“Neqativ məqamları düşünmək lazım deyil” - Valdas Dambrauskas

“Neqativ məqamları düşünmək lazım deyil” - Valdas Dambrauskas
PREMYER LİQA 15 Avqust 2026 / 23:16 217
-  A +

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Sabah" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

- Çempion statusu ilə yeni mövsümə başlamaq komanda üçün əlavə təzyiq yaradır, yoxsa əlavə stimul verir?

- İlk növbədə bütün futbolçularımı və “Sabah”ın azarkeşlərini təbrik edirəm. Bu gün bizim üçün ən önəmli məsələ üç xal qazanmaq idi və buna nail olduq. İndi isə bu oyunu geridə qoyuruq. Əlbəttə, matçı təhlil edəcəyik, fərdi şəkildə futbolçularımıza səhvlərini göstərəcəyik.

Hazırda taktiki məsələlər barədə çox danışmağın elə də böyük əhəmiyyəti yoxdur. Çünki son oyunumuzda, demək olar ki, bütün emosiyalarımızı və enerjimizi sərf etmişdik. Belə bir oyundan sonra növbəti matça köklənmək müəyyən qədər çətin olur. Gördüyünüz kimi, bu gün meydana 100 faiz rotasiya ilə çıxdıq. Mən futbolçularımı da başa düşürəm. Onların bir çoxu bu heyətdə ilk dəfə, bəziləri isə ikinci dəfə birlikdə oynayırdılar.

Buna baxmayaraq qeyd edə bilərəm ki, ilk hissədə istədiyimiz kimi çıxış etmədik. Səliqəsiz oynadıq, kifayət qədər enerjimiz yox idi və bəzən düzgün pressinq tətbiq etmirdik. Bu da müdafiə xəttimizin lazımi şəkildə irəli çıxmamasına səbəb olurdu. Nəticədə rəqib qapısı qarşısında ciddi təhlükə yarada bilmirdik.

İkinci hissədə müəyyən düzəlişlər etdik və demək olar ki, hər şey dəyişdi. Oyuna daha çox enerji gətirdik, rəqibi öz cərimə meydançasına sıxışdırdıq və iki qol vuraraq fərqləndik.

Bu gün ən önəmli məqam isə odur ki, heç bir futbolçumuz zədə almadı. İndi hər kəs növbəti oyuna hazır olacaq. Qarşıda bizi çox ağır matç və uzun səfər gözləyir. Rumıniyada çox vacib bir oyuna çıxacağıq.

- Start heyətində rotasiyaların olması başadüşüləndir. Çünki heyətdə komandaya yeni qoşulan bir neçə futbolçu var. Həmçinin nəzərə almalıyıq ki, “Sabah” ən azı qışa qədər Avropa səhnəsində mübarizə aparacaq və üç cəbhədə çıxış edəcək. Bu rotasiyalı heyət Dambrauskası qane edirmi?

- Düşünürəm ki, bu futbolçular 6-7 oyunu birlikdə keçirsələr, tamamilə fərqli mənzərənin şahidi ola bilərsiniz. İndi onları nəyəsə görə mühakimə etmək ədalətsizlik olardı. Əlbəttə, bu gün bəziləri kifayət qədər yaxşı çıxış etdi, bəziləri isə istədiyimiz səviyyədə oynaya bilmədi. Amma ən önəmlisi odur ki, bu gün qələbə əhval-ruhiyyəsini əldə etdik və üç xal qazandıq.

İndi neqativ məqamlar haqqında düşünmək lazım deyil. Daha çox pozitiv məqamlara köklənməliyik. Qarşıda bizi çox ağır oyun gözləyir.

- "Sabah"ı qarşıda necə bir matç gözləyir?

- Bizi qarşıda həqiqətən də çox rəqabətli və mübarizəli iki oyun gözləyir. Hər iki komanda Çempionlar Liqasının qrup mərhələsinə, daha doğrusu, əsas mərhələyə vəsiqə qazanmaq üçün əlindən gələni edəcək. Çünki hər iki klub üçün də bu, ilk dəfə belə bir mərhələdə iştirak etmək baxımdan çox önəmli hadisə olacaq.

İnanıram ki, bu mərhələyə yüksələn tərəf biz olacağıq. Əlbəttə, burada müəyyən amillər, bəlkə də bir qədər bəxt də önəmli rol oynayacaq. İnanıram ki, sadaladığım bütün bu xırda detallar bizim tərəfimizdə olacaq və mərhələni keçən komanda “Sabah” olacaq. Hazırda ağlıma gələn əsas fikir budur ki, bizi iki çox rəqabətli və mübarizəli oyun gözləyir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner