"İnter" və "Simurq" dağılsa..."
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov Qol.Az saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, F.Hüseynov komandanın cari mövsümdəki çıxışı, hazırkı durumu haqda danışıb və digər məsələlərə aydınlıq gətirib.
- Artıq Premyer Liqada mövsüm başa çatmaq üzrədir. AZAL-ın turnir cədvəlindəki mövqeyi sizi qane edirmi?
- Mövsüm başlayanda komandamızın heyətində demək olar ki, tamamilə dəyişikliklər oldu. Tərlan Əhmədov başda olmaqla yeni bir komanda qurduq. Əsas məqsədimiz komanda formalaşdırmaq və növbəti mövsüm Avropa kuboklara vəsiqə qazanmaq idi. Cari mövsüm Azərbaycan Premyer Liqasında və kubokda yuxarı yerlər uğrunda mübarizə apararaq Avropa liqasına vəsiqə qazanmaq istəyirdik. Amma alınmadı. Çox vaxt qələbə qazandığımız oyunlardan sonrakı turda biz məcburən digər heyəti oynatmalı olduq. Futbolçuların zədə səbəbindən meydana çıxa bilməmələri, sarı vərəqələrə görə cəzalı vəziyyətə düşmələri xal itkisinə səbəb oldu.
- Sizcə, bu nədən irəli gəlirdi?
- Bu futboldur. Hansısa futbolçu istəməz ki, sarı vərəqə alsın və ya zədələnsin. Deməzdim ki, hansısa futbolçumuz məsuliyyətsizlik edib. Çünki baş məşqçi Tərlan Əhmədov gənc olsa da, işini yüksək səviyyədə görən mütəxəssisdir. Belə bir insanla işləmək bizim üçün də rahatdır.
- Tərlən Əhmədovla növbəti mövsüm də davam edəcəksiniz?
- Hazırda baş məşqçimizin işi bizi qane edir. Əvvəlcədən də bilirdik ki, “Qarabağ”, ”Neftçi”, ”İnter” və ”Qəbələ” kimi klublarla mübarizə aparmaq gənc komanda üçün asan olmayacaq. Amma hədəfsiz komanda olmaz. Ona görə də istəyimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdır.
- Komandadan gedəcək futbolçular necə, olacaq?
- “Simurq”la oyundan sonra bu barədə söhbətimiz olacaq. Böyük ehtimalla, 3-4 futbolçu ilə yollarımızı ayıracağıq.
- Həmin futbolçuların kimliyi müəyyənləşib?
- İndi o haqda nəsə deyə bilmərəm. “Simurq”la oyundan sonra məşqçilər korpusu ilə söhbətimiz olacaq və bu barədə qərar verəcəyik.
- Yəqin ki, komandaya yeni futbolçular cəlb ediləcək...
- Bu mövsümdə gördük ki, bəzi mövqelərdə problemlər var və həmin istiqamətlərdə də komandaya yeni futbolçular cəlb edəcəyik. Onların arasında yerli futbolçular da var. Bir-iki əcnəbi futbolçu ilə də maraqlanırıq.
- Növbəti mövsümdən birinci divizionda mübarizə aparacaq “Bakı” klubundan oyunçu transfer edəcəksiniz?
- Hələlik transfer siyahımızda “Bakı” klubundan heç bir futbolçunun adı yoxdur.
- AZAL-ın bəzi futbolçularının adı da digər klublarla hallanır. Xüsusi ilə də, Freddi Mombonqonun. Onunla bağlı sizə hansısa təklif olub?
- Mombonqonun bizimlə müqaviləsi var. Heç bir klubla danışıqlarımız olmayıb.
- Yaxşı təklif alsanız necə, onu satacaqsınız?
- Məşqçilər korpusu onun komandaya lazım olmadığını söyləsə, göndəriləcək. Əks təqdirdə Monbonqo AZAL-da qalacaq.
- Bir çox klublarda maliyyə böhranı var. AZAL-da vəziyyət necədir?
- Hazırda maddi durumumuz pis deyil. Düzdür, fevral ayında qısa müddətli gecikməmiz oldu. Bu da indiki vəziyyətdə normaldır. Çünki bütün klublarda belə problemlər var. Amma gələcəkdə hər şey qaydasına düşəcək və çempionat daha da yaxşı duruma gələcək.
- Bir çox klublar maddi durumu yaxşı olmayan “Simurq” və “İnter”in futbolçularına göz dikib. Siz necə, bu komandalardan futbolçu transfer etməyi düşünürsünüz?
- Əlbəttə, biz də istərdik bu klublardan futbolçu transfer edək. Amma hələlik nə “Simurq”un, nə də “İnter”in son durumu məlum deyil. Təbii ki, bu klubların dağılmasını istəməzdik. Əgər belə bir şey olsa, hər iki klubun yaxşı futbolçuları var və həmin oyunçuları komandamızda görmək istərdik.
- Sonda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanan "Kəpəz" və "Zirə" klubları haqda nə deyə bilərsiniz?
- İndi lisenziya almaq heç də asan məsələ deyil. UEFA-nın bütün şərtləri ilə bu gün hamımız razılaşmalıyıq. İlk öncə “Kəpəz”in Premyer Liqaya qayıtması sevindirici haldır. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yüksək liqada klubunun olmaması ürəkaçan deyildi. Hər iki komandanı təbrik edirəm. Düşünürəm ki, növbəti mövsüm bizi yaxşı bir çempionat gözləyir.
Ergün SEYİD