Medianın İnkişafı Agentliyinin layihəsi
“Qəbələ” İdman Klubu deyəndə oxucuların, idman həvəskarlarının ağlına daha çox onun futbol komandası gəlir. Amm təbii ki, “Qəbələ” İdman Klubu yalnız FK-dan ibarət deyil.
“Qəbələ” 2000-ci illərin əvvəlindən fəaliyyət göstərsə də, 10 il öncə onlar artıq futbol deyil, idman klubu kimi çalışır. Burada yetişən və bu idman klubunu təmsil edən idmançılar dəfələrlə beynəlxalq arenalarda ölkəmiz adına uğurlar qazanıblar, medalçılar sırasına düşməyi bacarıblar. Ona görə də məhz növbəti mövzumuz “Qəbələ” İdman Klubu ilə bağlı oldu.
Yeri gəlmişkən, bugünlərdə “Qəbələ” İK-nin 10 yaşı tamam oldu.
Mövzu ilə əlaqədar “Qəbələ” İdman Klubunun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayevlə həmsöhbət olduq. S.Qarayevə “Qəbələ” İK-in yaranması, fəaliyyəti, gələcək planları, Azərbaycanda idmanın hazırkı durumu ilə əlaqədar bir neçə sual ünvanladıq.
- Səbuhi bəy, əvvəlcə “Qəbələ” İdman Klubu haqqında oxucularımıza məlumat verək. “Qəbələ” İK necə yaranıb?
- “Qəbələ” İdman Klubu deyəndə ağıla daha çox “Qəbələ” Futbol Klubu gəlsə də, artıq 10 ildir ki, “Qəbələ” Futbol Klubu fəaliyyət istiqaməyini İdman Klubu olaraq qurub. Bu, klubun o vaxtkı prezidenti Tale Heydərovun birbaşa təşəbbüsü, tapşırığı ilə həyata keçirilib.
- Siz özünüz nə vaxtda bu vəzifəni icra edirsiniz?
- Mən 2013-cü ilin yanvar ayından - “Qəbələ” Futbol Klubunun dəyişərək “Qəbələ” İdman Klubuna çevrilməsindən indiyədək bu vəzifəni icra edirəm.
- “Qəbələ” İK ilk yarandığı vaxtlarda tərkibində hansı idman növlərini biləşdirirdi?
- “Qəbələ” İdman Klubu yarandığı vaxt tərkibində 3 idman növü var idi. Bunlar cüdo, boks və taekvando idman növləri idi. Növbəti illərdə sərbəst güləş, karate, MMA, sambo, kikboksinq, qol güləşi, reqbi və yunan roma güləşi idman növləri də struktura əlavə olunub.
- Səbuhi müəllim, ümumiyyətlə, “Qəbələ” İK-da inkişaf prosesi necə getdi? Hansı çətinliklər yaşandı, hansı işlər görüldü?
- Bəli, idman klubu kimi inkişaf etməyə başlayanda çətinliklərimiz oldu. Lakin biz bu işə start verəndə qısamüddətli və uzunmüddətli perspektivli planlarımızı da hazırladıq. Nə istədiyimizi, nə etdiyimizi bilirdik. İşlərimiz planlı şəkildə gedirdi. Bizim işimiz 2 istiqamətdə planlaşdırılmışdı. İlk il üçün planımız Qəbələ rayonunda idman növlərinin inkişafı, perspektivli, tanınmış idmançıların “Qəbələ” İdman Klubunu təmsil etməsi idi. Biz Bakıdan məşqçilər dəvət etdik. Bildiyimiz kimi, Qəbələ böyük bir idman şəhəri deyil. Ona görə də biz yaxşı məşqçilər seçdik. Bu məşqçilərin Qəbələdə təminatını formalaşdırdıq. Onları evlə, maaşla, məşqə aparıb-gətirən avtomobillə, idman zalı ilə təmin etdik. Yenə deyirəm, çətinliklərimiz var idi. Çünki Qəbələ böyük idman şəhəri olmadığı üçün bəzi idman növləri burada ilk dəfə açılırdı. Ona görə də məşqçilərimiz məktəblərdə, kəndlərdə görüşlər keçirməyə başladılar. Perspektivli uşaqların tapılması, onların idmana cəlb olunması üzrə işlər görüldü. Bəzi uşaqların ailələrinin yol uzaqlığı səbəbindən onları məşqlərə gətirməsində problemləri yaranırdı. Lakin demək olar ki, bizə lazım olan, perspektiv vəd edən idmançıları bir yerə yığmağı bacardıq. Əvvəlcə Qəbələ rayonunun özündə, sonra isə böyük, bir-birinə yaxın olan bir neçə kənddə zallar açıldı. Oraya idman döşəkləri saldıq. Bizim məşqçilərimiz orada 20 gün-1 ay müddətində selleksiya işi aparırdılar. Perspektiv vəd edən uşaqları rayon mərkəzinə, əsas zallarımıza gətirirdik. Həmin dövrdən indiyədək müxtəlif idman növlərindən - cüdo, boks, taekvando, karate idman növlərindən onlarla idmançının “Qəbələ” İdman Klubunu təmsil etməsi üçün müqavilələr bağladıq. Onlar “Qəbələ” İdman Klubunu uğurla təmsil etdilər. Eyni zamanda bizim rayonumuzda perspektiv vəd edən idmançıların Bakı şəhərindəki idman zallarına gətirilməsi, burada onların təcrübəsinin artırılması üçün paralel işlər aparırdıq.
- “Qəbələ” İdman Klubunun 2022-ci il üçün fəaliyyəti barədə nə deyə bilərsiniz? Nəticələr necə oldu?
- 2022-ci ildə MMA bölməmizdə Nəriman Abbasov ilk milli idmançımız kimi UFC-də döyüşmək üçün şans əldə etdi. Karateçimiz Rafael Ağayev kombat karatedə növbəti döyüşünü və qələbəsini qazandı. Bu, həm də kombat karatenin kəmər döyüşü idi. Kikboksçumuz Alim Nəbiyev dünyanın ən nüfuzlu kikboks təşkilatı olan “Qlori”də növbəti döyüşünü keçirdi. Taekvandoçumuz Cavad Ağayev böyüklər arasında dünya çempionatında Azərbaycanın yeganə medalını qazandı, dünya 3-cüsü oldu. Bu uğurları əldə etmişik. Amma 2-ci istiqamət üzrə də uğurlarımız var. Ümumiyyətlə, klub olaraq bizim işimiz budur ki, idmançını milli komandalara gələnədək yetişdiririk. Onları tapırıq, hazırlaşdırırıq, Respublika birinciliklərində mükafatçılar sırasına düşürlər. Bundan sonra bu uşaqları milli komandalara təhvil veririk. Ondan sonra uşaqların inkişafı milli komandada davam edir. Demək olar ki, klub olaraq bizim işimizin ən yüksək nöqtəsi uşağı milli komanda səviyyəsinədək gətirib çıxarmaqdır. Ötən il boksda da, cüdoda da, sərbəst güləşdə də Respublika birinciliklərində mükafatçılarımız, çempionlarımız oldu. Onlar milli komandaların da heyətinə düşə biliblər. Elə bizim işimizin məntiqi nəticəsi də budur ki, rayonlardan uşaqları tapıb, yetişdirib, millinin heyətinə gətirib çıxara bilirik.
- Hazırda “Qəbələ” İK-da neçə idmançı fəaliyyət göstərir?
- İdman Klubumuzun Qəbələdəki bölmələrində cüdo, boks, MMA, sərbəst və yunan-Roma güləşi bölmələrimizdə 250-yə yaxın idmançı daimi olaraq məşq edir. Bilirsiniz, bizim Bakıda da məşqçilərimiz var. Bakıdakı zallarımızda təxminən 100-ə yaxın uşaq idmanla məşğul olur.
- “Qəbələ” ən böyük İdman klublarından biridir. Bu kluba bölgədə və ümumən ölkədə maraq necədir? Ümumiyyətlə, Qəbələ rayonu idmanı sevirmi?
- Bəli. Bu işlər kənardan daha yaxşı görünür. Amma Qəbələ artıq idman şəhərinə çevrilməkdədir. Deyə bilərik ki, Qəbələ artıq idman şəhəridir. Bildiyiniz kimi, Qəbələdə böyük bazamız var. Eyni zamanda bazaya daxil olanda 12 futbol komandası məşq edir. Bundan əlavə, MMA, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, boks bölmələrimiz var. Bəzən elə olur ki, bunların məşq saatları eyni vaxtlara düşür. Bazanı gəzəndə kiçik bir rayonda bu qədər idman növü üçün çox sayda uşağın eyni vaxtda məşqə gəlməsi insanı çox sevindirir. Təsəvvür edin, futbol bölmələrimizdə 250-yə yaxın yeniyetmə və gənc futbolla məşğul olur. Təxminən 250 nəfər də digər idman növləri ilə məşğul olur. Eyni vaxtda 500 nəfərin bazada məşq etməsinə baxanda artıq Qəbələdə idmanın sevildiyi təsəvvürü yaranır.
- Yeniyetmələr və gənclər ən çox hansı idman növünə maraq göstərirlər?
- Qəbələdə yeniyetmə və gənclərin ən çox maraq göstərdiyi idman növləri cüdo, güləş və MMA-dır. Bölgədə bu idman növlərinə yetərincə maraq var.
- Bəziləri MMA-nı idmana yaxın hesab etmirlər. Onların fikrincə, burada zorakılıq halları çoxdur. Buna münasibətiniz necədir?
- Bəli, “Qəbələ” İdman Klubunda MMA bölməsi var. Elə Qəbələ rayonunun özündə də MMA bölməmiz fəaliyyət göstərir. Biz MMA üzrə bir neçə yarışın təşkilatçısı olmuşuq. Şiddət, qan məsəlsinə gələndə zədələr Olimpiya idmanı növlərində, peşəkar boksda, həvəskar boksda, taekvandoda da var. Ən ciddi zədələr demək olar ki, dünyanın ən baxımlı idman növü olan futbolda qeydə alınır. Zədə baxımından MMA-da da belə şeylər var. Amma mən MMA-nı idman hesab etməyənlərlə razılaşmıram. Bəziləri MMA-nı qaydasız döyüş adlandırır. Mən bu fikirlə də razı deyiləm. MMA-da təxminən 50-yə yaxın qayda var. Ona görə də bu, qaydasız döyüş deyil, qarışıq döyüş növüdür. MMA çox baxımlıdır. Son 10 ildə MMA ən baxımlı idman növlərindən birinə çevrilib. MMA okeanın o tayında da, bu tayında da diqqətlə izlənilir. Bu qədər baxımlı olduğuna görə də hesab edirəm ki, Azərbaycanda MMA-nın inkişaf etməyi çox yaxşıdır. Ölkəmizin tanınması, idmanın kütləviləşməsi baxımından da yaxşı olar, çox fayda verər.
Ardı var…
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi