AFFA-nın baş katibi Elxan Məmmədov “Avro-2016”nın seçmə mərhələsində millimizin Bolqarıstanla oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın Sofiyaya ezam olunmuş müxbirinin məlumatına görə, AFFA rəsmisi bir sıra maraqlı məqamlara toxunub.
- AFFA İtaliya ilə ev oyununun bilet satışından yaxşı qazanc əldə edə bildimi?
- Bəli, qazandı. Amma belə oyunu təşkil etmək də asan deyil. Bütün azarkeşlərə çox sağ ol deyirəm. Çünki yağışdan, küləkdən qorxmadılar və komandanı sona qədər dəstəklədilər. Bu, sevindirici haldır. İtaliya ilə oyun bizim üçün əlamətdar idi. İlk növbədə, dünya çempionuna qarşı oynayırdıq. İkincisi, Bakı Olimpiya Stadionunda ilk futbol tədbiri idi. Üçüncüsü, Azərbaycanın futbol tarixində ilk dəfə 48 min insan stadiona gəlmişdi. Bundan əlavə, kapitanımızın millidəki 100-cü oyunu idi. UEFA-nın nümayəndələri də Azərbaycana səfər etdilər. Məhz buna görə də, oyundan qabaq AFFA-nın prezidenti Rövnəq Abdullayevlə bərabər UEFA-nın baş katibinin müavini meydana çıxıb, Rəşad Sadıqovu təbrik etdilər. Təəssüflər olsun ki, Mişel Platini Bakıya gələ bilmədi. Biz onu səbirsizliklə gözləyirdik. Bildiyiniz kimi, o, müvəqqəti olaraq, 90 gün müddətinə işindən kənarlaşdırılıb.
- Növbəti seçmə mərhələdə hansı oyunları Olimpiya Stadionunda keçirməyi planlaşdırırsız?
- Digər dünya çempionu Almaniya ilə oyunu. Azərbaycan yığmasının qismətidir ki, hər seçmə mərhələdə dünya çempionuna qarşı oynasın. İtaliya da, Almaniya da 4 dəfə dünya çempionu olub. Təbii ki, belə böyük matçları orada keçirməyin tərəfdarıyıq. Görsək ki, böyük maraq var, digər görüşləri də Olimpiya Stadionuna sala bilərik.
- Rəşad Sadıqov Bolqarıstanla matçdan sonra milli karyerasını bitirə bilər. Bununla bağlı AFFA kapitanla danışacaqmı?
- Xeyr. Rəşad yığmanın kapitanıdır, artıq 100-cü oyununu keçirib. Neçə illərdir ki, Azərbaycan futboluna böyük töhfələr verir. Bu məsələ birbaşa onun və baş məşqçinin qərarından asılı olacaq.
- Rəşad Sadıqov yığma karyerasını bitirsə, onun şərəfinə vida matçı keçirəcəksinizmi?
- Təbii ki, biz Rəşadı elə-belə buraxmayacağıq. Mən bu barədə heç danışmaq istəmirəm. Amma yığma karyerasını bitirməyə qərar versə, biz onu elə yola salacağıq ki, hamı həmin mərasimi yadında saxlayacaq.
- Oktyabrın 13-də Bolqarıstanla qarşılaşacağıq. Bu oyundan hansı nəticəni gözləyirsiz?
- Sofiyaya 3 xal dalınca gəlmişik. Komandanın məqsədi qələbə qazanmaqdır. Bəli, bu oyun bizə böyük nəticə verməyəcək, pley-off mərhələsinə çıxa bilməyəcəyik. Amma seçmə mərhələni 3 xalla bitirmək həmişə yaxşıdır. Bu, bizə imkan verəcək ki, komandamız qrupda 4-cü yeri tutsun.
- U-21 millimiz son üç oyuna 12 qol buraxıb, rəqib qapılarına cəmi bir dəfə yol tapıb. Problemi nədə görürsünüz?
- Bu, xoşagəlməz haldır. Bununla bağlı Məşqçilər Komitəsi ilə söhbətimiz oldu. Bildirdim ki, tez bir zamanda hesabat hazırlansın və məruzə olunsun ki, niyə U-21 belə nəticə göstərir. Çünki məhz Məşqçilər Komitəsinin tövsiyyəsi əsasında Yaşar Vahabzadə baş məşqçi təyin olunub. Təbii ki, burada tək baş məşqçi yox, futbolçular da günahkardır. Bu nəticələr qəbulolunmazdır.
- Yəqin ki, həmin məğlubiyyət əsas millinin baş məşqçisi Robert Prosineçkini də narahat edir...
- Bəli, çox narahatdır. Lippertlə əlaqə saxlayıb, danışıb. Fərdi olaraq, futbolçuları müzakirə ediblər. Çünki növbəti seçmə mərhələdə biz U-21-in bəzi üzvlərinin əsas yığmaya dəvət alacağını gözləyirik.
- Milli komandanın yeni bazasının açılışı olmadı. Baza ilə bağlı gələcək planlar nədən ibarətdir?
- Bazanın yanında təbii ot örtüyü yığılır, dekabrın sonunda hazır olacaq. Komanda imkan qazandı ki, orada təlim-məşq toplanışı keçirsin. Gələcəkdə rəsmi açılış olacaq. Qeyri-rəsmi açılışı isə artıq etdik. UEFA-nın nümayəndələri gəldilər, baza ilə tanış oldular. Çünki maliyyə məhz UEFA tərəfindən ayrılmışdı. Biz xüsusi proqram tərtib etdik və sağ olsun, UEFA maliyyə dəstəyini göstərdi.
- Millimiz bu seçmə mərhələdə 4-cü yeri tutmasa, bunu komanda üçün uğursuz nəticə saymaq olarmı?
- Robert Prosineçki haqda xoş sözlər deməliyəm. O, 5 oyunun 4-də yaxşı nəticə göstərməsinə baxmayaraq, heç vaxt keçmiş baş məşqçinin mənfi nəticələrindən danışmadı. Bu adam bəhanə axtarmır və nəticə göstərmək, komandanı inkişaf etdirmək istəyir. Onun haqda bizdə müsbət rəy yarandı. Dördüncü yeri tutmaq bizim üçün yaxşı nəticə olardı.
- Cari seçmə mərhələdə millimiz bütün ev oyunlarını Bakıda keçirdi. Gələn seçmə mərhələlərdə oyunlarımız bölgələrdə keçirilə bilər?
- UEFA-nın yeni qaydası var. Bu qaydaya əsasən, milli komanda seçmə mərhələ oyunlarını keçirmək üçün iki stadion göstərə bilər. Bəzi ölkələrdə 3 stadiona da icazə verildi, həmçinin də bizdə. Biz də istəyərik ki, millinin oyunlarını bölgələrdə keçirək. Ancaq hansı bölgədə? Lənkəranda millinin oyunlarını keçirmək üçün meydançanın vəziyyəti möhtəşəm olmalıdır. Gəlin, əyri oturub, düz danışaq. AFFA-nın İcraiyyə Komitəsinin 2009-cu ildə qəbul etdiyi qərara əsasən, hər klubun özünün stadionu olmalıdır. Bu gün biz artıq buna nail olmuşuq. Təkcə Bakıda Tofiq Bəhramov adına Respublika stadionu, "Dalğa Arena", “İnter Arena”, "Bakcell Arena", "Bayıl Arena" var, "Qarabağ"ın yeni stadionu tikilib. Regionlarda "Qəbələ" gözəl baza tikib. Biz də istəyirik ki, oyunlarımızı regionlarda keçirək. Finlandiya ilə Lənkəranda keçirdiyimiz oyuna (1:2) azarkeşlərin çox böyük marağı var idi. Bütün Lənkəran həmin an futbolla yaşayırdı. Mən də istəyərəm ki, millinin oyunlarını Gəncədə, Lənkəranda keçirək, çünki Bakıda həmişə oyunlar keçirilir. Bölgədə isə bu cür oyunlar az olur.
- Bir neçə il öncə yoxlama oyununda İslandiya ilə heç-heçə edərək (1:1), Albaniyanı məğlub etmişdik (1:0). Hazırda bu millilər “Avro-2016”nın final mərhələsinə vəsiqə qazanır, millimiz isə hələ də 4-cü yer uğrunda mübarizə aparır...
- Həmin matçlar yoxlama oyunları idi. Albaniya elə o vaxt da zəif komanda sayılmırdı. Onlar həmişə yaxşı oyun sərgiləyiblər. Müqayisə edərkən qruplara da nəzər salmaq lazımdır. O ki qaldı İslandiyaya, onların son uğurlarını mən fenomen adlandırardım. Çünki bu milli heç kimin gözləmədiyi halda, bu uğurlara imza atıb. Hətta dünyanın digər ölkələrindəki mütəxəssislər də İslandiyanın uğuruna heç bir izah tapa bilmirlər. Cəmi 400 min əhalisi olan İslandiyanın klubları da o qədər uğurlu çıxış etmir. Bu cür müqayisələr aparan zaman geriləyən milliləri də nəzərə almaq lazımdı. Mən ad çəkmək istəmirəm, ancaq bir neçə il öncə qrupda 3-cü yeri tutan millilər hazırda sonuncu pillədə qərarlaşıblar. Elə götürək Hollandiyanı. Bu milli hazırda 4-cü pillədə yer alıb. Elə Türkiyə millisi də yalnız son turlarda 3-cü pilləyə yüksələ bildi. Bu millilərdən biri Avropa çempionatından kənarda qalacaq. Futbolda hər şey mümkündü. Düzü, biz də daha yüksək nəticələr qazanmaq istərdik. Son vaxtlardakı nəticələrimizə nəzər saldıqda yaxşı nəticələr də görmək mümkündü. Məsələn, hazırda Avropa Liqasının qrup mərhələsində iki klubumuz çıxış edir. Gənclərdən ibarət millilərimiz elit-raunda vəsiqə qazanıb. Qızlardan ibarət millimizin elit-raunda yüksəlməsi mənim üçün gözlənilməz oldu.
Əsas odu ki, bundan sonra stabillik göstərək. Düzdü yavaş-yavaş irəli gedirik, ancaq bu kifayət deyil. Gələn ildən dünya çempionatının seçmə mərhələsində mübarizə aparacağıq. Bildiyiniz kimi, burada final mərhələsinə adlamaq daha çətindir. Çünki Avropa çempionatında 3-cü yeri tutaraq pley-offa vəsiqə qazanmaq mümkündüsə, dünya çempionatında bunun üçün 2-ci pilləni tutmalıyıq. Siz də razılaşarsız ki, indiki məqamda bu o qədər də real görünmür. Ancaq yenə də 3-cü pilləni tutmaq uğrunda mübarizə apara bilərik.
- "Qarabağ" və "Qəbələ"nin son vaxtlar əldə etdiyi uğurlardan danışdınız. Sizcə, hazırda mövcud olan 6+5 limiti bu klublara ziyan vurmurmu?
- Bu məsələdə "Qarabağ"ı misal kimi göstərmək düzgün deyil. Çünki “Qarabağ” avrokuboklardakı son oyunlarına nəzər salsaq, start heyətində minimum 4 yerli futbolçunun çıxış etdiyini görərik. Hətta əvəzetmələrdə də legionerlərin yerinə yerli futbolçular meydana daxil olur. Bu da onu göstərir ki, Qurban Qurbanov yerli oyunçuların səviyyəsindən razıdır. "Qəbələ"də də eyni proses baş verir. Bu o deməkdi ki, yerli futbolçular legionerlərdən geri qalmır. Məncə, hazırki limit tam normaldır. İcraiyyə Komitəsinin qəbul etdiyi bu limit bizə tam uyğundur. Məhz bunun nəticəsində iki klubumuz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Klublarımız avrokubokların ilkin təsnifat mərhələsində 6+5 sistemiylə oynayırlar. Qrup mərhələsinə yaxınlaşdıqda isə başlayırlar legioner almağa. Bu onu göstərir ki, yerli futbolçuların olduğu heyət nəticə göstərir. Bu məsələylə bağlı Avropada daim dəyişikliklər edirlər. Onlar bu məsələdə balansı tapmağa çalışırlar. Əvvəllər legioner limiti yüksək olduğu vaxtlarda klublarımız niyə qrup mərhələsinə vəsiqə qazana bilmirdi? Legioner limiti 7+4 olduqdan sonra 2012-ci ildə "Neftçi", 2014-cü ildə "Qarabağ", bu il isə "Qəbələ" və "Qarabağ" qrup mərhələsinə vəsiqə qazandı. 2008-də, 2007-də, klublar eyni vəsaiti xərcləsə də, indiki uğurlara imza ata bilmirdilər. Statistikaya baxsaq, ən çox maliyyə 2006/07 və 2010/11 mövsümlərində xərclənib. Ancaq həmin vaxtlarda heç bir klubumuz qrup mərhələsinə vəsiqə qazana bilmədi. Bu il isə ən az maliyyə xərclənən ildir. Mən həmişə demişəm, maliyyə əsas deyil. Maliyyə sadəcə olaraq, yardımçı vasitədir. Əsas olan klubda görülən işdir. Baş məşqçinin işə yanaşması nəticədə əsas rol oynayır. "Qəbələ" bir neçə məşqçi dəyişdikdən sonra qrup mərhələsində çıxış etmək arzularına nail oldular.
Ramiq Ağaməmmədov, Sofiya
"Real"da şok itki
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu