"Bizi təkcə “Qarabağ”a çatmaq düşündürmür"
“Zirə”nin qapıçısı Anar Nəzirovun Qol.Az saytına müsahibəsi
- 2016-cı ilin ilk rəsmi oyununda “İnter”lə qarşılaşdınız. Qələbə qazandığınız oyunu necə dəyərləndirirsən?
- Antalyada yaxşı hazırlıq keçən iki komandanın oyunu idi. Hər iki komandada yeni transferlər var idi. “İnter”lə turnir cədvəlinin qonşu pillələrində qərarlaşdığımız üçün qarşılaşmanın marağı daha da artmışdı. Oyuna düzgün kökləndik, sona qədər əzmlə müabrizə apardıq və istəydiyimiz nəticəni qazandıq.
- Oyundan əvvəl “Qarabağ”ın AZAL-a uduzduğunu bildiniz. Bu, futbolçuların oyuna motivasiyasna necə təsir etdi?
- Açığı, bu da bizim üçün bir motivasiya oldu. Liderə yaxınlaşmaq imkanı əldə etmişdik. Ancaq biz hansısa komandanın nəticəsinə baxmırıq. Bizi öz oyunumuz maraqlandırır. Qarşımıza məqsəd qoymuşuq ki, heç kimə uduzmayaq.
- “Qarabağ”la xal fərqiniz azaldı. Yəqin komanda daha da ruhlanıb.
- Düzdür, xal fərqi 6-a düşdü. Bu, bizi ruhlandıra bilər. Qarşıdakı oyuna daha yaxşı hazırlaşa bilərik. Ancaq çempionatın sonuna çox var. Üçüncü dövrə yeni başlayıb. Qarşıdakı oyunun hamısına ayrıca yanaşmalıyıq. Öz oyunumuzla çempionata rəng qatmaq istəyirik.
- İndiki vəziyyətdə 6 xal fərqi azdır, yoxsa çox?
- 6 xal elə də çox deyil. Ancaq bizi təkcə “Qarabağ”a çatmaq düşündürmür. Hər bir oyunda maksimum nəticə qazanmaqla istədiyimiz yeri tuta bilərik. Bu tempdə davam etməliyik. Yəni məşqərə ciddi yanaşmaq və oyunlarda əzmkarlıq göstərmək lazımdır.
- Komandanızda Avroliqa istəyi varmı?
- İndiyədək əldə etdiyimiz nəticələr komandamızdakı istəyin göstəricisidr. Bizdə komanda ruhu var. Heç kəs “Zirə”dən bu nəticəni gözləmirdi. Bu gün bir çox komandanı üstələməyimiz kollektivimizdə birliyin, mehribanlığın olmasından, oyunlara düzgün köklənməkdən irəli gəlir. Burada klub rəhbərliyindən tutmuş futbolçulara qədər hər kəsin böyük əməyi var. Kollektivdə birlik olanda hər bir çətinliyin öhdəsindən gəlmək olur. İstəyimiz də odur ki, Premyer Liqada debüt ilimizdə Avroliqaya vəsiqə qazanaq. Ancaq bu, əsas məqsəd deyil. Əsas məqsəd hər oyunda yaxşı nəticə qazanmaqdır. Bütün oyunlara eyni motivasiya ilə hazırlaşırıq.
- UEFA-nın qaydalarına görə, rəsmən üç il fəaliyyət göstərməyən komanda avrokuboklarda iştirak edə bilməz. Sizdə isə bu müddət iki ildir. Bu amil komandanı ruhdan salmır?
- Bu, rəhbərliyin işidir. O barədə düşünmürük. Biz işimizi görürük. Oynayırıq ki, istədiyimiz yerə çataq. Qərar nə olacaqsa, onu edəcəyik.
- Bəs, “Zirə” Avroliqaya hazırdımı?
- Stabillik baxımından hazırıq. Klub rəhbərliyinin komandaya olan dəstəyini də nəzərə alsaq, hazır olduğumuzu deyə bilərik.
- “Zirə”dəki çıxışın milli karyerana necə təsir edir?
- “Zirə”yə gəldikdən sonra Prosineçki məni iki dəfə milliyə dəvət edib. “Qəbələ”də sabit oynamırdım. Ona görə millidən kənarda qalmışdım. “Zirə”də isə müntəzəm olaraq meydana çıxıram. İtaliya və Moldova ilə oyunlarda millidən dəvət aldım. Bundan sonra da məsləhət olsa, çağıracaqlar.
Ramiq AĞAMƏMMƏDOV