Qol.Az saytından reportaj (FOTOLAR)

Qol.Az saytından reportaj (FOTOLAR)
ÖLKƏ FUTBOLU 17 Dekabr 2011 / 13:24 3539
-  A +

Ötən ay Qol.Az saytının fəaliyyətə başlamasının 3 ili tamam olub. 2008-ci il noyabr ayının 17-də idman-xəbər saytı olaraq oxucularla görüşə gələn Qol.Az qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb. Bu üç il ərzində Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilib. 2009-cu ilin yekunlarına görə isə, Qol.Az “Milli net” mükafatının “İlin ən yaxşı idman saytı” nominasiyasında birinci yeri tutub. Maraqlı idman xəbərlərinin, Azərbaycan idmançılarının qazandığı uğurların ilk müjdəçisi olan bu saytın fəaliyyəti, yaradıcı kollektivi ilə daha yaxından tanış olmaq, fikirlərini öyrənmək məqsədilə Qol.Az-ın redaksiyasında olduq. Saytın baş direktoru Mirhacib Məcid, baş redaktor Aydın Bağırov, müxbirlər Vüsal Hüseyn və Əli Həyati ilə söhbətləşib ötən 3 illik fəaliyyətdən, qazanılan uğurlardan, gələcək planlardan danışdıq.

Öncə saytın baş direktoru Mirhacib Məcidi sorğu-suala tutub Qol.Az-ın yaranma zərurəti, inkişaf mərhələləri barədə məlumat topladıq. M.Məcid belə bir sayt yaratmaq ideyasının ona məxsus olduğunu bildirdi. O, belə bir qənaətə uzun müddət ölkəmizdə fəaliyyət göstərən idman saytlarını diqqətlə izlədikdən sonra gəldiyini qeyd etdi: “Sayt yaratmaq barədə uzun müddət idi ki, düşünürdük. İlk əvvəl planımızda ümumi ictimai-siyasi xəbərlər verən sayt yaratmaq var idi. Amma müəyyən səbəblərdən bu fikirdən vaz keçdik. Qol.Az-ı yaratmaq ideyası yaranana qədər ölkəmizdə fəaliyyət göstərən idman saytlarını diqqətlə izlədik. Bu sahədə bir boşluğun olduğunu hiss etdik. Bundan sonra Qol.Az həyata vəsiqə aldı. Yaranan gündən etibarən Azərbaycan və dünya futbolunda baş verən ən son xəbərləri oxucularımıza çatdırırıq. Daha çox üstünlüyü isə yerli futbola veririk. Ölkə çempionatımızın oyunları zamanı oxucularımıza saytımızda canlı mətn-reportaj təqdim edirik. Bu reportaj vasitəsilə onlar oyunların gedişatından, baş məşqçilər və futbolçuların fikirlərindən dərhal xəbərdar olurlar. Millimizin və klublarımızın matçları zamanı oyunun gedişatında fotosessiyalar da yerləşdiririk. Hətta bir dəfə dostlarımdan biri Azərbaycan – Rusiya matçında azarkeşlər arasındakı davanı televiziyada izlədiyini və cəmi beş dəqiqə sonra həmin davanın şəkillərini bizim saytda gördüyünü deyərək təəccüb etmişdi. Bütün bunlarla bərabər dünya futbolunun bir çox tanınmış simaları ilə eksklüziv müsahibələr də yayımlayırıq”.

Baş direktor kənardan xəbər saytı yaradıb işlətməyin olduqca asan göründüyünü vurğulayaraq, bu səbəbdən əlinə bir qədər pul düşən istənilən adamın sayt açmaq barədə fikirləşdiyini söylədi. O, reallıqda belə bir yükün altına girməyin çətinliklərini diqqətə çatdırdı: “Ölkəmizdə yaradılan şəraitdən istifadə edib sayt açmaq istəyənlər bu işin çox əziyyətli olduğundan bixəbərdilər. Cüzi bir məbləğ xərcləməklə sayt yaratmaq olar. Ancaq ciddi, nüfuzlu bir orqan kimi onun fəaliyyətini tənzimləmək böyük əmək tələb edir. Konkret olaraq öz nümunəmizdə mən bunu hiss edirəm. Bizim çox ağır iş rejimimiz var. Bəzən oyunlar zamanı əməkdaşlarımız işdən evə gecə 11-12-də gedirlər. Azərbaycan komandalarının oyunları olanda, hətta şənbə və bazar günləri olmasına rəğmən işdə olur, operativ xəbər yayımlayırıq. Bir sözlə, istirahətə vaxt tapmırıq. Demək olar ki, günün 15-16 saatı saytın üzərində işləyirik. Xəbəri vaxtı-vaxtında oxucuya çatdırmaq üçün var gücümüzlə çalışırıq. Hazırda Azərbaycanda idmanla bağlı xeyli sayt var. Hardasa 20-dən artıq. Ancaq Azərbaycanda çox az sayt var ki, biz onlarla rəqabətdəyik. Son vaxtlar apardığımız analizlər isə onu deməyə əsas verir ki, Qol.Az Azərbaycanda ən çox oxunan üç idman saytından biridir”.

M.Məcid saytda müxtəlif idman növləri ilə bağlı məlumatların yer almasına baxmayaraq, futbol xəbərlərinin yenə də Qol.Az-da üstünlük təşkil etməsinə də toxundu. O, bunun bir səbəbinin də maliyyə problemi ilə əlaqədar olduğunu dedi: “Qol.Az-ın hərtərəfli fəaliyyətini qurmaq üçün futbolla yanaşı, digər idman növlərini də işıqlandıran, həmin sahələri dərindən bilən peşəkar jurnalistləri sayta cəlb etməliyik. Belə olan halda onların əməkhaqqı və digər bu kimi problemlərlə üzləşəcəyik. Hələlik saytın maliyyə durumu yüksək səviyyədə olmadığı üçün biz buna getmirik. Saytın indiki maliyyəsi ancaq hazırkı sayda işçini saxlamağa kifayət edir. Ancaq zaman keçdikcə, imkanlarımız genişləndikcə digər idman növlərinin də ən azından futbol qədər işıqlandırılmasına çalışacaq, işçilərimizin sayını artıracağıq. Qeyd edim ki, hər hansı internet medianın yaranmasında məqsədlərdən biri də əldə edilən informasiyanın satılması və sayta reklamın gətirilməsidir. Bizim xəbərlərimiz kütləvi informasiya vasitələrində istinad edilərək yayımlanır. Bəzən ekskluziv olaraq əldə etdiyimiz xəbərin bizə istinad edilmədən başqa bir idman saytında yayımlandığını da müşahidə edirik. Amma bunlar bizi zərrə qədər də işimizdən soyutmur. Bir məqamı da diqqətə çatdırım ki, saytımızın xəbərlərinin yayılması müqabilində bizə kimsə pul ödəmir. Bunu da normal qarşılayırıq. Çünki hazırda Azərbaycanda mətbuatın maliyyə səviyyəsi o qədər də yüksək deyil ki, hər hansı idman xəbərini pulla alsın. Bizə istinadən xəbərimiz yayılırsa bu kifayətdir. Bunun əvəzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər, idman klubları və sair qurumlar saytın operativliyini, hər zaman yeni xəbərlərlə oxucularının rəğbətini qazandığını görüb Qol.Az-da reklam yerləşdirirlər. Bu da saytın fəaliyyətinin tənzimlənməsinə imkan yaradır.

Kiçik bir kollektivlə böyük uğurlara imza atmışıq. Ən azı idman ictimaiyyəti bizi qəbul edir, etibar edirsə, xəbərlərimiz müxtəlif mətbuat orqanlarında bizə istinadən yayımlanırsa, bunları böyük uğur kimi qəbul etmək gərəkdir. Bəlkə də nüfuzlu idman saytları arasında ən az maliyyə imkanı olan Qol.Az-dır. Amma Qol.Az-ın Azərbaycanda ən çox oxunan 1-2 idman saytından olması nələrdənsə xəbər verir. Bu uğurun əsas səbəbi işimizə qəlbən bağlı olmağımız, işimizi sevməyimizdir. Mən, Aydın, Vüsal və Əli, hamımız işimizi sevirik. Bizdə müdir- işçi münasibəti deyil, eyni işi görən bir komanda münasibəti formalaşıb. Məhz buna görə, bizim hamımız üçün Qol.Az doğmadır. Komandamız böyük əzmkarlıqla çalışır. Gündəlik yeni xəbər axtarışındayıq. Azərbaycanda fəaliyyət göstərən elə idman qurumları var ki, özləri barədə xəbəri ilk olaraq Qol.Az-da oxumaq istəyirlər”.

Baş direktor Qol.Az-ın bugünkü səviyyəyə çatmasında ən böyük pay sahibinin məhz Qol.Az kollektivi olduğunu bildirdi. Eyni zamanda o, gələcək planlardan da söhbət açdı: “Qol.Az-ın bu səviyyəyə çatmasında ən böyük pay sahibi bizim kollektivdir. Bu işdə, artıq müəyyən mənada öz sözlərini demiş gənc və istedadlı əməkdaşlarımız var. Onların sayəsində gündəlik KİV-in böyük əksəriyyəti bizim materiallardan istinad edərək yayımlayır. Biz həmişə oxucuya dəqiq və səviyyəli xəbər verməyə çalışmışıq. Təbii ki, bununla kifayətlənmək niyyətində deyilik və işlərimizi daha da böyütmək istəyirik. İlk növbədə Qol.Az-da yalnız futbol yox, idmanın bütün növlərindən xəbərlər vermək istəyirik. İdmançılarımız, futbol klublarımız uğurlu çıxışlar etdikcə onlara ölkə hüdudlarından kənarda maraq daha da artır. Onların bizim idmançılar haqqında operativ və dolğun məlumat ala bilməsi üçün saytımızın ingilis və rus versiyalarını da hazırlamaq niyyətindəyik. Ümumiyyətlə, məqsədimiz Qol.Az-ı Azərbaycanın ən böyük idman agentliyinə çevirmək və oxucularımızın sayının daha da artmasına nail olmaqdır. Bunu bacaracağımıza inamımız böyükdür”.

Saytın baş redaktoru Aydın Bağırov 2008-ci ildə idman sahəsinə aid yeni bir media qurumu yaratmaq barədə düşünərkən, qəzet, jurnal deyil, məhz saytın üzərində dayanmalarının səbəbini açıqladı: “Biz görürdük ki, hər şey internet üzərində qurulur, bu sahə sürətlə inkişaf eləyir. Ona görə belə bir xəbər saytını yaratdıq. Qol.Az fəaliyyətə başlayanda bizdən əvvəl, çox az idman saytı var idi. Biz müşahidə edirdik ki, yazılı mətbuat getdikcə öz yerini elektron mediaya verir. Ona görə də Qol.Az-ı yaratmaq istəyəndə bu amili nəzərə aldıq. Qəzet və jurnalın perspektivini görmədik. Hələ fəaliyyətə başlamazdan əvvəl Azərbaycanda bir neçə idman qəzeti və jurnalı var idi. İndi onların sayı xeyli azalıb. Mövcudluğunu qoruyanların isə tirajı günbəgün azalır. Zaman göstərdi ki, biz düzgün mövqe tutmuşuq. Sayt təzə yarananda tək futbol deyil, idmanın digər sahələrindən də xəbərlər yaymağı planlaşdırırdıq. Amma bunun üçün çox sayda işçi qüvvəsinin tələb olunması, maliyyə imkanlarımızın məhdudluğu, sadəcə futbol barədə xəbərlər yaymağımıza səbəb oldu. Digər tərəfdən, Azərbaycanda futbola daha çox maraq var. Bunu saytımıza müraciət eləyən oxucuların maraqlandığı, oxuduğu xəbərlər də təsdiq edir. Misal üçün, bəzən işçilərimizdən hansısa yarım saatını sərf edib, idmanın digər sahəsindən olduqca maraqlı bir xəbər hazırlayır. Başqa bir işçi isə hansısa futbolçudan və ya klubdan o qədər də əhəmiyyətli olmayan bir xəbər hazırlayır. Biz hər iki xəbəri sayta qoyuruq. Günün sonunda məlum olur ki, futbolla bağlı hazırlanan xəbəri daha çox adam oxuyub, nəinki digər idman növündən olan yazını. Halbuki digər idman növündən olan xəbər daha aktual və maraqlıdır. Biz bu amili nəzərə alaraq daha çox futboldan yazırıq. Hazırda da futbol barədə xəbərlərə tələbat olduqca böyükdür”.

A.Bağırov kadrlarla təminat məsələsinə də toxundu. Bildirdi ki, hazırda Qol.Az-da çalışanlar elə bu saytın yetirmələridir: “İnternet media, xüsusilə futbol elə sahədir ki, onunla daha çox gənclər maraqlanır. Sayt fəaliyyətə başlayanda peşəkar jurnalistlər var idi burda. Onlar başqa yerdə işə dəvət olundular və saytı tərk etdilər. Sonradan sayta əməkdaşlıq üçün müraciət edən gənclərdən özlərini nisbətən doğruldanlarla əməkdaşlığa başladıq. Hazırda Qol.Az-ın əməkdaşlarının hamısı bu saytın yetirməsidir. Biz də öz növbəmizdə onlara istiqamət vermişik. Fikrimcə, idman jurnalistikasında çalışan insanın məhz jurnalist təhsilinin olması o qədər də vacib deyil. Əsas şərt istedadının, yazmağa həvəsinin olmasıdır. Bu baxımdan, biz də işə qəbul etdiyimiz gənclər qarşısında “jurnalistika istiqaməti üzrə ali təhsilin olmalıdır”” kimi şərt qoymamışıq. Əgər həmin gəncin, necə deyərlər, qabında bir şey varsa, ali təhsil olmadan da bu potensialı üzə çıxara bilər. Ümumiyyələ, futbol jurnalistikasında böyük əksəriyyət gənclərdən ibarətdir. Onlar arasında da 18-25 yaş arası olanlar jurnalistlər daha çoxdur. Hətta deyərdim ki, Azərbaycan mediasında gənclərin ən çox cəmləşdiyi yer idman jurnalistikasıdır. Sevinirik ki, Qol.Az da gənclərin cəmləşdiyi bir mərkəzə çevrilib”.

A.Bağırov daha çox reklam almasına görə idman saytları arasında Qol.Az-ın ilk yerlərdən birini tutduğunu da qeyd etdi: “Qol.Az saytı bu gün həm də ən çox reklam yerləşdirilən saytlardandır. Futbola marağı az olan ölkədə bizim sayta gün ərzində 3-4 min arası ziyarətçi daxil olur. Mən tam səmimi şəkildə bizim bəzi klublarımıza da bu qədər azarkeş arzulayıram”.

A.Bağırov informasiya almaqla bağlı ciddi bir çətinliklə üzləşmədiklərini dedi: “Jurnalistikanın digər sahələrindəki informasiya almaqla bağlı problem futbol jurnalistikasında çox deyil. Ola bilsin ki, idman sahəsinə nəzarət edən dövlət qurumlarından hər hansı məlumatı gec alaq, yaxud da ümumiyyətlə, informasiya ala bilməyək. Amma futbol klubları, futbolçular, futbol federasiyaları mətbuatla işlərini normal səviyyədə qururlar. Bir-iki klubu çıxmaq şərtilə digər klubların və federasiyaların İnternet saytları da normal səviyyədə işləyir. Əgər reportyorun özünün bacarığı varsa, biz problemlə üzləşmirik”.

Qol.Az saytında olarkən bu media qurumunun reportyorları ilə də söhbət etdik. Vüsal Hüseyn Bakı Dövlət Universitetinin “Nəşriyyat işi” fakültəsinin qiyabi şöbədə təhsil alan dördüncü kurs tələbəsidir. Hərbi xidmətini başa vurduqdan sonra Qol.Az saytı ilə əməkdaşlıq etməyə başlayıb: “Mənim heç zaman jurnalistikaya həvəsim olmayıb. Ali məktəbə sənəd verəndə də belə bir ixtisas üzrə təhsil almağı planlaşdırmamışam. Amma uşaqlıqdan futbola olan marağım, məndə gələcəkdə tanınmış bir futbolçu olmaq istəyi yaratmışdı. Elə bu istəklə də həm futbolla məşğul olur, həm də bu idman növü barədə yazan bütün yerli mətbuatı, televiziyanı, xüsusən də internet medianı yaxından izləyir, tanınmış futbolçular və onların komandası haqqındakı yazıları böyük maraqla oxuyurdum. Bu maraq, bu həvəs sonda məni idman jurnalistikasına gətirib çıxardı. Məhz Qol.Az saytı ilə tanışlığıma gəlincə, bu təxminən il yarım bundan əvvəl baş verdi. Tanıdığım bir tələbə qız mənim idman sahəsinə olan marağımı sezdiyindən belə bir idman saytının yarandığı barədə məlumat verdi. Əlavə etdi ki, saytın redaktoru Aydın Bağırov idmanla, xüsusən də futbolla dərindən maraqlanan gənclər axtarır əməkdaşlıq eləmək üçün. Bu, mənim diqqətimi cəlb elədi və çox düşündükdən sonra əməkdaşlıq etmək üçün Qol.Az saytına müraciət etdim. Aydın Bağırov ilk öncə mənə həm istiqamət, həm də mövzu verərək bir neçə xəbər hazırlamağımı tapşırdı. Bütün bacarığımı sərf edib tapşırılan işin öhdəsindən gəlməyə çalışdım. Tanınmış futbolçulardan aldığım açıqlama, müsahibə, eləcə də onlar haqqındakı xəbərlərim bəyənildi və bu saytda işə qəbul olundum. Elə 2010-cu ilin aprel ayından etibarən saytın əməkdaşı kimi jurnalistlik fəaliyyətinə başladım. Onu da əlavə edim ki, bu saytla əməkdaşlıq edənə qədər heç bir yerdə işləməmişdim. Orta məktəbi bitirib hərbi xidmətə yollanmışdım. Oradan qayıtdıqdan sonra hazırlaşıb universitetə qəbul olub, vaxtımı dərslərimə hazırlıqla keçirirdim. Aktiv tələbə kimi yalnız universitet daxilində keçirilən tədbirlərdə iştirak edirdim. Bu səbəbdən Qol.Az saytı ilk iş yerim kimi də mənə doğmadır”.

V.Hüseyn jurnalistlik fəaliyyətinə təzə başladığı vaxtlarda çətinliklərlə üzləşməsindən də danışdı. O, haqlı iradlardan zamanında nəticə çıxarıb hər keçən gün özü üzərində daha məsuliyyətlə işlədiyini bildirdi: “Saytın redaktoru yazını oxuyur, yol verdiyim nöqsanları mənə izah edir, istiqamət verirdi ki, təkrar belə şeylər təkrarlanmasın. Haqlı iradlardan nəticə çıxarıb hər keçən gün özüm üzərində daha çox işləyirdim. Nəticə olaraq bugünkü səviyyəyə çatdım. İndi mənim fəaliyyətim saytda daha yaxşı alınır. Hesab edirəm ki, sayt hər hansı informasiyanın yayımı baxımından daha çevik, daha operativdir. Ola bilsin ki, gələcəkdə həmin sahələrdə də idman jurnalistikası ilə məşğul olum. Amma hazırda Qol.Az saytında işləyirəm və bura məni mənəvi tellər bağlayır. Saytla əməkdaşlıq etdiyim gündən indiyənə kimi əlimdən nə gəlirsə, bacardığımı ortaya qoymuşam. İstəmişəm ki, saytımız günü-gündən inkişaf etsin. Onu da əlavə edim ki, mən bu saytda sırf pul qazanmaq üçün işləməmişəm. Həm futbola olan marağım, həm də buradakı kollektivin doğmalığı mənim burada qalıb işləməyimə səbəb olub. Düzdür, başqa saytlardan da mənə iş təklifi olub. Amma onlara səmimi şəkildə demişəm ki, sizinlə işləsəm, məni ancaq pul qazanmaq maraqlandıracaq. Yəni, Qol.Az-dakı kimi işimə ürək yanğısı ilə yanaşıb bundan həzz ala bilməyəcəm. Bundan başqa, burada işlədiyim ilk gündən istər Mirhacib, istərsə də Aydın mənə mənəvi dəstək olublar. Bu dəstək bu gün də davam edir. Elə buna görə də ortaya yaxşı iş qoya bilirik. Burada ideyalar əsasən Aydın Bağırova məxsus olur və bizlər həmin mövzularda xəbərlər, müsahibələr və açıqlamalar üzərində işləyirik”
.
Saytın digər müxbiri Əli Həyatidir. Ali təhsilli jurnalist olmasa da, jurnalistikaya olan sonsuz marağı onu idman jurnalistikasına gətirib: “Bibim oğlu, tanınmış jurnalist Elnur Əşrəfoğlunun fəaliyyətini görən gündən mən də onun kimi olmağa çalışmışam. Təəssüf ki, ali məktəbə qəbul olub bu ixtisas üzrə təhsil ala bilməmişəm. Bu da yəqin ki, mənim öz günahımdır. Vaxtında dərslərə daha çox diqqət ayırsaydım istədiyimə çata bilərdim. Ali məktəbə qəbul ola bilməsəm də jurnalistikaya, xüsusən də idmana olan marağım mənim bu saytla əməkdaşlığıma səbəb oldu. Kollektivin hər bir üzvünün verdiyi mənəvi dəstək, göstərdikləri istiqamət mənə bu sahədə xeyli kömək oldu. Beləliklə də Qol.Az saytında ilk iş yeri kimi çalışmağa başladım. Hesab edirəm ki, bu sayt mənim idman jurnalistikasındakı fəaliyyətimin ilkin mərhələsidir”.

Mənbə: "525-ci qəzet"










Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər