"Qarşıma çıxan hər kəs deyirdi ki..." – Samir Abbasov
“Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə komandanızın hazırlığı ilə bağlı danışaq. Qış fasiləsindən necə yararlanırsınız?
- Hazırlıqlar çox yaxşı gedir. Yanvarın 5-dən başlamışıq. Fiziki məşqlərimiz oldu, üç yoxlama oyunu keçirdik. Sabah Antalyaya yola düşürük. Orada üç yoxlama matçında qüvvəmizi sınayacağıq. Normal məşqlər keçirik.Əhval-ruhiyəmiz yaxşıdır. Antalyadakı oyunlardan sonra isə necə hazırlaşdığımızı biləcəyik. Üç transfer etmişik. Vaqif Cavadov, Səlahət Ağayev və Nicat Muxtarovla müqavilə bağlamışıq. “Qarabağ”ın futbolçusu Eltun Yaqublu isə baxışdadır.
- Eltun Yaqublu ilə icarə müqaviləsi bağlanmayıb?
- O, “Qarabağ”ın futbolçusudur. Lazım olarsa, onu komandada saxlayacağıq. Lakin hələ ki, bu barədə qərar verməmişəm.
- Antalyada keçirəcəyiniz yoxlama oyunlarındakı rəqibləriniz bəllidir?
- Rəqiblərimizin ikisi Rumniya, biri isə Qazaxıstan klubudur. Yalnız “Petrolul”un adını deyə bilərəm. Digər rəqibimiz də Rumıniyanın yüksək liqasında çıxış edir.
- Yeni transferlərə ümidiniz böyükdür?
- Bu futbolçuların təqdimata ehtiyacı yoxdur. Hər birinə ümidimiz var. Yəqin ki, komandamıza təcrübə və inam gətirəcəklər.
- Vaqif Cavadovdan nə gözləyirsiniz? Uzun müddətdir ki, oyun təcrübəsindən əziyyət çəkir.
- Vaqif hazırda futbola acdır. “Qəbələ”də mütəmadi oynamırdı. Məncə, bizə köməyi dəyəcək.Vaqif bizimlə məşqlərə başlayanda uzun müddət oynamadığı hiss olunmayacaq. Həm Vaqif, həm də Səlahətin təcrübəsindən yararlanacağıq. Səlahətin xidmətinə isə çox ehtiyacımız var idi. Bunu hamı bilir. Qarşıma çıxan hər kəs deyirdi ki, sizə qapıçı lazımdır. Hər ikisi sağolsun ki, dəvətimizi qəbul etdilər və şərtlərdə güzəştə getdilər. Yəqin ki, məqsədləri də oynamaqdır.
- Başqa transferlər gözlənilir?
- Çox az ehtimal var. Ancaq Türkiyə toplanışında da baxışa futbolçular gələ bilər. Güclənməyə ehtiyac olan mövqelərimiz var. Ancaq inanmıram ki, qış transfer pəncərəsində bu boşluqları doldura bilək. Ümidimiz yayadır. Bir mövqe var ki, çox axsayır. Ancaq hansı mövqe olduğunu desəm, futbolçularımızın pisinə gələr. Oyunçu tapmasaq, mövsümün sonuna qədər belə davam edəcəyik.
- Tural Rzayevin “Mersin İdmanyurdu”na keçidi məsələsi necə oldu?
- Ona təklif gələndə biz ikiəlli razı olduq. Çünki biz də istəyərik ki, futbolçumuz Türkiyə superliqasında oynasın. Ona hər cür şərait yaratdıq ki, superliqada oynasın. Sonra “Mersin İdmanyurdu”nun baş məşqçisi dəyişdi. Ona görə də Turalın keçidi baş tutmadı. Sonrasını bilmirəm. Onunla əlaqəmiz yoxdur. Dünən müsahibəsini oxudum. Deyib ki, “Sumqayıt”a qayıtmaq fikrim yoxdur. Fikri yoxdur, lap yaxşı. Yəqin özünə daha yaxşı klub tapıb.
- “Sumqayıt” futbolçuları ilə digər klublar nə dərəcədə maraqlanır?
- Mənə çatan xəbərlərə görə, Premyer Liqanın iki klubundan futbolçularımıza təklif gəlib. Ancaq sevindirici haldır ki, oyunçularımız özləri getmək istəmir. Təklif göndərən klublar isə bizdən yuxarı pillədə, bizdən daha yaxşı maliyyə imkanları olan klublardır. Uşaqların komandanı tərk etməməsi məni çox sevindirir. Deməli, onlar da “Sumqayıt”ın gələcəyinə inanır.
- Komandanız 8-ci pillədə olsa da, rəqib qapılarından 23 top keçirməyi bacarıb ki, bu göstəricidə yalnız “Qarabağ” və “Qəbələ”də geri qalırsınız. Həmçinin, “Sumqayıt” ən çox qol buraxan komandadır.
- Bizi 8-ci pillədə saxlayan elə qolu çox buraxmağımızdır. Bunun səbəbi isə qapıçılarımızın çox səhv etməsidir. Çalışacağıq ki, bunu aradan qaldıraq. Sırf hücum futboluna üstünlük vermirik. Sadəcə, futbolçulara tapşırmışam ki, ürəkli olsunlar. İnamlı olanda qolu çox vurursan. Hücum xəttində çıxış edən yaxşı futbolçularımız var.
- Səlahət Ağayevin gəlişi qeyd etdiyiniz problemləri aradan qaldıracaq?
- Yəqin ki, tədricən istədiyimiz yerdə olacağıq.Səlahətə böyük ümidim var. Qapıçı sarıdan çox əziyyət çəkirdik. Qışa qədər qapıçımız çox səhvlər etdi. İnanıram ki, Səlahət bu səhvləri etməz.
- “Sumqayıt” həmişə yerli futbolçularla çıxış edib, çempionatda elə də iddialı olmayıb. Hiss olunur ki, bu mövsüm komandanız daha istəklidir.
- Bəli, belə qalmayacaq. Getdikcə hədəflər artacaq. Sırf oyunçu yetişdirmək, çempionatda qalmaqla kifayətlənmək fikrində deyilik. Düzdür, əvvəlcədən danışmaq istəmirəm. Amma mənə də xoş deyil ki, oyunçu yetişdirib, 8-ci yerə oynayım. İstəyirəm ki, komandam irəlilərdə olsun. Bunun üçün əlimdən gələni edəcəm.
- Klublarımızın əksəriyyətində maliyyə böhranı var. “Sumqayıt”da vəziyyət necədir?
- “Sumqayıt”da vəziyyət stabildir. Açığı, biz əvvəldən də böyük maliyyə vəsaitinə sahib olan klub deyildik. İndi maliyyə imkanları böyük olan klublar zəifləyib.
- Yəni bərabərlik yaranıb?
- Yenə də bərabərləşməyib. Biz hələ də onlardan aşağıdayıq. Demək istədiyim odur ki, devalvasiya bizə elə də çətinlik törətmir. Ancaq təbii ki, bizə də təsirsiz ötüşməyəcək.
Ramiq AĞAMƏMMƏDOV