Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanın həvəskar futbol çempionatı olan Region Liqasında 2023/24 mövsümü start götürdü. 39 komandanın mübarizə apardığı yarışın iştirakçılarından biri də "Haypers"dir. Bu komanda Region Liqasının Şimal zonası üzrə B qrupunda çıxış edir.
"Haypers" Region Liqasının 1-ci turunda artıq ilk oyununu keçirib, səfərdə İCBFA-ya qalib gəlib - 3:0. Sözügedən komandanın baş məşqçisi isə bütün futbol ictimaiyyətinin yaxşı tanıdığı bir sima - Vüqar Nadirovdur.
Bugünkü mövzumuz da məhz "Haypers" klubunun Region Liqasındakı mübarizəsi haqqındadır. Komandanın hazırkı durumunu, hədəflərini öyrənmək üçün Vüqar Nadirovla söhbətləşdik.
- Vüqar bəy,necə oldu ki, "Haypers" komandasının baş məşqçisi təyin edildiniz?
- Düzü, klubun sahibi Ayaz Abdullayevlə birlikdə məşq keçirdik. Sonra Ayaz müəllim təklif etdi ki, "Haypers"i yenidən quraq, Region Liqasında mübarizə aparaq. Razılaşdıq. Qısa müddət ərzində işə başladıq.
- Bu, sizin baş məşqçi kimi ilk işinizdir, düzdürmü?
- Bəli, elədir.
- Bəs Region Liqasının başlamasına az qalmış yeni komanda qurmaq çətin olmadı?
- Əslində Region Liqası bir az gec başladı. Bu da bizim işimizə yaradı. Çünki artıq 1-ci və 2-ci liqalar start götürmüşdü. Yəni, futbolçu tapmaq məsələləri var idi. Vaxt qazandıq, axtarışa başladıq. Tanıdığım uşaqlara müraciət etdim, beləcə komanda yığdıq, məşqlər keçdik.
- Region Liqasında ilk matçınızı keçirdiniz və qalib gəldiniz...
- Bəli. Düşünürəm ki, çox yaxşı, maraqlı oyun keçdi. Qələbə qazandıq. İnşallah, daha yaxşı nəticələr əldə etmək istəyirik.
- Bu görüşə 200-ə yaxın azarkeş gəlmişdi. Region Liqası üçün bunu anşlaq adlandırmaq olar?
- Elədir. Oyun Abşeron Olimpiya İdman Kompleksinin stadionunda oldu. Biz orada qonaq komanda qismində idik. Buna baxmayaraq, bizi çox yaxşı qarşıladılar. Stadionda azarkeşlər, futbolçular üçün hər bir şərait yaradılmışdı. Azarkeşlər üçün qidalara, meyvə şirələrinə qədər hər şey nəzərə alınmışdı. Normalda Region Liqasının matçlarına 100 nəfərə yaxın azarkeş gəlirdi. 200 nəfər azarkeş həqiqətən də böyük göstəricidir.
- Ümumiyyətlə, Regionlarda futbola maraq hansı səviyyədədir?
- Azərbaycan bölgələrində həmişə futbola yüksək maraq olub. Region Liqasında da 39 komanda mübarizə aparır. Bu, çox yaxşı haldır. Çünki istedadlı oyunçular üzə çıxacaq. Bölgələrimizdə futbolun olması çox vacibdir. Komandalar, yarışlar olmalıdır ki, futbolçu üzə çıxsın, futbola maraq artsın.
- Çempionatda mübarizə aparan digər komandalar haqqında nə deyə bilərsiniz?
- Mən heç bir komandanı aşağılaya və ya tərifləyə bilmərəm. Hər bir komanda özünə görə nəsə etmək istəyir. Bu yaxşı haldır. Bəzi komandaların oyunlarını izlədim. Həqiqətən də məni yaxşı mənada təəccübləndirdilər.
- Bəs "Haypers"də maddi durum necədir?
- Region Liqası olduğunu nəzərə alsaq, bizdə maddi durum çox yaxşıdır. Futbolçular üçün hər bir şərait yaradılıb. Məsələn, normalda Region Liqasında, hətta bəzi 1-ci, 2-ci liqa klublarında oyunçular futbola 2-ci iş kimi yanaşırlar. Amma bizdə belə deyil. Məncə, Region Liqası səviyyəsinə görə futbolçuları hər şeylə təmin edirik.
- Xərcləri kim qarşılayır?
- Hər bir şeyi Azər müəllim edir, o qarşılayır. Təbii ki, gələcəkdə irəlilədikcə, sponsor da axtaracağıq. Hətta sponsorlar özləri də istəyəcəklər ki, bizimlə işləsinlər.
- Ev oyunlarınızı harada keçirəcəksiniz? Ümumiyyətlə, infrastruktur probleminiz varmı?
- Ev oyunlarımız "Dalğa Arena"da keçiriləcək. Bu addımı da məcburiyyətdən atmışıq. Çünki stadionumuz yoxdur. Amma "Dalğa Arena"da oynamaq bizim üçün çətin olacaq. Futbolçuların çoxu Sumqayıtda yaşayır. Mən istəyirəm ki, Sumqayıtdakı "İnşaatçılar" stadionunu təmir etdirək, orada oynayaq. O stadion hazırda pis vəziyyətdədir. Biz də Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlamışıq. Onlar da kömək etsələr, "İnşaatçılar" stadionunu yararlı vəziyyətə gətirməyi planlaşdırırıq. Amma əziyyət çəkib iş görəcəyiksə, bu stadionda heç olmasa 5 il, 10 il oynamaq istəyərik. Yəni, müqavilə bağlayaq, stadion bizə verilsin. Biz də rahatlıqla istədiyimiz saata məşq salaq, oyunumuzu oynayaq.
- Bayaq qeyd etdiniz ki, Region Liqasında mübarizə aparmağınıza baxmayaraq, futbolçularla peşəkar səviyyədə məşğul olursunuz. Yəqin ki, bunu təkcə maddi baxımdan demədiniz.
- Bəli. Əlbəttə. Məşqlərdə, hər şeydə peşəkar davranmağa çalışırıq. Məsələn, bizdə məşq qeydiyyatı var. Hər bir futbolçu məşqə gələndə orda qol çəkir. Maaşı da ona uyğun alırlar. Həqiqətən də futbolçular üçün hər bir şəraiti yaratmışıq. Oyundan sonra istirahət etməklərini, yeməklərini, pizzalarını belə düşünmüşük. Hər şeylə təmin edirik. Biz elə şərait qurmalıyıq ki, onlardan nəsə tələb edə bilək. Nizam-intizama da diqqət yetiririk. Mənim üçün futbolçuların nizam-intizamlı olması hər şeydən vacibdir. Komanda yoldaşlarına qarşı, meydanda, meydandan kənarda bütün hərəkətlərinə fikir verməlidirlər. Mən kim olur, olsun, qaydaları pozan futbolçuya 1 dəfə xəbərdarlıq edərəm. 2-ci dəfə eyni şey olsa, göndərəcəyəm.
- Oyunçuların qidalanmasına da nəzarət edirsinizmi?
- Futbolçularımız yetəri qədər sağlam qidalanırlar. Futbolçu nəyi yeyə bilərsə, onu yeyirlər. Dediyim kimi, hər şeyi düşünmüşük. Bizim 3 səfər oyunumuzdan 2-si Xaçmazda, 1-i isə Qusardadır. Gedib mehmanxanada qala bilməyimiz üçün səfəri 1 gün əvvəldən edirik. Bunu komandanın rahatlığı üçün edirik. Yol gedəndə yorğunluq olur, beyin yorulur. Futbolçunun beyni təmiz olmalıdır. Komandamız hazırda hər şeydə yaxşıdır. Əminəm ki, bundan da yaxşı olacaq. Hər kəs güclülərin yanında olur. Amma biz istəyirik ki, düşəndə də birlikdə düşək, qalxanda da. Biz bu klubu ən yaxşı yerlərə aparmaq üçün əlimizdən gələni əsirgəmirik. Ayaz Abdullayevin, futbolçularımızın əziyyəti yerdə qalmaması üçün çalışırıq.
- Hazırkı hədəfiniz nədir?
- Təbii ki, əvvəlcə 2-ci liqaya yüksəlmək istəyirik. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, yüksək nəticələr qazanaq. Əlbəttə, 2-ci liqaya yüksələndən sonra hədəflər də böyüyəcək.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi