“Həmişə “Anderlext”ə qarşı oynamaq istəmişəm” – Armenteros
“Qarabağ”ın hücumçusu Samuel Armenteros Azərbaycan Premyer Liqasının XV turunda "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb.
- Qarşıdan “Anderlext”lə oyun gəlir. Keçmiş komandana qarşı matçda “Qarabağ”ın əsas qol silahı olacaqsan.
- “Qarabağ”dan öncə “Anderlext”də oynadığım üçün orada çoxlu dostlarım, tanışlarım var. Onlar da bu oyunu izləməyə gələcəklər. Həmişə “Anderlext”ə qarşı oynamaq istəmişəm. Yenə də həmin həvəslə mübarizə aparacam.
- Yəni bu istək səndə xüsusi motivasiya yaradacaq?
- Sadəcə, oyunun əhəmiyyətini bilirəm. Ona görə xüsusi hazırlaşacam.
- “Anderlext” haqqında hansı məlumatların var?
- Məlumat ala biləcəyim insanlar çoxdur. Amma onlar da futbolçudurlar. Bilmirəm, mənə “Anderlext” haqqında nə deyə bilərlər.
- Bu haqda "Qarabağ"dan kimsə səndən məlumat öyrənib?
- “Qarabağ”ın elə bir məşqçi heyəti var ki, onların başqasına ehtiyacı yoxdur. Rəqib komandanı çox yaxşı analiz edəcək dərəcədə güclü mütəxəssislərdir. Onlar bizə necə oynamalı olduğumuzu bildirəcəklər.
- Yəqin ki, hücum xəttində bütün məsuliyyət sənin üzərində olacaq. Səncə, işinin öhdəsindən layiqli gələ biləcəksən?
- Təbii ki, əlimdən gələnin ən yaxşısını edəcəm ki, qələbə qazanaq.
- Belçikadakı atmosferi yaxşı bilən biri kimi necə düşünürsən, “Anderlext”i öz meydanında məğlub etmək olar?
- “Anderlext” Belçika Liqasında hər zaman birincilik uğrunda oynayıb. İndi isə ilk pillədə deyillər. Ona görə də hazırda komandanın içində, futbolçular arasında gərginlik var. Məncə, qələbə qazana bilərik.
Ergün SEYİD