Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
Tovuz Azərbaycanın futbol beşiklərindən hesab olunur. Ümumiyyətlə, bu rayonun futbolundan danışanda yada düşən ilk ad “Turan” olur. Əslində bu da təbiidir. Çünki müstəqil Azərbaycan futbolunda Tovuz həmişə bu komanda ilə təmsil olunub. Bu komanda uzun illər Azərbaycan futbolunun liderlərindən olub, ölkə futboluna bir çox istedadlar bəxş edib. Lakin təəssüf ki, son illər həm “Turan”, həm də Tovuz futbolu tənəzzül dövrünü yaşayır. Bir neçə il bundan qabaq elita ilə vidalaşn bu komanda sonradan borclardan yaxa qurtarmaq üçün öncə “Turan-T”, sonra isə “Turan Tovuz” oldu. Hazırda da I divizionda gün keçirir. Halbuki dediyimiz kimi, bu klubun Azərbaycan futbolunda at oynadan vaxtları olub. “Turan” haqda bir qədər sonra daha ətraflı danışacağıq. Lakin Tovuz futbolu tək “Turan”dan ibarət deyil. Bu komandaya qədər də bu rayonun şanslı futbol tarixi olub. Elə bu yazımızda da sizə Tovuz futbolunun böyük tarixindən bəhs etmək istəyirik. Əminik ki, məhz bu yazıda indiyə qədər heç yerdə rast gəlmədiyiniz maraqlı faktlarla tanış olacaqsınız.
Almanlarla başlayan tarix
Tovuzda futbolun tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Özü də nə qədər qəribə olsa da bu rayonun futbol tarixi almanların adı ilə bağlıdır. Belə ki, 1912-ci ildə bir qrup alman Tovuza köç edib burada məskən salır. Onlar daha çox təsərüffat işləri ilə məşğul olurlar. Tovuza futbolu da məhz həmin almanlar gətirib. Belə ki, 1914-cü ildə rayonda ilk futbol komandası yaradıldı. Komanda “Trabonfeld” adlandı. Bu adın seçilməsi də təsadüfi deyildi. Çünki almanların o vaxt Tovuzda saldığı və yaşadığı şəhərcik də məhz Trabonfeld adlanırdı. Almanların Tovuza töhvəsi tək bu komanda olmadı. Rayonda ilk stadionu da elə həmin almanlar tikib. Stadion 1916-cı ildə Trabonfeld şəhərciyinin ərazisində tikildi. Qısa vaxtda meydança salındı, kiçik tutumlu tribunalar quraşdırıdı.
Azərbaycanın ilk əyalət futbol klubu – “Rothe Fahne”
1916-cı idə tikilən stadion həm də rayonun futbol həyatında yeni səhifə oldu. Belə ki, məhz həmin stadionun tikintisindən sonra Tovuzda yeni futbol klubu yaradıldı. Yeni klubun adı isə “Rothe Fahne” oldu. “Trabonfeld”dən fərqli olaraq, “Rothe Fahne” daha mütəşəkkil klub idi. Maraq üçün deyək ki, bu klub Azərbaycanın ilk əyalət klubu hesab olunur. Tamamilə yerli almanlardan təşkil olunan klubun adının mənası isə “qırmızı bayraq” demək idi. Heyətdə yer alan Dut Valter isə komandanın ən aparıcı və ən tanınmış futbolçusu idi. Həmin vaxt “Rothe Fahne” qonşu respublikaların komandaları ilə yoldaşlıq görüşləri də keçirirdi. Almanların sayəsində rayonda futbol günü-gündən daha çox sevilməyə başladı və artıq tovuzlular da bu oyunun sirrlərini öyrənməyə başladı. Ardınca yeni komanda formalaşdırmağa da başladılar. 1920-ci ildə məhz bu komanda “Rothe Fahne” ilə yoldaşlıq görüşü keçirdi. Həmin oyunda ilk dəfə hər iki komandanın futbolçuları meydançaya idman geyimlərində çıxdılar. Bu oyun o dövrün mətbuatında da geniş işıqlandırıldı. Düzdür, bəzi mətbuat orqanları Azərbaycan komandasının formasının üzərindəki ərəbcə yazını başqa istiqamətə yozaraq bunu panislamizim kimi qələmə verməyə, yarışı gözdən salmağa çalışdılar. Ancaq istənilən halda bu oyun o dövrün hadisəsi kimi yadda qaldı. Oyunu idarə edən hakimlər isə xüsusi olaraq Gürcüstandan dəvət olunmuşdu.
Tovuz futbolunun yeni mərhələsi
Yuxarıda haqqında danışdığımız və payız ayına təsadüf edən həmin oyundan sonra Tovuzda komandaların sayı artmağa başladı. Bu işdə Qara Əliyev adlı tovuzlu gənc xüsusi fəallıq göstərirdi. O, özü də peşəkar şəkildə futbolla məşğul olurdu. Sonradan Əliyev idman sahəsində gördüyü işlərə görə Respublikanın Əməkdar İdman Xadimi adına da layiq görüldü. Təsadüfi deyil ki, bu gün də doğma rayonda onu Tovuz futbolunun banisi kimi qəbul edirlər. 1930-cu ildə məhz Qara Əliyev rayonda yeni-yeni yaranan komandaları birləşdirib Tovuz Şəhər yığmasını təşkil etdi. Komanda II dünya müharibəsinə kimi bu ad altında öz fəaliyyətini davam etdirdi. Bu komandanın yaranmasından sonra “Rothe Fahne” fəaliyyətini dayandırdı. Lakin maraqlıdır ki, bu komanda fəaliyyərini dayandırsa da Dut Valter Tovuz komandasının heyətinə cəlb olundu və burada öz karyerasını davam etdirdi.
Bu arada haşiəyə çıxaraq qeyd edək ki, 2004-cü ildə “Turan”ın o vaxtkı prezidenti Tahir Yusifov Tovuzun keçmiş futbol ənənələrini özünə qaytarmaq üçün yenidən “Rothe Fahne”ni bərpa etdi. Komanda I divizionda mübarizəyə başladı və heyət də sırf yerli, gənc futbolçulardan təşkil olunmuşdu. Baş məşqçi də Nizami Ocaqverdiyev idi. Lakin təəssüf ki, sonradan yaranmış maliyyə sıxıntısı bu komandanın çox yaşamasına imkan vermədi və bir ildən sonra “Rothe Fahne” fəaliyyətini dayandırdı.
Müharibədən sonrakı dövr
II dünya müharibəsi SSRİ-nin hər yerində olduğu kimi, Tovuzda da dərin iz buraxdı. Müharibə başlayandan sonra bir çox tovuzlu futbolçu da cəbhəyə yollandı və onların böyük əksəriyyəti orda həlak oldu. Geri qayıdanların da çoxunun sağlamlığı yenidən futbol oynamağa imkan vermirdi. Buna görə də rayonda futbolu sıfırdan qurmaq lazım idi. Özü də bu iş bütünlüklə yerli camaatın üzərinə düşürdü. Çünki 1941-ci il oktyabrın 8-də SSRİ hokuməti arxa cəbhədə almanların təhlükə yaradacğından ehtiyatlanaraq Tovuzda və eləcə də Azərbaycanın digər bölgələrində yaşayan bütün almanları Sibirə sürgün eləmişdi. Tovuzluların müharibədən sonra yaratdığı ilk komanda “Spartak” adlanmağa başladı. Bu komandanın yaranma tarixi 1946-cı ilə təsadüf edirdi. “Spartak” 1952-ci ilə qədər fəaliyyət göstərdi. 1952-ci ildə isə Respublikada “Kolxozçu” Könüllü idman Cəmiyyəti yaradıldı və Tovuz komandası da həmin cəmiyyəti təmsil etdiyi üçün “Kolxozçu” adlandırılmağa başladı. Cəmiyyətin və həmçinin də klubun ilk sədri Fərzalı İsmayılov oldu.
Tovuzun “Məsul” dövrü
1956-cı ildə Tovuz futboluan yeni ad daxil oldu. Belə ki, “Məhsul” cəmiyyəti ilə “Kolxozçu” idman cəmiyyəti birləşdi və komanda “Məhsul” adı altında fəaliyyətini davam etdirdi. Bu komandanın Tovuz futbolunda xüsusi çəkisi və adı var. Həm də özündən əvvəlki komandalardan fərqli olaraq, “Məhsul”un ömrü daha uzun oldu və demək olar ki, 1990-cı ilə kimi Tovuz rayonu, Tovuz futbolu bu komanda ilə məşhurlaşdı. 1957-ci “Məhsul” Azərbaycan kubokunu (o vaxt bu kubok “Büllur” kuboku adlanırdı) Tovuza gətirdi. Bunun özü də bir ilk idi. Çünki həmin dövrə qədər ölkə kubokunu ancaq Bakı komandaları qazanırdı. “Məhsul” sonrakı fəaliyyəti dövründə yalnız Azərbaycanın daxili çempionatında mübarizə aparırdı. Qarşıya qoyulan əsas məqsəd isə ölkənin aparıcı klubları üçün futbolçu yetişdirmək idi. Deyərdik ki, komanda bu missiyanı çox uğurla yerinə yetirdi. 1990-cı ildə gözlənilmədən bu komandanın adını dəyişib “Oğuz” qoydular. Səbəbinə gəlincə, Tovuz sözünün mənası 7 oğuz anlamına gəlir. Buna görə də o dövrün tovuzlu ziyalıların da təşəbbüsü ilə komandanın adı dəyişdirilərək “Oğuz” oldu. Lakin bu komandanın ömrü cəmi 1 il sürdü. SSRİ süqutu elə “Oğuz”un da süqutu oldu.
Müstəqillik dövrü və “Turan”ın yaranması
Müstəqillik dövrünə Tovuz futbolu da yeni adla qədəm qoydu. Söhbət təbii ki, “Turan”dan gedir. Bu komandanın yaranma tarixi də çox maraqlıdır. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etmişdi və hər sahədə olduğu kimi futbolda da yeniliklər labüd idi. Tovuzlular da bu yeniliklərin tərkib hissəsi olaraq 1991-ci ildə rayonda futbol turniri təşkil etdilər. Turnirin təşkilatçısı da o dövr Tovuz Şəhər Stadionunun direktoru vəzifəsində çalışan Məzahir Tağıyev idi. Həmin turnirdən sonra ən yaxşı futbolçulardan ibarət komanda yığıldı. Daha sonra bu komandanın Qazax və Ağstafa rayonlarına səfərləri, həmin komandalarla yoldaşlıq görüşləri təşkil olundu. Komandanın yaşaması, bu cür səfərlərin davamlı olması üçün isə maliyyə dəstəyi lazım idi. Çünki hər dəfə səfərlər üçün vəsait tapmaq lazım gəlirdi. Bundan başqa, tovuzlular yeni komanda yaradıb ölkə çempionatında oynamaq istəyirdi ki, bu da birbaşa güclü sponsordan aslı olan məsələ idi. Yəni komanda üçün sponsor tapılmalı idi. Bununla əlaqədar olaraq rayonun futbol ictimaiyyəti keçmiş voleybolçu olan tovuzlu iş adamı Vidadi Əhmədova müraciət etdi. Əhmədov öncə birdəfəlik yardıma razılıq verdi. Lakin o dövr Tovuz rayon polis şöbəsinin rəisi Novuz Həsnovun da təkidindən sonra Əhmədov komandaya sponsorluğu boynuna götürdü.
1992-ci il fevralın 13-də “Turan” peşəkar klub kimi Ədliyyə Nazirliyindən qeydiyatdan keçdi və öz fəaliyyətinə başladı. Komandaya “Turan” adının seçilməsiniə gəlincə, bu da birbaşa Novruz Həsənovun təklifi idi. Klubun rəngləri də göy-ağ seçilmişdi ki, burada da göy rəng türkçülüyü əks etdirirdi. “Turan”ın ilk baş məşqçisi Zahid Hüseynov oldu. Lakin bir müddət sonra Hüseynov səhhətindəki problemlərə görə klubdan uzaqlaşdı və onun yerinə Ruslan Abdullayev baş məşqçi təyin olundu. Abdullayev qısa zamanda mübariz və iddialı kollektiv formalaşdıra bildi. Məhz bunun nəticəsi idi ki, komanda onun rəhbərliyi altında iki dəfə ard-arda çempionatın bürünc medalını qazandı. Komanda 1993-94-cü il mövsümünə də Abdullayevin rəhbərliyi altında iddialı başladı. Lakin 8-ci turda Abdullayev gözlənilmədən komandadan ayrıldı. Sonradan onun gedişinin o vaxtkı AFFA rəhbərliyi ilə aralarındakı problemlə bağlı olduğu üzə çıxdı. Komandanı müvəqqəti olaraq tovuzlu Xanoğlan Abbasov qəbul etdi və ilk dövrənin sonuna kimi baş məşqçi vəzifəsini idarə elədi. 1994-cü ilin fevralında isə komandaya Kazbek Tuayev baş məşqçi təyin olundu və mövsümün sonunda “Turan”a çempion adını qazandırdı. Maraqlıdır ki, qış fasiləsindən sonra ikinci dövrənin ilk matçında “Bakı Fəhləsi” ilə heç-heçə oynayan “Turan” mövsümün sonuna qədər xal itirmədi və 14 oyunun hamısında qalib gələrək çempion adını qazandı. Bunun nəticəsi olaraq 1994-cü ildə Azərbaycanı UEFA kubokunda təmsil etmək hüququ qazandı. Bu, Azərbaycan futbolunda ilk idi. Tovuzluların çempion ola-ola UEFA kubokunda iştirakına gəlincə, bu, Azərbaycan futbolunun o vaxtkı reytinqinin çox aşağı olması ilə bağlı idi. UEFA kubokunun ilkin təsnifat mərhələsində isə “Turan “Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşdı. Təəssüf ki, Tovuz klubu hər iki oyunda güclü rəqibinə məğlub oldu. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab matçı isə 2:0 hesabı ilə başa çatdı.
“Turan” Azərbaycan futbolunda bir çox ilklərə imza atması ilə də seçilir. Məsələn, bu komanda Azərbaycanda ilk peşəkar futbol klubudur. Çünki 1991-92-ci illərdə bütün klublar hansısa zavod, idarə və müəssisələrin balansında idi. Vidadi Əhmədov həm də ilk klub prezidenti kimi də tarixə düşüb. 1993-cü ildə “Turan”ın farm klubu olan və I dəstədə çıxış edən “Turan-2” yaradıldı ki, bu da futbol tariximizdə ilkdir. Tovuzluların ilkləri bununla yekunlaşmır. 1993-cü ildə “Turan” bütün səfər matçlarında qalib gəldi və qapısından qol buraxmadı. “Turan” 2001-ci ildə Naci Şensoyu baş məşqçi postuna dəvət etdi ki, bu da Azərbaycanın futbol tarixində ilk legioner məşqçi idi. 2001-ci ildə Azərbaycan klubları arasında ilk mətbuat xidməti də məhz “Turan”da yaradılıb, ilk mətbuat katibi Rasim Əliyev olub. 1993-cü il 16 oktyabrından 1997-ci il noyabrın 22-ə kimi “Turan” keçirdiyi 157 ev oyununun heç birində məğlub olmadı ki, bu da Azərbaycanda rekorddu. O vaxt klubun şərəfini qoruyan Nizami Sadıqov 100 oyunda qapısını toxunlumaz saxlayan yeganə azərbaycanlı qapıçıdır.
Tovuz futbolunun ən tanınmış simalarından hələ 50-ci illərdə “Neftçi”yə dəvət alan Arif Qasımov, Təvəkkül Hüseynov, Nazim Hüseynovun adını çəkmək olar. Zahid Əsgərov, Zahid Hüseynov, Arif Sadıqov, Aleksandr Kazmin, Böyükağa Ağayev, Vaqif İbrahimov da Tovuz futbolunun tanınan futbolçuları olub. Müzəffərr Qasımov (“İnter”in prezidenti Rəşad Qasımovun atası) da Tovuz futbolunun tanınan simalarındandır və o, 11 il “Dinamo”nun kapitanı olub (Kirovabad)
Müstəqillik dövründə isə “Turan” Azərbaycan futboluna Nizami Sadıqov, Sakit Alıyev, Nizami Ocaqverdiyev, Hüseyn Məhəmmədov, Elxan Abdiyev, Eltay Aslanov, Nadir Nəbiyev, Kamal Əhmədov, Elvin Məmmədov, Aqil Nəbiyev, Rəhman Hacıyev, Ruslan Abbasov, Etimad Qurbanov, Vurğun Hüseynov və s. kimi futbolçular bəxş edib.
“Turan” iddialı vaxtlarında çempionata çox rəng qatıb. “Turan”ın bir vaxtlar “Kəpəz”lə prinsipial oyunları böyük maraqla qarşılanırdı, bu dueli “Qərb derbisi” adlandırırdılar. Eyni zamanda “Turan” – “Qarabağ” və” Turan” – “Neftçi” matçları da öz prinspiallığı ilə diqqət çəkib.
ELNUR
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol