“Hər şeyi oyunumla göstərəcəm” – Vüqar Nadirov

“Hər şeyi oyunumla göstərəcəm” – Vüqar Nadirov
MÜSAHİBƏ 27 Yanvar 2016 / 10:59 4775
-  A +

Bakı “İnter”inin yeni transferi Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi

- Antalya toplanışını başa vurdunuz. Hazırlıq necə keçdi?

- Deyərdim ki, çox yaxşı səviyyədə toplanış keçirdik. 10 gün ərzində əsasən fiziki hazırlıqla məşğul olduq. Bu günlər ərzində 4 yoxlama matçı da oynadıq. Çalışdıq ki, çatışmazlıqları aradan qaldıraq. Çünki bizi çempionatda ağır oyunlar gözləyir. Bacardığımız qədər yaxşı məşq etdik. Biz hər şeyin öhdəsindən gələcək gücdəyik.

- Yeni komandana uyğunlaşa bilmisən?

- “İnter”də oynayan futbolçuların əksəriyyətini əvvəlcədən tanıyırdım. Həm də bu klubun gözəl kollektivi var. Baş məşqçi Zaur Svanadze də yaxşı insandır. Ona görə komandaya uyğunlaşmağım elə də çətin olmadı. Hər zaman istəmişəm ki, iddialı klublarda oynayım. Əsas məqsədim “İnter”də özümü yaxşı tərəfdən göstərə bilməkdir.

- Uzun müddət futboldan kənarda qaldın. Bu, istəyinə mane olmayacaq?

- Düzdür, 6-7 aydır normal futbol oynamıram. Amma bu amil mənə əngəl olmayacaq. Formamı bərpa etmək üçün çox çalışıram. İnanıram ki, çempionat başlayana kimi tam hazır olacam.

- Yəni özünə güvənirsən?

- Mən hansı komandada oynamağımdan aslı olmayaraq hər zaman ən yaxşısını etməyə çalışmışam. “İnter”in də uğurları üçün əlimdən gələni edəcəm. Əvvəl oynadığım klublara nisbətən “İnter”də taktika fərqlidir. Onlara da zamanla uyğunlaşmağa çalışacam.

- Nəzərə alsaq ki, Rauf Əliyev hələ də zədəlidir, növbəti oyunlarda səni “İnter”in əsas qol silahı kimi meydanda görə bilərik?

- Komandaya Kamran Ağayev, Sezar Meza Kolli kimi təcrübəli futbolçular da cəlb olundu. Hər birimiz kimin oynamağından asılı olmayaraq yaxşı nəticə qazanmağa çalışacağıq. Baş məşqçi kimi məsləhət bilsə, o futbolçu da meydana çıxacaq.

- “İnter”ə yeni prezident təyin olunduqdan sonra maddi vəziyyətin yaxşılaşdığı deyilir. Komandada hər şey qaydasındadır?

- Heç bir problem yoxdur. “İnter”də çalışanların hamısı yaxşı insanlardır. Bu, bizim üçün hər şeydən önəmlidir.

- Klub prezidenti  Rəşad Qasımov futbolçularla tanış olub?

- Bəli, hər birimizlə görüşüb, söhbət etdi. Bildirdi ki, hər şey yaxşı olacaq. Sadəcə, bir az səbr edib, yaxşı nəticə göstərməliyik.

- Turnir cədvəlindəki yerinizə baxsaq, işiniz elə də çətin deyil.

- Bəli, turnir cədvəlində birinci yerlə aramızda 8 xal fərq var. Növbəti oyunlarda bu fərqi azalda da bilərik. Futbolda hər şey ola bilər. Biz meydana çıxdığımız hər oyuna final kimi baxacağıq.

- Demək olarmı çempionatda əsas rəqibiniz “Qarabağ”dır?

- Premyer Liqada oynayan hər bir komanda güclüdür. Bizi çətin oyunlar gözləyir. Bizim kimi əksər klublar da yaxşı təlim-məşq toplanışı keçib. Demək olar ki, bütün komandalar formadadır. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq.

- Etiraf edək ki, mövcud maliyyə durumu bəzi klubları sıradan çıxarmaq üzrədir. Necə düşünürsən, çempionat əvvəlki kimi maraqlı olacaq, yoxsa əsas mübarizə 2-3 klub arasında gedəcək?

- Düzdür, bəzi klublar iddiasını itirmək üzrədir. Amma bu o demək deyil ki, çempionatda mübarizə apara bilməyəcəklər. Əksinə, futbolçular özlərini göstərib, daha yaxşı klublara keçmək üçün mübarizə əzmini artıracaqlar. Yenə də indidən nəsə demək tezdir.

- Legionerlərin sayı getdikcə azalır. Səncə, bu, çempionata necə təsir göstərə bilər?

- Yerli futbolçular üçün əla şans yaranıb. Bəzi legionerlərdənsə elə özümüzünkülərin oynamağı yaxşıdır.

- “İnter”lə imzaladığın müqavilənin maliyyə şərtləri əvvəl oynadığın klublardakı məbləğlə üst-üstə düşürmü?

- Yox. Mən “İnter”ə futbol oynamaq üçün gəlmişəm. Hər zaman qeyd etmişəm ki, meydanda daha çox olmaq istəyirəm. Oynamayanda özümü pis hiss edirəm.

- Vüqar Nadirov meydanda kimə, nəyi sübut etmək istəyir?

- Danışmaqla heç nə olmur. Əsas odur ki, meydanda kim olduğumu göstərə bilim. Sözlər istəklər qarşısında yetərsizdir. Mən sözlə deyil, oyunumla göstərəcəm hər şeyi.

- “Qarabağ” adının sənin üçün çox şey demək olduğunu bilirik. Bir gün bu kluba dönməyi arzulayırsan?

- “Qarabağ”da oynamaq bir ağdamlı kimi mənim üçün rahat idi. Amma qismət belə imiş. Neyləmək olar? Sadəcə, gələcəyə baxmaq lazımdır.

Ergün SEYİD

Daha çox


Son xəbərlər