlimizdən gələni edəcəyik. Bacarığımızı ortaya qoyacağıq. Hər kəs oyundan əvvəl deyir ki, qələbə qazanmağa çalışacağıq. Ancaq qələbə sözlə olmur. Hamı əmin ola bilər ki, komanda istəklə meydana çıxacaq.

- Bir müddət əvvəl zədəyə görə karyeranı başa vurduğun deyilirdi. Belə bir fikrin var idi?

- Nə günah etmişəmsə dörd ildir zədələr məndən əl çəkmir. Formamı təzəcə bərpa edəndə yenidən zədələnirdim. Dörd il müddətində ayrı-ayrı yerlərdən 10-15 dəfə zədə almışam.  Şükürlər olsun ki, “Xəzər Lənkəran”la oyunda 90 dəqiqə oynadım. Çalışacam ki, karyeramı hələ başa vurmayım. Elvin mübariz oğlandır. Hərənin öz məqsədi var. Mən də istəyirəm ki, əvvəlki vəziyyətimə qayıdım.

Ramiq  AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər