“İlin komandası “Qarabağ”, məşqçisi Qurban Qurbanovdur”
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Qol.Az saytına müsahibəsində başa çatmaqda olan 2015-ci ili Azərbaycan futbolu üçün qiymətləndirib.
Hazırda işsiz olan 45 yaşlı mütəxəssis ilin yekununa dair sualları cavablandırmaqla yanaşı digər məsələlərə də toxunub
- Milli komanda səviyyəsində götürsək, başlanğıc yaxşı olmadı. Prosineçkinin gəlişindən sonra müsbətə doğru dəyişiklik hiss olundu. Ancaq nəticə baxımından heç də uğurlu olmadı. Klub səviyyəsində isə “Qarabağ” və “Qəbələ”nin Avroliqanın qrupuna düşməyi uğurumuzdur. Çempionatımıza gəldikdə isə əvvəlki illərə nisbətən eniş hiss olunur.
- “Qarabağ”ın qrupdan çıxacağına inananlar az deyildi. Sizcə, rəqiblərinin çox güclü olması komandamızın istəyinə mane oldu?
- “Qarabağ”ın ikinci dəfə qrupa düşməsi stabilliyin göstəricisidir. “Qarabağ”ın daha irəli gedə bilməməsini rəqiblərin çox güclü olması ilə əlqələndirmək olar. Bəlkə də komandamız ən çətin qrupa düşmüşdü. Digər obyektiv və subyektiv səbəblər də var. Komandada zədəlilərin çox olması oyun üslubuna da təsirini göstərdi. Həmçinin, yeni gələnlərin komandadan gedən futbolçuların yerini doldura bilməməsi nəticələrə də təsir etdi. Yalnız Dani Kintana komandaya fayda verə bildi.
- Yəni bu il rəqiblərin daha çətin olmasından əlavə həm də “Qarabağ” ötən illə müqayisədə zəif idi?
- Bəli, dəyişikliklər istər-istəməz komandaya təsir edir. Çumbinyonun uzun müddət zədədən əziyyət çəkməsi də “Qarabağ”ın işini çətinləşdirdi. Ümumiyyətlə, “Qarabağ” heyət baxımından əziyyət çəkdi.
- “Qəbələ” Avropa Liqasının təsnifat mərhələsində inamlı, qrup mərhələsində isə zəif çıxışı ilə diqqət çəkdi.
- “Qəbələ” üçün də 2015-ci ili uğurlu saymaq olar. İlk dəfə qrup mərhələsində çıxış etdilər. Düzdür, təsnifat mərhələsinin ilk oyunlarında çətinlik çəkdilər, ancaq sonradan komandaəzmkar oyun sayəsində qrup mərhələsinə vəsiqə qazandı. Gözlənilirdi ki, “Qəbələ” qrup mərhələsində daha baxımlı, istəkli futbol oynayacaq. Lakin bunun əksini gördük. Sanki komanda qrupa düşməklə istəyinə çatdı və daha artığına çalışmadı.
- Ancaq “Qəbələ” çempionatda da qeyri-stabil çıxış edir.
- Komandanın içində deyilik. Ola bilər ki, daxildə hansısa proseslər baş verdi. Roman Qriqorçukun əlində iki heyət var idi. Amma bundan düzgün istifadə edə bilmədi. Bəzi yeni futbolçulara heç şans da verilmədi. Bütün bunların komandanın oyununa təsiri oldu. Artıq çempionat oyunlarında da ruh yüksəkliyi aşağı düşüb. Qışfasiləsindən sonra “Qəbələ”də dönüş ola bilər. Ancaq görünən odur ki, komanda hazırda aşağıya doğru gedir.
- Çempionatın səviyyəsi isə yəqin sizi də qane etmir.
- Artıq komandalar arasında bərabərlik yaranıb. Autsayder sayılan komanda da liderdən xal ala bilər.Düzdür, oyun baxımından çempionatın səviyyəsi ürəkaçan deyil. Ancaq komandalar arasındakı bərabərlik çempionata marağı saxlayır.
- Təxminən 3-4 həftə əvvəl “Neftçi”nin acınacaqlı durumu ən çox müzakirə olunan məsələyə çevrilmişdi. İndi isə komanda özünə gəlməyə başlayıb. Sabiq komandanızda baş verən proseslər haqda fikirlərinizi bilmək istərdik.
- Mən “Neftçi”ni çempion edib gedəndə komanda yüksəlişdə idi. Qoyulan fundament ardıcıl uğurlara gətirdi. Ancaq ötən il “Neftçi”yə baş məşqçi təyin olunanda komanda yaxşı dövrlərini yaşamırdı, eniş hiss olunurdu. Bunun da bir çox səbəbləri var idi. Artıq heyət köhnəlmişdi, bəzi futbolçular qələbələrdən doymuşdu, maddi sıxıntılar oldu. Bütün bunlar komandanın enişinə səbəb oldu. Daha sonra heyət yeniləndi və indi hiss olunur ki, komandada istək yaranıb. Yeni-yeni gənc oyunçular üzə çıxıb. Demək olmaz ki, indi hər şey düzəlib, ancaq müsbətə doğru irəliləyiş var.
- Ardıcıl məğlubiyyətlərdən sonra qazanılan bu qələbələri sırf baş məşqçi dəyişikliyi ilə əlaqələndirmək olar?
- Birdən-birə inkişaf ola bilməz. Müsbətə doğru addımlar atılırdı ki, o da fəsadsız ötüşmürdü. Rəhbərlik sistemi qurunca mənfi təsirlər də özünü göstərməli idi. Yəqin indi futbolçular da “Neftçi”nin nə olduğunu dərk etməyə başlayıblar. Bəlkə də Samir Əliyevin o qədər də təcrübəsi olmadığı üçün bunu komandaya aşılaya bilmirdi. Hiss olunur ki, Əsgər Abdullayev komandada ruh yüksəkliyini qaldıra bilib.
- “Neftçi” rəhbərliyi dəfələrlə bəyan edib ki, istənilən halda qışda komandaya əcnəbi baş məşqçi gətiriləcək. Əsgər Abdullayevlə davam etmək düzgün addım olar?
- Məncə, hər şey yaxşıya doğru gedirsə, niyə də yeni məşqçi gətirilsin? Çünki əcnəbi məşqi komandanı tam dəyişmək istəyəcək. İndiki vaxtda isə buna ehtiyac yoxdur. Çünki yeni məşqçi uğur üçün müəyyən qədər vaxt istəyəcək. Bundan əlavə köməkçi məşqçilər, yeni futbolçular gətirəcək ki, bunlar hamısı pul tələb edir. Madddi sıxıntılar dönəmində bunlar “Neftçi”yə əlavə çətinliklər yarada bilər. Həm də heç kim zəmanət verə bilməz ki, əcnəbi mütəxəssis klubun istədiyi uğuru qazana biləcək. Buna görə də Əsgər Abdullayevin işinə davam etməyi daha məqsədəuyğundur. Bu gün “Neftçi”də çox yaxşı gənc futbolçular var. Mən ötən il komandada uğurdan doymuş futbolçularla yanaşı “ac” futbolçular da görürdüm ki, indi onlardan istifadə etmək lazımdır. 3-4 yaxşı transfer də olunsa, “Neftçi”dən uğur gözləmək olar. Bunun üçün isə əcnəbi məşqçiyə gərək yoxdur.
- Hər ilin sonunda olduğu kimi, bu il də müxtəlif nominasiyalar üzrə sorğu keçirilir. İlin komandası və ilin məşqçisi seçiminiz necə olardı?
- Məncə, ilin komandası “Qarabağ”dır. Yaxşı komandanın da yaxşı məşqçisi olur. Qurban Qurbanov da ilin məşqçisi adına layiqdir. “Qəbələ”nin bu il Avropa Liqasının qrup mərhələsində çıxış etməsi böyük uğurdur. Ancaq gəlin baxaq, komanda stabil oynaya bildimi? Məncə, ilin komandası “Qarabağ”dır.
- Arif müəllim, bir müddətdir ki, işsizsiniz. Yeni iş gözlənilirmi?
- Nəsə olmalıdır.
- İran klubundan təklif aldığınızı demişdiniz. Bu məsələ nə yerdədir?
- Bəli, İrana getmişdim. Yüksək Liqa klubu ilə danışığmız olmuşdu. Ancaq müəyyən şərtlər razılığa gəlmədik. Hələ ki, danışıqlar dayanıb.
Ramiq AĞAMƏMMƏDOV