“Tiflisdə baş verənlər bizə ikiqat motivasiya verəcək” – Cavid Hüseynov

“Tiflisdə baş verənlər bizə ikiqat motivasiya verəcək” – Cavid Hüseynov
ÖLKƏ FUTBOLU 8 İyul 2015 / 17:16 3914
-  A +

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında  sabah Gürcüstan “Dinamo”su ilə qarşılaşacaq. Təmsilçimiz ilk görüşdə məğlub olsa da (1:2), mərhələnin taleyi  Qəbələdə keçiriləcək oyunda bəlli olacaq.

“Qəbələ”nin səfərdə baş tutan oyunda yeganə qolunun müəllifi Cavid Hüseynov oldu. Bu, həm də "qırmızı-qaralar"ın avrokuboklardakı ilk qolu idi.

Komandanın kapitanı və qol silahı olan təcrübəli yarımmüdafiəçi  Qol.Az saytına müsahibəsində “Dinamo” ilə ilk oyundan, gürcü azarkeşlərin xoşagəlməz hərəkətlərindən və sabah keçiriləcək qarşılaşmadan danışıb.
 

- Gürcüstandan keçirilən oyuna qayıtmaq istəməzdik. Ancaq “Qəbələ”nin 10 nəfərlə mübarizə aparan rəqibinə uduzması xeyli müzakirələrə səbəb oldu. Bir kapitan kimi ilk oyundakı uğursuzluğun səbəblərini necə izah edə bilərsən?
 

- Bilidiyiniz kimi, komandamızda böyük dəyişiklik oldu. Kifayət qədər vaxtımız olmadı ki, yeni futbolçular “Qəbələ”nin oyun sisteminə uyğunlaşsın. Oyunda hiss olunurdu ki, biz hələ bir-birimizi yaxşı başa düşmürük. Ancaq bunlar da mənim üçün bəhanə deyil. “Dinamo”nu analiz etmişdik.  Layiqli rəqib olduqlarını bilirdik. Ancaq bizdən güclü deyillər. Sadəcə biz ilk oyunda gözləniləndən çox aşağı səviyyədə çıxış etdik. Səhvlərimiz çox oldu. Hələ heç nə həll olunmayıb. Səfərdəki səhvlərimizi təkrar etməyə haqqımız yoxdur.  İnanıram ki, sabah qələbə qazananacağıq.

- Məğlubiyyətə səbəb qol imkanlarından yararlana biməməyiniz oldu, yoxsa müdafiədəki səhvləriniz?

- Qol imkanlarımız çox oldu. Ancaq komanda olaraq səhvlərimiz daha çox oldu. Bu cür səhvlər bizə yaraşmır. Ancaq səhvlər də qaçılmazdır. Sabah səhvlərimizi düzəldəcəyik.

- Yeni transferlərin ümidləri doğrultmadığını demək olar?

- Onlar komandaya yeni gəliblər. Heyətimizin 50 faizi dəyişib. Buna görə də onların üstünə düşmək lazım deyil. Biz komanda oyunu nümayiş etdirməliyik. Qeyd etdiyim kimi, vaxtla bağlı problemimiz oldu. Heyətdə köklü dəyişiklik olanda komanda xeyli müddət bir yerdə çalışmalıdır.  Sabahkı oyunda isə nəticəyə oynayacağıq. Mərhələni keçmək üçün lazım olanı edəcəyik.

- “Qəbələ”nin avrokuboklardakı qol hesabını açdın.  Ancaq yəqin ki, məğlubiyyət sevinməyə imkan vermədi.

- Həqiqətən də məğlubiyyətimizi gözləmirdim. Komandamıza çox inanırdım. Mən bərabərlik qolunu vurdum, ancaq sonradan qapımızda ikinci qolu gördük. Buna görə vurduğum qol yadıma da düşmürdü. Məğlubiyyət çox pis şeydir.

- Ancaq mərhələni keçməyinizdə həmin qolun  böyük rolu ola bilər.

- Bəli, mərhələni keçsək, yenidən sevinə bilərəm (gülür).

- Gürcüstanlı fanatların iyrənc hərəkətləri bir azərbaycanlı futbolçu kimi sənə necə təsir etdi?

- Əlbəttə ki, bunlar yolverilməz hallardır. Hüquq-mühafizə orqanları buna imkan verməməli idi. Mən bu işdə Gürcüstan polisini günahlandırardım. Düzdür, futbolda hər bir hadisə ilə rastlaşırsan. Ancaq orda baş verənlər bir azərbaycanlı kimi mənə çox pis təsir edib.

- Onların cavabını necə vermək daha düzgün olar?

- Bu haqda danışmaq ağırdır. Həqiqətən çox ağır məsələdir. İlk növbədə meydançada onlara sözümüzü deməliyik.  Sabah qələbəmizlə çox gözəl şəkildə onların cavabını verə bilərik.

- Tiflisdə baş verənlər sabahkı oyunda sizə əlavə motivasiya verəcəkmi?

- Əlbətdə, onlar kimdi ki, mənim bayrağımı alçaldırlar? Bu, hər bir komanda yoldaşımı düşündürməlidir. Biz futbolu ölkəmizə görə oynayırıq. Avropada Azərbaycanı təmsil edirik. Bəli, Tiflisdə baş verənlər sabahkı oyunda  bizə ikiqat motivasiya verəcək.

- Mərhələni keçmək şansınız nə qədərdir?

- Şansların 50/50-ə olduğunu deyə bilərəm. Rəqib ilk oyunda bizə qalib gəlsə də, mərhələ keçmək şansı bizimkindən çox deyil. Qapımızı toxunulmaz saxlamaqla bir qol vura bilsək, mərhələni keçəcəyik. Hər bir işdə  xeyir var. Səfərdə məğlub oldğumuz üçün sabah  daha da  məsuliyyətli olacağıq. Bizə mütləq qələbə lazımdır. Bunu isə bacara bilərik.  

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər