“Oğlum Coşqunu transfer etmək gücündə deyilik” – Şahin Diniyev

“Oğlum Coşqunu transfer etmək gücündə deyilik” – Şahin Diniyev
MÜSAHİBƏ 13 Oktyabr 2017 / 13:05 5905
-  A +

Topaz Premyer Liqada yeni mövsümə uğursuz start verən “Kəpəz” hazırda turnir cədvəlinin sonuncu pilləsindədir.

Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev Qol.az saytına müsahibəsində komandasının ilk dövrədəki çıxışından, uğursuzluğun səbəblərindən və digər məsələlər haqda danışıb.

- Komandanız mövsümdə ilk qələbəsini qazandıqdan sonra çempionatda fasilə yarandı. Bu fasilə yerinə düşdü, yoxsa “Qəbələ” üzərindəki qələbədən ruhlanan “Kəpəz” novbəti xalları qazana bilərdi?

- Fasilə bizim işimizə yaradı. Çünki komanda yeni formalaşıb. “Kəpəz”in adı köhnə olsa da, komandanın 70 faizi yenidən qurulub. Həm də gənc futbolçularımız daha çoxdur. Onların arasında anlaşma yaxşı vəziyyətdə deyildi. Birinci dövrə göstərdi ki, xətlərarası anlaşma da istənilən səviyyədə deyil. Bunun da bir dərmanı var – zaman. Ona görə də bu iki həftəlik fasilə bizə yaxşı təsir etdi. Çalışdıq ki, bu vaxtda çatışmazlıqları mümkün qədər aradan qaldıraq. Funksional hazırlığımızı yüksəltdik, texniki-taktiki cəhətdən çox işlədik. Məncə, ikinci dövrədə bunun bəhrəsini görəcəyik.

- Uğursuz çıxışların səbəbi təkcə zamanla bağlıdır, yoxsa başqa səbəblər də var?

- Əgər bir xəstəlik varsa, mütləq onun diaqnozu da olur. Sonra da bu xəstəliyin əlacını tapmalısan. Düzgün diaqnoz vacibdir. Utanmadan deyirəm ki, bizim tutduğumuz yer “Kəpəz” və Gəncə adına yaraşan deyil. Ancaq komandanın yenidən qurulması, rəqiblərin güclənməsi, bizim isə əksinə olaraq güclənməməyimiz özünü göstərdi. Heyətimizə cəlb etdiyimiz futbolçuların əksəriyyəti birinci divizonda çıxış edənlərdi. Onlar Premyer Liqa iyini hiss etməyiblər. Mən bunu səbəb kimi göstərmirəm. Çünki bu işin altına özüm girmişəm. Sadəcə, zamana ehtiyacımızın olduğunu deyirəm. Mən gözləmirdim ki, uyğunlaşma prosesi bu qədər uzun çəksin. Demək olar ki, birinci dövrənin sonuna qədər uğursuz çıxış etdik. Yalnız “Qəbələ” ilə sonuncu matçda komandam çox yaxşı oynadı. Bir baş məşqçi kimi gözlərimdə işıltı oldu. Düşündüm ki, bu komanda oynaya bilər. Ancaq indiki durumumuz ürəkaçan deyil. Əl-ələ verib mütləq sonuncu pillədən qurtulmalıyıq.

- Nəticələriniz ürəkaçan deyil, bəs komanda istədiyiniz istiqaməti götürüb?

- Yox. Əgər “Qəbələ” ilə oyunu saymasaq, 6 görüşdə 11 top buraxıb, 3 qol vurmuşuq. Bu, olduqca acınacaqlı nəticədir. Göründüyü kimi, həm hücumda, həm də müdafiədə pis oynamışıq. Düzdür,  “Qəbələ” kimi komandaya 2 qol vurmaq ümid qığılcımları yaradır. “Qəbələ” ilə oyuna qədər isə stabillik yox idi. Həm fərdi oyunçulardan, həm də komandanın anlaşmasından narazıyam. Hətta özümdən də narazıyam. Tək futbolçuları günahlandırmaq olmaz. Biz bu zirzəmiyə birlikdə düşmüşük. Çox çalışmalıyıq. Artıq səbəb gətirməli deyilik. Ümid edirəm ki, elə bu futbolçularla uğursuzluğa son qoyacağıq.


- Yəqin ki, “Kəpəz”in büdcəsinin məhdud olduğuna görə istədiyiniz transferləri edə bilməmisiniz. Bunun təsiri nə dərəcədədir?

- Bu gün çəkinmədən deyirəm ki, bizim büdcə digər 7 komandanın hamısından aşağıdır. Bu büdcəyə uyğun transfer etməliyik. Bəli, transfer qiyməti baha olmayan futbolçulara daha çox üstünlük verdik. Hər bir məşqçi komandasında səviyyəli futbolçular, legionerlər görmək istəyər. Ancaq bizim götürdüyümüz legionerlər və yerli futbolçular aşağı məbləğə alınıb. Bu sarıdan onlardan böyük bir şey istəmək etik normadan qırağa çıxır. Bununla belə, düşünürəm ki, komanda tədricən özünə gələcək.

- Qışda komandada çox dəyişiklik edilməlidir?

- Bəli, xeyli güclənməliyik. Ancaq görək, bizim imkanımız nəyə çatır. Büdcəmizə uyğun olmayan futbolçu götürə bilməyəcəyik. Əsasən daxili imkanlarımızdan istifadə edəcəyik. Öz futbolçularımızla çox çalışıb, əlimizdəki heyətlə nəyəsə nail olmalıyıq.

- Yeni transferiniz Məhəmməd Qurbanov xeyli müddətdir oynamır. Onu hansı keyfiyyətlərinə görə komandaya cəlb etdiniz?

- Çempionatın 3-4 oyunundan sonra gördüm ki, hücumda boşluqlar var. Fikirləşdik ki, azad agent statusu olan bir hücumçu gətirək. Klubumuzun meneceri Vaqif Heydərli Məhəmməd Qurbanovu təklif etdi. Futbolçunu həm millidən, həm də “Sumqayıt”dan tanıyırdım. Bizə uyğun futbolçudur. Narahatlığım fiziki hazırlığı ilə bağlı idi. İndi də yaxşı formada deyil. Bir həftə məşqlərdə iştirak edəndən sonra qərar verdim ki, bizə kömək edə bilər. O da təklifimizlə razılaşdı. İndi yalnız fiziki hazırlıq baxımından geri qalır. Onun da üzərinə işləyirik. 1-2 həftəyə formaya düşəcək.


- “Kəpəz”də maliyyə vəziyyəti necədir? Büdcənin aşağı olması maaş problemi yaradır?

- Açığı, komandamızda maliyyə problemi yoxdur. Demirəm ki, büdcəmiz yüksəkdir, sadəcə, maaşlar vaxtında verilir. Rəhbərliyin diqqəti üzərimizdədir.

- Ot örtüyü dəyişdirilən Gəncə stadionunda ilk oyununuz nə vaxtdır?

- Hamının gözü aydın olsun, oktyabrın 21-də “Neftçi”ni Gəncədə qəbul edəcəyik.

- Rəqib komandalar Gəncə stadionundan çox gileylənirdilər. Xal itkiləri olanda bunu meydançanın bərbad olması ilə əlaqələndirirdilər.

- Hər gün meydançanın durumu ilə maraqlanıram. Hazırda Azərbaycanda ən ideal meydança bizdədir. Rəqiblərin sözlərinə gəldikdə isə biz Gəncədə daha çox xal itirmişik, nəinki onlar.

- Milli komandamız DÇ-2018-in seçmə mərhələsini 5-ci yerdə tamamladı. Komandamızın çıxışları ilə bağlı ümumi fikrinizi bilmək istərdik.

- Yığmamız seçmə mərhələyə yaxşı başlamışdı. 3 oyuna 7 xal toplamaq bizim üçün fantastik bir göstərici idi. Sonradan rəqiblər bizi əvvəlki kimi yox, daha güclü komanda kimi qəbul etdilər və oyuna ciddi yanaşdılar. Millimiz ardıcıl 4-5 oyunda uduzdu. Yaxşı oyunlarımız da oldu. Sadəcə, sabit oyunumuz yoxdur.

- Millimizin baş məşqçisi Robert Prosineçkinin yığmamızdan gedəcəyi gözlənilir. Onun kimin əvəzləməsini istərdiniz?

- Bu, nə mənim, nə sizin, nə də azarkeşlərin istəyi ilə olur. Məşqçi ilə AFFA arasında müqavilə imzalanır və istəklər qarşıya qoyulur. Seçmə mərhələnin sonunda məşqçinin elədiklərinə və gələcəkdə nə edəcəyinə diqqət yetirirlər. Ona görə də biz Prosineçkinin gedib və ya qalması barədə nəsə deyə bilmərik. O ki qaldı yeni baş məşqçinin kimliyinə, mən həmişə demişəm ki, yerli məşqçinin olması yaxşıdır. Bunu futbol adamı kimi yox, bir Azərbaycan vətəndaşı kimi istəyirəm.

- Milli karyerasını başa vuran Rəşad Sadıqovun bu qərarına münasibətinizi də bilmək istərdik.

- Rəşad futbola necə qürurla gəlmişdisə, elə də getdi. Millidən özünə yaraşan şəkildə ayrıldı. Biri var futbolçunu yola salalar, biri də var ki, özü yola çıxa. Rəşadın Avro-2020 üçün gənclərə yol açması bir örnəkdir. Hər bir adam bu addımı ata bilməz. Futbolçu daha çox oynamaq istəyir. Rəşad indi də oynayır, gücü tükənməyib. Sadəcə, özünü Avro-2020 üçün hazır saymadı və məncə, düzgün qərar verdi.

- “Qarabağ”da çıxış edən oğlunuz Coşqun Diniyev “Kəpəz”ə 2 qol vurub. Düşünmürsünüz ki, bəlkə, Coşqunu transfer edəsiniz, “Kəpəz”də bir ailədən 3 Diniyev olsun?

- Biz Coşqunu transfer etmək gücündə deyilik. O, “Qarabağ”ın futbolçusudur, müqaviləsi var. Onun transferi ilə bağlı söhbət yoxdur.

- Coşqun komandanıza qol vuranda bir ata kimi onun uğuruna az da olsa sevinmisiniz?

- Biz peşəkarıq. Oyun vaxtı təbii ki, onun qolu məni sevindirə bilməz. Ancaq sonradan onun şəxsi uğuru üçün sevinirəm. Futbolçu harda oynayırsa, ora xeyir verməlidir. Fərqi yoxdur, rəqibi atasıdır, ya da qardaşı. Coşqun olmasın digəri olsun, onsuz da qolu kimsə vurmalı idi.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi