"Qarabağ" klubu ordumuzun uğuruna, nailiyyətinə köklənib"

"Qarabağ" klubu ordumuzun uğuruna, nailiyyətinə köklənib"
MÜSAHİBƏ 5 Aprel 2016 / 12:12 3230
-  A +

"Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsi

"Xəzər Lənkəran” – "Qarabağ” oyununda baş verən məlum olayla bağlı düşüncələrinizi bilmək istərdik. Yəqin ki, söhbətin nədən getdiyinizi anladınız...

- Deyilən sözlər həqiqəti əks etdirmir. "Biz Qarabağ”a da uniformanı geyməyi təklif etdik, ancaq onlar bundan imtina etdilər” kimi bir şeyləri bu gün eşitdim. Belə bir şey yoxdur. Heç kim şəxsən mənə, yaxud hansı işçimizə bu barədə müraciət etməyib. Olunsaydı, əlbəttə, sevə-sevə geyinərdik. Bu zaman daha gözəl çıxardı. Bizim həmin təşəbbüsdən komandalar yalnız meydana çıxarkən xəbərimiz oldu.
 
- "Xəzər Lənkəran”ın bu addımı sizdə hansı təəssürat oyatdı?

- Əlbəttə, "Xəzər Lənkəran”ın bu addımını alqışlayırıq. Böyük bir dəstək oldular. "Qarabağ”a gəldikdə, bizim sponsorumuz, rəhbərliyimiz kluba dəstəyi bu gün yox, 10 ildən artıqdır etməklə onsuz da nümayiş etdirib. Buna əlavə nəsə deməyə ehtiyac yoxdur. Mən də Azərbaycanın çörəyini yeyən bir şəxs olaraq, hamımız kimi ordumuzun xidmətindəyəm. Bizə ehtiyac olanda, hamımız yekdilliklə necə lazımdır qulluq etməyə hazırıq. Amma bunu şou, yaxud nəyisə sübut etmək üçün istifadə etmək də açığı, bizim işimiz deyil. Ola bilər ki, hansısa paylaşımlarda kimlərsə bizdən başqa şeylər gözləyir. Ancaq bizim Vətənimizə, Qarabağımıza, torpağımıza olan bağlılığımız bu gün deyil. Biz illərdir "Qarabağ”ın adına görə mənəvi dəstəyimizi göstəririk. Klubumuz "Qarabağ” adını daşıyır, bunu daşımaqda da davam edəcəyik.

- "Xəzər Lənkəran”la səfərdə oynasanız da, hər halda, cəbhədəki olaylara hansısa formada dəstəyinizi nümayiş etdirməyi düşünürdünüzmü?

- Biz rəhbərlik olaraq, oyuna 2 saat qalmış gəldik, Lənkəran hava limanına endik. Ordan birbaşa matç keçirilən stadiona yollandıq. Əlbəttə, bu, bizim işimizdir. İşimizdə məsuliyyətli olmalıyıq ki, yenə "Qarabağ”ın adını bütün yarışlarda layiqincə təmsi edək, daşıyaq. Əsas məqsədimiz kimi bunu tutmuşduq. Ancaq mən "Nəsə fikirləşirdik, alınmadı" desəm, bu, yalan olar. Atdıqları addıma görə "Xəzər Lənkəran”ın rəhbərliyinə də təşəkkür edirəm.

- Bugünlərdə hamı ilk növbədə, "Qarabağ” klubundan dəstək xarakterli təşəbbbüs gözləyir. Bunun olmaması isə böyük müzakirələrə səbəb olur, klub qınaq obyektinə çevrilir...

- Biz diqqəti içimizdə göstəririk. Qarabağa, əsgərlərimizə olan hörmətimizlə, bugünkü ordumuzun göstərdiyi nailiyyətlərə sevincimizlə onsuz da yaşayırıq, bunu yaşadırıq. Ancaq bunu hansısa saytda, qəzetin səhifələrində etməyimiz gərəkirsə, bunu kim istəyirsə, məncə, o, bir az yanılır.

- Lənkərandakı oyunda 1 dəqiqəlik sükut zamanı "Azərsun”un iki rəhbər nümayəndəsinin ayağa qalxmaması ilə bağlı nə deyərdiniz?

- Bildiyiniz kimi, mən "Azərsun Holdinq”in bir nümayəndəsi kimi klubda çalışıram. Bizim ilk gündən, 20 il öncə bura gəldiyimdən ən önəmli fəlsəfəmiz mənəviyyata verdiyimiz üstünlükdür. Mən inanmıram ki, orada hansı işçimiz bilə-bilə hörmətsizlik mənasında ayağa durmasın. Bu, qeyri-mümkündür. Mən başımla, hər şeylə cavabdehəm ki, belə bir şey ola bilməz.

- "Qarabağ” haqda deyilənlərlə bağlı bir bəyanat verməyə lüzum görmədiniz?

- Bu gün hamımız dua edirik ki, ən az şəhidlə ən böyük uğuru göstərək. Biz mütləq öz işimizdə müvəffəqiyyət qazanmalıyıq. Klub daxilində hər kəs ordumuzun uğuruna, nailiyyətinə köklənib. Bütün söhbətlər bununla bağlıdır. Bunun üçün ayrıca bəyanat, yaxud xəbər yaymağı məqsədəuyğun saymadıq. Hazırda bütün motivasiya tamam başqa yöndədir.
 
- Ev oyununda bir şey hazırlamağı düşünürsünüz?

- Əlbəttə, səngərdəki əsgərimizi ruhlandıracaq hansısı addımı atmağa hazırıq. Ancaq kimlərinsə istəyinə görə yox. Doğrudan da səngərdəki əsgərlərimizi ruhlandıracaq, xalqımızı birləşdirməyə inandığımız tədbir haqda fikirləşsək, bununla bağlı bizə hansısa təkliflə çıxış edən olsa, bunu dəyərləndirə bilərik. Əsas odur ki, Azərbaycanımıza, əsgərimizə hansısa faydamız olsun.
 
- Döyüş bölgəsində, "Qarabağ”ın təmsil etdiyi Ağdama rəhbərlik, komanda halında səfər etməyi düşünürsünüz?

- Açığı, biz təkliflə bağlı baş məşqşçimiz Qurban Qurbanovun da iştirakı ilə bu gün çox uzun müzakirələr apardıq. Ancaq bir az gözləmə mövqeyi tutub, məsələni qabaqlamadan, ehtiyac olunan halda bunu etməyin daha düzgün olacağını düşündük. Ehtiyac görsək, Ağdama da gedərik. Bizim ən böyük istəklərimizdən biri "İmarət” stadionunda oyun keçirməkdir. Onu da görmək bizə qismət olar. Buna özümüzü çox yaxın görürük. Tezliklə "İmarət”də olmağa, tədbir keçirməyə ümid edirik, gözləyirik, buna nail olarıq.

- Son turda digər klubların qol vuran futbolçuları, o cümlədən, "Xəzər Lənkəran"ın yeganə qolunun müəllifi Tural Qürbətov əsgər salamı verdi. Ancaq dubl edən Mahir Mədətovun bunu etməməyi də diqqətdən yayınmadı...

- Mahirin əsgər salamı verməməsini hansısa hörmətsizlik kimi qiymətləndirmək də mənə görə düz gəlmir. Çünki işini gördü, komandaya faydalılığını göstərdi. Bəlkə də kimlər üçünsə yaxşı olardı. Ancaq bunun üçün üzülməyə dəyməz.
 
- Hər halda, gənc futbolçularla bağlı bu yöndə söhbət edilsə, yaxşı olardı...

- Əsgər salamı verməməklə yox, vətənpərvərliklə bağlı söhbətlərimizi həmişə edirik, edəcəyik də. Adil Nadirovun mətbuatda açıqlamasını, təklifini də oxudum. Bunlar olar. Ancaq bizim doğrudan da bunlara itirəcək vaxtımız yoxdur. Bunlarla deyil, qazandığımız nailiyyətlərlə maraqlanmaq, məncə, daha məqsədəuyğun olardı. Bəlkə də bizə hardasa ehtiyac olarsa, hamı görəcək ki, "Qarabağ” klubu nələrə nail ola bilər.

Mənbə: sportnet.az

Daha çox


Son xəbərlər