Qurban Qurbanov: "Mən oradan incik ayrılmışam..."

Qurban Qurbanov: "Mən oradan incik ayrılmışam..."
MÜSAHİBƏ 28 Dekabr 2022 / 14:56 13920
-  A +

(Geniş müsahibənin ikinci hissəsi)

Birinci hissə burada

Yasamal rayonu ərazisində, Dövlət Sosial Müdafiəsi Fondu yaxınlığında Qurban Qurbanova məxsus “My Class” adlı Fitnes-spa mərkəzi fəaliyyət göstərir. Açılışı olub hardasa 6, ya 7 ay əvvəl. Kiçik reklam olsa da qeyd edim ki, bu idman məkanında həqiqətən keyfiyyətli, səviyyəli iş görülüb.

“My Class”da Qurban müəllimin özünün ayrıca bir otağı da var. Səliqəli və gözəl. Kreslosu, başı üzərində buranın ona məxsus olduğunu simvolizə edən bəzəkli kiçik bir lövhəcik də var. Üzərində bir hərf iki dəfə təkrarlanır - QQ. Yəni Qurban Qurbanov…

-  "Qarabağ"da son dövrlər daha çox üzdə olan 3 oyunçunuz - Elvin Cəfərquliyev, Musa Qurbanlı, Toral Bayramlı haqda da soruşmaq istəyirdim. Onlar həm də əsas milli komandaya da cəlb olunurlar. Mənə maraqlıdır ki, bu futbolçuların konkret "Qarabağ"da yetişməsi prosesinə neçə il vaxt gedib? Neçə məşqçi onların üzərində işlədi ki, onlar da komandada belə səviyyəyə gəldilər? 

- Yəqin bilirsən, mən onlara Rəşad Sadıqovun uşaqları deyirəm. 

- Hər üçünə? 

- Bəli. Düzdür, Musa mənim oğlumdur. Amma məhz Rəşadın da təkidi oldu ki, Musanı "Neftçi"dən gətirək. O, özü baxır, axtarırdı. Getdi Toralı, Elvini tapdı.

- Toralın "Xəzər Lənkəran"ın yetirməsi olduğunu bilirdim. Bəs, Elvin haradan gəlib?

- Elvin "Keşlə"də oynayırdı. Orada deyirdilər ki, Elvinin xarakteri pisdir və sair. Hətta son vaxtlar Elvini "Keşlə"dən qovmaq da istəyirdilər.

- Söhbət aşağı yaş qruplarından gedir? 

- Bəli. Rəşad da Elvinin oyununu görmüşdü. Gedib özü ilə görüşdü. Onda Rəşad bizdə idi, "Qarabağ"ın akademiyasına baxırdı. Bizdə həm oynayırdı, həm də U-19-un baş məşqçisi idi. Rəşad bu uşaqların hamısını topladı. Bu məsələdə həddindən artıq həssas idi.  Çempionlar Liqasının qrup mərhələsinə düşdüyümüz vaxtlar idi. Rəşad dedi ki, hoca, bu oyunçular çox perspektivli uşaqlardırlar. Kimlərəsə müəyyən bir məbləğ verərək götürdü. Amma bu futbolçuları Rəşad gətirdi. Onlar gələndən sonra səhv etmirəmsə, həftədə minimum bir dəfə bizim əsas komandamızla məşq edirdilər. Biz yavaş-yavaş onları uyğunlaşdırırdıq. Hətta sonra Elvini icarəyə də verdik, "Sumqayıt"da oynadı. Elvin Toraldan 1, Musadan isə 2 yaş böyükdür. Onlar bizim əsas komandamızın içində böyüdülər. Niyə biz onları komandaya bu cür yaxın buraxdıq? Bacarıqlarına görə. Birinin sürəti, birinin texnikası, o birinin hissiyatı, digərinin qol vurmaq xüsusiyyəti yaxşı idi. Belə belə gəldilər, bizim sistemimizə, fəlsəfəmizə uyğunlaşmağa başladılar. Artıq onlar özlərini hazır hiss etdikləri vaxt əsas komanda ilə oyunlara çıxdılar.  Hətta mənə deyirdilər ki, Elvin belə səhv etdi, Toral elə səhvə yol verdi, cavanlar belə. Yəni, mənə etirazlar olurdu. Amma nəyisə əldə etmək üçün nəyisə qurban verməliyik.

- Yəni, riskə getməlisən.

- Bəli, mütləq riskə getməlisən.

- Musa ilə bağlı bir məqama toxunmaq istəyirəm. Mənim də, bir çox futbol adamının da fikri belədir ki, Musa artıq avrokubok oyunlarında da çox şans qazanmalıdır. Əlbəttə, o, sizin övladınızdır və onun uğurunu sizdən çox heç kim istəyə bilməz. Siz Musanın nəinki "Qarabağ"da, lap "Barselona"da da oynamağını istəyərsiniz.

- Bəli.

- Amma biz onu meydanda istənilən qədər görə bilmirik və mən sizi tanıdığımdan şübhə etmirəm ki, burada sizin vicdanınızın hökmü də rol oynayır. Yəni Musa bacarığında bir başqası olsaydı, siz ona daha çox şans verərdiniz. 

- Tamamilə doğrudur.

- Bəs, obyektiv yanaşsaq, bu gün Musa "Qarabağ"da istədiyiniz səviyyəyə gəlib çatıbmı? 

- Tam yox. 

- Deməli, həm də buna görə Musanı əsas heyətdə meydana buraxmırsınız?

- Bəli. Amma mənə ümid verən nədir? Musa yavaş-yavaş inkişaf etməyə başlayır və əsas odur ki, dayanmır. Bir az da irəli gedir, sonra bir az da qalxır. Bu, ən önəmli amildir. Amma elə futbolçu da olur ki, birdən-birə gəlib yüksək həddə çatır və orada da ilişib qalır. Bu, ən təhlükəlisidir.

- Musada belə şey olur?

- Musanın gündən-günə, oyundan-oyuna futbol düşüncəsi, qol vurmaq, mövqe seçmək duyumu daha da yaxşılaşır. Ona görə də, bu, məni rahatlaşdırır ki, hər şey yaxşılığa doğru gedir. 

- Bəs, bu baxımdan Elvinlə və Toralda durum necədir? Bəzən görürük ki, Elvin və Toralda stabillik olmur.

- Bəli. Onlarda elə ən çatışmayan cəhət budur. Öz hazırlıqlarını, oyunlarını stabil şəkildə qoruyub-saxlaya bilmirlər. Bu gün Elvin belə şeyləri daha yaxşı bacarır. Bəlkə də bu, onun təcrübəsindən irəli gəlir. Çünki Elvin digərlərindən 1 yaş da olsa, böyükdür. Ola bilər ki, Toral 2-3 oyun eyni səviyyədə çıxış etsin, 4-cü, 5-ci oyunda düşsün. Amma Elvində elə ola bilər ki, 5 oyun yaxşı oynasın, sonra eniş olsun. 

- Elvin çox əzmkar futbolçudur. Amma həyəcanı da hiss olunur.

- Elvinin üstün cəhəti də budur. Mən ümumiyyətlə, hər bir futbolçuma bunu deyirəm. Futbolçu hücuma getmək üçün ürəkli olmalıdır, bundan həzz almalıdır. Mənim gücüm qurtarar, sonra geriyə çatmaram deyə düşünməməlidir. 

- Adama elə gəlir ki, Elvin bəzən müdafiəçi yox, hücumçu kimi oynayır.

- Bəli. İrəli gedir (gülür). Bu, Elvinin ən özəl üstünlüklərindən biridir. Amma onun sırf müdafiəçi üçün çatışmayan cəhətləri çoxdur.

- Biz bu mövsüm avrokubok oyunlarında gördük ki, "Qarabağ" onların cinahından çox qol buraxdı. 

- Rəqibi də nəzərə almaq lazımdır. Yəni, rəqibin cinahında hansı səviyyədə futbolçular oynayır. Amma mənim üçün vacib olan Elvinin üstün cəhətidir. Bu səhvlər təcrübə ilə əlaqədar bir şeydir. Bunu oyundan-oyuna aradan qaldırmaq olacaq.

- Eşitdiyim bir məlumat var ki, fürsət düşmüşkən, bunu sizin özünüzlə dəqiqləşdirim. Bu, gənc oyunçularınızın futboldan sonrakı həyatına nəzarətdən gedir. Məsələn, bildiyimə görə, bəzi günlərdə tapşırırsınız ki, gənc oyunçularınız gecəni öz evlərində yox, klubun bazasında qalsınlar. Çünki gənclər gecə həyatına meyilli olurlar. 

- (pauza)... Olur arada. Məni əsəbiləşdirəndə, bir az də özlərini yaxşı aparmayanda belə hallar olur, bəli (gülür)... 

- Bu mövzuya başlamışkən danışaq da. Məsələn, sizi ən çox kim əsəbiləşdirir?

- Məni Musa da, Toral da, Elvin də, İsmayıl (İsmayıl İbrahimli - A.B) da əsəbiləşdirir. İndi söhbət cavanlardan gedir.

- Təcrübəlilərdən də əsəbiləşdirən çox olur? 

- Böyüklər heç də (gülür). Onların sayı daha çoxdur. Bu, futbolun yazılmayan qaydasıdır. Belə olanda, əlbəttə ki, biz vaxtında müdaxilə etməliyik. Çünki mən özüm də gənc olanda məşqçilərimi əsəbiləşdirmişəm. Mənə görə əsəbiləşiblər. Təkcə zəif oynadığıma görə yox, ümumiyyətlə, bəzi hərəkətlərimə, davranışlarıma görə qəzəbləniblər. Buna görə də istəmirəm ki, bu futbolçular da o səhvlərə davamlı olaraq yol versinlər. Bu səbəbdən də çalışıram ki, belə şeylər olanda həmin an bildirim. 

- Yəni, onların bazada gecələmələri ilə bağlı verdiyiniz qərar sırf cəza metodudur?

- Bəli. Cəza növlərindən biridir.

- Cəza növlərindən biri... Ümumiyyətlə, futbolçularınız gecə həyatına meyillidirlər? 

- Belə deyək də, onların hamısı çox yaxşı uşaqlardırlar. Elvin olsun, Toral olsun, İsmayıl olsun. Biri var, insanın 2 dostu ola, biri də var, 10-15 dostu. Bu, problem yarada bilər. Çünki son vaxtlar bizdə tərif demək çoxalıb. 20 yaşlı futbolçusan, istər-istəməz hamı səndən danışır. Deyirlər ki, ay sən belə etdin, elə etdin. Mən onları yaxşı tanıyıram. Bu futbolçu heç o haqda düşünmək belə istəmir, amma istər-istəməz beyninə girir. Bu da ona mane olur.  Biri deyir ki, sən oynamalı idin, amma Qurban səni oynatmadı. O biri deyir ki, səni əvəz etdi. Bir başqası deyir ki, həmin vaxt səni əvəzləməli idi. Adicə bəzi sosial şəbəkələrdə yazılanda ki, onun yerinə bu oynamalı idi, bunun yerinə o oynamalı idi, futbolçu düşünür ki, camaat da mənim güclü, yaxşı olduğumu deyir, amma Qurban məni oynatmır.

- Futbolçularınızla bağlı başqa narahatlıq hiss etdiyiniz məqamlar varmı? Xüsusilə də gənc oyunçunuzla bağlı.
 
- Yox, bu, sadəcə bir hissəsidir. Çünki belə şeylər mənim özümə də təsir edir. Mən bu yolu keçmişəm. Mənə də o qədər deyiblər ki, sən çalışqansan, amma məşqçi səni oynatmır. Bu, mənə yalnız mane olub. Özümü oyunda düzgün idarə edə bilməmişəm, bəzən hisslərimi cilovlaya bilməmişəm, vərəqə ilə cəzalandırılmışam. Düşünmək istəməsəm də, həmin fikirlər mənim beynimdə qalıb, bu da mənə təsir edib. Amma ümumiyyətlə, belə şeylərdən çox məni futbolçunun öz xarakteri narahat edir. Bu gün futbol xarakter oyunudur. Sənin öz prinsiplərin olmadısa... Sən cəmiyyətin fikirləri ilə yox, futbol düşüncəsi ilə yaşamalısan. Peşəkar olmalısan. Sən özün-özünlə mübarizə aparmalısan. Yadınızdadırsa, bizim torpaqlarımız işğaldan azad ediləndən sonra mən dedim ki, özüm və komandam daha da ürəkli olmuşuq. Bu, həqiqətdir. Mən bu gün istəmirəm ki, komandamdakı oyunçular, xüsusilə də yerli futbolçular meydana ürəksiz, inamsız çıxsınlar. Əgər belədirsə, o, nəticə verə bilməyəcək. Bir oyun nəticə verəcək, iki oyun nəticə verəcək, insanlar onun haqqında danışacaqlar. Məsələn, deyəcəklər ki, Toral yaxşı oynayır, amma bəs məşqçi onu oynatmır. Amma bilmirlər ki, futbolçu əvvəlki  xarakterdə davam edirmi, belə oynayır, ya yox. Yəni, bilinmir ki, futbolçu qarşıdakı matçların hamısına eyni xarakter və istəklə hazırlaşır, ya yox. Məni narahat edən tək şey budur. Xarakter məsələsi!

- Qurban müəllim, bir halda ki, söhbət açılıb, onda deyin görək, "Qarabağ"da intizamla bağlı durum necədir? 

- Ümumən razıyam. Hamı öz yerini bilir, böyük-kiçik yerini bilir. Mənim üçün çox vacib olan oyun nizam-intizamıdır. Bu, arada pozulur. Belə şeylər də futbolda yaşanan hallardır. Yəni, mən həmişə fikirlərimdə bildirirəm ki, biz öz performansımızı ilboyu eyni səviyyədə qoruyub-saxlaya, eyni nəticəni verə bilmərik. Bu, sadəcə il ərzində hissə-hissə olur. Mən belə halları normal qəbul edirəm və get-gedə də azaldıram.

- Legionerlərlə dil tapmaq məsələsi necədir? Hər halda onlarla ünsiyyət qurmaq çətin olar. Çünki fərqli millətlərin nümayəndələridirlər, hərəsinin öz emosiyaları var. "Qarabağ"ın təcrübəsində də görmüşük ki, belə oyunçularla çox çətinlik yaşanıb. Hətta komandadan uzaqlaşdırdığınız futbolçular da olub. Yəni əcnəbilərlə işləmək  çətindirmi? 

- Həm çətindir, həm də rahat. Həqiqətən də insanları tam yaxından tanımaq hər deyəndə alınmır. İki adamın düşüncəsinin, xüsusilə də yerli ilə legionerin fikirlərinin üst-üstə düşməsi çox çətindir. Yerli oyunçuların ətrafını, valideynlərini tanıyırsan. O, sənin dediklərini daha tez qəbul edir. Amma ümumiyyətlə, legionerlərlə işləmək asan deyil.

- Sizə ən çox çətinlik yaradan legioner kimdir? 

- Futbolçu ilə dil tapmaq mənim üçün çətin olmayıb. Elə futbolçular olub ki, mən onların daha yaxşı səviyyəyə çatmasını çox istəmişəm. Yəni, mən yaxşı mənada onunla dil tapa, istədiyim səviyyəyə gətirib-çıxara bilməmişəm. Amma intizamsızlıq edənlə dil tapmaq mənim üçün çox asan olub. 

- İntizamsızlıq olanda daha çox nə danışırsınız ki, bu, futbolçunun beyninə yatır, özünü yığışdırır, eyni səhvləri təkrarlamaq istəmir?

- Açıqlasam, bəlkə də düz çıxmaz. Çünki hər futbolçu ilə bir tonda danışırıq. Danışsam, sanki yenə "mən, mən, mən" məsələsi ortaya çıxar. Belə şeyləri də xoşlamıram. Amma onların hər biri ilə tez bir zamanda dil tapmışıq. 

- Başa düşürəm ki, bəzi mətbəx söhbətlərini açmaq istəmirsiniz. 

- Sanki hər şeyi doğru edirəm, bacarırammış kimi yozula bilər.

- Keçmiş futbolçunuz Donald Gerye bir müsahibəsində demişdi ki, "bizim bir Votsap qrupumuz var. Qurban Qurbanov hərdən soruşur ki, hardasınız? Hamımız da həmin an qrupa bir-bir olduğumuz yerdək şəkil göndəririk". Doğrudan belə şeylər olur?

- Özləri çəkib göndərirlər (gülür)...

- Yəni, belə bir qrupunuz var?

- Qrup var, amma mən orada yoxam. Məşqçilər, futbolçular isə hamısı oradadırlar. Bilirlər ki, mən istədiyim vaxt məşqçini çağırıb, soruşa bilərəm ki, göstər görüm, nə var, nə yox? 

- Heç şəkil göndərməyən olubmu? Bəlkə hansısa biri şəxsi həyatını bölüşmək istəmir.

- Şəkil məsələləri nadir hallarda olur. Mənim bu məsələdə çox da dərinə getməyim düzgü deyil. Çünki onlara inanır, güvənirəm. Amma doğrusu, bəzən Gerye kimi futbolçulara demişəm ki, hə, şəkil çək, göndər (gülür).

- Bu mövsümkü "Qarabağ"dan danışanda qapıçınız Şahruddin Məhəmmədəliyevlə bağlı sual verməyə bilmərəm. Mən bilirəm ki, sizin bir məşqçi kimi ona çox güclü dəstəyiniz olub və var. Buna görə indinin özündə belə kifayət qədər tənqid edilirsiniz. Şəxsi fikrim belədir ki, Şahruddinin "Qarabağ"a verdiyi faydanı, qələbələrdə pay sahibi olduğunu inkar etmək peşəkarlıqdan uzaq və bir insana qarşı haqsızlıq olar. Amma o da qeyd edilməlidir ki, avrokuboklarda çox vacib oyunlarda, məsələn, "Viktoriya" ilə Çempionlar Liqasının təkrar pley-off matçında, "Nant"la Avroliqadakı son görüşlərdə kobud səhvlərə yol verdi. Bu oyunçuda həlledici məqamlarda qırılma nöqtəsi nə olur ki, belə ciddi səhvlər edir?

- Əvvəlcə onu deyim ki, bizim bu il vacib olmayan oyunumuz yox idi. Məsələn, elə Çempionlar Liqasında "Lex"lə ilk oyundan başlayaq. Biz səfərdə 0:1 hesabı ilə uduzduq, sonra Bakıdakı matçda qalib gəldik. İkinci matçı - "Sürix"lə oyunu götürək. Mən "Sürix"lə İsveçrədəki cavab oyununu ilin oyunu sayıram. Həmin matçda biz minimum Konfrans Liqasının qrup mərhələsini təmin etdik. O görüşdə komanda çox böyüdü. Cavab oyun 120 dəqiqə getdi. "Sürix"lə o matç Azərbaycan insanına futbolu yenidən sevdirən, böyük ajotajın yaranmasına səbəb olan ən vacib oyun oldu. Məsələn mən gəldim, qohum, qardaş, dost-tanış, kim məni görsə, deyirdi ki, Qurban, bu nə oyun, həyəcan idi? Dövlət məmuru olan yaxınlarımın hamısı zəng vururdu ki, gecə evdə belə həyəcan var idi, dua edirdik... Hərtərəfli baxanda mən həmin matçı ilin oyunu adlandırıram. Təsəvvür edin ki, mən futbolçuların o oyundakı əzmkarlığını heç vaxt yaddan çıxarmayacağam. Oyunun gedişində Marko Yankoviç, Abdullah Zubirin halını görəndə gözlərim yaşardı. Əsas vaxt bitəndə, əlavə vaxtın ilk 15 dəqiqəsində hava çox isti, oyun da çox həyəcanlı idi. Həddindən artıq çox güc sərf olunurdu. Futbolçuların gücləri yox idi, amma özlərində güc, iradə tapdılar. Şahruddinin də 1-2 dəfə vacib qurtarışlar etdi. O oyun mənim heç vaxt yadımdan çıxmayacaq. Boksda olur e, nokdauna düşərsən, amma yenə ayağa qalxır,sonra da qalib olursan. Bax, "Sürix"lə matç həmin döyüşə bənzəyirdi. Sonradan Ovusu meydana çıxdı, vacib qol vurdu. Kadini də qeyd edərdim. Futbolçuların hamısı nə cür oynadılar, əzmkarlıqla mübarizə apardılar... Halbuki biz o matçda uduzsaydıq, heç kim heç nə deməyəcəkdi…

Hamı baxacaqdı ki, mübarizə apardıq. Amma biz o vacib matçda qalib gəldik. Sonra "Ferentsvaroş"la matç oldu. Bakıda heç-heçə etdik, səfərdə qalib gəldik. Bunların hamısında da hamı ürəyini qoyub. 

- Şahruddinlə bağlı suala qayıdaq...

- Ona gəldikdə, biz bu matçların hamısını Şahruddinlə, digər futbolçularımızla qazanmışıq. Ümumiyyətlə, mən futbolçularımda yaradıcılığa daha çox önəm verirəm. Yəni, fəqi yoxdur qapıçı olsun, ya müdafiəçi, onlar daha çox yaradıcılığı artırmalı, yaxşılaşdırmalıdırlar. Bunun üçün də mütləq risklərə getməliyik.  Məsələn, mən bu gün yaradıcılıq olmadan futbol oynayım, çəkinim, bəlkə də mənim üçün daha rahat olar. Bu gün nəticə qazana bilərəm. Amma 3-4 il sonra ola bilər ki, nəticə əldə etməyim. Yox, əgər biz davamlı nəticə istəyiriksə, ola bilər ki, 3 il qazanaq, 1 il itirək. Heç nə olmaz. Amma o klubun təməli, sistemi qoyulmalıdır də. Mən belə şeylərə həmişə daha çox önəm vermişəm. Bu gün bu prinsiplərimi, tələblərimi yerinə yetirən oyunçulardan biri də Şahruddindir. Şahruddin onu çox yaxşı bacarır. 

- Yəni, siz qapıçılarınıza da icazə verirsiniz ki, oyunun içinə daxil olsunlar, yaradıcılıq etsinlər?

- Onda ürəkli olurlar də. Mən istəmirəm ki, hansısa futbolçum çəkinsin. Biz qapıçı ilə belə rəqibin üzərinə çıxmalıyıq. Belə baxanda bizdə hansı səviyyədə qapıçı olmayıb ki? Amma topu rəqibdən alsın, ayaqla oynasın, ötürsün, oyunu sürətləndirsin, elə məsələlərdə bəzi qapıçılarımla problemlərim var idi. Onu da qeyd edim ki, Şahruddin Azərbaycan pasportu alıb. Özü dağıstanlıdır. Amma buna baxmayaraq, Azərbaycanı sevən, özünü əsl azərbaycanlı kimi aparan, ürəkli göstərən futbolçudur. Mən Şahruddini istənilən yerə etibar edib özümlə apararam. Yəni, o, belə insandır. Siz məşq prosesinə baxsanız, görərsiniz ki, Şahruddinin canfəşanlığı digər futbolçulara da aktivlik, ürək-dirək verir. Ona görə də bəzi şeylər var ki, bunları qazanmaq üçün onları qurban verməliyik. 

- Maraqlı bir məqama toxundunuz. Həmişə deyirdilər ki, Rəşad Sadıqov sanki meydanda ikinci məşqçidir, komandaya ürək-dirək verir. Deməli, bu, Şahruddində də var?

- Bəli, var. Rəşad tək oyunda yox, hətta məşqdə, futbolçularla öz aralarında oynayanda uduzanda belə dəli kimi olurdu. O, uduzmağı xoşlamırdı də. İstəyirdi ki, udsun, qalib gəlsin. Eyni şey Şahruddində də var. Uduzmağı istəmirlər. Marko Veşoviç, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir də elədir. Bunlar bütün məşqlərdə dimanik olan futbolçulardırlar. İstər-istəməz ətrafdakı digər oyunçulara da hərəkətlilik verirlər. Kənardan da biz müdaxilə edirik. Bu, çox vacib amillərdən biridir.

- Bir detal diqqətimi çəkir. Bu il İbrahima Vadji "Sent-Etyen"ə, Patrik Andrade isə "Partizan"a getdi. Əvvəlki illərdə klubdan ayrılan futbolçulardan Reynaldonun, Muarrem Muarremin, bir çoxlarının adını çəkə bilərik ki, "Qarabağ"dan gedəndən sonra itib-batırlar. Sanki yoxa çıxırlar. İndi yadıma düşənlərdən bir tək İbrahim Şehiçi istisna kimi qeyd edə bilərəm ki, Türkiyə karyerası uğurlu alındı. Bu, niyə baş verir? "Qarabağ"a gələndə üzdə olurlar, oynayırlar, xarakter göstərirlər, qollar vururlar. Amma gedəndən sonra karyeralarına zərbə dəyir. Bu, birbaşa sizinlə, sizin sisteminizlə bağlıdırmı? 

- Ola bilər ki, komandanın oyun sistemi, tələblərlə bağlıdır. Ümumiyyətlə, hər futbolçu istənilən sistemdə oynaya bilməz. Məsələn, deyirlər ki, bizdə uğursuz transfer olubmu? Hə, sistemə uyğunlaşa bilməyənlər olub. Amma belə götürəndə həmin oyunçular çox yaxşı futbolçu olublar. Sadəcə burada bizim tələblərimizi istədiyimiz kimi yerinə yetirə bilməyib, başqa yerə gedəndə isə orada daha yaxşı oynayıb. Elələri də olub ki, başqa komandada oynaya bilməyib, bizdə tam əksinə. 

- Kadidən danışaq. Bir dəqiqləşdirmə aparmaq istəyirdim. Səhv etmirəmsə, indi əvəzedici heyətdə oynayan Qaspar Panadero əsas, Kadi ehtiyat oyunçu kimi düşünülürmüş. 

- İkinci deməzdim, amma Kadini perspektivli futbolçu kimi görüb, transfer etmişdik. Bu transfer üçün böyük maddi xərcimiz də çıxmadı. Bilirsiniz ki, Kadi Portuqaliyanın 2-ci liqasının axırda gedən komandasında oynayırdı. Hətta komanda üçüncü liqaya düşməmək üçün mübarizə aparırdı. Amma Kadidə potensialı, bacarığı görmüşdük. Sadəcə olaraq bir az narahatlığımız o idi ki, Kadi gəlib bizim komandamıza uyğunlaşa bilər, ya yox. Amma fikirləşirdik ki, o, 3-5 aya tam bizim oyun sistemimizə uyğun bir futbolçu olacaq. O da gəldi, demək olar ki, heç 1-2 ay çəkmədi, bizim sistemimizə uyğunlaşmağa başladı.

- Qurban müəllim, indiyədək aldığınız futbolçular arasında Portuqaliyada oynamış oyunçular çoxluq təşkil edir. Yəni o bazardan gələnlər çoxdur. Bu, nə ilə bağlıdır? Klubun büdcəsinə uyğun olduğu üçünmü oradan futbolçular alırsınız? Bayaq da dediniz ki, Kadinin qiyməti də yüksək deyildi. Yoxsa istədiyiniz, tələblərinizə, şərtlərinizə uyğun futbolçular ancaq o əsasən Portuqaliyadadır deyə, ora üstünlük verirsiniz?

- Ümumiyyətlə, biz o bazara çox baxırıq. Xüsusilə də 2-ci liqadan, hətta daha aşağı liqadan futbolçu əldə etmək daha rahat olarmı deyə fikirləşirik. Həm də Portuqaliya futbolu bir az bizə yaxındır. Lakin o qədər olub ki, Avropada oynamış yaxşı futbolçular istəmişik, amma həmin bazara düşmək mümkün olmayıb. 

- Tez-tez fikirlər səslənir ki, bizim yerli futbolçular getməldirlər, legioner həyatı yaşamalıdırlar. Reallığa qalanda bu gün bizim xaricə gedib ora ilə ayaqlaşa biləcək futbolçumuz varmı? Söhbət indi Azərbaycanda oynayanlardan gedir. 

- Bəli, var. Sadəcə biz hələ Azərbaycan olaraq o bazara düşməmişik. Bizim çempionatımız yaxşı bir səviyyədə olsa, təkcə "Qarabağ" yox, digər komandalar da Avropa səviyyəsində oynasalar, oyunların sayı çoxalsa, baxımlı çempionat görülsə, bura maraq daha çox olacaq. Həm də mütləq şəkildə bizim oyunçulara, futbolçulara uyğun bir çempionat, komanda tapılmalıdır. 2-3 futbolçu gedib özünü doğrultsa, sonradan bu bazara axın olacaq, axtaracaqlar. Məsələn hansısa klubda işləsəm, buradan bəzi futbolçuları apararam ki, mənim düşüncələrimi daha yaxşı yerinə yetirsinlər. Onların adını çəkməsəm də olar. Amma  ümumiliyyətlə, hələ ki, səviyyə fərqi var. Yerli çempionatımızın səviyyəsi, Azərbaycan futbolunun adı hələ o bazara yaxın deyil. Buna görə də problemlər var. 

- Oyunçularımızı bir kənara qoyaq. Bəs, siz nə vaxt xaricdə işləmək, ora getmək barədə düşünürsünüz? 

- Mən ümumiyyətlə, futboldan getmək haqda düşünürəm, siz deyirsiz, xaricə gedin (gülür).

- Yox, hələ tezdir.

- Deyim ki, getmək istəyirəm, ya istəmirəm - bu gün məncə, bu fikirlə insanların da düşüncələrini yayındırmamaq lazımdır. Ümumiyyətlə, belə bir təklif, qərar olanda görürsən ki, həmin an yoluna qoyulur. Amma son vaxtlar bəzi zənglər olub. 

- Haradan olur? 

- Olur də (gülür).

- Yaxşı, ad çəkməyək. Ölkəni deyək.

- Yaxın ölkələrdən olub. 

- Demirəm ki, klub adı çəkin...

- Belə də, olur (gülür). Amma bu gün "Qarabağ" bizimdir də. Hələ ki, nə qədər gücümüz, nəfəsimiz var, burada nəsə yaddaqalan bir iş görmək istəyirik. 

- Bizim çempionatla bağlı da sual vermək istərdim. Bu mövsüm "Turan Tovuz" və "Kəpəz" də uzun illərdən sonra yenidən Premyer Liqamızda mübarizə aparmağa başladı. Tovuzda olanda göründü ki, "Qarabağ"a qarşı nə qədər  böyük sevgi var. "Qarabağ" orada rayonun öz doğma komandası kimi qarşılandı. Müsbət şeylər var. Görürük ki, bölgələr çempionata qoşulanda gərginlik, rəqabət yaşanır. Derbiyə xas mənzərələrin şahidi oluruq. Amma çatışmazlıqlar da çoxdur. Qurban Qurbanova görə, bizim çempionatımızda nə düzəlməlidir? 

- Ümumilikdə düzələsi şeylər çoxdur. Bunları planlı şəkildə qurmaq çətin deyil də. Hamıya aydındır ki, komandaların, keyfiyətli futbolçuların sayı çox olmalıdır, legionerlər daha çox gəlməlidir. Bunun üçün də proqram olmalıdır. Proqram hazırlanmalıdır və bu, dövlət səviyyəsində həyata keçirilməlidir. Sonda isə məsələ maddiyata gəlib çıxır. Yenə də desək ki, bu, dövlət səviyyəsində böyük pullar tələb edəcək, yox. Sadəcə olaraq işə başlamaq lazımdır. Futbol elə bir oyundur ki, bəzən hansısa maddiyat tələb edir. Böyük maddiyat lazım olmasa da, daim maddi xərc tələb olunur. Eyni şey akademiyaya da aiddir. Məsələn, bu gün ola bilər ki, hansısa klub akademiyaya 1 milyon xərcləyər. Amma gör, 1 milyon yarım xərcləsələr, akademiya hansı səviyyəyə gəlib çıxar. Buna bir az cəsarət, doğru strategiya lazımdır. Belə şeyləri lazım olan yerlərə düzgün çatdırmaq lazımdır. Mən bu il kiçik bir maddi vəsait yatırsam, bu, məni 2 il qabağa salar. Məsələn, mən onu demirəm. Niyə çəkinirəm, istəmirəm? Orada amillər çoxdur. Biz futbolumuzun inkişafını, akademiyalarımızın, çempionatlarımızın səviyyəsini yüksəltmək istəyiriksə, mütləq bunu etməliyik.

- Proqram qurulması ilə bağlı fikrinizlə razıyam. O, bu gün üçün bizim futbolumuzun Anayasası olmalıdır. 

- Problem ondadır ki, yoxdur. 

- Yadınızdadırsa bir dəfə 10 illik Dövlət Proqramı qəbul olunmuşdu. Amma ötən dəfəkinin acı təcrübəsi göstərdi ki, təkcə proqram qəbul etməklə iş bitmir. Onu düzgün icra etmək və ciddi nəzarət etmək lazımdır. Çünki bunlar olmayanda problemlər yaşanır. Düzdür, siz AFFA ilə bağlı bəzi suallara cavab vermək istəmədiniz. Amma təbii ki, biz sizinlə söhbətləşiriksə, milli komandaya toxunmaya bilmərik. Keçən dəfə qonaq olduğum verilişin sualı belə qoyulmuşdu ki, biz niyə dünya çempionatında yoxuq? Reallığa baxanda görürük ki, biz nəinki dünya və Avropa çempionatlarına, heç Millətlər Liqasının pley-offuna düşə bilmirik. Yenə də səbəbləri soruşacağam, yenə də eyni şeylərə gəlib çıxacağıq.

- Mən niyə danışmaq istəmirəm? Çünki özüm də milli komandada işləmişəm. Yəni, mənə də suallar çox ola bilər. Amma əlbəttə ki, hər bir suala cavabım var. Sadəcə olaraq dediyim kimi, bir az bəzi etik qaydalar var. Mən istəmirəm ki, bundan kənara çıxım. Bir şeyi bilməliyik ki, bu "Qarabağ" azarkeşləri, klub rəhbərliyi mənə güvənirsə, inanırsa, mən işi məsuliyyətlə, vətənimə, torpağıma olan sevgimlə yerinə yetirməyə çalışıram. Nəticə olmaya bilər. Biz sığortalanmamışıq ki, hər il çempion olmalıyıq, hər il avrokubokların qrup mərhələlərində oynamalıyıq. Bu, futboldur, idmandır. O qədər belə şeylər olub ki... Messi 35 yaşında dünya çempionu oldu. Halbuki, bu, onun ən yaxşı vaxtlarında daha real görünürdü. Yaxud da Ronaldo 37 yaşında dünya çempionu ola bilmədi, amma 31 yaşında Avropa çempionu olmuşdu. Elə şeylər var ki, biz bunlara real yanaşmalıyıq. Bir daha deyim, niyə AFFA, milli komanda haqqında fikir bildirmək istəmirəm? Çünki ora cavabdeh insanlar var. Bu, onların məsuliyyətidir. Bu gün mən bir azərbaycanlı olaraq öz üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışıram. Çünki bu gün klubda mənə inanırlarsa, azarkeşlər məni sevirlərsə, mən bunu dərk etməliyəm. Yəni, özümü yox, işimi fikirləşməliyəm. Eyni qaydada da o qurum işləməlidir.

- Biz sadəcə olaraq milli komandadan danışırıq. Milli komanda isə - fərdlərə deyil, xalqa, Azərbaycana məxsusdur. Nəyə görə mən bu barədə sizə bir neçə sual verirəm? Ona görə ki, siz ölkə futbolu üçün böyük işlər görmüş birisiz. Ən yaxşı mütəxəssislərimizdənsiniz. Ona görə də təkcə işinizə yox, həm də sözünüzə ehtiyac var. Amma madam ki, bu mövzuda danışmaq həvəsiniz yoxdur, o zaman müsahibəni də elə baş məşqçisi olduğunuz "Qarabağ"la bağlı suallarla yekunlaşdırım.

- AFFA məsələsi ilə bağlı deyim ki, mən bir yerdən incik formada ayrılmışamsa, o qurum haqqında daha çox fikir bildirmək mənə uyğun deyil. Razı qaldığım halda ayrılsaydım, bəlkə də daha rahat danışardım. İncik halda ayrılanda danışsam, deyə bilərlər ki, burdan narazı gedib, ona görə də belə danışır.

- Sizi başa düşürəm.

- Hə, gərək, məni o tərəfdən anlayasan.

- Elə isə keçid edək yenidən "Qarabağ"a. Bu mövsüm klub İbrahima Vadjini "Sent-Etyen"ə satdı. Rəsmi açıqlamaya görə, "Qarabağ" bu transferdən 1 milyon 600 min avro qazanıb. Siz dəfələrlə demisiniz ki, Azərbaycana xaricdən hər futbolçu gəlmir. Yəni, liqamızın səviyyəsi kimi bir çox amillər var ki, legionerlər Azərbaycanda oynamaq istəmirlər. Amma gəlin bir məsələni konkretləşdirək. Olubmu ki, məsələn, istədiyiniz futbolçunun klubu onun bazar dəyərindən daha çox pul istəyib, amma siz onu verməmisiniz? Yaxud elə onu şirinikləndirmək üçün daha artıq pul təklif etmisiniz? Mən bu sualı ona görə verirəm ki, klubun transferdən gəliri də olub. 

- Bəli, olub ki, biz transfer üçün pul ayırmışıq. Elə yerlər, elə futbolçular olub ki, mənim imkanım olsaydı, lap 2-3 milyon da verib o futbolçunu gətirədim. Amma maliyyə balansı da var də. Onu qoruyub-saxlamaq lazımdır. Burada gizlədiləsi bir şey yoxdur. Olub ki, bir futbolçunun klubuna 1 milyon təklif etmişik, amma oyunçunu ala bilməmişik.

- Belə hal bu il olub? 

- Bu il də olub, ondan əvvəlki illərdə də. Ümumiyyətlə, son illərdə belə hallar yaşanıb. Əfsuslar olsun ki, həmin futbolçuları əldə edə bilməmişik.


- Yəni, sırf qiymətdə razılaşmırlar, yoxsa Azərbaycana gəlmək istəmirlər? 

- Gəlmək istəməyən də olub, qiymətdə razılaşmayan da. Məsələn, mən görmüşəm, elə futbolçu olub ki, onun klubuna 700 min, 800 min avro təklif etmişik, amma bizdən 2 milyon avro istəyiblər. Mən isə həmin futbolçunu 2 milyon avroya layiq görməmişəm. Amma bu, onların əlindədir. Onlar öz futbolçularının dəyərini, qiymətini daha yaxşı bilirlər. Belə hallar yaşanıb. Mən əmin olsaydım ki, o, futbolçu 2 milyon avroya tam layiqdir, bəlkə də bu pulun verilməsinə razı olardım. Onsuz da biz əvvəl-axır o sistemə daxil olacağıq. Çünki nəticə vermək istəyən komanda belə addımlar atmalıdır. Amma alınmayanda uyğun futbolçular axtarmağa, öz oyunumuzu qoruyub-saxlamağa, müqaviləsi bitmiş futbolçuları gətirməyə məcburuq. 

Son

Aydın BAĞIROV

Daha çox


Son xəbərlər