"Federasiyaların məktəblərlə əlaqəsi güclənməlidir"

"Federasiyaların məktəblərlə əlaqəsi güclənməlidir"
MEDİA 26 May 2024 / 16:26 881
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Xətai rayonu İlqar Cəfərov adına 260 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimi, Elm və Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə eksperti, badminton idman növü üzrə hakim Bəyazid İsazadədir.

- Orta məktəblərdə, gimnaziyalarda fiziki tərbiyə fənninin keyfiyyətini necə qiymətləndirirsiniz?

Orta ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənni yüksək səviyyədə tədris edilir. Fənnin məqsəd və vəzifələrinə nəzər salsaq, şagirdlərin sağlamlığı möhkəmləndirməklə orqanizmin müqavimətinin və ümumi iş qabiliyyətinin artırılması, hər bir yaş dövrü üçün zəruri olan hərəki qabiliyyətlərin optimal inkişaf həddinin təmin edilməsi, həyat fəaliyyəti üçün zəruri bacarıq və vərdişlərin formalaşdırılması və təkmilləşdirilməsi, bədən quruluşundakı qüsurların aradan qaldırılması və düzgün qamətin formalaşdırılması, hərəki fəaliyyət mədəniyyətini tərbiyə etməkdir. Məhz bu xüsusiyyətlər şagirdlərdə fiziki tərbiyə dərslərində formalaşır və inkişaf edir. 

- Fiziki tərbiyə müəllimləri dərsləri necə aparırlar?

- Fiziki tərbiyə müəllimləri dərslərini illik planlaşdırmanın tələblərinə uyğun, yüksək səviyyədə, fənn kurikulumunun tələblərinə uyğun olaraq, bütün məzmun xətlərinin meyarlarına uyğun tədris edirlər. Spartakiada və yarışlarda iştirak edən yüksək fiziki hazırlığa malik şagirdlərimiz buna əyani sübutdur.

- Bəzən uşaqların diqqətini dərslərə yönəltmək çətin olur. Bəs müəllimlər uşaqları əyləndirmək üçün, dərsləri daha maraqlı etmək üçün hansı addımları atırlar?

- Şagirdləri əyləndirmək üçün fəal interaktiv təlim metodlarından istifadə edilir və müəllimlərin işə qəbulu müsabiqəsi ilə işə qəbul olan gənc müəllimlərimiz yeni innovativ fəaliyyət nümayiş etdirərək hər il Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Yaradıcı müəllim” müsabiqəsinə layihələr təqdim edirlər. Hər hansı hərəki qabiliyyətin inkişafında tətbiq edilən mütəhərrik və əyləncəli estafet oyunları bunu sübut edir. Uğur qazanan layihələr sosial şəbəkələrə yerləşdirilir və bu layihələrdə tətbiq edilən metodlar digər təhsilverənlərin istifadəsi üçün paylaşılır.

- Əlbəttə ki, fiziki tərbiyə fənninin tədrisi üçün məktəbin müəyyən infrastruktura sahib olması lazımdır. Sizcə, orta məktəblərdə idman zallarının, meydançaların durumu qənaətbəxşdirmi?

- Məktəblərdə hərəki bacarıq və vərdişlərin, hərəki qabiliyyətlərin zəruri miqdar və amplitudada inkişafı üçün kifayət qədər şərait var. Təmirsiz vəziyyətdə olan idman zalları da mövcuddur. Belə zallar təmir edilir və bu tipli zalların təmiri aiddiyyatı qurumların diqqət mərkəzindədir.

- Qeyd etdiniz ki, uşaqlar üçün layihələr təşkil edilir, onlar yarışlara göndərilirlər. Şagirdləriniz hansı yarışlarda iştirak edirlər?

- Şagirdlərimiz perespektiv planlaşdırmanın meyarlarına uyğun olaraq məktəbdaxili yarışlarda və məktəblərarası basketbol, voleybol, futbol, badminton, şahmat, həndbol, minifutbol, atletika, 3x3 idman növü üzrə yarışlarda iştirak edirlər.

- Bu gün orta məktəblərdə, uşaqlar və yeniyetmələr arasında fiziki tərbiyəyə maraq hansı səviyyədədir?

- Məktəblərdə fiziki tərbiyə fənninə maraq yüksək səviyyədədir. Bunu idman zalının qarşısında dayanaraq tənəffüs zamanı şagirdlərin bu dərsə gələrkən gözlərindəki sevinclə müşahidə etmək olar. Həmçinin tənəffüs zamanı idman zalına gələrək zalda quraşdırılan idman stendləri, Olimpiya uğurlarımız haqqında şəkillərlə maraqlanan şagirdlərimizdə buna əyani sübutdur

- Dərs keçdiyiniz, gördüyünüz uşaqlar arasında, yəqin ki, istedadlı uşaqlar çoxdur. Onlar daha çox hansı idman növünə maraq göstərirlər?

- Bəli, belə şagirdlər hər zaman fiziki tərbiyə müəllimlərinin diqqət mərkəzindədir. Çünki bayraq ucaldan, himn səsləndirən qəhrəmanlarımızın ilk məşqləri məhz fiziki tərbiyə dərslərindən başlayır. Xüsusilə qeyd etmək lazımdır ki, şagirdlərin idmanın kralı sayılan futbol idman növünə marağı sonsuzdur. Amma bu fikir digər idman növlərini kölgədə qoya biməz. Çünki fiziki tərbiyə müəlliminin perespektiv planlaşdırılmasında idman oyunlarının inkişafı üçün dərs saatları bəarabər miqdarda bölünmüşdür. 

- ⁠Sizcə, ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün hansı addımları atmaq olar?

- Fiziki tərbiyə dərslərinin həftəlik saatları qaldırılmalı, idman zallarından birgə müqavilə əsasında fəaliyyət ödənişsiz olmalı və federasiyaların məktəblərlə əlaqəsi güclənməli, federasiyalar məktəbləri zəruri avadanlıqlarla təmin etməlidirlər.

- Uşaqları pis vərdişlərdən uzaqlaşdırmaq, təhsilə və idmana bağlamaq üçün hansı layihələri həyata keçirmək olar?

- Sinifdənxaric fəaliyyətlə məşğul olmaq, dərsdənkənar idman məşğələləri təşkil etmək və fiziki tərbiyə sahəsində qrant layihələrdə uğur qazanaraq şagirdləri bu layihələrə cəlb etmək məqsədəuyğundur. Həmçinin pis vərdişlərin insan orqanizminə təsirini onlara göstərmək lazımdır. Bu gün ölkəmizdə cüdo federasiyasının Bakı küçələrinə yerləşdirdiyi “İdmandan əvvəl” və “İdmandan sonra”, “Narkotikdən əvvəl “ və “Narkotikdən sonra” fotosu maariflənmə üçün gözəl vasitədir.

- Yəqin ki, bir müəllim kimi şagirdlərinizlə söhbətlər aparırsınız. Onlara nə deyirsiniz? 

- Şagirdlərlə dərslərimizin nəzəri hissəsində və sinif təşkilat saatlarında idmanın insan orqanizminə olan müsbət təsirlərindən,fiziki və funksional inkişafı artırmasından söhbət açırıq. Həmçinin ölkə bayrağını qaldıraraq, himnimizi səsləndirmək müsbət mənəvi iradi xüsusiyyətdir. Onlarında gələcəkdə idmanla məşğul olaraq bayrağımızı qaldırmaq, ölkəmizi idman reytinqində irəliyə daşımaq kimi potensiallarının olduğuna inandırmaq fiziki tərbiyə müəllimlərinin vəzifəsidir. Motivasiya üçün hər il məktəblərdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdmansevərlər” layihəsi çərçivəsində tanınmış idmançılarla görüş baş tutur. Məhz bu görüşlərdə şagirdlər həmin idmançılardan ilhamlanaraq idmanla məşğul olmağı özləri üçün vacib hesab edirlər. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər