"Qarabağ" Avroliqanın ən çətin qrupunda oynayır"

"Qarabağ" Avroliqanın ən çətin qrupunda oynayır"
ÖLKƏ FUTBOLU 6 Noyabr 2015 / 17:21 9689
-  A +

“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsində "Monako" ilə oyundan (1:1) sonra Qol.Az saytının suallarını cavablandırıb

- Çox vacib bir matçda xal itirdiniz. Səncə, qələbə qazanmaq üçün nə çatmadı?

- “Monako”ya qalib gəlmək üçün əlimizdən gələni etdik. Qələbə də qazana bilərdik. Çünki çox gözəl oyun sərgilədik. Amma nəzərə almaq lazımdır ki, qarşımızdakı rəqib “Monako”dur. Belə komanda ilə oyunda bir xalı öz gücümüzlə qazandıq.

- Amma qələbəyə çox yaxın idiniz.

- Düşünürəm ki, “Monako” ilə oynadığımız iki matçda 4 xal da qazana bilərdik. Əslində, səfər oyununda da məğlubiyyətə layiq deyildik.  Bu oyunda da yaxşı hücumlarımız və qol vurmaq üçün şanslarımız oldu. Bunların sadəcə birindən yararlana bildik. Hətta ikinci hissədə  hesabı artıra da bilərdik. Qeyd etdiyim kimi, fürsətlərdən yararlana bilmədik. Rəqib isə əlinə düşən imkandan maksimum istifadə etdi və hesabı bərabərləşdirdi.

- Amma etiraf edək ki, “Monako” ilə doğma meydanda daha yaxşı oynadınız, nəinki səfərdə.

- Doğrudur, azarkeşlərimiz önündə daha güclü idik.

- İtirdiyiniz iki xal qrupdan çıxmaq şansınıza son qoymadı ki?

- Biz qrupdan çıxmaq üçün sona kimi mübarizə aparacağıq. Məncə, “Qarabağ” qrupda heç bir komandadan zəif deyil. “Anderlext”i səfərdə də məğlub edəcək gücdəyik.

- Kənardan baxanda stadionun öt örtüyü  ideal görünmürdü. Sizin üçün necə, hər şey qaydasında idi?

- Doğrudur, stadionun ot örtüyü elə də yaxşı deyildi. Oyundan əvvəl çoxlu məşq etsək də, çətinliklər yaradırdı. Bizim üçün belə meydançada oynamaq “Monako”dan çətin idi.

- Qələbənin əldən getməsinə səbəb bu idi?

- Deməzdim tək səbəb budur. Qoldan sonra topu özümüzdə saxlamağa çalışdıq. Rəqib isə təcrübəli və güclü komanda olduğundan meydanda çox güc sərf etməli olduq. İnanıram ki, “Tottenhem”ə qarşı daha yaxşı oynayacağıq.

- Oyundan əvvəl azarkeşlər tərəfdən  təzyiq hiss edirdiniz?

- Əlbəttə, hamı bizdən qələbə gözləyirdi. Amma onlar da bilməlidir ki, belə rəqiblərlə oynamaq çox çətindir. Çünki Avropa Liqasının ən çətin qrupunda mübarizə aparırıq.

- Səncə, qrupdan çıxmağa ən real namızədlər hansı klublardır?

- Hər bir komandanın şansı var. Biz Belçikadan yaxşı nəticə ilə qayıdıb, doğma meydanda “Tottenhem”ə qalib gəlməliyik. Bunun üçün də əlimizdən gələni edəcəyik. İnanıram ki, həmin oyunda 3 xal qazana biləcəyik. Qrupdan çıxa bilərik.

Ergün SEYİD

Daha çox


Son xəbərlər